Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

A. Tarkovsky 'Bizə ancaq bir şey qalır – ləyaqətlə ölməyi öyrənmək'


Rus rejissoru Andrei Tarkovski
Rus rejissoru Andrei Tarkovski

Böyük rus rejissoru Andrei Tarkovsky düşüncələrini vizuallaşdırmağa çalışan filosof idi. Buna görə alman rejissoru Michael Haneke onun haqqında danışanda “Tarkovskynin filmləri həddindən artıq şəxsi, intimdi” deyir. Buna görə Tarkovsky'ni ancaq təqlid eləmək mümkündü. Onun kadrlarını, rakurslarını təkrarlayanlar çoxdu, amma hələ heç kim Tarkovsky kimi çəkməyi bacarmayıb.

Tarkovsky'nin filmlərini anlamaq üçün onun tərcümeyi-halını öyrənmək, gündəliklərini oxumaq vacibdi. O gündəliklər rejissorun adi həyat detallarından daha çox bəşəriyyətin, zəmanəmizin bu və ya digər problemləri haqqında fəlsəfi düşüncələrini əks etdirir.

Buna da bax: Tarkovsky: İnsan kinoya həyat təcrübəsi qazanmağa gedir

Oxu zalı böyük rejissorun gündəliyindən 1970-ci il sentyabrın 9-a aid bir hissəni, Kurt Vonnegutun “Pişik üçün beşik” romanından yola çıxaraq gəldiyi nəticələri, müasir insan barədə düşüncələrini yazdığı parçanı təqdim edir.

“Vonnegutun “Pişik üçün beşik” əsərini oxudum. Qaramat kitabdı. Və cəsarətlə yazılıb. Bütün hallarda pessimizmin incəsənətə çox az dəxli var. Ədəbiyyat, ümumiyyətlə, incəsənət dindardı. O, ən ali təzahüründə dəhşətli dərəcədə qəddar, öz mənasızlığı ilə absurd səviyyəyə çatmış müasir dünyaya qarşı güc, ümid verir. Müasir, əsl sənətin gözlənilən fəlakətlər, bəlkə də fəlakət öncəsi insanları təmizləyəcək katarsisə ehtiyacı var.

Ümid yalan ola bilər, ancaq o, yaşamağa və gözəlliyi sevməyə imkan yaradır. İnsan ümidsiz mövcud ola bilməz. İncəsənət insanların içində yaşadığı dəhşəti göstərməlidir, ancaq bir şərtlə: əgər yekunda İnamı və Ümidi göstərməyin bir yolu varsa...

Nəyə inam? Heç nəyə baxmayaraq, insanın şəxsi ləyaqət, xeyirxahlıq hissinə, iradəyə sahib olduğuna... Hətta ölümlə üz-üzə qalanda belə..

İnsanın heç vaxt öz idealına – o ilğıma – öz bəşəri missiyasına xəyanət etməyəcəyinə...

Andrei Tarkovsky "Solaris" filminin çəkilşində, 1971.
Andrei Tarkovsky "Solaris" filminin çəkilşində, 1971.

Qəribədi ki, insanlar istehsalat birliyi, ya da coğrafi prinsipə görə bir yerə toplaşanda –bir-birilərinə nirfət eləməyə, bir-birini sıxışdırmağa başlayırlar. Çünki hər kəs ancaq özünü sevir.

Birlik- görüntüdü, elə bir görüntü ki, nəticəsində gec-tez materiklərin üzərində göbələk şəkilli qorxunc, ölümcül buludlar peyda olacaq.

Yalnız bir hədəfə - doyunca yeməyə can atan insanların birliyi məhvə, çürüməyə, antoqonizmə məhkumdu.

“Təkcə çörəklə olmur!” İnsan ziddiyətli cəhətlərin vəhdəti kimi yaradılıb. Tarix əyanı şəkildə sübut eləyir ki, o, həqiqətən ən mənfi yolla inkişaf edir. Daha doğrusu, insan onu idarə eləməyə qadir deyil, yaxud da idarə edərkən onu ən arzuolunmaz və ən dəhşətli yola itələməyə qadirdir. Əksini isbat eləyən bir dənə də nümunə yoxdur. İnsanlar insanları idarə eləməyə qadir deyillər. Onlar yalnız dağıtmağı bacarırlar. Və çılpaq, sinik materializm də bu dağıntıları tamamlayır.

Baxmayaraq ki, hər kəsin qəlbində Tanrı, əbədi olanı, xeyiri cəmləmək qabiliyyəti var, insanlar bir yerə toplaşanda, kütlə olanda təkcə dağıtmağı bacarırlar. Zira onlar ideal ətrafında yox, material ideya naminə birləşiblər. Bəşəriyyət öz vücudunu qorumağa tələsdi və ruhunu necə qoruyacağı barədə düşünmədi.

Kilsə (din yox) ruhu qorumağı bacarmadı. Sivilizasiya tarixinin getdiyi yolda insanın mənəvi yarısı heyvani, maddi yarısından get-gedə daha çox uzaqlaşır və indi sonsuz fəzanın qaranlığında uzaqlaşan o qatarın işıqları da gözdən itmək üzərdi - bizim varlığımızın birinci yarısı həmişəlik və ümidsizcəsinə yox olur. Ruh və bədən, hiss və ağıl artıq heç vaxt yenidən birləşə bilməyəcək. Çox gecdi. Hələ ki, biz adı mənəviyyatsızlıq olan dəhşətli xəstəlik nəticəsində şikəst qalmışıq, amma bu, ölümcül xəstəlikdi. Bəşəriyyət özünü məhv eləmək üçün əlindən gələn hər şeyi elədi. Əvvəlcə mənəvi ölüm oldu, fiziki ölüm isə sadəcə onun nəticəsidi.

Buna da bax: Tarkovsky-nin tələbəykən çəkdiyi ilk film - Video

İnsanlar yalnız və yalnız “çörək” haqqında düşünərkən, bu düşüncə tərzinin ölümlə sonlanacığını anlamayanda nə qədər aciz, miskin və müdafiəsiz olurlar!

İnsan şüurunun yeganə nailiyyəti dialektika prinsipini dərk etməsi idi. Və əgər insan ardıcıl olsaydı, özünə sui-qəsd etməsəydi, o prinsipə əsaslanıb çox şeyi başa düşərdi. Hamının xilası yalnız bir halda mümkündü – tək-tək xilas olmaq.

Rejissor Andrei Tarkovsky.
Rejissor Andrei Tarkovsky.

Şəxsi igidliyin vaxtı çatıb. Taun zamanı ziyafət. Ancaq özünü xilas eləməklə hamını xilas eləyə bilərsən. Təbii ki, mənəvi anlamda. Ümumi səylər anlamsızdı. Biz insanlar arılar və qarışqalardan fərqli olaraq nəsli qorumaq instinktindən məhrumuq. Amma əvəzində bizə ölümsüz ruh verilib, ona da bəşəriyyət kinli sevinclə tüpürüb. İnstinkt bizi xilas eləməyəcək. Onun yoxluğu bizi məhv eləyir.

Mənəvi, ruhi dəyərlərdən isə imtina eləmişik.

Xilas yolu nədədi? Təbii ki, başçılara inanmaqda yox! İndi bəşəriyyəti yalnız dahi xilas eləyə bilər. Yox, peyğəmbəri nəzərdə tutmuram! Yeni bir mənəvi ideal təklif edə biləcək dahi. Amma o böyük insanı hardan tapaq?

Bizə ancaq bir şey qalır – ləyaqətlə ölməyi öyrənmək. Sinizm hələ heç kimi xilas eləməyib. O, acizlərin silahıdı.

Bəşəriyyət tarixi qəddar, mərhəmət hissindən məhrum məxluq tərəfindən insanlar üzərində aparılan qorxunc təcrübəyə oxşayır. Viviseksiya (canlı insan üzərində təcrübə məqsədilə aparılan cərrahi əməliyyat-red.) kimi bir şey...

Bunu nə vaxtsa izah eləmək mümkün olacaqmı? Doğrudanmı, insan taleyi - sadəcə anlamını başa düşməyə qadir olmadığımız sonsuz prosesin bir mərhələsidi? Düşüncəsi belə dəhşətlidi. Axı, insan heç nəyə - nə sinizmə, nə materializmə - baxmayaraq, Əbədiliyə, Ölümsüzlüyə inanır. Ona, bir də heç vaxt heç bir insanın doğulmayacığını deyin, dərhal başına güllə çaxacaq. İnsana ölümlü olduğunu təlqin eləyiblər, amma Ölümsüzlük haqqını onun əlindən alacaq təhlükə qarşısında insan elə müqavimət göstərər ki, sanki elə indicə onu öldürmək istəyirlər.

Sadəcə insanın mənəviyyatını zorlayıblar. Daha doğrusu, hamı, tədricən, birini zorlayıb. Uzun əsrlər boyu, lap bu günə qədər öz ruhunun qeydinə qalanları fiziki məhv eləyiblər və bu hal davam eləyir. Bizi yalnız bir şey xilas eləyə bilər: bizim bədbəxt, barbar dünyamızın bütün ideoloji institutlarını yerlə-yeksan edə biləcək yeni bidət.

Buna da bax: Tarkovsky-in sevimli filmləri -SİYAHI

Müasir insanın böyüklüyü – etiraz qabiliyyətindədi. Etiraz əlaməti olaraq kütbeyin, lal kütlənin qarşısında özlərini yandıranlara eşq olsun! Əlində şüarlar, plakatlar meydanlara çıxıb özünü repressiyaya məhkum eləyənlərə, kafirlərə, yaltaqlara “yox” deyən hər kəsə eşq olsun!

Yaşamaq imkanından daha yuxarı ucalmaq, gələcək naminə, Ölümsüzlük naminə vücudumuzun faniliyini dərk eləmək...

Əgər bəşəriyyət bunu bacarsa – demək, hələ ümid var. Hələ şans var.

Bəşəriyyət həddindən artıq əzab çəkib, buna görə də onun əzab hissi ölüb. Bu - təhlükəlidi. Zira artıq bəşəriyyəti qanla və iztirabla xilas eləmək qeyri-mümkündü.

İlahi, biz necə zəmanədə yaşayırıq?!

A.A.Tarkovsykini gündəliklərindən 1970-1986. "Martiroloq", Florensiya, A.Tarkovsky adına Beynəlxalq Universitetin nəşriyyatı.

XS
SM
MD
LG