Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:36

İlham Əliyev: 'Heydər Əliyev hakimiyyətdə olsaydı...'


Heydər və İlham Əliyevlər
Heydər və İlham Əliyevlər

“Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir”.

Oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxış edən prezident İlham Əliyev belə deyib.

Müstəqillik aktının qəbul edildiyi illərə qayıdan prezident deyib ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında birincilər sırasında olmayıb. Ölkə başçısının sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etmiş müttəfiq respublikalar arasında 13-cü olub.

“Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi”, deyən İ.Əliyev xatırladıb ki, 25 il əvvəl Azərbaycan Ali Soveti "Müstəqillik haqqında" dövlət aktını qəbul edib.

Buna da bax:​ Oktyabrın 18-i təntənəli qeyd olunacaq, amma istirahət günü kimi deyil

"Heydər Əliyev müstəqilliyimizin banisidir”

“Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini “Qanlı Yanvar” faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi. Bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu. Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir”.

AzərTac prezidentin çıxışının tam mətnini dərc edib.

Prezident müstəqilliyin ilk illərində H.Əliyevin hakimiyyətdə olmamasını təəssüflə qeyd edib. O, əlavə edib ki, əgər H.Əliyev hakimiyyətdə olsaydı, Azərbaycan böyük itkilərlə üzləşməzdi.

Buna da bax:​ Müstəqillik Aktının müəlliflərindən biri danışır

Azərbaycanın müstəqillik dönəmini iki dövrə ayıran ölkə başçısı birinci dövrün faciəvi olduğunu bildirib.

“O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, - halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, - bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi. Birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü”.

Buna da bax:​ Sabir Rüstəmxanlı: ‘Həmin gün parlament əhatəyə alınmışdı...’

AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti...

İ.Əliyev deyib ki, o vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etməkdən ötrü çalışıb, korrupsiya, rüşvətxorluq son həddə çatıb.

“...Qanlı döyüşlər gedirdi, AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı”.

İ.Əliyev həmin mərhələdə Heydər Əliyevin müstəqilliyi xilas etdiyini vurğulayıb.

“Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başladı”.

Buna da bax:​ 23 illik hakimiyyətlə 13 aylıq hakimiyyətin müqayisəsi

Xalq 2003-cü ildə düzgün seçim edib

Ölkə başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb.

“Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında xalq öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi”, İ.Əliyev deyib.

O, Azərbaycan xalqının 2003-cü ildə düzgün seçim etdiyini vurğulayıb.

“Biz 2003-cü ildən bu günə qədər iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik. İqtisadiyyat üç dəfə artmışdır. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artmışdır. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizlik ilə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlamışdır və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilirdi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir”...

İ.Əliyev bildirib ki, iqtisadiyyatın bütün sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır. Yaxın illərdə qeyri-neft sektoru daha sürətlə inkişaf edəcək.

XS
SM
MD
LG