Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'


Oskar mükafatı verilən zaman (arxiv fotosu)
Oskar mükafatı verilən zaman (arxiv fotosu)

Azərbaycanın qonşuları Gürcüstanla Ermənistan bu il növbəti dəfə «Oskar»a film yollayacaqlar. Ermənistanı təmsil edəcək «Zəlzələ» filmi 1988-ci ildə Spitakda baş vermiş zəlzələdən bəhs edir. Gürcü Milli Film Mərkəzi «Başqalarının evi» filmini göndərəcək. Bu film 1990-cı illərdə vətəndaş müharibəsi zamanı etnik təmizləmədən sonra bir evin iki ailə tərəfindən zəbt edilməsi, bu evdə yaşayanların xoşbəxt ola bilməməsi haqdadır.

Azərbaycan niyə «qonşudan geri qalır»? Okeanın o tayında keçiriləcək «Oskar»a film yollamır və ya yollaya bilmir?

Buna da bax: "Oscar"a rəsmi namizədlərin adları açıqlandı

Aygün Aslanlı: «Senzura var!»

Kinoşünas Aygün Aslanlı qısa cavab verir: «Azərbaycanda istər bədii, istərsə də texniki baxımdan «Oskar»ın şərtlərinə cavab verən filmlər çəkilmir».

Kinoşünas bunun səbəbini senzurada görür: «Dövlət hesabına çəkilən filmlər senzuraya məruz qalır və mövzular lokal xarakter daşıyır. Və bütün bu lokallığın texniki baxımdan təqdimatı da «Oskar»ın şərtlərinə cavab vermir».

«Məmurların beyninə düşüb ki, dövlət vəsaitinə detektiv, hırıltılı şey çəkilməlidir»

Buna da bax: ​"Nabat" və "Axınla aşağı" filmləri indi də Türkiyədə

Azərbaycan Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev də Azərbaycan kinosunda «mövzu senzurası» olduğunu bildirir: «Məmurların beyninə düşüb ki, dövlət vəsaitinə ancaq detektivlər, hırıltılı, tamaşaçıya, kütləyə xoş gələn şeylər çəkilməlidir. Bu cür filmlər dövlət vəsaiti hesabına çəkilməməlidir, bu şeyləri kommersiya qurumları çəkə bilər. Dövlət vəsaitinə sənətdə söz deyə biləcək filmlər çəkilməldir. Ona görə də diqqətəlayiq, «Oskar» yarışmasına çıxarılası film yoxdur Azərbaycanda».

Kinoşünas: «Azərbaycanda istər bədii, istərsə də texniki baxımdan Oskar-ın şərtlərinə cavab verən filmlər çəkilmir»

Hüseyn Mehdiyev Azərbaycanın «Oskar»a film göndərə bilməməsinin bir səbəbini də «yetərincə film çəkilməməsində» görür. «Aydındır ki, yetərincə film çəkilməyəndə seçim imkanı da azalır. Az film çəkilməsinin səbəbi də ayrılan maliyyə vəsaitinin çox cüzi olmasıdır. Normal film ən azı 2-3 milyona çəkilməlidir. Bizdə bu məbləğ bir milyona endirilib. Onu da gah verirlər, gah saxlayırlar... Ayrılan vəsait nə Azərbaycan kinosunun intellektual potensialına, nə də onun təşkilati imkanlarına uyğundur, çox azdır. Bunun nəticəsində layiqli film yoxdur».

Buna da bax: ​Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır

«Gələn «Oskar»a iki film göndərəcəyik»

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov Azərbaycanın beş il davamlı «Oskar»a film göndərdiyini yada salır. Onun sözlərinə görə, beş il dalbadal «Oskar»a film yollayıb, bir il göndərməmək problem deyil. Hətəmov Azərbaycanın gələn il «Oskar»a iki yerli film göndərəcəyini bildirir. Amma filmlərin adını açıqlamır, bununla bağlı son qərarı komissiyanın verəcəyini deyir.

«Hər il «Oskar»a film göndərmək nəsə demək deyil. Ermənilər hansısa həftəlik festivala film göndəriblər, bunu yerli mətbuat qələbə kimi qələmə verir. Ancaq Kann, Venesiya kimi festivallara filmlərimiz göndərilsə də, bizim mətbuatın diqqətini çəkmir», – Müşfiq Hətəmov söyləyir. Onun sözlərinə görə, festivallara, yarışlara film göndərməklə indi «daha ciddi şəkildə məşğul» olduqlarını bildirir:

«Özümüzü dünya kinosunda daha ciddi kino-kompaniya, daha ciddi dövlət kimi təqdim etməkdən ötrü peşəkar filmlərimizə qiymət verib göndəririk. Son iki ildə filmlərimiz 52 festivalda iştirak edib. Yaxınlarda daha iki filmimiz festivala göndəriləcək».

Hüseyn Mehdiyevsə düşünür ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda kinonun əhəmiyyətini daha çox başa düşürlər və onun beynəlxalq təbliğinə də xüsusi diqqət ayırırlar.

Gələn il fevralın 27-də Amerika Film Akademiyası 89-cu «Oskar» mükafatlarının təqdimatını keçirəcək.

XS
SM
MD
LG