Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:20

İntihardan keçməyən ədəbiyyatımız


Ədəbi tənqidçi İradə Musayeva
Ədəbi tənqidçi İradə Musayeva

-

İradə Musayeva

“Həyat, yaşamağa dəyməyəcək qədər mənasızdır,
amma bununla belə yaşamaq lazımdır”. (A.Kamyu)

İntihardan keçməyən ədəbiyyatımız...

Tələbə vaxtı E. Hemenqueyin “Qoca və dəniz” əsərini oxuyanda “insanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir” ideyasına inana-inana “dünya ədəbiyyatı” fənnindən imtahan biletinə düşən “Ernest Hemenqueyin həyatı və yaradıcılığı haqqında ümumi məlumat” sualının cavabını bu cümlə ilə bitirirdik:“Depressiyadan əziyyət çəkən yazıçı 2 iyul, 1961-ci ildə dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi”. Qəribə paradoksallıq idi... Hemenquey bizə inam və mübarizə, sağlam ruh formalaşdırmaq fəlsəfəsini təlqin edirdi əsərlərində, bəs bu nə saxtakarlıq idi, özü zəiflik göstərərək sarsılan ruhuna uduzdu, intihara endi... Qələmi ilə mübarizliyi, həyatı ilə məğlubluqdan qaçılmazlığı göstərdi... Bu sualın cavabını sonralar tapdım. Həkimlərin yanlış diaqnozu ilə yarıtmaz “müalicəsi” onun əsəblərini korlayır və ruhunu sarsıdır. Bu fiziki və psixoloji durumla daha əvvəlki kimi yaza bilməyəcəyini ehtimal edən Ernest Hemenquey intihar edir... O, adi insan kimi çox yaşaya bilərdi, Yazıçı kimi öldüyünü yəqinləşdirdiyi üçün gülləni seçdi. Ernest Hemenquey ilk növbədə ədəbiyyat və ruh adamı idi. Bu ali məqamın insanı olmaq şansını itirəndən sonra o, sadəcə fiziki, bioloji mövcudolma, heyvani instiktlərin (yemək, yatmaq, bədəni, vücudu salamat saxlamaq və s) diktəsi ilə oturub-durma yaşamını qəbul edə bilməzdi...

Buna da bax: "Ürəyinin üstünə yastıq qoyub atəş açır..."

Deməli, əvvəlcə yazıçı olmaq lazımmış ki, yazıçı ola bilməyəndə ölə biləsən, ölməyə gücün çata... Məncə, artıq Hemenquey intiharının zəiflik, yoxsa güclülük olması nədənini çözməsək də olar...

Marina Svetayeva şeir oxuyarkən, 1914 -cü il.
Marina Svetayeva şeir oxuyarkən, 1914 -cü il.

Marina Svetayevanın intiharında isə bir “divara dirənmək” dözülməzliyi günahkar idi. Ölümündən qabaq oğluna yazmışdı: “Mur! Bağışla məni. Mən ağır xəstəyəm, bu, artıq mən deyiləm. Səni dəlicəsinə sevirəm. Anla ki, mən artıq yaşaya bilmirdim. Əgər görsən, atana və Alyaya de ki, onları son nəfəsimədək sevdim və başa sal ki, divara dirənmişdim”.

Maraqlıdır ki, intihar tədqiqatçıları sübut etməyə çalışıb ki, intihar edənlər vaxtilə həyatı daha çox sevən, xoşbəxtliyə inanan, həyatı, doğrudan da, mənalı bir hədiyyə kimi qəbul edənlər olub...

Marina Svetayeva da qəflətən depressiyaya düşüb intihar etməmişdi. Müharibələr, inqilablar, repressiyalar, aclıq, sevgi aldanışları, xəyanətlər, namərdliklər görmüşdü.

Marina Svetayeva da qəflətən depressiyaya düşüb intihar etməmişdi. Müharibələr, inqilablar, repressiyalar, aclıq, sevgi aldanışları, xəyanətlər, namərdliklər görmüşdü. Bunlardan bəzisində özü, bəzisində zaman və rejim, bəzilərində isə yoldaşları günahkar idi...Aclıqdan səfil-sərgərdan dolaşanda dostları köməklik göstərmədi. (Sonralar, intihardan əvvəl 16 yaşlı oğlunu himayəsinə götürməyi N. Asayevdən vəsiyyətnamə ilə xahiş etmişdi, Asayev bu xahişə əməl etmədi.) Ərinə dəfələrlə xəyanət etmişdi, bunun əzabını yaşadı, qızını aclıq illərində kimsəsizlər evində yerləşdirdi və uşaq orada acından öldü, bunun sarsıntısına ağrıdı, qabyuyan işləmək üçün növbəyə dayandı, təcrübəsi olmadığına görə işə götürmədilər -bu rəzaləti həzm edə bilmədi və s. Anna Axmatova ilə rəfiqə idi. Axmatova ona yazdığı məktubunda deyirdi: “Özünüz haqqında yazdıqlarınız həm qorxuludur, həm də sevincli”. Yəqi ki həmin o “qorxulu olan”lar yavaş-yavaş cücərdi və intihar boyda böyüdü... Onun həyatında bütün yollar ölümə, daha doğrusu, ölmək üçün kəndirə baş əymək əlacsızlığına aparırdı.Bu qədər məşəqqətin ortasında və öz içində də bütün bunlardan beş betər fırtınalar qopa və sən şair kimi qala biləsən. Yenilməz şairlik gücü olanda belə olur. O dərdin də poeziyasını, poetikasını yazırdı.1940-cı ildə isə ölümə hazırlıq gedirdi. “Artıq bir ildir ki, ölümü ölçüb-biçirəm. Ancaq hələ lazımam”. Marinanı dostlarının ölümü, intiharı düşündürürdü. Onların ölümünü yaşaya-yaşaya ölüm haqqında düşünürdü. Aleksandr Bloku xatırlaya-xatırlaya öz intiharını şüuraltı da olsa “vəsf” edirdi:

Gicgahıma güllə sıxsam qəfildən,
Adın qopar şaqqıldayan tətikdən.

Blok, Mayakovski ruhunun sarsıntılarını da salmışdı əsil şair ürəyinə və Blok haqqında yazırdı:

Yatır yollar yorğunu, sonuncu səfərdədi,

Qoşunsuz sərkərdədi.

İçdiyi sulara da gözündən yaş damardı,

Ölkəsiz hökmdardı.

Tanrının dərgahına çatanda dincələcək,

Burda itirdiyini tanrı orda verəcək.

Sığallayıb başını:

- Al, yiyə dur, – deyəcək, – bu ölkən, bu qoşunun,

Sərkərdəm, hökmdarım, şairim, ustam mənim,

Dostlarsız dostum mənim…

Kəndirdə nə “hikmət” varsa ətəyindən sallaşanda məşhur adamlar bir az da məşhurlaşır, hətta sevimli, doğma gəlir adama, kəndir də böyüyür, fəlsəfi anlam qazanır sanki...

Kəndirdə nə “hikmət” varsa ətəyindən sallaşanda məşhur adamlar bir az da məşhurlaşır, hətta sevimli, doğma gəlir adama, kəndir də böyüyür, fəlsəfi anlam qazanır sanki... Adam istəyir onları öldürən bu iznsiz və tapşırıqsız, iblisanə şirnikləndirmə ilə gələn “ölüm mələklərinə” (kəndir, güllə, bıçaq, dəniz, morfi – məsələn, Cek London 40 yaşında ikən morfi qəbul edərək intihar etmişdi və s.) günlərlə tamaşa etsin, gözünü zilləyib baxsın və hər birinə sual versin: “O, niyə məhz səni seçdi? Ya da əksinə: Sən niyə onu seçdin?”...

Buna da bax: “Mən ölürəm, kimsəni də qınamayın bundan ötrü”

Baxmayaraq ki, tədqiqatçılar sübut edir ki,qadınlar kişilərə nisbətən 3 dəfə artıq intihara cəhd edirlər, amma Marina Svetayeva qadın kimi intihar etmədi. ​Yəni qadın kimi sıxıntı və əzablarından tükənib intihar etmədi. Sosial problemlər və sosial səbəblər, sırf psixi pozuntu və ya düşüncə naqisliyi də deyildi intiharın səbəbi. Şair kimi, düşüncə, əql, zəka sahibi kimi zamanı yaşamağa gücü çatmadı. Tükətdi ağrılar onu ... Hemenquey, Mayakovski kimi... Paul Verlayn, Edqar Alan Po, Cek London, Artur Rimbaud, Mayakovski, Cerard Nerval, Silvia Plat, Sergey Yesenin, Bəşir Fuad, Aleksandr Fadayev…Siyahını böyütmək olar. Amma bu adları ona görə yada saldım ki, İNTİHARın sadəcə bir xəstəlik törədicisi, bədbəxt hadisə faktı yox, estetikası və hətta fəlsəfəsi olduğunu da anlayaq… Həm də çox zaman ağıla gəlməyən “siyasi intiharlar” da olurmuş... Mayakovski, Blok, Yesenin və başqa misallar...

Bu məqamda öz ədiblərimizi düşünəsi oldum... Qəribədir, belə çıxır ki, bizimkilər ya daha soyuqqanlı, ya da daha dindar olub... İslamda intihar günahdır – inancımı saxlayıb bizim qələm əhlini intihardan? Axı onların böyük əksəriyyəti ateist olub... Əlbəttə, biz heç kimin intihar etməsini istəmərik. Ancaq ədəbiyyat hadisələri içərisində repressiya və intihar problemi sadəcə insanların yox, sözün və düşüncənin taleyi ilə bağlı olub həmişə... Dar dalanlara dirənən azad düşüncə adətən bir güllə səsinə diksinir və ölür, ya da kəndirdə və ya suda boğulur, batır...

İntihar anlayışı nədənsə qəza və bədbəxtlik kimi araşdırılır, adətən. Əlbəttə, söhbət intellektualların, filosof, şair, rəssam, siyasətçi və s. bu kimi elmi, ictimai, mədəni mövqeli adamlardan gedirsə, bu addımın sirri haqqında düşünmək lazım olur. Hətta bu insanlardan bir çoxu necə ölmək seçimini edəndə intiharın estetikası haqqında da götür-qoy ediblər ölümqabağı...

Alber Kamyu “Absurd və intihar” məqaləsində yazırdı : “Həyatın mənası” adlandırdığımız şey nədirsə, o eyni zamanda, ölmək üçün də səbəbə çevrilə bilir... Yaşamağa dəyməz. Həyat, həqiqətən də, çətindir. Biz bizdən tələb olunan davranışlar göstəririk, bunun müxtəlif səbəbləri var, ən başlıcası isə alışqanlıqdır. İntihar etmək instinktiv olsa da, alışqanlıqların gülünc mahiyyətini, yaşamaq üçün artıq səbəbin olmadığını, dərd çəkməyin mənasız olduğunu dərk etməkdir”.

Azərbaycan filosofu Heydər Hüseynov 1950-ci ildə hakimiyyətin təqiblərindən sonra damarlarını kəsərək intihar edib.
Azərbaycan filosofu Heydər Hüseynov 1950-ci ildə hakimiyyətin təqiblərindən sonra damarlarını kəsərək intihar edib.

Bizdə intihardan danışanda böyük alimimiz, tədqiqatçı filosofumuz Heydər Hüseynov faktı yada düşür. Əlbəttə, bütün intiharların anatomiyası. səbəbi eyni olmur. H.Hüseynov intiharı ilə məsələn, Mişima intiharını eyniləşdirmək olmaz. Bu intiharların da daha “romantik” olanı və daha “əlacsız” görünəni olurmuş... “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” kitabına görə Stalin mükafatı alan Heydər Hüseynov sonradan Azərbaycan rəhbərliyi tərəfindən cəzaya layiq görülür. 1950-ci ildə KPMK-nın büro iclasında kəskin tənqidə məruz qalır, müridizmi, sufizmi, İmam Şamili təbliğ etdiyi üçün “xalq düşməni” kimi mühakiməyə çəkilir. Azərbaycan hökuməti MK SSRI Nazirlər Soveti qarşısında H. Hüseynovun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsatətini qaldırır və bu “xeyirxah” tələbin yerinə yetirilməsinə nail olur... 1950-ci ildə alimi təkidlə razı salmağa çalışırlar ki, “səhvini”, yanlış düşündüyünü etiraf etsin və əqidəsindən dönsün. Şəxsən

Görkəmli Azərbaycan filosofu Heydər Hüseynov həbs olunacağını yəqinləşdirdiyi üçün damarlarını kəsmişdi.

M. Bağırovun tapşırığı ilə mətbuatda Şeyx Şamilin “türk və ingilis casusu” olduğunu söyləməli idi H. Hüseynov... Təbii ki, razı olmur və Kommunist Partiyasından çıxarılır, Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən təqiblərə start verilir... H. Hüseynov həbs olunacağını yəqinləşdirdiyi üçün damarlarını kəsmişdi.

Yaponiyanın dünya şöhrətli yazıçısı, üç dəfə Nobel mükafatına namizəd olan Yukio Mişima (Mişima - “Ölümə məftun olmuş Şeytan” mənasını verir) intiharı qədər “eybəcər” ölüm isə çətin ağıla gəlsin... O, xalqı Yaponiya və imperatoru müdafiə qiyamına səsləyirdi. Xalq onu gözlədiyi kimi yox, əksinə az qala daş-qalaqla qarşıladı. “Təhqir olunmuş Mişimanın ləyaqətli bir samuray kimi seppuku (qarnın yarılıb, daxili orqanların çölə çıxarılması) etməkdən başqa çıxış yolu qalmamışdı. Mişima mundirini çıxarıb qədim samuray qılıncını qarın nahiyəsinə soxdu. Gözlədiyinin əksinə olaraq qılınc dərinə işlədi və onurğa sütununu zədələdi. Mişima Seppuku qaydalarına uyğun olaraq qılıncı qarın nahiyəsində burmaq, ölümü sürətləndirmək gücündə deyildi. Onun başını kəsib əzabdan qurtarmaq istəyən dostu Moritanın iki cəhdi uğursuz olduğundan, digər dostu Koqe qılıncı Moritadan alıb can verən Mişimanın başını bədənindən ayırdı...”

Buna da bax: "Öz ölümünün ssenarisini yazan yazıçı"

Bizim klassik ədəbiyyatda “tərki-dünya” yaşam tərzinə üz tutmaq əqidəsi haqqında düşünürəm. Bəlkə o addım da intiharın, intihara üz tutmanın bir növü olub. Bu dünyadan cismi ilə yox, ruhuyla imtina da bəlkə intihar hesab edilə bilər... Xatırlatdığımız dünya şöhrətli yazarların sırasında bir dahi azərbaycanlının olmamasına, təbii ki kədərlənmirik... Amma bir az qəribə gəlir...

Çezare Lambrozo da “Dahilik və dəlilik” kitabında yazmışdı ki, bütün dahilər ruhi xəstədirlər, amma bütün ruhi xəstələr dahi deyil. Ancaq alimlər sübut edib ki, yaradıcı insanlarda dahilik hünəri psixi pozuntu baş verən zaman ortaya çıxır. Görünür, psixi pozuntu baş verəndə dahi olmurlar, dahi olanda bu sədləri dağıtma halı baş verir... Dünya ədəbiyyatında ən gözəl əsərlər bu “dəlilik tutmaları” zamanında yazılıb. Fransuaza Saqan, F. Dostoyevski, N .V. Qoqol, Rembo, Turgenyev və onlarla başqa yazıçı, eləcə də rəssam və bəstəkarlar bu qeyri-adi yaşantı zamanı bəşəriyyətin yanında yox, səmada, başı üzərində düşünüb və yazıb... Biz isə görmədiyimiz hər şeyin adına qarabasma, cinnilik, dəlilik damğası vururuq. Yer halimizlə göydə uçanların qanadını qırırıq...

Və ən əsası, biz ədəbiyyatda intihar məsələsindən danışanda sadəcə cismani intiharları sadalamamalıyıq. L.Tolstoyun evdən baş götürüb getməsi, dəmiryol stansiyasında kimsəsizcəsinə ölümü qarşılaması da intihar idi...

Əslində intiharlar bu gün də davam edir, səssiz, cismani ölümsüz, qansız... Ətrafınıza baxın, yanınızdan, lap yaxınınızdan keçir...

R.Rövşən demiş:

Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar...

18.09.2016

XS
SM
MD
LG