Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Demokratlar 'Rusiya istintaqına' cinayət araşdırması açılmasını pisləyirlər


Robert Mueller-in apreldə açıqladığı istintaq
Robert Mueller-in apreldə açıqladığı istintaq

Konqresin Ədliyyə və Kəşfiyyat Komitəsinin demokrat sədrləri Ədliyyə Nazirliyinin 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsinə dair təhqiqatın mənşəyi barədə cinayət araşdırması açmasınıpisləyərək deyiblər ki, bu hərəkət baş prokuror William Barrın nazirliyi “prezident Trump-ın qisas alətinə” çevirməsi barədə yeni narahatlıq yaradır.

Konqresmenlər Jerrold Nadler və Adam Schiff-in oktyabrın 24-də verdikləri bəyanatda deyilir:

“Əgər Ədliyyə Nazirliyindən siyasi qisas aləti kimi istifadə olunursa və ya nazirlik gələn seçki üçün prezidentin siyasi platformasına çevrilirsə, bundan qanunun aliliyi zərər görəcək və ona sağalmaz yara vurulacaq”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Ədliyyə Departamenti ABŞ-da 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsini araşdırmış istintaq üzrə cinayət işi açıb. Bunu məsələdən xəbərdar mənbə dünən – oktyabrın 24-də deyib. Bundan öncə departament istintaqı yoxlayırdı.

“Reuters” agentliyinə anonimlik şərtilə danışan mənbə istintaqla bağlı böyük jürinin yığışıb-yığışmadığını deməkdən imtina edib.

Departament özünə cinayət işi açıb?

Bu ilin əvvəlində Baş Prokuror William Barr Prezident Donald Trump-ın şikayətlərini araşdırmağa qərar verib. Trump deyir ki, 2016-cı ildə seçki kampaniyası ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə agentlikləri tərəfindən əsassız olaraq hədəfə alınıb.

Barr prokuror John Durham-a Rusiya istintaqını araşdırmağı tapşırıb. O, ABŞ kəşfiyyat və hüquq-mühafizə agentliklərinin Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran zaman qanunauyğun davranıb-davranmadığını yoxlayır.

Demokratlar və hüquq-mühafizə orqanlarının bəzi keçmiş əməkdaşları deyirlər ki, Barr Ədliyyə Departamentindən istifadə edərək əsassız konspirologiya nəzəriyyələrinin ardınca düşüb, bu, siyasi baxımdan respublikaçı prezidentə fayda verə, keçmiş xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqına isə zərbə vura bilər.

Son məsələdən ilk dəfə “New York Times” qəzeti yazıb.

“Frans Pres” yazır ki, bu addım prokuror Durham-a böyük jürini toplamaq, ittihamlar irəli sürmək, şahidləri dindirməyə çağırmaq, sənədləri istəmək səlahiyyəti verir.

“New York Times”ın yazmasına görə, cinayət istintaqının açılması Ədliyyə Departamentinin özünə qarşı cinayət təqibi aparması deməkdir, ancaq hansı cinayətin araşdırıldığı, cinayət təqibinin nə vaxt başlandığı bəlli deyil.

Barr prosesdə şəxsən iştirak edir

İstintaq çərçivəsində Barr Avstraliya və Britaniyanın ədliyyə rəsmilərindən kömək istəyib, iki dəfə İtaliyaya gedərək Romada kəşfiyyat agentləri ilə görüşüb, Mueller-in hesabatında adları çəkilən şəxslər barədə informasiya toplayıb.

Mueller-in istintaqı Moskvanın Trump-a kömək məqsədilə 2016-cı ildə seçkiyə müdaxilə etdiyini üzə çıxarıb, onun seçki kampaniyasında bəzi keçmiş köməkçilərinə ittihamlar irəli sürülüb. Amma Mueller belə bir qənaətə gəlmişdi ki, Rusiyayla əlbirliyi sübut etməyə yetərincə dəlil yoxdur.

Trump Rusiya istintaqını “əcinnə ovu” adlandırır, deyir ki, ABŞ rəsmiləri bu istintaqla onun Ağ evdə baş postu qazanmaq şansına zərbə vurmaq istəyiblər. Ancaq nə prezident, nə də tərəfdarları bu iddianı əsaslandıracaq dəlil ortaya qoyub.

Bu arada Trump-a qarşı Konqresdə demokratların rəhbərliyi ilə impiçment araşdırması gedir. Onun iyulda ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti araşdırılır. Trump həmin söhbətdə keçmiş vitse-prezident Joe Biden barədə təhqiqat aparmasını istəyir. Biden 2020-ci il seçkisində demokratlardan namizəd olmağa iddialıdır.

XS
SM
MD
LG