Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:08

Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı


"Globus Plaza"nın sahibi Dünyamin Xəlilov
"Globus Plaza"nın sahibi Dünyamin Xəlilov

Keçmiş deputat, Bakıdakı "Globus Plaza"nın sahibi Dünyamin Xəlilova Beynəlxalq Bankdan milyonlarla kreditin verilməsi və ödənilməməsi ilə bağlı araşdırmalar davam edir. Bu iş iki aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Dünyamin Xəlilov 2016-cı ilin fevralından həbsdədir. Bu işdə keçmiş deputatla yanaşı, daha altı nəfər də təqsirləndirilir. Amma istintaq və məhkəmə dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Buna da bax:​ Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

“SONRADAN XƏBƏR TUTMUŞAM”

Aprelin 6-da keçirilən məhkəmədə öncə Beynəlxalq Bankın departament direktoru, daha sonra bankın İdarə Heyətinin sədr müavini olmuş Əsgər Məmmədov dindirilib. Deyib ki, 2010-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

Beynəlxalq Bankdan Dünyamin Xəlilov və digərlərinə ayrılan kreditlərə gəlincə, şahid bildirib ki, həmin kreditlər bank rəhbərliyinin göstərişi ilə verilib: "Şirkətlərə kreditlərin ayrılması Emin Mustafayevin səlahiyyətində idi. Beynəlxalq Bankın xaricdəki layihələri barədə sonradan xəbər tutmuşam".

Emin Mustafayev hazırda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviridir. Bundan əvvəl sədrin müavini, ondan da öncə Kredit Komitəsinin sədri olub. Cahangir Hacıyev haqqında cinayət işi də Mustafayevin ərizəsi əsasında başlanıb, ardından o həbs olunub.

Buna da bax: Cahangir Hacıyevin şikayəti təmin olunmayıb

PUL ÖZLƏRİNƏ VERİLMƏYİB

Beynəlxalq Bankın baş direktoru Fuad İslamov da aprelin 6-da məhkəmədə dindirilib. Təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu və Şakir Musayevi tanıdığını deyən Fuad İslamov bu işdə bəhs olunan kreditlər verilən dövrdə Kredit Komitəsinin üzvü olub.

İttihamda deyilir ki, yüzminlərlə, milyonlarla kreditlər "İntertekstil"də mexanik, sürücü və s. vəzifələrdə işləyən adamların adlarına ayrılıb, amma pul özlərinə verilməyib.

Qaydalara görə, 5 min manatdan yuxarı kredit ayrılması üçün Kredit Komitəsinin qərarı olmalıdır. Şahid deyir ki, o dövrdə komitənin üzvü kimi, qərarlara qol çəkib.

Buna da bax:​ 'Globus Plaza' sahibinin məhkəməsində etiraflar

Prokuror ondan soruşub ki, girov təminatı olmadan, cəmi 250-300 manat maaş alan adamların adlarına yüzminlərlə kreditin ayrılmasına dair, özünün də imzaladığı sənədlərdə qanunsuzluqlara yol verildiyini bilirdimi?

“RƏHBƏRLİYİN GÖSTƏRİŞİ OLUB”

"Rəhbərliyin göstərişi olub. Kredit Komitəsinin sədri Emin Mustafayev sənədləri hazırlayıb göndərirdi, biz də imzalayırdıq. Kredit Komitəsinin sədri bizə deyirdi ki, tapşırıq gəlib və buna imza atılmalıdır. Deyilənə görə, göstərişlər İdarə Heyətinin sədri (o dövrdə Cahangir Hacıyev idi - red.) tərəfindən verilirdi. Verilən hər bir kredit hansısa layihələrə əsaslanırdı. Hər bir kredit sənədlərinin arxasında layihələr vardı. Həmin layihələrə uyğun kreditlər ayrılırdı", - bankın baş direktorunun cavabı belə olub.

Buna da bax:​ Ali Məhkəmə Cahangir Hacıyevin şikayətinə baxacaq

Fuad İslamov onu da əlavə edib ki, kreditlərin həcmi 50 milyondan çox olanda buna Müşahidə Şurası nəzarət etməli idi.

Beynəlxalq Bankın Müşahidə Şurasına maliyyə naziri və digər məsul şəxslər daxildir.

Keçmiş deputatın məhkəməsi aprelin 13-də davam edəcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.

XS
SM
MD
LG