Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:39

Cəbhəçinin şikayəti təmin olunmayıb


Vəkil Nemət Kərimli Tofiq Yaqublunun işgəncə aldığını deyir
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Vəkil Nemət Kərimli Tofiq Yaqublunun işgəncə aldığını deyir

Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Paşa Umudovun şikayətini təmin etməyib.

O, barəsindəki ittihamın ləğv olunmasını və həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılmasını istəyirdi. Bu haqda AzadlıqRadiosuna onun vəkili Zübeydə Sadıqova bildirib.

Vəkilin sözlərinə görə, AXCP üzvü narkotik maddələr satması barədə ittihamı rədd edir: «O, məhkəmədə də dedi ki, 19 oktyabr mitinqi öncəsi həbs oluna biləcəyini gözləyirmiş. Çünki həmişə mitinq öncəsi partiya fəallarının, aksiya təşkilatçılarının həbsi adi hal olub: «Belə bir vəziyyətdə üstümdə narkotik maddə saxlamağım nə dərəcədə inandırıcıdır?»».

P.Umudov Milli Şuranın 19 oktyabr mitinqi öncəsi, oktyabrın 16-da həbs edilib. Nərimanov rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsilə təqsirli bilərək barəsində 3 ay həbs-qətimkan tədbiri seçib.

Nigar Həzi: 'Üzündə qançır izlərini gördüm'

Nigar Həzi İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində atası, Milli Şuranın aksiyasında saxlanan bu qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən N.Həzinin sözlərinə görə, görüş çox qısa olub: «Cəmi 5 dəqiqə çəkdi və şüşə arxası idi. Üzündə işgəncənin əlamətlərini, şişkinliklər, qançır izlərini gördüm. Qabırğasının və sağ qolunun bərk ağrıdığını bildirdi».

N.Həzi əlavə edib ki, atasının sözlərinə görə, Nəsimi rayon Polis İdarəsində onun qolunu arxadan rezinlə bağlayıb yuxarı dartaraq 1 saat təpik və yumruqla döyüblər: «Döyə-döyə səhv etdiyini, mübarizədən imtina etdiyini deməyi tələb ediblər. Deməyəndə isə daha bərk döyüblər».

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma bütünlükdə Azərbaycanın hüquq-mühafizə orqanları Milli Şuranın aksiyasında saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri təsdiq etmirlər.

Ombudsman Aparatı: «Tofiq Yaqublu qəbul edilərək…»

Oktyabrın 22-də T.Yaqublu ilə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də görüşüb.

Ombudsman Aparatından verilən məlumata görə, rəftar məsələlərinin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində bir sıra şəxslər, o cümlədən Tofiq Yaqublu qəbul edilərək konfidensial qaydada dinlənib: «T.Yaqublunun ailə üzvü ilə görüşü və saxlanma şəraiti ilə bağlı müraciəti təmin edilib. Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub».

Amma qurumun açıqlamasında T.Yaqublunun konkret işgəncəyə məruz qalıb-qalmaması məsələsindən bəhs edilməyib.

Aksiyada tutulan keçmiş müstəntiqdən xəbər var

«Rüfət Səfərovla dünən, oktyabrın 21-də Binəqədi təcridxanasında görüşdüm. Aksiyada saxlandıqdan sonra ona Nəsimi rayon Polis İdarəsində hər hansı zorakılıq olmadığını bildirdi».

Bunu oktyabrın 19-da Milli Şuranın aksiyasında saxlanan keçmiş müstəntiq R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, R.Səfərov yalnız aksiya keçirilən məkanda saxlanarkən kobudluğa məruz qaldığını söyləyib.

B.Bayramov deyir ki, R.Səfərov saxlandıqdan sonra Nəsimi rayon Məhkəməsində hakim önünə çıxarılıb. Vəkilin vurğulamasina görə, o, İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsiylə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb: «İndi Nəsimi rayon Məhkəməsindən qərarı götürüb şikayət vermək üçün məhkəməyə gedirəm».

R.Səfərovun yaxınları isə deyiblər ki, ona pal-paltar vermək istəsələr də, təcridxana buna imkan verməyib.

R.Səfərovun vəkili və yaxınlarının bu açıqlamasına Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Vəkil T.Yaqublu ilə görüşüb

«Tofiq Yaqublu sol qabırğaları tərəfdən şiddətli ağrıdan əziyyət çəkdiyini söyləyir».

Bunu AzadlıqRadiosuna oktyabrın 21-də Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanan T.Yaqublu ilə görüşən vəkil Nemət Kərimli deyib. Onun sözlərinə görə, T.Yaqublu ona oktyabrın 19-da Nəsimi rayon Polis İdarəsində 1 saata yaxın işgəncələr verildiyini bildirib. Vəkilin vurğulamasına görə, T.Yaqublu deyib ki, ondan televiziyaya çıxıb səhvini etiraf etmək tələb olunurmuş: «Qorxu ondan idi ki, qabırğalar sınaraq, həyatı vacib daxili orqanları deşə bilər. Tofiq Yaqublu Daxili İşlər Nazirliyin hospitalına aparılıb, orada müayinədən keçirilib. Müayinənin nəticəsində yazılıb ki, Yaqublunun həyatına təhlükə yoxdur».

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

T.Yaqublunun təcridxanaya qaytarıldığı bildirilir

Oktyabrın 19-da Milli Şuranın mitinqində saxlanan bu qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun xəstəxanadan yenidən Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına qaytarıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, atasının hansı xəstəxanada müayinədən keçdiyi və müayinənin nəticələri bilinmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

5 gündür axtarılan cəbhəçidən xəbər var

5 gündür yeri axtarılan AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudovdan xəbər var.

Onun bu gün, oktyabrın 21-də yerinin öyrənildiyi deyilir.

Bu barədə P.Umudovun vəkili Zübeydə Sadıqova danışıb. Onun sözlərinə görə, P.Umudovun oktyabrın 16-da saxlandıqdan bu yana harada olduğu bilinmirdi. Vəkilin deməsinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Kürdəxanı təcridxanasına müraciət etsə də, müsbət cavab almayıb: «Onun yerini müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etdim. Ombudsman Aparatı ilə əlaqə saxladım, amma müsbət cavab ala bilmədim. Bir az olar ki, Ombudsman Aparatından xəbər verdilər ki, P.Umudov Kürdəxanı təcridxanasında saxlanır. Müdafiəçisi olduğum şəxsin yerinin mənə bildirilməməsi səbəbi aydın deyil».

P.Umudov ilə görüşə gəlincə, Z.Sadıqova deyib ki, vəkillik orderi, görüş məktubu müstəntiqə göndərilməlidir, bundan sonra görüşə icazə verilib-verilməməsinə baxılacaq.

Z.Sadıqova əlavə edib ki, Nərimanov rayon Məhkəməsi P.Umudov haqqında Cinayət Məcəlləsinin 234.2-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsinə əsasən 3 aylıq həbs-qətimkan tədbiri seçib. «P.Umudov saxlanan zaman üzərindən 11.83qram narkotik maddə tapıldığı bildirilir. Nərimanov rayon Məhkəməsinin qərarından Apellyasiya şikayəti vermişəm, bu həftənin sonuna kimi baxılacağı gözlənilir», - vəkil bildirib.

Vəkilin açıqlamasına Daxili İşlər Nazirliyi və başqa qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

Ailəsi T.Yaqublunun səhhətindən narahatdır

«Mənə Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından dedilər ki, atamı xəstəxanaya aparıblar».

Bunu AzadlıqRadiosuna Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasında saxlanan həmin qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib. Onun sözlərinə görə, T.Yaqublunun hansı xəstəxanaya aparılması barədə təcridxanadan heç bir məlumat verilməyib: «Bu hadisə haqqında Daxili İşlər Nazirliyinin «102» qaynar xəttinə də müraciət etdim, heç bir cavab yoxdur».

Vəkil Nemət Kərimli də təsdiqləyib ki, təcridxanadan T.Yaqublunun xəstəxanaya aparıldığını desələr də, bundan artıq onlara heç nə söylənməyib: «Mən müdafiə etdiyim şəxsin hansı xəstəxanaya aparılmasını və bunun nə səbəbdən olmasını bilmirəm. Bu haqda mənə heç nə demirlər».

N.Həzinin deməsinə görə, oktyabrın 21-də T.Yaqublu evə zəng edərək saxlandığı zaman işgəncəyə məruz qaldığını, qabırğasının sındırıldığını söyləyib.

Bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Daha 2 nəfərin həbs edildiyi deyilir

Müsavat Partiyasından isə bildirirlər ki, onların 3 üzvünə inzibati həbs cəzası verilib: «Bunlardan biri Müsavat Partiyası Kürdəmir təşkilatının sədri, mitinqdən öncə tutulan Baha Mikayılovdur. Ona 15 sutka verilib. Digər iki nəfər isə mitinq günü tutulan Qoşar Nurəliyev (10 sutka) və Tofiq Yaqubludur (30 sutka)».

T.Yaqublunun adı Milli Şuranın siyahısında yer alsa da, qalan iki nəfərin adı ora düşməyib.

Müsavat Partiyasından verilən bu məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

29 nəfərin inzibati cəza alması dəqiqləşdirilib-AXCP

Milli Şuranın oktyabrın 19-da keçirilmiş aksiyası zamanı və həmin ərəfədə saxlanan fəallardan 29 nəfərinə inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

AXCP-dən vurğulayıblar ki, onlara 5 sutkadan 60 sutkaya kimi inzibati həbs cəzası verilib.

Bir nəfər, çox vaxt AXCP sədri Əli Kərimlinin olduğu avtomobilləri idarə edən, partiyanın Nizami rayon şöbəsinin sədri Paşa Umudov haqqında isə cinayət işinin açıldığı qeyd edilir. Verilən məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə günahlandırılır və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İnzibati həbs cəzası alanlardan birinin də keçmiş müstəntiq Rüfət Səfərov olduğu bildirilir. Onun da yerinin uzun müddət dəqiqləşdirilmədiyi vurğulanırdı.

Bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) oktyabrın 19-da Milli Şuranın aksiyası ilə bağlı məlumat yaymışdı. Orada aksiyada 60 nəfərin saxlandığı, onlardan 18 nəfərinin işinin məhkəməyə göndəriləcəyi qeyd edilirdi.

Milli Şura icazəsiz aksiyaya cəhd etdi, Əli Kərimli və digərləri saxlanıb
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

T.Yaqublunun qızı: 'Atam işgəncələrə məruz qaldığını bildirdi'

Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyasında saxlanan bu qurumun Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun bu gün, oktyabrın 21-də təcridxanadan evlərinə zəng vurduğu deyilir.

Bu barədə AzadlıqRadiosuna onun qızı Nigar Həzi danışıb: «Atam zəng etmişdi, işgəncələrə məruz qaldığını bildirdi».

Onun sözlərinə görə, T.Yaqublu oktyabrın 19-da saxlandıqdan sonra işgəncələrə məruz qaldığını, qabırğasının sındırıldığını söyləyib: «İndi vəkillə müqavilə bağlamağa gedirəm ki, vəkil atamla görüşə bilsin».

N.Həzi deyir ki, atasına 30 sutka inzibati həbs cəzası verilib.

Qızının sözlərinə görə, günortadan sonra ailə üzvü kimi Daxili İşlər Nazirliyinin Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına gedib, atası ilə görüşməyə çalışacaq: «Düzdür, görüş veriləcəyinə ümid çox azdır, amma atamla görüşməyə cəhd edəcəyəm».

Bu açıqlamaya Daxili İşlər Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həmin aksiyada saxlanıb, sonra buraxılan AXCP sədri Əli Kərimli də oktyabrın 19-da ağır işgəncə ilə üzləşdiyini açıqlamışdı. Buna da Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi, hələ ki, münasibət bildirməyib. Amma «Report» agentliyinin xəbərinə görə, həmin gün Ə.Kərimlinin müayinə edildiyi DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bunları bildirib.

«Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilmişdir. Vətəndaş Kərimli hospitalda baş-beyin kompüter tomoqrafiyası, abdominal və torokal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçmişdir. Heç bir patoloji hal aşkar edilməmişdir və buna görə də xəstə evə buraxılmışdır. Müayinə protokolları Kərimliyə təqdim olunmuşdur. O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır» , - o vurğulayıb.

Rəsmilər bu vaxta qədər polis və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayıblar.

Tofiq Yaqubluya 30 sutka verildiyi deyilir

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun qızı Nigar Həzi məlumat verib. O qərarın Nəsimi Rayon Məhkəməsində çıxarıldığını desə də, detallardan məlumatsız olduğunu söyləyib.

Amma bu deyilənləri, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

***

Milli Şurası 19 oktyabr aksiyasından əvvəl və aksiya günü saxlananlarla bağlı məlumat yayıb.

Həmin məlumatda bildirilib ki, mitinq ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərindən 10 nəfərinə inzibati həbs cəzası verilib.

Milli Şura qeyd edir ki, öncədən də fəallardan 3 nəfər inzibati həbsdə olub.

Qurumdan vurğulandığına görə, aksiya öncəsi rayonlarda da bir çox fəalar saxlanıb, aksiya başa çatdıqdan sonra sərbəst buraxılıblar.

“Oktyabrın 15-dən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AXCP Nizami şöbəsinin sədri Paşa Umudova Nərimanov rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2 maddəsinə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) əsasən cinayət işi açılıb və barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib”.

Aksiya günü, oktyabrın 19-da isə azı 100-dən çox şəxsin saxlandığı bildirilir. Onların arasında AXCP sədri Əli Kərlimli də olub. Amma o və bir çoxları aksiyadan sonra sərbəst buraxılıb.

Tofiq Yaqublu və Rüfət Səfərovdan xəbər yoxdur

Tofiq Yaqublu, 16 oktyabr 2010
Tofiq Yaqublu, 16 oktyabr 2010

Qurum qeyd edir ki, saxlananlardan bəziləri buraxılmayıb, onların bəzilərindən məlumat yoxdur. Milli Şuradan habelə, bildirildiyinə görə, belələri arasına qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və keçmiş müstəntiq Rüfət Səfərov da var.

Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma Bakı Şəhər Baş Polis İdarəsi ( BŞBPİ) dünən oktyabrın 19-da Milli Şuranın aksiyası ilə bağlı məlumat yaymışdı. Orada aksiyada 60 nəfərin saxlandığı, onlardan 18 nəfərinin işinin məhkəməyi göndəriləcəyi qeyd edilirdi.

Əli Kərimli və Tofiq Yaqublu birgə mitinqə gələrkən mülki geyimlilərin təzyiqləri ilə üzləşiblər
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb.Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi.Amma BŞİH bu yerlərinn heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Təşkilatçıların bildirməsinə görə, aksiyanın tələblərinə siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi məsələlər daxil idi.

Əli Kərimli sərbəst buraxılandan sonra ona verilən işgəncələrdən danışır
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Əli Kərimli saxlanarkən üzləşdiyi zorakılıqlardan danışır.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

XS
SM
MD
LG