Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Təklif: 'Hərbi məhkəmələri niyə saxlamalıyıq?'


Məhkəmədə hakim çəkici
Məhkəmədə hakim çəkici

Azərbaycanda hərbi məhkəmələrin ləğvi məsələsi gündəmə gəlib. Ayrıca hərbi məhkəmələrin saxlanmasına ehtiyac olmaması fikirləri səslənir.

Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (The European Commission for the Efficiency of Justice – CEPEJ) prezidenti Ramin Qurbanov da bu fikirdədir:

“Hesab edirəm ki, hərbi məhkəmələrin saxlanması mənasızıdır. Biz nə qədər hərbi vəziyyətdə olsaq da, hərbi hakimlərin, adi hakimlərdən heç bir fərqi yoxdur”.

R.Qurbanov deyir ki, 2000-ci ilə qədər hərbi hakimlərlə adi hakimlər arasında fərq vardı, çünki onlar da hərbiləşmiş şəxslər idi. Amma hazırda heç bir fərq yoxdur.

“Onda biz niyə hərbi məhkəmələri ixtisaslaşmış məhkəmə kimi saxlamalıyıq? Həmin işlərə ağır cinayətlər məhkəmələri də baxa bilər. Bu ixtisaslaşmaya ehtiyac yoxdur. Amma bu gün inzibati və iqtisadi məhkəmənin ayrı olması, beynəlxalq müstəvidə Azərbaycanın reytinqinin artmasına da səbəb olacaq”, – CEPEJ prezidenti bu günlərdə Bakıda keçirilmiş tədbirdə belə deyib.

“Bu məhkəmələrin saxlanmasına zərurət yoxdur”

Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bu məsələdə onunla həmfikirdir. İxtisasca hüquqşünas olan sabiq deputat deyir ki, bir çox hallarda adamlar yalnız hərbçi statusuna görə hərbi məhkəmələrdə mühakimə olunur. Amma ümumi yurisdiksiyalı məhkəmələrdə olduğu kimi, eyni cinayət qanunvericiliyi (Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə) tətbiq olunmaqla...

Əlməmməd Nuriyev, hüquqşünas
Əlməmməd Nuriyev, hüquqşünas

“Mən də hesab edirəm ki, birinci instansiya məhkəməsi statusunda olan məhkəmələr – cinayətin dərəcəsindən asılı olaraq, rayon məhkəmələri, yaxud ağır cinayət məhkəmələri bu işi görə bilər. Ayrıca hərbi məhkəmələrin saxlanmasına zərurət yoxdur. Konstitusiyada məhkəmələrin təsnifatında da ayrıca nəzərdə tutulmayıb”, – deyən Ə.Nuriyev bu məhkəmələrin ləğvi ilə büdcə vəsaitinə də qənaət olunacağını sözlərinə əlavə edir.

Hüquqşünas yada salır ki, bu gün hərbi məhkəmələrdə ədalət mühakiməsini həyata keçirən hakimlərin bir çoxu əvvəl ümumi yurisdiksiyalı məhkəmələrin hakimləri olublar.

Lənkəran Hərbi Məhkəməsinin hakimi olmuş, hazırda isə vəkil kimi fəaliyyət göstərən Namiq Hacıyev isə fərqli fikirdədir. Deyir ki, hərbi sahə ilə bağlı cinayət işlərinin spesifikliyi var. Onun fikrincə, ədalət mühakiməsinin səmərəliliyi baxımından müxtəlif sahələr üzrə ixtisaslaşmış məhkəmələrin mövcudluğu, o cümlədən hərbi məhkəmələrin fəaliyyəti zəruridir: “Hərbi sahədə baş verən cinayətlərin, hərbçi statusunda olan şəxslərin əməllərinin araşdırılması xüsusi peşəkarlıq tələb edir. Bu işlər çox mürəkkəbdir. Ona baxan hakimlərin də işi çətindir. Kimsə ona dırnaqarası yanaşmasın ki, burada nə var? Olayın baş verdiyi atmosferdən tutmuş, hərbçinin psixoloji durumuna qədər o qədər xırda məqamlar araşdırılır ki...”

“Hərbi qulluğun öz qayda-qanunları var”

Hüquqi məsələlər üzrə ekspert Fərhad Mehdiyev də hərbi məhkəmələrin saxlanmasının əleyhinə deyil. O, belə məhkəmələrin varlığını hüquqi dövlət prinsipinə, demokratik dəyərlərə zidd saymır:

“Bircə tələb odur ki, hərbi məhkəmələrdə mülki şəxsi mühakimə etmək olmaz. Yəni mülki şəxs hərbi qulluqçuya qarşı cinayət törətsə, yaxud hərbi sahədə qanun pozuntusuna yol versə belə, onun işinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalıdır”.

Hərbi məhkəmələrin mövcudluğunun tərəfdarı olan F.Mehdiyev yada salır ki, hərbi sahə ilə bağlı ayrıca qanunvericilik var. Həmin qanunlar hərbi qulluğun qaydalarını müəyyən edir: “Hərbi qulluğun öz qayda-qanunları var. Bunu hərbi hakimlər daha yaxşı bilirlər. Bizdə hərbi məhkəmələr ancaq birinci instansiya məhkəməsi statusundadır. Mən hərbi məhkəmələrin yığışdırılmasının zərurət olduğunu düşünmürəm. Bunu məhkəmə-hüquq sistemində islahat kimi də qəbul etmirəm”.

***Buna da bax: Kommersiya məhkəmələri nəyi dəyişə bilər

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin aprelində «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» fərmanında kommersiya məhkəmələrinin yaradılması nəzərdə tutulub.

Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

Bəzi vəkillər bunu məhkəmə sistemində ixtisaslaşmanı hədəflədiyini düşünürlər və belə bir məqamda spesifik hərbi məhkəmələrin ləğvinin gündəmə gətirilməsini anlaşılan saymırlar.

Hərbçi statusu daşıyan bütün dövlət qulluqçuları ittiham edildikləri əməldən asılı olmayaraq, hərbi məhkəmələrdə mühakimə olunurlar. Keçmiş MTN generallarının işinə də Bakı Hərbi Məhkəməsində baxılmışdı.

XS
SM
MD
LG