Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:39

İran prezidentindən qadınlara jest


Illüstrasiya
Illüstrasiya

►İmtahanın ertələnməsinin səbəbi gender kvotalarının pozulması - qadınların ayrıseçkiliyə məruz qalmasıdır

İyulun 31-də İran prezidenti Hassan Rohani sərəncam verərək, dövlət qulluğuna girmək istəyən vətəndaşlar üçün nəzərdə tutulan dövlət imtahanını ertələdib.

Onun fikrincə, ədalətə əsaslanan gender kvotaları müəyyənləşdirilməlidir.

Daha öncə İran mediası imtahana qatılan 13 dövlət qurumundan bəzilərində qadınlara qarşı ayrıseçkiliyə yol açan kvotaların mövcudluğundan yazmışdı. İmtahanlar sentyabrın 6-na təyin edilmişdi.

Hökumətin rəsmi saytındakı məlumata görə...

Rohani İranın İdarəetmə və Planlaşdırma Təşkilatına "ədalətsiz ayrıseçkiliyə" əsaslanan kvotaları ləğv etmək əmrini verib.

Prezident gender kvotalarının ədalət və ləyaqət prinsiplərinə əsaslanmasını, onun plan və vədlərinə uyğunlaşdırılmasını tələb edib.

Rohani İranda "cinsi ayrıseçkilik mədəniyyətini" tənqidə tutaraq, qadınlara daha çox hüquq və bərabər imkanlar verəcəyini vəd edib.

İlin əvvəlində ölkənin qadın məsələləri üzrə vitse-prezidenti Shahindokht Molaverdi deyib ki, mövcud gender kvotalarının bəzisi diskriminasiya xarakterlidir və Rohani-nin vədlərinə uyğun gəlmir.

Apreldə İran mediası Molaverdidən sitat gətirərək yazıb ki, o, sözügedən kvotalarda düzəliş etmək ümidilə Rohani və digər aidiyyatı olan rəsmi şəxslərlə yazışıb.

Buna da bax: Məsum Cabbarpur: Şəriət qadının hər hərəkətini nəzarətdə saxlayır

3 min iş yerində cəmi...

Gündəlik "Vaghaye Etefaghieh"qəzeti ötən həftə diqqətə yetirib ki, imtahanda elan edilmiş təxminən 3 min iş yerindən yalnız 30 faizi qadınlara ayrılıb:

"961 iş yeri yalnız kişiləri nəzərdə tutub... İş yerlərinin 30 faizi və yalnız 16 adda vəzifə qadınlar üçündür". Yazıda ötən ildən bəri vəziyyətin yaxşılaşdığı da deyilir. 2015-ci ildə 2 min 800 iş yerindən 2 min 284-ü kişilərə ayrılmışdı.

Dövlət qurumları arasında qadınları ən çox diskriminasiyaya məruz qoyan idarə İranın İslami Təbliğat Təşkilatıdır. Bu qurumda qadınlara iş təklifi yoxdur. Təşkilat elan edib ki, bütün vəzifələrin "məmur geyimində olması" şərtdir.

Həbsxanalar Təşkilatının elan etdiyi 271 iş yerindən 31-i yalnız kişilər üçündür. Qadınlara cəmi 13 iş yeri ayrılıb. Qalan iş yerlərinə isə hər iki cinsin nümayəndələri ərizə verə bilər.

Buna da bax: İranda qalmaqal: "Parlament qadınların və eşşəklərin yeri deyil"

Qeyri-rəsmi rəqəmlərə görə…

BBC xəbər verir ki, kvotaların qeyri-bərabərliyi bir yana, aparıcı vəzifələrin çoxu kişilər üçündür. Qadınlara isə daha aşağı səviyyəli vəzifələr təklif edilir.

Universitetə daxil olanların 60 faizi qadın olsa da, İrandakı işçi qüvvəsinin cəmi 20 faizi onların payına düşür.

Iranın hökumət rəsmiləri qadınlar arasında işsizlik səviyyəsinin yüksəkliyindən narahatlıq ifadə edirlər. Qeyri-rəsmi rəqəmlərə görə, ölkədə qadınların 40 faizi işsizdir.

Axırdan 5-ci?

Ötən ilin martında bir qrup qadın hüquqları fəalı gender kvotalarını "qadınlara açıq-aşkar ayrıseçkilik" adlandıraraq, sərt tənqid edib. Qadınlar arasında yüksək işsizlik səviyyəsinin dövlətin siyasətindən qaynaqlandığını deyən fəallar bu siyasətin məqsədinin "qadınları cəmiyyətdən silmək" olduğunu düşünürlər.

Dünya İqtisadi Forumunun 2015-ci il üçün Gender Boşluğu İndeksində İran 145 ölkə arasında 141-ci yeri tutur. Başqa sözlə, qadınların İrandakından daha artıq diskriminasiyaya məruz qaldığı cəmi 4 ölkə tapılıb.

XS
SM
MD
LG