Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

'Dol bir mey piyaləsi tək, Dol, vergil yoxlayım səni'


Gürcüstanda yaşayan azərbaycanlı şair Allahverdi Təkləli, rəssam Teymur Ağalıoğlu.
Gürcüstanda yaşayan azərbaycanlı şair Allahverdi Təkləli, rəssam Teymur Ağalıoğlu.

Allahverdi Təkləli

Şeirlər




MƏNİM MƏMLƏKƏTİM BUDUMU, BƏYLƏR?

Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?

Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?

Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır bir kibrit başıdı ki, bu.
Qapıb tolazlayır kim kimə gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.

Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa gözlərimmi alacalanır?

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...​

Gürcüstan azərbaycanlısı şair Allahverdi Təkləli.
Gürcüstan azərbaycanlısı şair Allahverdi Təkləli.

Mən qurda döndüyüm gecə

O bəxt məndə haqdandı ki,
Qonşumun qızı olasan.
Mən qurda döndüyüm gecə,
Sən əmlik quzu olasan.

Yelə dönüb öpəm səni,
Tacı sanar təpəm səni.
Yaram üstə sərəm səni,
Evimin düzü olasan.

Mələksən gəzmə dörünən,
Yıxıqdı könlüm hörünən.
Tanrının mənə görünən,
Bəlkə xoş üzü olasan.

Buna da bax: Tapdıq Yolçu: 'Bu gün Gürcüstanda təkcə "SOCAR" brendi ilə təmsil olunuruq'

Mən bir neyin naləsi tək

Dəmirqapı-Dərbənd könül,
Yol vergil yoxlayım səni.
Mina boynuna dolanan
Qol vergil yoxlayım səni.

Sən bir ayın haləsi tək,
Mən bir neyin naləsi tək.
Dol bir mey piyaləsi tək,
Dol, vergil yoxlayım səni.

Güldür güləsini mənə,
Sözün giləsini mənə,
Ver haqq çiləsini mənə,
Bol vergil yoxlayım səni.

* * *


Neyçün budağından qopanda yarpaq,
Dönür bir kəpənək qanadlarına?

Görən, yuvasını yuyan yağmuru,
Arının könlündən sancmaq keçibmi?

Niyə Qarabağı qaytarmağı biz,
Qədirin səsindən öyrənməyirik?

Şehlə silələnmiş gözünü, lalə,
Şərab badəsimi sanır, görəsən?

Nədən, qanadını yelpik eyləyən
Quşları çarmıxa çəkir göy üzü?

Dərisi qavala üz olan oğlaq,
Niyə mələrtini eşidəmmirəm?

Görən kəfən biçə bilərmi kimsə,
Mənə bu gecənin ay işığından?

Kim deyər, canına çöl yovşanının
Məmləkət qoxusu hancarı hopub?


* * *

Buna da bax: Gürcüstandan azərbaycanlı aktyor-yazıçı onluğumuzda - Müsahibə

Demək ki, yazıya pozu yoxuymuş,
Demək ki, taledən qaçılan deyil.
Dünyanın ən mağmın adamı mənəm,
Dost, mənim heç falım açılan deyil.
Yedirdim qaragül quzumu qurda.

Dünyanın ən mağmın adamı mənəm,
Xam düşüb, quzumu "xələt" elədim.
(Min günah işləyir ömründə hərə),
Mən də tək bircə yol qələt elədim.
Yedirdim qaragül quzumu qurda.

Ömrümdə bircə yol qələt elədim,
Xam düşüb, quzumu "xələt" elədim,-
Yükləndim şeytanın qəzasını mən.
Mələyə-mələyə qalmışam indi,
Çəkirəm suçumun cəzasını mən.

Mələyə-mələyə qalmışam indi,
Meylimi dərdimə salmışam indi.
Deməyin bu da bir oyun olmasın.
Yedirdim qaragül quzumu qurda...
Dedim ki, böyüyüb qoyun olmasın.

* * *

Anlarsan məni əhli-hal,
Hal olan vaxtı, yavrum.
Kirpik ucunda göz yaşın
Xal olan vaxtı, yavrum.

Göz ki, şırğaya umsunur,
Könüldə sarı sim sınır.
Arı gül üstə sümsünür,
Bal olan vaxtı, yavrum.

Barın budağın əyməmiş,
Qorxuram ki, bir səy Məmiş
Dərər də səni dəyməmiş
Kal olan vaxtı, yavrum...

XS
SM
MD
LG