Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Venesiya Komissiyası ilkin rəyini açıqladı


Referendum plakatları
Referendum plakatları

Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri – Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklikləri tənqid edib.

Komissiya rəyini sentyabrın 21-də açıqlayıb.

«Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», -VK-nın rəyində bildirilir.

«Məsələn, prezidentlik mandatının beş ildən yeddi ilə artırılması əsaslandırıla bilməz, çünki prezidentin mövqeyi çox güclüdür və 2009-cu ildən bəri o, heç bir məhdudiyyətsiz təkrar seçilə bilər. Daha bir islahatla prezidentə parlamentə buraxmaq səlahiyyəti verilir. Bu, nəinki parlamentdəki fərqli fikirliləri, əsasən, səmərəsiz qüvvəyə çevirir, eləcə də məhkəmə sisteminin müstəqilliyinə təsir göstərir, çünki parlamentin hakimlərin təyin olunmasındakı rolu kiçilir», - rəydə bildirilir.

VAXT DARLIĞI

Venesiya Komissiyası ekspertləri «seçkisiz» vitse-prezidentlər postlarının yaradılmasından özəlliklə narahat olduqlarını dilə gətirirlər. Vitse-prezidentlər ölkəni istənilən an idarə edə bilərlər və prezident də istənilən vaxt prezident seçkisi elan etmək hüququnu saxlayır.

Buna da bax- Deputat Venesiya Komissiyasının rəyindən narazıdır

Rəydə həmçinin, referendum prosedurunun parlamentdə müvafiq müzakirə aparılmadan, tez-tələsik keçirilməsi, real ictimai müzakirələrin olmaması tənqid edilir: «Əslində, vaxt məhdudiyyəti ucbatından rəyi hazırlayanlar Azərbaycana səfər edə, hakimiyyət, ekspertlər, digər iştirakçılarla birbaşa məsləhətləşmələr apara bilməyiblər. Bu mənada, Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin Referendum Aktını təqdim etməmişdən onunla məsləhətləşməməsindən təəssüflənir».

Ekspertlər Konstitusiyanın insan haqları bölümünə təklif olunan dəyişiklikləri alqışlayırlar. Məsələn, «insan ləyaqəti» konsepsiyası, «özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ» təqdim edilir. Müsbət qarşılanan daha bir dəyişiklik isə 71-ci maddəyə təklif olunur: «Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır».

İCTİMAİ ƏXLAQ VƏ VƏTƏNDAŞLIQ

Amma ekspertlər insan haqları bölümündəki digər dəyişikliklərdən narahatdırlar. Özəlliklə də, ictimai toplantılara «ictimai asayişi» və «ictimai əxlaq»ı pozmamaq şərtinin qoyulmasından. Çünki bu müddəanın geniş kontekstdə təfsiri riski var.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

VK həmçinin, vətəndaşlığın alınmasıyla bağlı müddəadan narahat olduğunu vurğulayır. Hazırda vətəndaş heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Dəyişiklikdə «onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla» əlavəsi nəzərdə tutulur.

Bu il sentyabrın 26-na Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum təyin olunub. Müxalifət referendumun ləğvini tələb edir, bu tələblə artıq üç aksiya keçirilib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir. Müxalifət bu dəyişiklikləri «mürtəce» adlandırır, hakimiyyət təmsilçiləri isə vacib, vaxtı çatmış islahatlardan ötrü edildiyini bildirir.

XS
SM
MD
LG