Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

'Cəlal Əliyev ərimdir' dedi... və 12 il həbs cəzası aldı


Aygün Akimova
Aygün Akimova

«Mənə çox tanınmış bir adamla şəklini göstərdi, dedi ki, «ərimdir». Mən də bundan sonra fikirləşdim ki, əli hər yerə çatan adamlardır. Yəqin, dediyi kimi, bizim ev məsələmizi də həll eləyə bilər», – zərərçəkmiş Ləman Qasımovanın sözləridir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Akimovanın işi üzrə dindirilərkən bunları deyib.

A.Akimova özünü müxtəlif tanınmış şəxslərin xanımı, MTN polkovniki kimi təqdim etməklə adamları aldadıb pullarını ələ keçirməkdə təqsirləndirilir. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Akimovaya avqustun 10-da hökm oxunub. O, 12 il azadlıqdan məhrum edilib.

Akimovanın başqalarının etibarını qazanmaq üçün adlarından istifadə etdiyi tanınmışlar arasında prezidentin əmisi, mərhum deputat Cəlal Əliyevin, «AMAY» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin adları çəkilir.

İttihama görə, Akimova indi zərərçəkmiş kimi tanınan adamlardan bəzilərinə onların özlərini və yaxınlarını işə düzəldəcəyini, bir qisminə məcburi köçkünlər üçün tikilmiş binalarda mənzil veriləcəyini vəd edib. Bu vədlə də onlardan xeyli pul alıb. Elə zərərçəkmiş də var ki, Akimovaya birgə biznes qurmaq adıyla pul verdiyini deyir.

***Buna da bax-Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'

«MƏCBURİ KÖÇKÜNLƏRİN BİNASINDA BİZƏ EV VERİLƏCƏKDİ»

Zərərçəkmişlərdən Ləman Qasımova deyir ki, Akimova onların kirayədə yaşadığını öyrəndikdən sonra ev almağı təklif edib:

«Qaçqınlar üçün tikilən binadan 4 ev alacaqdı bizə. Lap birinci 3 min 500 manat verdik. Daha sonra evdə olan qızılları... Qızılların bir hissəsi mənim, bir hissəsi də qayınanamın idi. Hamısını ona verdik. Sonra yenə pul verdik. Ümumilikdə 50 min pul vermişik».

Ləman Qasımovagilin qonşusu Ətrabə Məmmədova da məhkəmədə onun dediklərini təsdiqləyib. Deyib ki, qızılları onun yanında götürüb aparıb:

«Aygün onlara demişdi ki, «ev məsələnizi mən həll edəcəm». Qızılları verəndə onlarda idim. Guya, qızılları girov qoyub, əvəzində pul götürüb lazımi adamlara çatdıracaqdı. Natəvanxanımgilin ona nə qədər pul verdiklərini bilmirəm. Bildiyim odur ki, bir müddət sonra Aygünə nə qədər zəng vurdularsa, cavab vermədi».

Şahid A.Akimovanın özünü necə təqdim etməsindən də danışıb:

«Deyirdi ki, nazirlikdə işləyir. Yüksəkvəzifəli, tanınmış şəxsin arvadı olduğunu deyirdi. Şəkilləri də var idi. Guya, mənim qardaşımı da işə düzəldəcəkdi. 350 manat əvvəldən aldı. Amma sonradan pulumu geri ala bildim. Mənim yoldaşım dövlət işində işləyirdi, yəqin ki, bundan çəkindi».

***Buna da bax-'AMAY Abdulla': 'Yazığım gəldi, uşaqların 'atası' oldum...'

Başqa bir zərərçəkmiş Afət Hüseynova isə deyir ki, A.Akimova ona 800 min manat ziyan vurub. Onun sözlərinə görə, Akimovanın təzyiqi ilə mağazasını satıb, iş qurmaq üçün pulun bir hissəsini də ona verib. Ancaq şərikli iş alınmayıb. Zərərçəkmişin sözlərinə görə, Akimova MTN əməkdaşlarının yaşadığı binadan ev almaq adı ilə 170 min manatını da ələ keçirib.

«SİZƏ DƏXLİ YOXDUR MƏNİM HƏYAT YOLDAŞIM KİMDİR»

Amma Aygün Akimova zərərçəkmişlərin yalan danışdığı, onu həbs etdirməkdən ötrü birləşdiklərini deyir. Bildirir ki, Natəvan Şahverdiyeva və gəlinindən məcburi köçkünlərin binasında mənzil üçün pul almayıb. Onların yaşadığı evə də bir neçə dəfə falçı kimi gedib, pul da almayıb.

Akimova digər zərərçəkmiş Afət Hüseynovanın da yalan danışdığını, onu, sadəcə, müştərisi olduğu geyim mağazasının sahibi kimi tanıdığını deyir:

«Hər dəfə Afətgilin mağazasından 800-900 manatlıq alver edirdim, bizi yaxşı müştəri kimi qeyd edib, mobil nömrəmi götürdülər. Zəng eləyib yeni mallarının gəldiyini deyirdilər. Mağazaya gedib-gəldikcə Afətlə münasibətimiz yarandı. Mağazanın satılmasından xəbərim olmayıb. Onun maşınını əlindən almamışam. Banklara olan borclarını ödəmək üçün məndən pul almışdı. Sonra həmin borcu qaytarmaq üçün maşını notariusla mənim adıma keçirdi».

Akimova məhkəmədə ifadəsində də imkanlı adam olduğunu, heç yerdə işləmədiyini, maddi ehtiyaclarını həyat yoldaşının qarşıladığını desə də, konkret ad çəkməyib. O, həyat yoldaşının kimliyi haqda suala cavab verməkdən də imtina edib:

«Sizə dəxli yoxdur ki, mənim həyat yoldaşım kimdir».

«AMAY Abdulla» kimi tanınan sahibkar Abdulla Abdullayev də bu iş üzrə istintaqda dindirilib. O bildirib ki, A.Akimova ilə evli olmayıb. Anasının xahişi ilə onu şirkətində xadimə kimi işə götürüb. Aygünün övladı dünyaya gələndə çarəsiz vəziyyətdə olduğunu nəzərə alıb, onun xahişi ilə doğum haqqında şəhadətnamədə ata adı kimi öz adının yazılmasına razılaşıb. Bir müddət sonra Akimovanın ikinci övladı dünyaya gələndə də eyni hal təkrarlanıb.

A.Abdullayev deyir ki, sonradan atalığın ləğvi üçün məhkəməyə müraciət edib. Amma həmin ərəfədə özü də həbs olunduğundan proses yarımçıq qalıb.

XS
SM
MD
LG