Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

SOCAR-ın trest rəisinə görə işçisi 10 min manat cərimələndi


SOCAR
SOCAR

SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəliyə görə bu qurumun keçmiş işçisi Arif Qəmbərov 10 min manat cərimələnib. Fevralın 16-da Sabunçu Rayon Məhkəməsində bu haqda qərar çıxarılıb.

İ.Şirəli keçmiş işçisindən məhkəmənin müəyyənləşdirdiyi məbləğdən beş dəfə çox – 50 min manat tələb edirdi. Rəisin iddiasına görə, 2017-ci ilin yayında işdən çıxarılan A.Qəmbərov mətbuat vasitəsilə onu təhqir edib, işgüzar nüfuzuna zərbə vurub.

Buna da bax:​ SOCAR rəsmisi keçmiş işçisindən 50 min manat istəyir

Sabunçu Rayon Məhkəməsinin hakimi İmran Burcayevin çıxardığı qərarda A.Qəmbərovun keçmiş rəisinə 10 min manat ödəməsi ilə yanaşı, həm də “Nia.az” saytında təkzib verilməsi öhdəliyi əksini tapıb.

A.Qəmbərov qərarla razılaşmır və apellyasiya şikayəti veriləcəyini deyir. Cavabdeh eyni zamanda, qərar çıxarmış hakimdən də Məhkəmə-Hüquq Şurasına şikayət edib. Çünki məhkəmədə onun heç bir vəsatəti təmin olunmayıb.

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

“Dövlət əmlakının mənimsənilməsi məsələsini sübut etmək üçün məhkəmədən SOCAR-ın “Kompleks Qazma İşləri” Trestindən obyektlər üzrə aktlar və maliyyə sənədləri, orada çalışanların İsgəndər Şirəli ilə qohumluğunun təsdiqi üçün ştat cədvəlinin alınmasını xahiş etdik. Vəsatətimiz təmin olunmadı. “Nia.az” saytında gedən yazıların mənə aid olması haqda heç bir sübut ortaya qoyulmadı. İsrar etsək də, hakim qarşı tərəfdən bunu təsdiqləyən sübut tələb eləmədi. Ekspertiza haqda vəsatətimiz təmin olunmadı. Bir sözlə, hakim heç bir araşdırma aparmadan əleyhimizə qərar çıxardı”, - A.Qəmbərov bildirib.

XATIRLATMA

Mətbuatda yayılan yazılarda trestdə rəhbərliyin işçilərin hüquqlarını pozması, onlara təzyiq göstərib məcburi ərizə yazdırılmasından, korrupsiya, qohumbazlıq hallarının hökm sürməsindən bəhs olunur, İ.Şirəlinin dövlət idarəsini özünün ailə şirkəti kimi idarə etdiyi bildirilir.

A.Qəmbərov 30 il çalışdığı trestdən 2017-ci ilin yayında çıxarılıb. Onun sonuncu iş yeri “Günəşli” yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini vəzifəsi olub.

Trestdə özbaşınalığa etirazını bildirdiyi üçün rəhbərlik tərəfindən döyüldüyünü, təhqirə məruz qaldığını iddia edən A.Qəmbərovun sözlərinə görə, ötən yay ona aşağı vəzifəyə keçirilməsi üçün könüllü ərizə yazdırmaq istəyiblər. O isə bu tələbə əməl etməyib: “Onlar da qarşımda şərt qoydular ki, “könüllü” aşağı vəzifəyə keçməsəm, işimi yerli-dibli itirəcəm. Hətta bu barədə yaşadığım ünvana bildiriş də göndəriblər ki, imzalayım. Mənsə imzalamadım”.

A.Qəmbərov iddia edir ki, təcrübəli neftçilər işdən kənarlaşdırılır, onların yerinə bu sahədə təcrübəsi olmayan, ancaq vəzifədə qohum-qardaşı olanlar gətirilir. Dediyinə görə, 2017-ci il sentyabrın 14-də “Günəşli” İstehsalat Bölümünün rəisinin qəbuluna gedib, amma orada təhqir və zorakılığa məruz qalıb.

Dövlət Neft Şirkətindən isə bildirilib ki, A.Qəmbərovun şikayəti Xətai Rayon Prokurorluğunda araşdırılıb və onun iddiaları, o cümlədən döyülməsi haqda söylədikləri təsdiqini tapmayıb. Ona görə də məhkəməyə müraciət olunub.

XS
SM
MD
LG