Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

'Silk Way' ABŞ-dan kredit zəmanətini, hərbi kontraktları, təyyarələri necə alıb


Arzu Əliyeva 11 aprel prezident seçkisində səs verərkən
Arzu Əliyeva 11 aprel prezident seçkisində səs verərkən

Vaxtilə hakim Əliyevlər ailəsinə bağlı olan SilkWay şirkəti ABŞ ordusu da daxil olmaqla müxtəlif biznes tərəfdaşlarından qeyri-şəffaf kontraktlar əldə edib. Bunu jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) yeni araşdırmasında üzə çıxarıb.

Araşdırma İnformasiya Azadlığı Aktına əsasən 2016-cı ildə əldə olunmuş sənədlərlə aparılıb. Sənədləri OCCRP üçün ABŞ-da bir jurnalist əldə edib.

2005-ci ilin sonunda, Əfqanıstan müharibəsinin artıq dördüncü ili başlananda ABŞ hökuməti Silk Way Airlines ilə kontraktlar imzalayıb, Əfqanıstandakı qüvvələrə sursat və digər materiallar daşınıb.

400 MİLYON DOLLARLIQ KONTRAKTLAR...

Silk Way on ildən çox müddət ərzində ABŞ Müdafiə Departamentinin Nəqliyyat Komandanlığı ilə dəyəri 400 milyon dollardan artıq kontraktlara cəlb olunub. ABŞ-ın İxrac-İdxal Bankı isə şirkətin Boeing-dən üç 747-8 yük təyyarəsi alması üçün 420 milyon dollarlıq kredit zəmanəti verib.

OCCRP yada salır ki, ötən iyulda Bolqarıstanın Trud vebsaytı bu ölkə ilə Azərbaycan arasında bir yazışmanı ortaya çıxarmışdı. Silk Way-in 2014-2017-ci illərdə diplomatik icazəsi olan azı 350 uçuş vasitəsilə Yaxın Şərqdə və digər yerlərdəki müharibə zonalarına “yüzlərlə ton silahı” gizlicə daşıdığı iddia olunurdu.

***Buna da bax: AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır

Ancaq Boeing bunu vecinə almayıb, Silk Way ABŞ-ın aviasiya nəhəngi ilə biznesi davam etdirib. 2017-ci ilin aprelində şirkətdən 10 yeni 737 MAX sərnişin təyyarəsinin alışı məqsədilə 1 milyard dollarlıq saziş imzalanıb. Ancaq bu sənədə ABŞ-dan zəmanət verilməyib və necə maliyyələşdiriləcəyi bəlli deyil”, – araşdırmada deyilir.

Əfqanıstanda ABŞ əsgəri (solda)
Əfqanıstanda ABŞ əsgəri (solda)

Ötən oktyabrda Boeing rəsmiləri Silk Way-in daha iki 747-8 yük təyyarəsi almaq istədiyini açıqlayıb. Amma heç bir tərəf detallı informasiya verməyib.

Biz müştərilərimizlə kontraktların şərtlərini müzakirə etmirik”, – Boeing-in sözçüsü Elena Alexandrova deyib.

Məsələ ondadır ki, indiyədək nə kredit zəmanəti, nə də Pentaqonun Silk Way Airlines ilə 2005-ci ildə başlanan və bu günədək davam edən münasibətləri barədə informasiya verilib.

BRYZA-NIN İZAHI

Bu hava şirkətinin sahibi Silk Way Group-dur. Vaxtilə AzadlıqRadiosu-nun araşdırması onun hakim Əliyevlər ailəsinə bağlılığını, dövlət layihələrindən qazandığını üzə çıxarmışdı.

***Buna da bax: Prezidentin qızlarının Dubayda əmlak imperiyası – yeni araşdırma

Bu araşdırmadan ötrü əldə olunan sənədlərdən isə belə görünür ki, Silk Way Airlines sahiblərinin kimliyini gizlətməyə çalışıb. Ola bilsin, ABŞ-dan dəyərli kredit zəmanəti və hərbi kontraktlar əldə etmək imkanlarını artırmaq üçün buna gedib.

OCCRP bu ört-basdır cəhdinə mümkün səbəb kimi Azərbaycanda korrupsiya və insan haqlarının durumunu göstərir. Transparency International təşkilatının korrupsiya indeksində Azərbaycan 180 ölkə içində 122-ci yerdədir. Prezident İlham Əliyevin ailəsinin isə dünyanın müxtəlif yerlərindəki əmlakının dəyərinin isə 140 milyon dollardan çox olduğu bildirilir.

Panama Sənədləri, digər araşdırmalar ölkənin birinci ailəsinin Azərbaycan iqtisadiyyatının demək olar, bütün sektorlarında payı olduğunu üzə çıxarıb.

Matthew Bryza
Matthew Bryza

Hakimiyyət təmsilçiləri isə insan haqları pozuntuları, korrupsiyayla bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir, bütün bunların ölkəyə qarşı gözdənsalma, qarayaxma kampaniyası olduğunu bildirir.

Silk Way Azərbaycan-Orta Asiya marşrutunda vacib tərəfdaş olub, Əfqanıstana qeyri-öldürücü olmayan materialların üçdə biri bu marşrutla daşınıb. ABŞ ordusu düzgün olaraq fokusu demokratiyaya deyil, təcili əməliyyat-təchizat ehtiyaclarına yönəldib”, – bunu ABŞ-n 2010-2011-ci illərdə Azərbaycanda səfiri olmuş Matthew Bryza deyir. O, demokratiyanın təbliğinin ABŞ-ın əsas marağı kimi qaldığını, ancaq onun digər məsələlərlə tarazlaşdırılmalı olduğunu sözlərinə əlavə edir.

UZAQGÖRƏN SİYASƏT

Azərbaycanı illərdir izləyən insan haqları fəalları isə Silk Way Airlines ilə əməkdaşlığı uzaqgörənlik hesab etmir.

Demokratiyanın təbliği və vacib hərbi ehtiyaclar arasında dilemma adətən, bu cür həll olunur, amma ABŞ xarici siyasətinin uzunmüddətli hədəfləri var. Hüququn aliliyi, iqtisadiyyatın şaxələndirilməsi, daha hesabatlı idarəçilik və demokratikləşmə bu sıradadır”, – ABŞ-da mənzillənən Freedom House hüquq-müdafiə təşkilatının Keçid Ölkələri hesabatının layihə direktoru Nate Schenkkan deyib.

Nate Schenkkan
Nate Schenkkan

2014-cü ildə ABŞ EXIM bankının Silk Way Airlines-a verdiyi 419,5 milyon dollarlıq kredit zəmanətinin bir ziddiyyətli tərəfi də var. Kredit razılaşmasında deyilirdi ki, özəl hava şirkəti krediti ödəyə bilməsə, itkini onun səhmdarları deyil, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı ödəyəcək. Bu saziş Silk Way Airlines-ın aşağı faizlə borc almasına şərait yaradıb.

Beynəlxalq Bank 2015-ci ilin iki devalvasiyasından sonra defolta getdiyini açıqladı.

AzadlıqRadiosunun 2010-cu ildə apardığı araşdırma prezidentin kiçik qızı Arzu Əliyevanın Silk Way Bankın üç sahibindən biri olduğunu üzə çıxarmışdı. Silk Way Bankın 2017-ci il üzrə hesabatında isə nə Əliyevlər ailəsi, nə dəSilk Way Group bankda səhm sahibidir.

Silk Way Holding, yaxud Silk Way Group (SW Group) vebsayıtında 11 şirkətin daxil olduğu konqlomerat kimi göstərilir. 2017-ci ilin iyununadək Silk Way Bank də daxil olmaqla 14 şirkət göstərilirdi.

TANIŞ MODEL

ABŞ Nəqliyyat Komandanlığı niyə Silk Way Airlines-ı seçməsilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb. Axı, ordu üçün yük daşımaların standart tələbi şirkət sahiblərinin açıqlanmasıdır.

Ancaq şirkətin 2014-cü ildə kredit zəmanət üçün müraciətində bir vacib fakt açıqlanmışdı. Keçmiş hökumət rəsmisi Zaur Axundov Silk Way Group-un 100 faizlik sahibinə çevrilmişdi. O zaman bu qrupun dəyəri artıq milyardlarla dollarla ölçülürdü.

Axundov barəsində bilgi az olsa da, müşahidəçilər bunu Azərbaycandakı korrupsiya qalmaqalları üçün tanış örnək sayırlar.

“Hardansa kimsə çıxacaq və şirkətin sifətinə çevriləcək, ancaq gerçək sahib onlar deyillər. Bu biznes modeli illərdir Azərbaycandakı tranzaksiyaların əsas cəhətidir”, – 1994-1997-ci illərdə Birləşmiş Ştatların Azərbaycanda səfiri olmuş Richard Kauzlarich deyib.

Araşdırmada hazırda 50 yaşı olan Axundovun Azərbaycan hökumətində müxtəlif vəzifələr tutduğu göstərilir. O, hökumətdə planlaşdırma komitəsində, daha sonra Xarici İqtisadi Əlaqələr Nazirliyində, AZAL dövlət şirkətində çalışıb. 2003-cü ilin özəlləşdirmə dalğası zamanı Bakı aeroportunun direktoru olub. 2001-ci ildə Silk Way Airlines-ı yaradıb, 2005-ci ildə prezidenti təyin olunub. 2006-cı ildənsə Silk Way Holding-in prezidenti vəzifəsinə gətirilib.

XS
SM
MD
LG