Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

"Təbriz rus işğalı günlərində" - Xan nənənin dilindən...


İranlı yaşlı qadın.
İranlı yaşlı qadın.

"Ertəsi gün Təbrizə xəbər yetişdi ki, ingilislər bir yandan, ruslar bir yandan yardıma gəlmişik deyə, nə qədər insanın evini yıxdılar. Nə qədər insan evsiz-eşiksiz qaldı. Nə qədər insan ailə başçısını itirdi... Artıq Urmudan Xoydan keçib, Təbrizə yetişdilər. Gülüstan bağının yanına yetişəndə, Təbrizdə yaşayan ermənilər gül dəstəsi ilə rus əsgərlərini qarşıladılar".

Təbrizli Məmmədrza

XAN NƏNƏM

hekayə

İran Azərbaycanından olan yazıçı Təbrizli Məmmədrza.
İran Azərbaycanından olan yazıçı Təbrizli Məmmədrza.

Haçan yolum çay qırağına düşərsə, xəyalım ilişib qalar körpünün qarşısında, Gümüş qaya məhəlləsində. Buruq-buruq bir-birinə bağlanan küçələr. O xatirələr küçəsi, uşaqlıq çağlarım, atam, anam, xan nənəm, əmilərim... yenə də xan nənəm. Onun mehriban, titrəyən əlləri lentə alınmış görüntü kimi gözümün önündə canlanır. Rəhmətlik xan nənəm ömrünün sonunadək orada, dədə-baba məhəlləsində, babamın babasından yadigar qalan bağçalı evdə yaşadı. Atamla əmilərimin hamısının toyu o evdə tutulmuşdu. Böyük bir ailənin bütün işlərini təkbaşına görərdi. Xan nənəmin ölümü ilə bütün ailə dəydi bir-birinə. Xan nənəm yaşadığı sürə bütün əmilərim, bibilərim, həftə sonları bir yerə yığışardılar. Yadımdadır, atam xan nənəmin ölümündən sonra dedi:

– Heyvanların ilginc dünyaları var. Bir çox heyvanın yaşam dünyasının pəncərəsindən baxmışam. Hamısının özünəməxsus gözəllikləri vardı. Gün olub arı pətəklərinin yanında saatlarla oturub, izləmişəm. Arılar dünyasına baxanda, üç cür arı var. Bir cürü eşşək arısıdır, heç bir işə yaramaz. İkinci cürü işçi arısıdır ki, gün boyu kraliçanın qoxusu və ya eşqi ilə durmadan çalışarlar! Üçüncü də qoxusu və gözəlliyi ilə işçi arıları heyran edən kraliçadır. Hey düşünərdim ki, görəsən kraliça olmasa, nə olar bu işçi arıların halı? Bu sorğunun cavabını, anam öldükdən sonra başa düşdüm! Çünki bir zamanlar biz də işçi arılar kimi, ananın varlığında bir aradaydıq. O, ata-baba evində hər zaman canlılıq vardı. Hər gün, hər an ailə bir-birini görüb, bir-birindən xəbər tuturdu... Ancaq anamın ölümü ilə biz də dağıldıq. Mən qardaşlarımı haçan gördüyümü xatırlamıram.

Elxan əmimin toyunu yaxşı xatırlayıram: qonaq otağının arakəsdisini qaldıra-qaldıra aşağı enəndə evdə iynə atmağa yer yoxudu. Rəhmətlik Cəfər Rastkar musiqi dəstəsi ilə gəlmişdi. Cəfər Rastkar Güney Azərbaycanın çox yaxşı səs ustalarından birisiydi və toyları da ancaq Azərbaycan Türk mahnıları ilə yola verərdi.

Atamın arkadaşı Dəmirçi bəy deyirdi ki, yeniyetmə çağlarında, orucluq günləri axşamüstü, Təbrizin Məqsudiyyə küçəsinin qarşısında Hüseyn Qanadı adında çayxana vardı. Hər gecə orda canlı musiqi olardı. Mən də gedib orda ara-sıra bir neçə mahnı oxuyardım. Ancaq o çayxananın baş solisti Cəfər bəy Rastkardı. Bir gecə çox qələbəlikdi, iynə atsaydın yerə düşməzdi. Keçib ansamblın yanında, bir yerdə oturdum. Yeni oturmuşdum, bir baxdım qısaboylu, yumruüzlü, saqqalı döşünə düşmüş, üstəgəl çox pinti bir kefli, aşa-aşa musiqiçilərin yanına gəlməyə can atır. Baxmayaraq ayaqda dura bilmirdi, masaların üstünə aşırdı, üzdən getməyib, ortanı yara-yara gəlib çıxdı Cəfər bəyin yanına. Elə bir durum yarandı ki, bir neçə masadan az qala qalxıb adamla savaşacaqdılar. Cəfər bəy öz masasında ona yer verdi. Bəlli oldu ki, Cəfər bəyin arkadaşıdır. Bir mahnı mən oxudum, daha sonra Cəfər bəy davam etdi. Arada gördüm ki, saqqallı oğlan Cəfər bəyə dedi:

– Cəfər, onu oxu lütfən.

– Olmaz!

– Lütfən. Bir bəndin oxu.

– Sənə min dəfə demişəm olmaz!

Şaşıb qalmışdım, Cəfər bəyin sir-sifəti tamam dəyişmişdi. Gülərüzlü Cəfər bəyin, qaşqabağı yer süpürürdü. Bir az keçdi adam bu səfər yalvararaq, bir daha Cəfər bəydən istədi ki, lütfən oxu! Bu dəfə Cəfər bəy kəskin bir səslə:

– Olmaz! Olmaz ! – deyib, məni səhnəyə çağırdı. Oğlanı üzgün şəkildə qapıya aparıb yolçu etdi. Proqram bitdikdən sonra Cəfər bəyi mən maşınla evinə apardım. Yolda Cəfər bəydən soruşdum.

– O saqqalı oğlan kimdir? Nə istəyirdi?

– Baba o, mənim ən yaxın arkadaşımdı. Ancaq bu gün yenə də çox içmişdi, düşünmədən, danışırdı. Neçə dəfə demişəm çox içmə. O qədər iç ki, ayaqda dura biləsən. Harada nə etdiyini, nə danışdığını biləsən. Ancaq mən deyib, mən eşidirəm.

– Nə deyirdi?

– Məndən Milli Hökumətin himnini istəyirdi. Bilmir ki, adamı kəsərlər! Kim nə bilir, orda oturanlar kimdir?! Çayxanaya hər cürə adam gəlir. Ona min dəfə demişəm gəl otur evdə sənə nə qədər istəyirsən milli himi oxuyum. Ancaq bayırda olmaz!

O gecə Dəli Məmi də Elxan əmimin toyuna gəlmişdi. Bir neçə gözəl, özü də yalnız yanıqlı mahnılar oxudu. Dəli Məmi məhəllənin ən təmiz geyinəni idi, heç zaman paltarı ütüsüz olmazdı. Onun köynəyində iynənin ucu boyda qırış tapılmazdı. O, hər gün ertədən üzü qırxılı, ətir qoxulu, çiçək dəstəsi əlində küçə ağzında durub sevgilisinin yolunu gözlərdi. Ancaq bu gözləmək ilğımdan başqa bir şey deyildi...

Buna da bax: Taymazın Təbrizdən ayrılması

Xan nənəmdən eşitmişdim ki, əskidən ona Jüqül Məmi deyərmişlər. Ancaq bir sevgi olayı yaşadı və ondan sonra gündə sabahdan axşama küçənin ağzında durub geri dönməyən sevgilisini gözləməyə başladı. O üzdən də onu Dəli Məmi adlandırdılar...

Məminin sevdiyi qonşu qızı Aynur 30 il bundan öncə evlənmişdi. İndi üç uşaq anasıdır. Məmi isə, Aynurun yolunu hələ də gözləyir. Aynur da Məmini çox sevərdi, ancaq çox yazıqlar ki, qızcığazın qərar vermə haqqı yox idi. O zamanlar heç bir qızın evlənəcəyi oğlandan xəbəri olmazdı. Habelə erkəklərdən bir çoxu qızı görüb tanımadan evlənərdilər. Əslində qızlara da, erkəklərə də zülm olunurdu. Ancaq arada az fərq vardı, erkəklərə qızlar qədər zor deyə bilmirdilər... Bir çox qızın evlənmə qərarı dükanda, bazarda, atalarının iş yerində verilərdi. Qızlar bəxt evinə gedəndən sonra evləndiyi oğlanı görərdi. Kimisi babası yaşında adama verilərdi, kimisi başqa qadının üstünə gedərdi, kimisi...

Buna baxmayaraq, onlar evləndiyi kişini sevməyə məhkum idilər. Məhəlləmizin aydını olan, ərizə yazan İldırım bəy də qızının duyğularını ayaq altına salıb, qızı Aynuru xalçaçı Göyxan bəyə, daha doğrusu, onun puluna verdi. İldırım bəy sanırdı ki, qızını xoşbəxt eləyib. Ancaq Aynur illərdi evdə dustaq idi. Son gördüyüm 5 il öncəyə qayıdır, qızı Gülün toyunda görmüşdüm. Çox dalğın, soluxmuş bir durumu vardı. Yaxınlaşıb bir az danışdım, dərdinə ortaq oldum. O gün nəvə yiyəsi olmuşdu, ancaq yenə də itirdiyi sevginin acısı ilə yanıb qovurulurdu.

Ancaq Məmi arada bir qarışdırır, bir çox zaman Aynuru tanımır. Dəfələrlə üz-üzə gəliblər tanımayıb. Arxa küçəyə yeni bir qonşu daşınıb, onun yeniyetmə qızını, Aynur sanıb yolunu gözləyir. Zavallı qız da qorxusundan son zamanlar yolun dəyişib Qaranlıq küçədən gedib gəlir...

Elxan ən kiçik əmimdir. Yazıq qadın deyirdi:

– Artıq bu gün ölsəm belə, heç dərdim yoxdu. Çünki rəhmətlik babanızın istəklərini birəbir yerinə yetirmişəm. Elxan yeddi yaşında idi, Ağa babanız Yılmaz bəy rəhmətə getdi. Elxana əlimdən gələni əsirgəməmişəm, həm analıq, həm də atalıq eləmişəm. Ancaq yenə də düşünürəm ki, ata məhəbbətinin, ata sevgisinin yerini doldura bilməmişəm...

Nə gözəl günlər idi! O küçə, o xatirələr məhəlləsi, çay qırağı... indi də dadı damağımda qalıb. Yolum oraya düşəndə saatlarla daş körpünün qırağında, yaşı-başı bəlli olmayan ağacların altında oturub əldən gedən günlərə heyfsilənirəm, uşaqlıq anları sanki mənə acıq, uşaqlıqda dediyimiz kimi, yandı-qındı verir. Bu gün altında oturduğum ağacların o zaman təpəsində gəzərdik. Sabahdan axşama oynamaqdan doymazdıq, yorğun-arğın evə gəlib, xan nənəmin pendir dürməncini (dürmək), göy-göyərti bəlləsini yeyərdik. Ancaq rəhmətlik çox vasvasıydı, bağçaya girər-girməz çığırardı: “Genə güllük sərçəsi olub gəldiniz”.

Hirslənərdi, amma heç döyməzdi. Bağçada, su qırnasının altında bizi yuyundurar, sonra evə ötürərdi. Qış gecələri bütün nəvələrini başına yığıb nağıllar, öykülər anladardı. Hərdənbir kürsünün altından bizə yemişlər çıxardıb verərdi. Aradabir də çubuğunu doldura-doldura özünü çağlardı. Son zamanlar yazıq qadının üzünün sümükləri görünürdü. Gözləri yaman çuxura düşmüşdü. Zarafat deyil bütün ailənin hər işinə yetişərdi. Yaman çətin qadındır, hər şeyi yerli yerində görən, bütün işləri dəqiqliklə görən, bir sözlə bütün işlərə özən göstərən qadınıdır...

Yazıqlar olsun ki, yeniyetmə çağlarım idi, ağlım kəsmirdi. Üstəlik evdə tikiş tutmazdım. Oxuldan gəlib həmən küçəyə qaçardım... İndiki ağlım olsaydı, Xan nənəmin anlatdıqlarını yazardım. Beynimi çox zora saldığımda bir neçə nazlaması, xatirələri, bayatılar və ata sözlərini xatırlayıram. “tat elə gedək babagilə, indi gəlmişik babagildən, nə deyək gedək babagilə?”, “eşşək xəbis meymun baş, heç görmüsən yeriyə daş”, “ sən ağa, mən ağa, inəkləri kim sağa”, “samovar, samovar, samovar bülbül samovar, ağa ilə xanımı güldür samovar, ağa çay içməsə qələm vuramaz, nökər çay içməsə qapıda daramaz!”, “Gülmə gülün dolanar, çörəyi linc olana. Eləsinə gül yenə, qulağı dinc olana.” ... nələr, nələr.

Xan nənəmin qızlıq çağları Ağababagildən az aşağıda olurdu. Xan nənəm deyirdi ki, on-altı yaşımda adaxlandım, on-səkkiz yaşımı bitirmişdim Gümüş-qaya məhəlləsinə, elə olduğumuz bu evə gəlin gəldim. O günlər, dün olmuş kimi yadımdadır. Beylankı məhəlləsində gəlin paltarı əynimdə faytona mindirib körpüdən keçib, Qaranlıq küçədən keçib bura gəldik.

O axşam çox qorxmuşdum. Qaranlıq küçəyə girəndə Qarabağlı çoban savaşın itləri atların üstünə cumdular, atlar yoldan çıxdılar. Bir an sandım ki, çaya düşdük. – Xan nənəm anladırdı.

İllər öncə minlərlə insanımız işsizlik nədənindən o taya getdilər. Kimsə evlənib, ailə qurdu, kimisə ailəsini burda buraxıb getdi. Kimsə gedib yoxa çıxdı...

Ancaq bu insanların bir çoxunu 1938-ci ildə işindən, evindən ayırıb Güney Azərbaycana, geri göndərdilər. Baxmayaraq gedən insanların bir çoxu o tayda ailə qurmuşdular, bir bölümü bütün ailəliklə gəldilər. Kimisə düşünürdü ki, gəlib bir sürə sonra yol tapıb geri dönərlər. Aylar, illər ötdü, ancaq bu ayrılıq bitmədi. Ancaq nə dönmək...

Bu evi yıxılmışlar milləti param-parça etdilər. Gələn insanların bir çoxu burda gəlib küçələrdə qaldı... aman-aman bu qonşumuzdan! Nələr etmədilər? Bu millətin başına min bir bəla gətirdilər. Deməklə, anlatmaqla başa gəlməz! Bu geri göndərilən insanların bir çoxunu casus deyə zindanlarda çürütdülər... Ancaq əsas casusları bəlirləyib, yaxalaya bilmədilər. Daş körpünün yanında dərzi, mühacir Elman. Mühacir Elmanın işi dərzilikdi, ancaq ruslar gələndə, gecə yatıb səhər gördük ki, dərzi qardaş zabit oldu. Bunun kimilər çoxdur saya-hesaba gəlmirdi... Bu geri dönən insanların bir çoxunun Güney Azərbaycana çox yararı oldu. Bakıdan, habelə Tiflisdən gələn yerlilərimizin böyük hissəsi təhsil almış aydın insanlardı. Gələnlərin biliyi hər baxımdan azərbaycanlılar üçün yararlı oldu. Demək olar, Milli Hökumətin bünövrəsini qoyanların bir çoxu o tayda təhsil alıb, gələn həmyerlilərimiz oldu.

Xan nənəm axşamlar çox erkən yatardı. Axşam saat yeddi xəbərlərini dinləyə-dinləyə yuxuya gedərdi. “Kənddə kəndlilər” verilişini çox maraqla dinlərdi. Ancaq uzun qış gecələrində oturub keçmişdən anladarkən, bir çox zaman gecə yarısı, saat üçə qədər bizə durmadan danışardı. Bir axşam bütün nəvə-nəticəni kürsünün çevrəsinə yığıb dedi:

– Uşaqlar, bu günə qədər sizə Ağababanızdan heç danışmadım. Rəhmətlik çox qeyrətli kişi idi. Rəhmətlik Ağababanız danyeri sökülmədən qalxıb işə gedərdi.

Buna da bax: 21 Azərin görünməz üzü – general izi...

Hər gün tezdən qalxıb, samovarı alışdırıb, qəlyanaltı hazırlardım. Bir yaz günü hər gün olduğu kimi, sabah tezdən qalxıb, namazımı qılıb, Ağababanızla qəlyanaltı yedik, sonra onu yola saldım. Hər gün Ağababanızı yola salıb, evə keçib, uşaqlar üçün paltar tikərdim. Ancaq o, gün evdə oturub qərar tuta bilmədim. Çıxıb həyətdə başımı qatdım. Həyətdə kərdiləri suvarıb, daha sonra içəri keçib bir dəmli çay süzüb gəlib oturdum hovuzun qırağında. O zaman həyətimizdə iki hovuz vardı. Biri əl-üz yumaq üçün, habelə kərdiləri suvarmaq üçün, bir də baxçanın o başında üstü örtülü hovuz, o da yemək, çay üçün... Çayımı içib bir çubuq doldurdum. Çubuğumu alışdırıb, güllərin qol-budaqlarını kəsdim.

Hovuzun üstündəki çardağın ütündən düşən üzümlərin, yerini düzəldib, kərdidə boynun çiyninə qoymuş qızılgüllərin dibinə haça qoyurdum. Aman Allahım! Gurultulu, qorxunc bir səs gəldi, az qala bağrım çatladı. Səsin həmən ardından həyətə qaranlıq kölgə düşdü, başımı qaldırıb göyə baxanda, başımın üstündən ildırım kimi vıj eləyib, qapqara bir dəmir parçası keçdi. Qorxumdan həmən yerə oturdum, əlim-ayağım əsirdi. Ürək döyüntüsü ilə düşüb kərdinin qırağında qaldım. Hər yandan çığır-bağır səs gəlirdi. Sonra baxdım bütün qonşular damlara çıxıblar. Mən də dama çıxdım, görəm nədir? Nəyin səsidir...? Dama yeni çıxmışdım ki, bir gurultu səsi də gəldi. Səslə yanaşı evlər titrədi, elə bil ki, dəprəm oldu. Evimizin qarşı tərəfi Çayqırağındakı, çörəkçi dükanın yanından toz qarışıq tüstü duman qalxdı. Bir neçə dəqiqənin içində bütün çevrəni alov götürdü. Hələ də bilmirdim nə olub? Nədir bu səs? Başımın üstündən keçən qorxunc qapqara dəmir parçası nədir? Pis kökdə basamaqlardan titrəyə-titrəyə aşağı endim. Artıq demək olardı Təbrizin hər yanından gurultu səsləri gəlirdi. Elxan yaman qorxmuşdu, Telman əlindən yapışıb həyətə gətirdi. Məni görər-görməz ürəklənib ağladı. Elxanı dilə tutub, ürək-dirək verdim. Telman durmadan sorğular soruşurdu.

İkinci dünya müharibəsi ərəfəsində Təbrizin rus-ingilis orduları tərəfindən işğalı.
İkinci dünya müharibəsi ərəfəsində Təbrizin rus-ingilis orduları tərəfindən işğalı.

Bütün millət küçələrə tökülmüşdü. Hər kəs bir-birindən, nə baş verdiyini öyrənməyə çalışırdı. Uşaqların əlindən tutub bayıra çıxdım. Təpəli bağda, tanış bir zabit vardı. Onu təlaşlı qaçarkən görüb, soruşdum:

– İldırım bəy, nə olmuş?

– Qorxmayın, Aytəkin xanım! Qorxulu bir şey yoxdur! Parad keçirdirik.

– Bəs bu duman, alov nədir? Nədir bu səs-küy? Az qalır evlər yıxıla...

Tanıdıq zabit başın hərləyib, sağollaşıb, yoluna davam etdi. O gün öylənə yaxın xəbər gəldi ki, rus savaş uçaqlarıdır. Çayqırağın və Şeşgilan məhəlləsini, habelə çevrə dağları bombalamışdır... O günəcən belə böyük uçaq görməmişdik! Bir kərə tünbətün düşmüş Məmmədrzanın (İran şahı) Misir Kralının qızı Fevziyə ilə evlənməsində Türkiyə uçaqlarını təbrik üçün gəldiyində görmüşdüm. Türkiyə uçaqları təbrik edib dönərkən Təbrizdə kağızlar saldılar. Kağızlarda yazılmışdı: “Gözəl vətəninizi ziyarətə və sevincli gününüzə iştiraka göndərilən türk təyyarəçilərinin ürəkləri dostluq və qardaşlıqla doludur”. Ancaq uçaqların biri Təbrizin yaxınlığında dağa dəyib içində olan yeddi kişi öldü. Təbriz xalqı türk təyyərəçilərinə belə bir qoşaq qoşdular: “Yeddi təyyarə çıxdı havaya, cavan canlarını saldı bəlaya, gəl apar məni bala dijban, yetir evimizə sənə qurban”. O da bu uçaqlardan çox fərqli idi. Bir də ki, Təbrizdə dörd dənə uçaq vardı, arada bir havada görünərdi. O gün Təbrizdə deyənlərə görə, qırx nəfərə yaxın adam öldü. Yüzlərlə adam yaralandı... nə qədər insan evsiz-eşiksiz qaldı. Yazıq qonşumuz Ayşin xanım o hadisənin qurbanı oldu. Yazıq qız boylu idi. Evdə qorxunc səsdən bağrı çatladı. Yazıq qızın ürəyi üzülmüşdü. Zavallı qızın on doqquz yaşı vardı. Daha sonra həmən uçaqlar Azərbaycanın hər yanını oda çəkib, milləti xəzəl kimi yerə sərdilər. Axşam radələrində həmən uçaqlar şəhərin hər yanına kağız dağıtdılar. Kağızlar üç dildə yazılmışdı: Türkcə, farsca və ermənicə. Kağızlarda yazılmışdı ki, Əziz qonşumuz, qorxmayın biz sizin ən yaxın dost və qonşunuzuq, biz sizi Alman faşistlərindən qorumaq üçün buradayıq! Ertəsi gün Təbrizə xəbər yetişdi ki, ingilislər bir yandan, ruslar bir yandan yardıma gəlmişik deyə, nə qədər insanın evini yıxdılar. Nə qədər insan evsiz-eşiksiz qaldı. Nə qədər insan ailə başçısını itirdi... Artıq Urmudan Xoydan keçib, Təbrizə yetişdilər. Gülüstan bağının yanına yetişəndə, Təbrizdə yaşayan ermənilər gül dəstəsi ilə rus əsgərlərini qarşıladılar. Allahdan rus zabitlərinin içində o tay Azərbaycandan olan həmyerlilərimiz də vardı. Onlar ruslara izin vermirdilər hər yerə saldırsınlar! Rus ordusunun gəlişi, bir baxımdan yaxşı oldu. Zindanda yatan bir çox günahsız, siyasi insanlar azadlığa çıxdılar. Zindandan çıxan insanların bir çoxu Azərbaycanın milli azadlıq hərəkatının başında gedən oğullar idi. Ancaq siyasi insanlarla yanaşı, oğrular, cinayətkarlar da azad oldular. Deyərlər qismətə inanmaq lazımdır, uşaqlar. Qonşumuz Ayşinin yoldaşı çayqırağında çörəkçi xanada, bombanın düşdüyü yerdə ölmədi. Ancaq yazıq qız qarnında altı aylıq uşaqla birlikdə öldü. Bir axşam Elxan evə girib, dili tutar-tutmaz dedi:

– Ay ana! Ay ana!

– Can ana! Nə olub, Elxan? Ancaq uşağın dili açılmadı danışa. Bir qurtum su içirdib, bir daha soruşdum. Nə olub? Uşaq haçandan haçana.

– Qaya, Qaya...

Küçədə səs-küy vardı. Bayıra çıxdım, görəm nə olub. Qayagilin qapısında nə qədər insan yığışmışdı. Nədənsə ayaqlarım gəlmirdi, qabağa gedib baxam. Yavaş-yavaş yaxınlaşdım, kimsə ağlayırdı, kimsə söyüş verirdi... Deməli Qaya bəy eşinin ölümündən iki ay sonra bir rus əsgərini öldürdüyü üçün, ruslar aparıb, Payan yolunda dəlik-deşik eləmişdilər. Artıq Azərbaycanın yönətimi rusların əlinə keçmişdi. Ordu başçıları ailələrini götürüb Tehrana qaçdılar. Azərbaycan xalqının, dövlətə, orduya nifrət etməsinin bir nədəni də budur.

Təbrizdə çox ağır bir durum yaranmışdı. Bütün dükan, bazar bağlanmışdı. Varlı-karlı insanlar həmən ilk gündə illik ərzağını alıb evlərinə yığdılar. Yoxsul insanlar bərbad günə qaldılar. O günlər çörək tapmaq çox çətin olmuşdu, bir sürə sonra qənd də tapılmadı, elə oldu ki, millət çay içmək üçün, xurmadan və kişmişdən yararlandılar. Rus ordusunun azərbaycanlı zabitləri, millətin qanının arasına girdilər. Əsgərlərin yeməklərindən ayırıb yoxsul insanlara, habelə evsiz-eşiksiz qalan xalqa verirdilər. Ölkədə nizam və intizam bir-birinə dəymişdi, evlərdən, dükanlardan, bazardan nə qədər oğruluq olurdu. Qırmızı ordunun buyruğu ilə dükan, bazar normala düşmüşdü. Bir neçə oğrunu tutub şəhərin mərkəzində dara çəkdilər...

Buna da bax: Mifik Təbrizdən gerçək Təbrizə

Rus ordusundan qorxub qaçan ordu başçıları, Tehrana gedə bilməyənlərin bir çoxu yaxalandı. Dükan bazarın açılışı ilə şəhərdə bir az sakitlik yarandı. Yaxalanan ordu başçılarının silahlarını alıb, azad buraxdılar. Təbriz dükan-bazarlarında iki cürə pul işlənirdi. Bizim pulun yanında, rus manatı da artıq dükan-bazarda xərclənirdi. Neçə gün sonra şəhərdə xalq arasında, ingilislərin Qəzvinə yetişməsi və rus ordusu ilə görüşməsindən danışılırdı. Ertəsi gün səhər gün çıxmadan yenə də uçaqların səsi, habelə topların açılması Təbriz xalqını yuxudan oyatdı. Artıq sanırdıq ki, alman uçaqlarıdır. Sonra bildik ki, ingilislərin uçaqlarıdır, ruslar onların gəlişini bayram edir...

Xan nənəm o gecə bir soluğa, uzun bir hekayəni anlatdı. Rəhmətlik bəzən saatlarla belə yaşadıqlarını anladıb, dərin xəyala dalardı. Bir neçə anlığa öz düşlərinə dalıb, haçandan haçana dedi:

– Qalxın, uşaqlar. Gedin yatın sizə başqa bir gün başqa nağıllar danışaram.

Hər gün sabah saat onda atama öylə yeməyi aparardım. Atam restoran yeməyi yeməzdi. Öylə yeməyi də kəsinliklə ət şorbası olmalıydı. Gündə dükana gedərkən dikilib qalardım küçə-bazarda, ara-sıra yol qırağında pəhlə-vanların göstərilərinə baxa-baxa saatlarla yubanardım. Hərdən də çayda top oynayanlara gözümü dikib yarım saatlıq yolu iki-üç saata gedərdim.

Bir gün özümə söz verdim ki, daha yubanmayım, zamanında atama yemək götürüm. Öz-özümü danlayırdım ki, insan haçanadək danlaq eşidər, başıaşağı, üzüqara olar... Bu düşüncələr içində boğulmuşdum, bir də baxdım ki, Bağmeşə qapısına çatmışam. Oradək heç bir yerə taxılmadan gəlmişdim. Yalnız orda, çayxananın önündə insanların yığnağını görüb, yaxınlaşdım.

Bir neçə kişi gözəl oyunlarla insanları güldürürdülər. Bu insanlara baxa-baxa yenə də xan nənəmin anlatdığı öykülər beynimin bələyində canlandı:

– Rusların gəlişi Azərbaycan mədəniyyətinin yenidən canlanmasına səbəb oldu. Son iyirmi ildə türk dilində hər bir şey yasaqlanmışdı. İllər boyu, böyük dram aktyoru Hacı Bağır Hacızadə, səhnədən uzaqlaşdırmışdı. Hacı Bağır Hacızadənin ən yaxın əməkdaşları, Sarı Qulu xanla Qəşəngi bəy imiş. Hacızadə o dövrdə Azərbaycanın təkcə dram aktyoru idi ki, öz ana dilində oyun oynamasına görə şəhərin boyalı-bəzəkli səhnələrindən qovulmuşdu. Ancaq Hacı Bağır və arkadaşları ayaqdan düşməyib küçədə-bazarda öz mübarizələrini aparırdılar. Oynadıqları oyunlarla insanlara öz varlıqlarını tanıdırdılar. Ancaq nə yazıq, insanlarımız yalnız oyunları izləyib, gülür, əl çalırdılar. Kimsə ölkənin bu böyük sənətçisinə yiyə durmurdu. Milli mübariz Hacı Bağır sabahdan axşama küçə-bazarda millətini güldürərək kimlik davası verirdi. Yeri gəlmişkən, hazırcavab insan Sarı Qulu xandan danışım. Sarışın, arıq, cinaz birisi idi. Onun hazırcavablığını çəkə bilməyən bəzi kimsələr yanlış sözlər, düşüncələr ortaya atıb onun varlığını, şəxsiyyətini çirkin göstərməyə çalışıblar. Hacı Bağır deyirdi: “ Sarı Qulu xana heç zaman göstərilərdən öncə rolunu demərəm, O, çox yetənəkli oyunçudur rolunu demədən çox gözəl yerinə yetirmə bacarığı vardır”.

Sarı Qulu xanın hazırcavablığından deyim. Məşrutə başçısı ölməz Səttar xan Sarı Qulu xanı Tehrandan gələnlərin yanına göndərir ki, onları axşam yeməyinə çağırsın. Sarı Qulu xan gələnlərlə görüşüb özünü tanıdır, Səttar xanın onları axşam yeməyinə dəvət elədiyini deyir.

Tehrandan gələnlər sataşırlar ki, bəs, Səttar xan adam tapa bilmirdimi səni göndərirdi?

Sarı Qulu xan dərhal cavab verir:

– Niyə? vardı, ancaq adamları göndərdi adam çağırmağa, məni də göndərdi sizi çağırmağa”... Hacı Bağır özü haqqında deyirdi: “Atam məni göndərdi Tiflisə, həkim olub gələm. Ancaq mən tibb fakültəsinin yerinə incəsənət fakültəsinə girdim. Atam demişdi ki, həkim olub ölkədə xəstə insanları müalicə edim, mən də düşündüm ki, insanların ruhunu müalicə etmək daha gərəkli, daha önəmlidir!”

O gün də hər gün olduğu kimi, gec qaldım. Ancaq bu səfər dalıb qaldım illər öncə xan nənəmin danışdığı öyküdə. Bir də ayıldım ki, saat iki olub. Düşündüm ki, artıq nə üzlə dükana gedib atamın üzünə baxacağam? Axı gündə atama bir yalan uydururdum, bu yol uydurulacaq sözüm də qalmamışdı. Özümü danlaq eşitməyə hazırlayıb dükana girdim. Ancaq danlaq nədi, rəhmətlik qulağımın dibindən elə bir şillə vurdu ki, indi də yadıma düşəndə, qulağım cingildəyir... O oldu, bu oldu, bir daha dükana yubanmadım...

XS
SM
MD
LG