Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

Beynəlxalq Bank 200 milyon dollar kredit alıb


ABB
ABB

«Azərbaycan Beynəlxalq Bankı» ASC 200 milyon ABŞ dolları həcmindən çox sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə bankdan bildirilib.

Sindikatlaşdırılmış kredit birdən çox maliyyə təşkilatının toplaşaraq, eyni bir iqtisadi subyektə eyni şərtlərlə verdiyi kreditdir.

Saziş üzrə ilkin təşkilatçılar «Citibank», «Credit Suisse A.G. London Branch» («Credit Suisse»), «Emirates NBD Capital Limited» (ENBD) və «J.P.Morgan» banklarıdır. «Citibank Europe plc» bu əqdin koordinatoru və agenti, «J.P.Morgan» isə buraxılış agenti kimi çıxış edib.

Sazişə 12 maliyyə qurumu qoşulub. «Bazara 150 milyon ABŞ dolları həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlbetməyə marağı 200 milyon ABŞ dollarını keçib. Bu da Azərbaycan Beynəlxalq Bankı rəhbərliyindəki dəyişikliklərdən sonra onun beynəlxalq maliyyə bazarlarına güclü dönüşü kimi xarakterizə olunur. Bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir», – məlumatda deyilir.

Kredit sazişi birillik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.

Bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37.9 faizi, müştəri kreditlərinin 32.5 faizi, ümumi bank əmanətlərinin isə 26.5 faizdən çoxu məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində ötən il dəyişiklik baş verib. Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşmada günahlandırılaraq, 15 il həbs cəzası alıb.

XS
SM
MD
LG