Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'


Rejissor Asif Rüstəmov
Rejissor Asif Rüstəmov

Oxu zalının müsahibi rejissor Asif Rüstəmovdur. Yerli kino həvəskarları onu qısametrajlı “Ev”,tammetrajlı “Axınla aşağı” filmləriylə tanıyırlar. Ancaq son vaxtlar, adətən, işləriylə gündəmdə olmağa çalışan rejissorun adı kino mühitində gedən müzakirələrlə bağlı hallanır. Asif Rüstəmov müsahibəsində sözügedən müzakirələrdən, filmlərdən və festivallardan danışır.

-Asif bəy, son filminiz - “Axınla aşağı” ziddiyyətli reaksiyalar yaratdı, festivallarda iştirak elədi, amma artıq iki il keçib üzərindən. Növbəti film nə vaxt olacaq?

-Hələ ki, heç bir film üzərində işləmirəm. Daha doğrusu, rejissor kimi işləmirəm. Ötən il həmmüəlliflərimlə birgə yazdığımız “Nar bağı” və tək müəllifi olduğum “İki nəfər üçün moll” tammetrajlı film senariləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanfilm” kinostudiyasında istehsalata buraxılıb. Bundan başqa “Buta Film” şirkətində kreativ prodüser qismində müxtəlif layihələrdə çalışıram. Həmçinin başqa studiya və müəlliflərlə ssenarist kimi əməkdaşlıq edirəm. Mümkün olduğu qədər boş durmamağa çalışıram.


-Deyəsən, son vaxtlar daha çox ssenari müəlllifi kimi işləməyə üstünlük verirsiniz. Bu, ehtiyac nədən yaranıb? Rejissor kimi işləmək imkanının yoxluğundanmı?

Rejissor Asif Rüstəmov "Axınla aşağı" filminin çəkilişləri zamanı.
Rejissor Asif Rüstəmov "Axınla aşağı" filminin çəkilişləri zamanı.

-İmkan çoxdu, amma kifayər qədər səbəb yoxdu. Məni düşündürən mövzularda olan ssenarilərimə tam maliyyə toplaya bilməmişəm və yaxın vaxtlarda bunun baş verəcəyinə inanmıram. Təklif olunan ssenarilər isə mənim maraq dairəmdən kənardı. Bəlkə də müəyyən düzəlişlərlə nəsə maraqlı bir iş ortaya qoymaq olardı. Amma bu layihələrin əksəriyyətinin “Azərbaycanfilm”də istehsalatı nəzərdə tutulub. Bu isə yaradıcı şəraitdə işləyib, özümü qane edə biləcək film çəkmək şansını alt-üst edir.


-Bir müddət əvvəl bir qrup kino işçisi- rejissorlar və prodüserlər sosial şəbəkələrdə qızğın müzakirəyə başlamışdılar. Kinostudiyanın iş sisteminə, konkret rəhbərliyinə qarşı ciddi ittihamlar səslənmişdi. Hətta mediada açıqlamalar verildi. Bununla bağlı açıqlama verənlərdən biri də siz idiniz. Siz dörd ilə yaxındı kinostudiya ilə əməkdaşlıq eləyirsiniz. Bəs orda baş verənləri bu vaxta qədər görmürdünüz? Niyə, məhz, indi danışmaq fikrinə düşdünüz?

-Mən indi də kinostudiya ilə əməkdaşlıq edirəm. Dediyim kimi, hal-hazırda iki ssenarim orda istehsalatdadır. Bu problemlər haqqında da həmişə danışmışıq, onlar həmişə müzakirə olunublar. Söhbət mətbuatdan gedirsə, mən cəmiyyətin bütün problemlərinin mətbuatda həll oluna biləcəyini düşünmürəm. Kino istehsalatı - kiçik qrup insanların məşğul olduğu, geniş kütləyə çox da məlum olmayan spesifik bir sahədi. Tamaşaçılar filmlərə ekranda baxmalıdırlar - o qədər. Ona görə də orda baş verənləri ictimai müzakirəyə çıxarıb şouya çevirməyin bir anlamı yoxdu. Bu, ancaq o zaman olur ki, səbr kasası daşır. O kasa daşmasaydı, bəlkə mən hələ də danışmazdım. Amma yenə deyirəm: o problemlər peşəkar çevrələrdə həmişə və aktiv müzakirə olunur. Hətta ara-sıra mətbuata da çıxardılıb. Mən düşünürəm ki, belə məsələlər daha çox daxildə həll olunmalıdı, cəmiyyətin, ya da ictimai rəyin basqısı ilə yox. Kinonun inkişafına böyük maneələr yaradan bu problemlər bir neçə ildi ki var və biz öz etirazımızı lazımi yerlərdə həmişə səsləndiririk. Sadəcə bizim arqumentlərimizlə razılaşmırdılar. Amma gördüyünüz kimi narazı insanların sayı getdikcə artır və bu da problemin obyektiv göstəricisidir.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

-İttihamlardan biri də o idi ki, niyə kinostudiyada istehsal olunan filmlərin hamısında baş prodüser kimi kinostudiya direktorunun adı gedir? Müşfiq Hətəmov bu ittihama cavab verəndə bildirmişdi ki, bunun səbəbi hazırda Azərbaycanda film direktoru anlayışının olmamasıdı, xarici festivallarda isə prodüseri olmayan filmlər ciddi qəbul olunmur. Yəni film direktoru ilə prodüseri eyniləşdirmişdi. Doğrudanmı, bu ikisi eyni funksiyaları yerinə yetirir?

-Əlbəttə, eyni adam deyil. Əvvəla, bu, çox cılız bəhanədi. O məntiqlə kinostudiya direktorunu prodüser elan etməkdənsə, elə film direktorunun adını “prodüser” yazmaq olar. Şəxsən mənim filmimdə film direktoru Nadir Əliyev olub. Onda elə onun adını prodüser kimi yazaydıq, çünki belə daha ədalətli olardı. İstehsalata maliyyə cəlb eləməsə də, faktiki olaraq prodüserin yerdə qalan vəzifələrini o həyata keçirib. Amma əslində kinoprodüser başqa sənətdi və bu gün dövlət kinostudiyasının iş sistemində, ümumiyyətlə, prodüser vəzifəsini birbaşa və tam icra eləyən, yəni birmənalı prodüser olan insan yoxdu. Özəl sektorda var. Nümunələrini də görürük, fərqi də hiss eləyirik. Əsl prodüser məhsula öz malı kimi yanaşanda hansı uğurlar əldə olunduğu göz önündədi. Eyni şey dövlət film istehsalında da olmalıdı. Prodüser işə ürəyini, canını qoyanda filmin uğuru birə-beş artır. Əfsus ki, “Azərbaycanfilm”in iş sistemində bu yoxdu.


-Kommersiya kinosunda uğurlu prodüser işinin nəticələrini gördüyümüzü dediniz. Bu o deməkdi ki, Azərbaycan kinosunda prodüserlər var və prodüser kinosu inkişaf eləyir?

Dövlətin də bədii filmlərin istehsalına ayırdığı bütün maliyyəni “Azərbaycanfilm” müxtəlif yollarla mənimsəyib “monopoliya” yaradır.

-Birmənalı şəkildə var. Çoxdan var. Bu mənim deməyimlə deyil, faktdı. Kino bir məhsuldu. Bazarda o məhsul da var, onu yaradan, əmtəə kimi ondan qazanc əldə eləyən, əyləncə növü kimi yayan prodüserlər də. Problem başqadı. Kommersiya kinosunda prodüserin maliyyə əldə eləmək imkanları genişdi. Çünki bu kommersiyadı, burda çox kobud product-placementlər var (gizli reklam-red), yəni istənilən anda filmin ortasına bir kolbasa qoymaq və bunun müqabilində pul qazanmaq mümkündü. Üstünə bilet satışlarını da gəlin- bu məsələdə kommersiya filmləriylə heç cür ayaqlaşa bilmərik. Müəllif kinosunda bu imkanlar yoxdu. Ona görə də Azərbaycanda müəllif kinosu ilə, incəsənətlə məşğul olan prodüserlərin maliyyə tapmaq imkanları həddindən artıq məhduddu. Bu, ya şəxsi əlaqələrə bağlanır – bu isə davamlı olmur və birdəfəlik məhdud vəsait cəlb edir,ya da dövlətə bağlıdı.Çox adam bizim etirazlarımızı film ala bilməyən rejissoların etirazı kimi qəbul eləmişdi. Bu belə deyil. Etiraz edənlərin demək olar ki, hamısı öz iş sahələrinin uğurlu peşəkarlarıdır. Şəxsən mənim rejissor, ya da ssenari müəllifi kimi işlə bağlı heç bir problemim yoxdu. Mən sadəcə prodüser kimi işlədiyim şirkətin adından çıxış eləyirəm. Eləcə də etirazını bildirən digər insanların hər biri hansısa prodüser şirkətinin nümayəndəsidi. Onlar da sırf bu baxımdan çıxış edirlər, çünki müəllif kinosu ilə məşğul olan prodüserin müraciət edə biləcəyi, az qala, tək ünvan dövlətdi. Dövlətin də bədii filmlərin istehsalına ayırdığı bütün maliyyəni “Azərbaycanfilm” müxtəlif yollarla mənimsəyib “monopoliya” yaradır. Bu da konkret bir adamın adı ilə bağlıdı. Müşfiq Hətəmov. Problem budur.

"Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov.
"Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov.

-Bir neçə il əvvəl Azərbaycanda özəl kinoşirkətlər film çəkməyə başlamışdılar: layihələr verirdilər, dövlət büdcəsindən maliyyələşirdilər. Sonra birdən bu təcrübənin özünü doğrultmadığı deyildi və onlarla əməkdaşlıq dayandırıldı. Amma indi həm texniki, həm də kadr baxımından tam təmin olunmuş prodüser şirkətləri var. Niyə başqa studiyaların dövlət büdcəsindən kinoya ayrılan vəsaitdən istifadə eləmək imkanları yoxdu?

-Əvvəla, o praktikanın özünü doğrultmadığı tamamilə yanlış və ədalətsiz fikirdi. Özəl prodüser mərkəzlərindən “Ritm production”un istehsal elədiyi “40-cı qapı” filmi onlarla festivalda uğur qazanıb. “Sınaq Film” özəl prodakşının istehsalı olan “Kuklalar” filmi, fikrimcə, müstəqil Azərbaycan dövründə çəkilən ən gözəl filmlərdən biridi. Xatırladım ki, Karlovı Varı festivalının konkurs programında nümayiş olunmuşdu.

Rejissor Elçin Musaoğlunun çəkdiyi "40-cı qapı" filmi özəl prodüser mərkəzi tərəfindən çəkilib.

“Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində çəkilmiş bir sıra qısametrajlı filmlər beynəlxalq festivallarda qalib gəlib yerli tamaşaçının da rəğbətini qazanmışdı. Uğurlu filmlər də vardı, kifayət qədər gözəl rəqabət də. “Dərviş”, “Bir addım”, “Buta Film”, “Exa prodakşn”, “Yeni Dalğa” və bu kimi adlarını çəkmədiyim onlarla kinoşirkət vardı. Təbii ki, problemlər də vardı və biz bu problemləri səsləndirirdik. Amma problemi həmişə həll eləmək olur. Bilirsiniz, kino sahəsində işləyən insanların arasında da müəyyən bir illüziya yaranmışdı ki, kinomuz inkişaf edir, irəli gedirik. Bu inkişafa, az qala, əllə toxunmaq, gözlə görmək olurdu. Və birdən proses kiminsə maraqlarına görə dayandı və nəticə etibarilə bunun kimə maraqlı olduğunu görmək çətin deyil. Birdən-birə kimsə elan elədi ki, bu özünü doğrultmur, bütün istehsalat kinostudiyada cəmlənməlidi. Bunu kim elədi, hansı vasitə ilə lobbiləşdirdi, özünüz fikirləşin.

Buna da bax: Ermənilər sovetdənqalma "Armenfilm"i dirçəltməyə çalışır

-Maraqlısı odu ki, bu proses prezidentin “Kinonun 2008-2018-ci illər inkişafına dair proqram”la bağlı sərəncamı ilə üst-üstə düşdü. O proqramda isə özəl studiyalarla əməkdaşlığı yasaqlayan heç bir bənd yoxdu, hətta əksinə...

"Azərbaycanfilm" kinostudiyası.
"Azərbaycanfilm" kinostudiyası.

-Əksinə, həmin proqramda göstərilir ki, dövlət özəl şirkətlərlə işləməlidi, kinostudiya isə sadəcə olaraq istehsalat bazası kimi fəaliyyət göstərməlidi. Kobud desək, biz film çəkəndə gedib kinostudiyada pavilyon, ya da lazım olan texnikanı icarəyə götürməliyik. Bunun üçün də kinostudiya rekonstruksiya olunmalıydı. Həmən qanuna əsaslanaraq ölkəmiz ”Euroimage” təşkilatına üzvlük ərəfəsində idi – bu isə müstəqil şirkətlərə çox geniş imkanlar yaradacaqdı. Amma bütün bunlar bir anda kiminsə lobbiçiliyi, ya da vasitəçiliyi ilə dayandırıldı. İndi kimsə deyir ki, bu özünü doğrultmadı. Ortada bu qədər uğur olduğu halda üstündən xətt çəkirlər. Bu, çox məntiqsiz bir iddiadı.

-Onda təbii bir sual yaranır: özəl studiyalar belə bir haqları olduğunu bildikləri halda niyə etiraz eləmirdilər? Əksinə, Prodüserlər Gildiyası yaradılanda kinostudiyanın direktorunu ora rəhbər seçdilər. Dahası, müzakirələr başlayandan sonra bir neçə prodüser Gildiyadan istefa verib, amma biri istisna olmaqla digərləri istefalarının səbəblərini açıqlamırlar.

Prodüserlər Gildiyası legitimliyi olmayan ölü qurumdu. Heç seçki də keçirmirlər. Sədr özü-özünü seçib oturub.

-Şərhsiz də səbəblər məlumdu. Bu problem bir gündə yaranmayıb, yavaş-yavaş meydana çıxıb. Proseslərin hansı istiqamətə getdiyini qabaqcadan bilmək olmur. Prodüserlər Gildiyası yarananda ümid eləyirdik ki,kinostudiya həqiqətən rekonstruksiya olunacaq, istehsalat bazasına çevriləcək, özəl şirkətlərə dəstək veriləcək, prodüser mərkəzləri film istehsal eləməyə başlayacaq. Müşfiq Hətəmov, məhz, bunları söz verirdi. Bir neçə il vaxt uzatmaqla bu iş davam elədi. Amma ümidlərimizin doğrulmadığı aydın olanda narazılıqlar da başladı. İndi “asan kino”dan, hansısa tək pəncərədən, cüt qapıdan danışır, geniş kino ictimaiyyətilə heç bir müzakirələr aparmadan kinostudiyanın kabinetində oturub kino qanunu tərtib edir. Hamısı boş söhbətdi. Artıq nə gildiyanın rəhbərliyinə, nə də apardığı proseslərə güvən qalmayıb. Ona görə də bəzi prodüserlər gildiyanı tərk elədilər, çünki Prodüserlər Gildiyası legitimliyi olmayan ölü qurumdu. Heç seçki də keçirmirlər. Sədr özü-özünü seçib oturub. Heç təşkilatda qalan üzvləri bir yerə yığıb, problemi müzakirə etmir, soruşmur ki, o üç nəfər niyə getdi, problem nədir? Mənim anladığım qədərilə Müşfiq Hətəmov Prodüserlər Gildiyasını sadəcə öz idarəçilik qabiliyyətinin əlavə təsdiqi kimi istifadə elədi. Bu qədər insanı bir yerə cəmləmək özü əslində onun bir uğuru idi. O isə bu uğurdan bəhrələnmək əvəzinə guya iş görürmüş kimi bir illüziya yaradıb əslində öz karyerası üçün tramplin düzəltməklə kifayətləndi. Məncə, bu böyük səhv idi.

-Müzakirələr zamanı səslənən bütün ittihamlar konkret bir adama qarşı yönəlmişdi. Doğrudanmı, Azərbaycan kinosunun bütün problemlərinin səbəbi bir fərddi və o getsə, hər şey həll olunacaq?

Rejissor Asif Rüstəmov film çəkilişləri zamanı.
Rejissor Asif Rüstəmov film çəkilişləri zamanı.

-Mən sorğuda da demişdim ki, problemlər var, olub və olacaq. Amma Müşfiq Hətəmovun gətirdiyi problemlər kino sahəsi üçün spesifik deyil. Kino sahəsində heç vaxt belə problemlər olmayıb. Bu, yeni bir şeydi və kinonun orqanikasına ziddi. Ümumiyyətlə, kino sahəsində işləyən insanlar – özümdən danışmıram, gənclər, yaşlılar, hamı – həyatını, ruhunu, bəzən sağlamlıqlarını kinoya qurban verirlər. Azərbaycan kimi kinonun böyük şöhrət, böyük gəlir gətirmədiyi bir ölkədə kino ilə məşğul olmaq çox böyük əzabdı, əziyyətdi. O insanlar isə bu əziyyətə qatlanaraq kinoya olan sevgilərindən vaz keçmirlər, özlərini bu sənətə həsr eləyirlər. Müşfiq Hətəmovla çox söhbətimiz olub. O, tamamilə başqa dəyərlərin daşıyıcısıdır. Bu sahədə çalışmağın onunçün elə də əhəmiyyəti olduğunu eşitməmişəm. Nə vaxtsa kinoya tamamilə yad bir sahədə işlədiyinin şahidi olsam, heç təəccüblənmərəm. O, tutduğu vəzifəyə öz karyerasında növbəti bir tramplin kimi yanaşan adam təsiri bağışlayır və kino sahəsində elə o cür də fəaliyyət göstərir. Belə adamın ömrünü kinoya həsr eləmiş insanlarla birlikdə işləməsi alınmır. Bu, artıq faktdı. Gördüyü bütün işlər bunu sübut eləyir. Filmlərin büdcəsi, yaradıcı heyətin məvacibi, aktyorların qanorarları - hamısı bərbad durumdadı. İstehsalat təqvimi dəhşətli dərəcədə sıxılıb, normal yaradıcılıqla məşğul olmağa imkan vermir və son nəticədə film keyfiyyətdə itirir. Amma bu onunçün vacib deyil. Hər şey bir mərama qulluq edir – saxta “ekonomiya” illüziyası yaradıb rəhbərlikdən təşəkkürnamə almaq. Kimin və nəyin hesabına? Sadə yaradıcı insanların və “şikəst olmuş” filmlərin! Müşfiq Hətəmovun “ekonomiya” adlandırdığı o qənaət, onlarla insanın cibinə girməkdən başqa bir şey deyil! Bu şəxsə qədərkinonunspesifikasına uyğun, 100 il ərzində formalaşmış normativlər vardı. Onlar istehsalat prosesini, münasibətlər vertikalını, səlahiyyət çərçivələrini, çətinliklə də olsa, tənzimləyirdi.İndi o normativlərin hamısı məhv olub. Peşənin xüsusiyyətlərini bilməyən insan, qohum-əqrəba, təsadüfi insanlardan yığdığı komandası ilə bütöv bir sahənin ənənələrini yox edib, yeni “düzən”, əslində isə tam xaos yaradıb. Sualınıza cavab olaraq bunu da deyim - əminəm ki, biz bu miras yükünü uzun müddət boynumuzdan ata bilməyəcəyik.

Buna da bax: Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq

-Asif bəy, bütün bu müzakirələrin nəticəsində ikinci bir sual da yaranır. Yəqin, onu sizə də veriblər.Kinostudiya müstəqil, tamamilə avtonom bir müəssisə deyil, Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinə tabedi. Yəni onların bütün bu baş verənlərdən, sadalanan problemlərdən xəbəri yox idi və Müşfiq Hətəmov özbaşına hərəkət eləyirdi?


- Mən onu bilirəm ki, Azərbaycanda baş verən bütün hadisələrdə bir insan faktoru var. Kinostudiya direktorunun bunu necə elədiyini bilmirəm, amma, adətən, arxasında qarayaxma, şər-böhtan durur. Bir neçə dəfə özüm şahidi olmuşam. İzah eləmək üçün sizə bir hadisəni danışım: bizim şirkət bir tenderdə qalib gəlmişdi, bədii film alırdıq. Amma son anda kino ictimaiyyətindən bir neçə nəfər bu layihəyə etirazını bildirməyə başladı. Təbii, böyük etiraz olduğu üçün biz də boyun əydik və proses dayandı. Bir il sonra öyrəndik ki, etirazın arxasında konkret şəxs dayanıbmış. Yəni bu, o qədər təbii şəkildə baş verir ki, özümdə kimisə qınamaq haqqı hiss eləmirəm. Çünki intriqa elə gözəl qurulur ki, axırda sən müxalifətçi kimi maskalanmış xarici kəşfiyyatın agenti olursan. Hamı da buna inanır. O qədər ki, az qala, özün də inanmağa başlayırsan. Ümumiyyətlə, Müşfüq bəy barəsində çox danışdıq. Gəlin, bir az da kinonun başqa problemlərindən danışaq.



-Gəlin mövzunu dəyişək. Söhbətimizin əvvəlində müəllif kinosundan danışdınız. Trüffo deyir ki, müəllif kinosunda rejissor filmin allahıdı. Musiqidən tutmuş işığa qədər hər şeyə o nəzarət eləyir və o müəyyənləşdirir. Bu baxımdan dövlət sifarişi ilə çəkilən və daim kənar müdaxilələrə, senzuraya məruz qalan filmləri müəllif kinosuna aid eləmək olarmı?

“Azərbaycafilm” kinostudiyasındakı təcrübəmi heç xatırlamaq da istəmirəm. O qədər kinodan uzaq, həvəskar, tələbə filmi səviyyəsində təşkil olunmuşdu iş.

-Mən ancaq öz təcrübəmdən danışa bilərəm. Dövlət maliyyəsi ilə üç film çəkmişəm rejissor kimi. Onun ikisi özəl şirkətlərin – “Dərviş” Prodüser Mərkəzi və “Buta Film” kino şirkətinin- istehsalıdı. Hər ikisində özümü həddindən artıq sərbəst, rahat, vəziyyətə tam nəzarət eləyən bir rejissor kimi hiss eləmişəm. Tam səmimi deyirəm. Böyük anlamda heç bir problem olmayıb. “Azərbaycafilm” kinostudiyasındakı təcrübəmi isə heç xatırlamaq da istəmirəm. O qədər kinodan uzaq, həvəskar, tələbə filmi səviyyəsində təşkil olunmuşdu iş. O qədər əsəb vardı ki, sağlamlığıma dəyən zərər hələ də keçməyib. Odur ki, maliyyənin hardan gəldiyinin heç bir önəmi yoxdu. Problemi başqa yerdə axtarın.

Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

-Onda “müəllif kinosu çəkmək istəyənlər dövlət maliyyəsindən imtina eləməlidi” fikrinə münasibətiniz necədi?


-Oxumuşam. Qeyri-ciddi, infantil fikirdir. Elə o fikri səsləndirənlər özləri də dövlətdən aldıqları maliyyə hesabına çəkdikləri filmdən ağız dolusu danışırlar. Bəlkə unudurlar, amma Vergilər Nazirliyi də dövlət qurumudur. Demək ki, onların problemləri müstəqillik yox-konkret nazirliklə bağlıdır, bu isə şəxsi məsələləridir. Mən hesab eləyirəm ki,özəl şirkətlər dövlətdən dəstək alsalar, öz layihələrini çox uğurla həyata keçirə bilərlər və bunun da kifayət qədər nümunələri olub. Təbii ki, dövlət tərəfindən hansısa şərtlər qoyula bilər və qoyulur. Amma bu şərtlər hər yerdə var. Məsələn, xarici fondların da şərtləri var. “Tək Azərbaycanda belədi” illüziyasını yaratmaq lazım deyil. Əgər sabah islamı təbliğ eləyən film layihəsini Rotterdama Hubert Balls fonduna göndərsəniz, layihənin keyfiyyətindən, kəskinliyindən asılı olmayaraq, sizə “yox” cavabı verəcəklər. Əmin ola bilərsiniz. Yəni hər yerin öz şərtləri, öz məramları var. Məsələn, hazırdabiz “Nar bağı” filminin post-prodakşnı üçün xaricdə vəsait tapmağa çalışırıq və xarici fondlar əcnəbi prodüserin simasında ən primitiv formada filmə müdaxilələr eləməyə cəhd göstərirlər. Təbii ki, hər yerdə bu var və yaradıcı insanların da işi bu cəhdlərin qarşısını almaq, öz həqiqətinə yol tapmaqdı. Çətin və gec olsa da.

-Mənim soruşmaq istədiyim də bu idi- belə müdaxilələrin fonunda yaranan filmi müəllif filmi adlandırmaq mümkündü?

Müəllif kinosunda istehsalatın mahiyyəti ondan ibarətdi ki, rejissor prodüserlərlə, bəzən bütün qrupla mübarizə aparmalı olursan.

-Əlbəttə. Müəllif filmi həmişə belə yaranıb. Siz düşünürsünüz ki, Godar bütün filmlərini şəxsi vəsaiti hesabına çəkir? O da prodüserlə işləyib, o da müdaxilələrlə üzləşib. Müəllif kinosunda istehsalatın mahiyyəti ondan ibarətdi ki, rejissor prodüserlərlə, ümumiyyətlə, bəzən bütün qrupla mübarizə aparmalı olur. Onun ətrafındakı hər kəs, hətta ona kömək eləyənlər də əslində onun “düşmənləri”di. Rejissor quruluşçu operatorla da mübarizə aparır, aktyorlarla da mübarizə aparır. Unutmuşam, gərək ki, Fellininin sözüdür -rejissor Kolumb kimidi, o, Amerikanı kəşf etmək istəyir, bütün gəmi heyəti isə evə qayıtmaq. Bu baxımdan müəllif kinosu mübarizədi və kiminlə apardığının önəmi yoxdu. Əsas odu ki, maliyyə olsun. Qalan problemləri həll eləmək özünü müəllif adlandıran rejissorun birbaşa işidir.


-Siz öz filminizi festivallara aparmaqdan əlavə həm də münsif kimi bir çox festivallara dəvət alırsınız və filmlərin qiymətləndirilmə prosesində iştirak eləyirsiniz. Müasir festival filmlərində konyuktura çox açıq hiss olunur. Bu konyukturanı münsiflər görmürlər, yoxsa elə belə də olmalıdı?

-Festivalların təşkilatçıları da, çox hallarda tamaşaçıları da, bəzən münsiflər heyəti də kinonu super anlayan, yaxudonu elm kimi, incəsənət kimi tam mənimsəmiş adamlar deyil. Orda təsadüfi insanlar, könüllülərvar, seçim subyektiv olur. Bəzən tamaşaçını cəlb eləmək üçün, bəzən festivalların özü də maliyyədən asılı olduğu üçünkonyuktur addımlar atırlar. Bəzi klişelər var ki, tamaşaçının ona baxıb-baxmayacağı əvvəldən məlumdu. Bu barədə böyük rejissorların çoxu danışır. Bu gün festivallar öz əvvəlki mahiyyətini itirmək üzrədi. Bu gedişlə, yəqin ki, ya hansısa yeni formaya keçid olacaq, ya da geri qayıdacaqlar. Hətta ən böyük, ən məşhur festivallar belə öz simalarını itirmək üzrədilər və hansısa bir transformasiya mərhələsindədirlər. Həm tamaşaçı kimi, həm münsif kimi mən də həmişə bununla rastlaşıram.Münsif kimi daha çətin olur. Tamaşaçının filmə baxmamaq, yarımçıq çıxmaq şansı var. Amma münsif kimi mən proqramı izləməyə məcburam və bəzən mükafat vermək üçün normal adlandırılacaq bir film də olmur. Fikrimcə, festivalları bu formata sürükləyənlər, əsasən, kinonun istehsal sahəsindən gələnlər yox, kinoətrafı sahədən olan insanlardı. Ən çox da kinoşünaslar aktivdilər.

Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır

-Bu o deməkdi ki, festivallar get-gedə əhəmiyyətini itirirlər, yoxsa dediyiniz dəyişiklik baş verməsə, itirəcəklər?

-Bu problem festivalların sayı artdıqca yaranıb. Festivallarla yaşayan, ömürlərini bu sahədə işləyərək başa vuran insanlar var. Onlar peşəkar festivalçılara çevrildikcə bu problem başlayır. Lobbiçilik güclənir get-gedə, rahat sxemlərlə işləyirlər. Çünki filmlər çox olur, bəzən min filmə baxıb seçməlisən ki, bu da çətin prosesdi. Daha çox intuisiyaya, şəxsi münasibətlərə, yoxlanılmış əlaqələrə üstünlük verilir.Bu da təbii olaraq klişe situasiyaların yaranmasına gətirib çıxardır. Festivalda bir dəfə parlamış olan rejissor avtomatik həmin relsə düşür. Hətta növbəti iki-üç filmi uğursuz olsa belə, tamaşaçı onu xatırlayırsa, festival da onu dəvət edir. Yəni bu, sırf industriyanın problemidi. Ona görə də tamaşaçı kimi şəxsi zövqə daha çox güvənmək lazımdı, nəinki festivallara.

-Ayaz Salayev son müsahibəsində deyib ki, birinin qarnı ağrıyır, bunu film eləyirlər, üstəlik Azərbaycan, İran kimi ölkələrdən bəşəri mövzular, ziyalı obrazını göstərən filmləri qəbul eləmirlər. Tez-tez festivallarda iştirak eləyən bir rejissor kimi necə fikirləşirsiniz: Azərbaycan və Azərbaycan kimi ölkələrdən necə filmlər gözləyirlər?

-Ayaz müəllimlə qismən razılaşıram. Bu belədir. Ammabəşəri mövzulardan danışanda biz özümüz də bir az əyalətçi oluruq, Zaydl, Haneke səviyyəsinə çata bilmirik. Ən azı, özüm haqqında deyirəm bunu. Bu baxımdan Azərbaycandan gedən o cür filmlərin götürülməməsi də normaldı, yəqin ki. Bəşəri mövzulardan Haneke səviyyəsində- texniki baxımdan, düçüncə, fəlsəfə baxımından - danışa biləcək adam varsa, məncə, əvvəl-axır meydana çıxacaq. Əsl kinonun qarşısını almaq mümkün deyil. O başqa məsələdi ki, buna cəhdlər var və o cəhdlər festival tərəfindən ciddi qəbul olunmur. Amma etnik, folklor, kasıb həyat, üçüncü dünya ölkəsinin problemləri kimi mövzulardahətta primitiv cəhdlər belə çox tez alqışlanır. Yəni Ayaz Salayevin dediyi bu klişelər var. Hər ölkənin, regionun öz festival klişesi var və həmin klişedə hətta zəif film belə uğur qazana bilər. Amma azərbaycanlı rejissor o qəlibdən kənara çıxanda, filmi həqiqətən də, qüsursuz olmalıdı ki, ona meydan verilsin.


-Bu yaxınlarda “Axınla aşağı”, “Nabat” filmləri haqqında resenziyaları oxuyan bir nəfər soruşdu ki, əgər belə yaxşı filmdilərsə, niyə böyük festivalların əsas müsabiqələrinə qəbul olunmayıblar?

Söhbət müasir zamandan gedirsə, doğrudan da, festival sahəsində elə də böyük uğurumuz yoxdu.

-Mən nə öz filmimi qorumaq, nə də həmkarımın adından danışmaq istəmirəm, amma bu məntiqlə əsas müsabiqəyə düşən film haqqında da “niyə mükafat almadı” da demək olar, mükafat alanda “niyə Oskar almadı” demək də. Yəni bu təftişi sonsuzluğa qədər uzatmaqmümkündü.Bu yanaşımı konsktruktiv hesab eləmirəm. Amma, ümumiyyətlə, festival uğurundan danışırıqsa, bu günə qədər Azərbaycan kinosu A kateqoriyalı festivallardaikinci müsabiqə proqramlarında olub həmişə. Yaddaşım məni aldatmırsa, 63-cü ildə Kannda sənədli filmimiz mükafat alıb, amma onda Kannın da formatı fərqli idi. Söhbət müasir zamandan gedirsə, doğrudan da, festival sahəsində elə də böyük uğurumuz yoxdu. Yəqin ki, ən böyük uğur İlqar Nəcəfin “Buta” filminin Asiya-Sakit Okean Kino Akademiyasının mükafatını almasıdı.Məncə, bizdə çəkilən filmlərin çoxu festivallarda iştiraka da layiqdi, qələbəyə də. Amma bu vaxt məsələsidi. Dediyim kimi, həmin festivallarda əsas müsabiqədə iştirak eləyən insanların adları tamaşaçılara artıq tanışdı. Çünki festivalların əksəriyyəti kommersiya strukturlarıdı. Hamısı müəyyən büdcə hesabına maliyyələşir, o cümlədən bilet satışı hesabına.Və heç kim zalının boş qalmağını istəmir.Hətta deyim ki, filmin təmsil elədiyi ölkənin imici belə əhəmiyyətlidi. Məsələn, İrandan gedən hər hansı bir rejissorun əsas müsabiqəyə, festivala düşmək şansı daha çoxdu, nəinki azərbaycanlı rejissorun. Çünki bizdə tam oturuşmuş sistem yoxdu, filmlərin ssenaridən ekrana qədər olan yolu sistemləşdirilməyib.


-Bu necə sistemləşdirilməlidi? Hansısa qanunlar, tənzimləmələr tətbiq olunmalıdı?


-Yox, sadəcə maliyyə sxemi qurulmalıdır və qanunvericiliklə tənzimlənməlidir. Necə ki, kommersiya sahəsində belə bazar artıq formalaşır. Düzdür, orda da qanunvericilikdə boşluqlar var və zamanla problemə çevrilə bilər, amma iş gedir. Distryubyütorlar artıq filmin istehsalına pul qoyurlar. Hətta ardıcıl olaraq 2-3 filmə öncədən məramnamə qəbul edilir. Müəllif kinosunda hər şey fərqlidi. Azərbaycanda ən uğurlu rejissor belə beş, altı il gözləyə bilər və ümumiyyətlə, bir də heç vaxt film çəkmək imkanı olmaya bilər. Yəni növbəti mərhələ həmişə sıfırdan başlayır. Bu özü böyük problemdi.

(Qeyd: Oxu Zalı "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmovun qeyd olunan tənqidlərlə bağlı cavabını çap etməyə hazırdır)

XS
SM
MD
LG