Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

HRW vəkilin kollegiyadan uzaqlaşdırılmasından yazır


Yalçın İmanov
Yalçın İmanov

Hər hansı bir vəkil müştərisinin həbsdə döyüldüyünü iddia edirsə, bunun, ən yaxşı halda, qurbandan ötrü ədalətin təmin olunması, ən pis halda isə heç bir tədbirin görülməməsiylə sonuclanmasını gözləyə bilərsiniz. Azərbaycanda isə ən pis nəticə bundan da betərdir. Heç nə dəyişməsə, tanınmış vəkil Yalçın İmanov müştərisinin həbsdə döyülməsini ictimailəşdirdiyinə görə kollegiyadan uzaqlaşdırıla bilər”.

Bunu “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

Müəllif İmanovun 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olduğunu, xeyli sayda hökumət tənqidçisinin, eləcə də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, müxalifət fəallarının hüquqlarını müdafiə etdiyini vurğulayır.

*** Buna da bax: Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'

AVROPA ŞURASI RƏSMİSİ DƏ ÇAĞIRIŞ ETDİ

Bu il avqustun əvvəlində Qobustan həbsxanasında məhkum Abbas Hüseynovu ziyarət edən vəkil daha sonra mediaya müsahibələrində müştərisinin içəridə dəfələrlə döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. Vəkil işgəncə izlərinin Hüseynovun bədənində qaldığını, onun çətinliklə otura və gəzə bildiyini qeyd edib.

Bir ay sonra Qobustan həbsxanasına baş çəkmiş Avropa Şurası rəsmisi buradakı durumu qəbuledilməz adlandırmış, eləcə də hakimiyyəti İmanovun müştərisinə işgəncə verilməsiylə bağlı məlumatları araşdırmağa çağırmışdı.

Vəkil İmanov baş prkorurloğa, ombudsman aparatına, məhkəməyə şikayət göndərsə də, hakimiyyət iddiaları əsassız sayaraq araşdırmaqdan imtina edib.

Elə İmanov şikayətləri verən gün Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədov Vəkillər Kollegiyasına şikayət göndərərək vəkilin hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışdığını iddia edib. Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

*** Buna da bax: IBAHRI: 'Yalçin İmanovla bağlı qərar ləğv edilsin'

HÖKUMƏTİN ÖHDƏLİYİ

Şikayət verən qurbanlar daha ağır fəsadlarla üzləşə bilərlər. Martda məhkəmə populyar jurnalist və videobloqqer Mehman Hüseynovu polisə böhtan atmaq ittihamıyla iki illik həbsə məhkum edib. Hüseynov da saxlanarkən məruz qaldığı işgəncəni ictimaiyyətə açıqlamışdı.

Azərbaycan hökumətinin işgəncə iddialarını araşdırmaq, vəkillər və jurnalistlərin qorxusuz, əngəlsiz və təqibsiz işləməsini təmin etmək öhdəliyi var. Hakimiyyət İmanovun kollegiyaya üzvlüyünü bərpa etməli, Mehman Hüseynova ittihamı ləğv edərək onu azadlığa buraxmalı və hər ikisinin hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərməsini təmin etməlidir”, – Giorgi Gogia yazır.

Qeyd edək ki, indiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

Hakimiyyət təmsilçiləri isə ölkədə insan haqları pozuntularıyla bağlı beynəlxalq qurumların iddialarını qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir. Beynəlxalq insan haqları təşkilatlarının, eləcə də xarici medianın səsləndirdiyi tənqid və iradlarsa ölkəyə qarşı məqsədli qarayaxma kampaniyası kimi dəyərləndirilir.

XS
SM
MD
LG