Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:14

'Videomüraciətə görə 'bandotdel'də 5-6 nəfər məni döyürdü...'


B.Bağırov
B.Bağırov

«Məsciddə namazdan çıxıb, dostumla çay evində oturmuşduq. Zəng gəldi ki, 6-cı kolondan Əhsən Nuruzadənin yanından gəlmişik, səninlə görüşməliyik, gəl, «Araz market»in yanına. Orada məni maşına basıb «bandotdel»ə apardılar. Altı gün o idarədə saxlandım. Birinci gün çox pis döydülər», – inanclı fəal Bəxtiyar Bağırov fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

«Küçədə söyüş söyüb»

Onun fevralın 6-da mülkigeyimli 4-5 nəfər tərəfindən tutulub naməlum istiqamətdə aparılması barədə məlumatlar yayılmışdı. Yaxınları sonrakı altı gün ərzində onun yeri haqda heç bir xəbər ala bilmədiklərini deyirdilər. Sonradan məlum oldu ki, fəala Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə 15 gün inzibati həbs cəzası verilib. O, metronun «Gənclik» stansiyasının yaxınlığında xırda xuliqanlıq etməkdə - İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib. Xuliqanlıq əməlinin nədən ibarət olmasına gəlincə, qərarda yazılıb ki, B.Bağırov küçədə söyüş söyüb. Həmin vaxt o ərazidə əməliyyat keçirən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının iradlarına məhəl qoymayıb, xuliqanlığını davam etdirib.

B.Bağırovun həbs qərarından verilmiş apellyasiya şikayətinə fevralın 22-də baxılarkən onun özü də, vəkili də deyib ki, ümumiyyətlə, belə hadisə olmayıb. Vəkil bildirib ki, B.Bağırov fevralın 6-da dostu Fikrət Məmmədovun yanından oğurlanıb.

«Fikrət Məmmədov dərhal Daxili İşlər Nazirliyinin «102» xidmətinə xəbər verib ki, dostunu maşına qoyub zorla apardılar. Nəticə olmayıb. Ombudsman Aparatına məlumat verilib. Bu adamın yeri barədə altı gün heç bir məlumat verilməyib. Mediada da bunu təsdiqləyən yazılar gedib», – vəkil Cavad Cavadov bildirib.

«Tutulmağımın səbəbi...»

Müdafiəçi B.Bağırovun yanında olmuş dostu F.Məmmədovun dindirilməsi, «Araz market»in özünün və ətrafdakı obyektlərin kamera görüntülərinin alınması barədə vəsatətlər qaldırıb. Heç biri təmin olunmayıb.

B.Bağırov özü də deyib ki, o, faktiki oğurlanıb və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalıb: «Məni beş gün məhkəməyə qədər, bir gün də məhkəmədən sonra orada saxladılar, sonra təcridxanaya köçürdülər. Tutulmağımın səbəbi zindanlardakı işgəncələr haqda sosial şəbəkələrdə yazmağım, buna etiraz etməyimdir. Videomüraciətimə görə beş-altı nəfər üstümə tökülüb döyürdülər. Azərbaycanda zindanda saxlanılan adamlara işgəncə verilir, buna son qoyulmalıdır, bunu yazmışam».

Hakim Həsən Əhmədov qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin edilmədiyini bildirib.

2017-ci ildə həbs edilən Ə.Nuruzadə narkotikdə ittiham edilib. O, ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Ə.Nuruzadə «Müsəlman Birliyi» Hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında 120 civarında siyasi məhbus olduğunu bildirir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG