Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:34

Yalçın İmanov məhkəmə qərarıyla vəkillikdən çıxarılıb


Yalçın İmanov
Yalçın İmanov

Yalçın İmanovun vəkillik fəaliyyətinə məhkəmə qaydasında xitam verilib.

Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyev bu barədə qərar çıxarıb. Qərara əsasən, Vəkillər Kollegiyasının Yalçın İmanovun fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin olunub.

Yalçın İmanov AzadlıqRadiosuna qərarın qanunsuz və əsassız olduğunu, apellyasiya şikayəti verəcəyini bildirib:

"Bir kollegiya rəhbərliyi ki, vəkildən müvəkkilinə verilən işgəncəyə göz yummağı tələb edir, orada hər şey aydındır... Dostum Adil İsmayılov demişkən, bir insanın taleyi 100 vəkilin kollegiya üzvlüyündən daha önəmlidir".

Yalçın İmanov deyir ki, məhkəmə prosesinin gedişində Vəkillər Kollegiyasının İntizam Komissiyasının onunla bağlı rəyinin saxtalaşdırıldığı ortaya çıxıb:

"Məni vəkillikdən uzaqlaşdırmaq üçün İntizam Komissiyasının rəyi saxtalaşdırılıb, uzaqlaşdırılmağıma hüquqi əsas yaradılıb. Bunu konkret faktlarla məhkəmədə sübut elədim".

Xatırlatma

Yalçın İmanov mətbuata açıqlamasında Nardaran hadisələrinə görə terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunaraq 20 il həbs cəzası almış Abbas Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətini çatdırmışdı.

Penitensiar Xidmətin rəhbərliyi bunu “ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım” kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda mətbuata söylədiklərini “vəkillik fəaliyyətinə yaraşmayan hərəkət” hesab edib.

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

XS
SM
MD
LG