Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Rusiyadakı azərbaycanlı miqrantların həyatından bəhs edən roman çıxdı


Yaşar Bünyadın "İblis busəsi" romanının üz qabığı.
Yaşar Bünyadın "İblis busəsi" romanının üz qabığı.

Rusiyada yaşayan Azərbaycanlı yazar Yaşar Bünyadın yeni romanı "İblis busəsi" "Kitab klubu" yayın evindən çapdan çıxıb.

Yazıçı Yaşar Bünyad.
Yazıçı Yaşar Bünyad.

Romanının mövzusu təlatümlü 80-90-cı illərin hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyadakı vəziyyət bütün postsovet məkanındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması...

Buna da bax: Yaşar Bünyad. Sükutun rahatlığı​

Sevgisini, ailəsini itirmiş Rüfət heç olmasa Vətənini itirmək istəmir – artıq onun doğulduğu torpaqda müharibə gedir axı! Ona görə də yollandığı Rusiyadan qayıdaraq Qarabağa döyüşməyə gedir. (80-ci illərdə Əfqanıstan müharibəsində iştirak etməsi ona döyüş sirlərini aşılaya bilmişdi və bu bacarığından düşmənə qarşı mübarizədə istifadə etmək qərarına gəlir.) Nə yazıqlar ki, burada da hiyləgər və nadürüst adamların kələyi ilə üzləşir. Döyüş zamanı vətənpərvər oğlanları ən ağır nöqtəyə göndərsələr də, arxalarınca kömək getmir, mühasirəyə düşüb ölümlə üz-üzə qalırlar... Müharibənin onun yaddaşında açdığı yaralar yenidən Vətəndən uzaq düşməsinə səbəb olur. Moskvada mafiyanın tüğyan etdiyi yerə, hadisələrin lap episentrinə düşür. (Onunla Əfqanıstanda döyüş yolu keçən Andrey bu mafiyanın başında duran şəxs kimi Rüfəti də öz oyunlarına alət etməyə çalışır və nə yazıqlar ki, buna nail olur da.)

Buna da bax: Cəlilabadlı Cəfər Rusyetə işləməyə gedir

Ənənəvi müsbət qəhrəman yaratmağa girişməyən müəllif, qəhrəmanı Rüfətin sağlam düşüncəli, fiziki cəhətdən güclü olmasını önə çəksə də, bunların onun şərə müqavimət göstərməsi üçün yetərli olmadığını da vurğulayır. Romanda Andrey və arvadı Sofya obrazları Şərin təmsilçiləridr. Sanki böyük Rusiya imperiyasının simvolikası olan bu iki şəxs İblis busələri ilə bütün insanlığı, o cümlədən Rüfəti də qarsırlar... Romanda Rüfətin anası, göbəkkəsdisi Aliyə, erməni qızı Marqo, Rusiya çöllərində səfil həyatı keçirən Sərdar kimi obrazlar maraq doğurur.

XS
SM
MD
LG