Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Prezident: '...Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər'


N.Əliyev: «Bununla qürrələnməyə dəyərmi?..»

«Qeyri-neft sektorunda artımla bağlı dövlət başçısının müşavirədə dediyi fikirlər apardığımız hesablamalarla çox rahat şəkildə təkzib olunur».

Bunu isə AzadlıqRadiosuna AXCP İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev deyib.

N.Əliyevin qeyd etməsinə görə, ticarət dövriyyəsi, idxal və qiymət göstəriciləri üzrə aparılan hesablamalar onu göstərir ki, Azərbaycanda real sektorda tənəzzül yaşanır: «Kənd təsərrüfatı sektorundakı artımla bağlı göstərici də özünü doğrultmur. Əgər doğrudan da ərzaq məhsullarının istehsalında artım müşahidə olunursa, o zaman qiymətlər aşağı düşməli idi. Çünki bazar iqtisadiyyatının «tələb-təklif» qanunu var».

İqtisadçı qeyd edib ki, son vaxtlar kənd təsərrüfatı məhsullarında qiymət artımı baş verib. Onun sözlərinə görə, təkcə taxılın qiymətlərində ötən il ilə müqayisədə 30-35 faiz bahalaşma olub.

N.Əliyev
N.Əliyev

İqtisadçının fikrincə, idxalda və qiymətdə artım hökumətin taxıl istehsalında 20 faizə qədər artım olması ilə bağlı dediklərinə ciddi şübhə yaradır.

Ekspertin sözlərinə görə, xarici investisiya göstəriciləri də kəskin şəkildə azalıb, yalnız ölkə daxilində deyil, xarici mənbələr hesabına iqtisadiyyatın maliyyələşdirilməsində problemlər var.

İqtisadçı hesab edir ki, bütün istehlak bazarı üzrə 11-12 faiz civarında bahalaşma müşahidə edilir.

N.Əliyev vurğulayıb ki, inflyasiyanın cəmi 2 faiz olması ilə bağlı deyilənlər də şübhə doğurur.

İqtisadçı son vaxtlar müavinətlərin, minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı atılan addımları müsbət dəyərləndirir. Amma onun fikrincə, əməkhaqqı artımı bahalaşmaya adekvat deyil: «Bahalaşma səviyyəsi həmin maaş, pensiya, müavinət artımlarının təsirini heçə endirir. Əhalinin gəlirlərindəki artımı bahalıq «yeyir», nəticə etibarilə bu qərarlar yetərsiz qərarlardır».

«Korrupsiya, ikili mühasibat, vergidən yayınma...»

N.Əliyev xatırladıb ki, minimum əməkhaqqı 250 manata qaldırılıb və birbaşa 950 min nəfərə təsir edib. Onun fikrincə, bu da o deməkdir ki, ölkədə bütün rəsmi muzdla işləyənlərin 60 faizinin maaşı 250 manatdır: «Bununla qürrələnməyə dəyərmi? 250 manat bir ailənin aylıq tələbatını ödəyə bilirmi?...».

N.Əliyevə görə, bu, iqtisadi müşavirə əhali arasında müsbət rəy yaratmaq məqsədinə xidmət edir: «Korrupsiya, ikili mühasibat, vergidən yayınma İ.Əliyev hakimiyyəti dövründə həmişə aktual olub. Faktiki olaraq bunun öhdəsindən gəlməyib. Bir müşavirə keçirməklə də bunun öhdəsindən gələ biləcəyinə bir o qədər də inanmıram».

+++

“... Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib...”

Bunu oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə prezident İlham Əliyev deyib.

AZƏRTAC prezidentin çıxışının mətnini yayıb.

Dövlət başçısı deyib ki, doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir:

“İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir”.

Prezidentin vurğulamasına görə, qeyri-neft sənayesi 15 faizdən çox artıb:

“Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Onun deməsinə görə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb.

“İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur”, deyən prezident qeyd edib.

Dövlət başçısı sosial sahədə atılan addımlardan da danışıb. Onun deməsinə görə, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir:

“Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür”.

“...Korrupsiya halları geniş vüsət alıb...”

Prezident xatırladıb ki, bir neçə gün bundan əvvəl onun sərəncamı ilə Əli Əsədov baş nazir vəzifəsinə təyin edilib:

“Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, baş nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.

Prezident korrupsiyaya və rüşvətxorluqla mübarizədən də danışıb:

“Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar”.

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur”

Dövlət başçısı əlavə edib ki, bugün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər:

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”.

Prezident sonra da deyib:

“... Kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Prezident sonra da gələn ilin büdcə layihəsindən danışıb.

Xatırlatma

Azərbaycan hökuməti gələn ilin büdcə layihəsini bəyənib.

Layihə prezidentə göndərilib. Oradan isə Milli Məclisə gəlməlidir.

Maliyyə Nazirliyinin yaydığı layihəyə əsasən, Azərbaycanda 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 mlrd. 617.7 mln. manat proqnozlaşdırılır. Bu, 2019-cu ilin təsdiq edilmiş eyni göstəricisi ilə müqayisədə 427.7 mln. manat çoxdur.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə bu il təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 mlrd. 316 mln. manat və ya 5.7 faiz artıqdır.

Layihəyə görə, Dövlət Neft Fondundan transfert 11 mlrd. 767.5 mln. manat (57 faiz) təşkil etməlidir. Bu ilin büdcəsində Neft Fondundan transfertin məbləği bundan az, 11 mlrd. 364.3 mln. manat müəyyənləşdirilib.

Büdcə layihəsində neftin qiyməti 55 dollar götürülüb. Bu isə 2019-cu ilin dövlət büdcəsində neftin bir barrelinin götürülmüş qiymətindən 5 dollar azdır.

XS
SM
MD
LG