Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Putin hansı silahlarla qürrələnib?


Putin böyük ekranda
Putin böyük ekranda

Rusiya prezidentinin Federal Məclisə müraciətinin az qala yarısı ən yeni silah sistemlərinin anonslarına və videotəqdimatına həsr olunmuşdu. Bu silahların demək olar, hamısı nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.

Vladimir Putinin sözlərinə görə, Rusiya, Birləşmiş Ştatların antiraket müdafiəsi sistemlərinin genişlənən imkanlarına qarşı yeni silah hazırlamağa məcbur olub.

Rusiya prezidentinin elan etdiyi silahların bəziləri doğrudan da ilk dəfə olaraq nümayiş etdirilirdi. Onların texniki xüsusiyyətlərini və hazırlıq dərəcəsini müstəqil mənbələrlə yoxlamaq mümkün deyil.

Beləliklə Putin hansı silahlardan danışıb:

“Sarmat” Qitələrarası Ballistik Raketi

Rusiya prezidenti bəyan edib ki, “Sarmat” QBR ağır raketlərinin fəal sınaqlarına başlanıb. Onun çəkisi 200 tondur. Bundan əvvəl bildirilirdi ki, “Sarmat” hərbi istifadəyə 2019-cu ildən veriləcək.

Bu raketin videoçarxında 2007-ci ildə Rusiya televiziyasının başqa bir qitələrarası raketə - “Voyevoda” (NATO təsnifatında Satan- İblis) raketinə həsr edilmiş verilişindən götürülmüş kadrlardan istifadə olunub.

Putin habelə “məhdudiyyətsiz mənzilli” qanadlı nüvə raketindən söz açıb. O deyib ki, bu raket aşağı yüksəklikdə uçur, radarlar onu çətin tutur və uçuş trayektoriyası naməlumdur. Putin deyib ki, bu raketin qarşısında indiki və gələcək havadan və raketdən müdafiə sistemləri acizdir.

Rusiya prezidenti deyib ki, nüvə enerji qurğusu və “məhdudiyyətsiz uçuş məsafəsi” olan bu raketi 2017-ci ilin sonlarında sınaqdan çıxarıblar. Putin qeyd edib ki, bu raketin əsasında strateji nüvə kompleksləri qurulacaq.

Okean sualtı dron sistemləri

Putin deyib ki, pilotsuz idarə olunan sualtı aparartlardan ibarət çoxməqsədli okean sisteminin nüvə enerjisi mühərriki var və bu dronlar böyük nüvə başlıqlarını daşıya bilir.

“Kinjal” hipersonik (səsdən iti) kompleksi

Putin habelə “Kinjal” (Xəncər) səsdən iti sürətli aviasiya raket kompleksi barədə danışıb. O deyib ki, 2017-ci ilin 1 dekabrından etibarən bu kompleksdən Cənub hərbi dairəsinin aerodromlarında sınaq-döyüş keşik xidməti üçün istifadə olunur.

Bundan əvvəl Rusiya hipersonik X-101 raketlərinin Suriyada döyüş sınağından çıxarıldığını xəbər vermişdi.

“Avanqard” səsdən iti raket kompleksi

Rusiya prezidenti deyib ki, hipersonik uçuş qanadı blokuna malik “Avanqard” strateji raket kompleksinin istehsalına başlanıb. Prezident deyib ki, istənilən havadan və raketdən müdafiə sistemləri bu raketin qarşısında acizdir.

Putin deyib ki, "o hədəfə doğru meteorit kimi gedir”. Bu raket səsdən 20 dəfə sürətlidir. Uçuş vaxtı raketin səthindəki temperatur 2000 dərəcəyə çatsa da, o “etibarlı” idarə olunur.

Putinin sözlərinə görə bu sistem artıq kütləvi istehsala verilib.

O əlavə edib ki, Rusiya belə bir silahın yaradılması planlarından hələ 2004-cü ildə danışırdı. Lakin o vaxt ona heç bir əhəmiyyət verilməyib: “Yox, bizimlə mahiyyəti etibarilə kimsə danışmaq istəmirdi. Onda indi bizi dinləyin”.

Lazer döyüş komleksləri

Rusiya prezidenti bildirib ki, lazer döyüş kompleksləri ordunun istifadəsinə ötən ildən verilib. Putin bu sistemin istifadə sahəsi və tətbiq spesifikası haqqında heç nə deməyib. Qısa videoda bu kompleksin avtomobildə qurulmuş variantı nümayiş etdirilib:

Çıxışının sonunda prezident deyib ki, yeni silahların heç də hamısının keyfiyyətləri və xarici görünüşü barədə məlumat vermək olmaz. O deyib: “Amma bu, blef deyil, inanın”.

Putin deyib ki, Rusiya bu silahlardan hücum məqsədləri ilə istifadə etmək niyyətində deyil.

Lakin o əlavə edib ki, “biz Rusiya və onun müttəfiqlərinə qarşı kiçik, orta və istənilən gücdə nüvə silahı işlədilməsini ölkəmiz üzərinə nüvə hücumu kimi qəbul edəcəyik, cavab bütün mümkün nəticələri ilə anında veriləcək”.

Hərbə-zorba zəiflik əlaməti kimi

Moskva Carnegie Mərkəzinin “Rusiyanın daxili siyasəti və siyasi təsisatları” proqramının rəhbəri Andrey Kolesnikov hesab edir ki, “Putinin prezentasiyasının “hərbi” hissəsini forma və məzmununa görə “Qərb partnyorlarının özünəməxsus trollinqi” kimi qiymətləndirmək olar.

"Putinin nümayiş etdirdiyi silahla hərbə-zorba – zəifliyin əlamətidir. Bu onun əlamətidir ki, Putinin ilk növbədə seçki ərəfəsində “daxili” auditoriyanı səfərbər etmək üçün heç bir vasitəsi yoxdur.

Kseniya Sobçakın seçki qərargahının başçısı, jurnalist İqor Malaşenkov deyib ki, Putinə çıxış üçün böyük kinoekranların niyə lazım olduğunu başa düşmək olar:

“Onun çıxışının ikinci hissəsi yeni silahların kataloqu kimi səslənirdi. Düşünürəm ki, bu hissənin iki auditoriyası vardı. Biri daxili idi. Bu auditoriya üçün çıxış belə qurulmuşdu ki, dinləyənlər bircə nəticəyə gəlməliydilər: “təki müharibıə olmasın”. Mən bu sözləri yaxşı xatırlayıram. Mənim valideynlərim, onların həmyaşıdları elə hey təkrar edərdilər: “Təki müharibə olmasın”.

XS
SM
MD
LG