Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:12

Ukrayna məktəblərində pisikdirməylə necə mübarizə aparırlar


Məktəb
Məktəb

Ukrayna məktəblərində uşaqların ələ salınması, rişxəndə, pisikdirməyə məruz qalmasına görə cinayət məsuliyyətinə cəlb etməyə başlayıblar. Buna ingiliscə “bullying” deyilir və artıq bir çox dillərdə “bullinq” adlandırılır.

Azərbaycanda ötən həftə bir məktəblinin ölümündən sonra bu məsələ geniş müzakirə olunmağa başlanıb. Həyatına qıydığı deyilən qızcığazın məktəbdə bulliinqə məruz qaldığı bildirilir.

TƏZƏ SÖHBƏT DEYİL

“Currenttime” yazır ki, Ukrayna qanunvericiliyinə müvafiq dəyişiklik iki aydan çoxdur qüvvəyə minib.

Üçüncü sinif şagirdi olan Eva anasına dil və ədəbiyyat müəlliməsindən tez-tez şikayətlənirmiş. Qız gimnaziyadan evə qayıdanda danışırmış ki, müəllimə onu alçaldır, tapşırığı düzgün yerinə yetirmədiyinə görə vura da bilər, “tərbiyə metodu” kimi soyunduraraq məsxərəyə qoyub.

“İş o yerı çatdı ki, müəllimə qızımın arxasınca ayaqyoluna da gedib. Qızım ağlayıb, utanıb, müəllimə isə sinifin qarşısında onu yalançı adlandırıb, deyib ki, tualetə deyil, gəzməyə çıxıb”, – ana Galina Markhayuk danışır.

Arxiv fotosu
Arxiv fotosu

Valideyn polisə və məhkəməyə müraciət edir, istintaq üç ayadək çəkir və müəllimə gimnaziyadan qovulur.

Başqa bir insident zamanı şagirdin başına tualetdə sidik ifraz ediblər. Bunu edənlərin isə cəza alıb-almadığı bilinmir.

Psixoloq Yekaterina Golsberg deyir ki, məktəblinin həmyaşıdları, müəllimləri tərəfindən pisikdirilməsi, alçaldılması təzə söhbət deyil, həmişə mövcud olub. O, buna parlaq misal kimi “Uyuq” (“Чучело”) adlı sovet filmini misal çəkir.

“Dəqiq demək mümkün olmasa da, bullinq 20-30 il əvvəl də mövcud olub, ancaq onun barəsində çox bilməyiblər. İnternetin yaranmasıyla o da setdə peyda oldu və indi istənilən belə hal böyük rezonans doğurur”, – psixoloq izah edir.

CƏZA

Ukrayna qanunvericilində bullinq “qorxu, həyəcan yaratmaq, adamı öz maraqlarına tabe etdirmək məqsədilə istənilən formada mənəvi və fiziki zorakılıq, aqressiya” kimi xarakterizə olunur. 2019-cu il yanvarın 19-dan Ukraynada “Bullinqlə mübarizə məqsədilə Ukraynanın bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi” barədə qanun qüvvəyə minib.

Bullerin (bullinqlə məşğul olan şəxs) günahı sübuta yetirilərsə, o (yaxud yaşı 16-dan azdırsa, valideynləri) 31-63 dollar həcmində cərimə ödəməli, ya da 20-40 saatlıq ictimai iş görməlidir. Qanun pozuntusu təkrarlanarsa, cərimənin məbləği 63-125 dollara qalxır. Üstəlik, təhsil ocaqlarının rəhbərləri hüquq-mühafizə orqanlarına bullinq faktları ilə bağlı məlumat verməzsə, onlar üçün də cərimə nəzərdə tutulur.

Artıq hazırda məhkəmə qərarları reyestrində bullinqlə bağlı 30-dan artıq administrativ iş var. Çoxu üzrə müsbət qərarlar çıxarılıb.

Azərbaycanda isə 8-ci sinif şagirdinin vəfat etdiyi 162 nömrəli orta məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən kənarlaşdırılıb, hadisəylə bağlı cinayət işi açılıb.

Sosial media istifadəçiləri isə “Bullinq gələcəyi bulandırır”, “Bullinqə son” şüarlarıyla bu problemə diqqət çəkməyə çalışırlar.

XS
SM
MD
LG