Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Məmmədyarov: «Ermənistan təhrif edir»


Elmar Məmmədyarov və Edward Nalbandian
Elmar Məmmədyarov və Edward Nalbandian

-

«Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib. Danışıqlar prosesinin mahiyyətinin təhrif olunması və birtərəfli qaydada təqdim edilməsi cəhdləri Ermənistanın münaqişənin həllinə qeyri-ciddi və destruktiv yanaşmasının daha bir göstəricisidir».

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabaş münaqişəsinin nizamlanması yolları barədə Ermənistan rəsmilərinin açıqlamalarını şərh edərkən deyib.

AZƏRTAC-ın xəbərinə görə, nazir deyib ki, həmsədrlərin Ermənistan və Azərbaycanın razılığı ilə ATƏT-in baş katibinin depozitarisinə təqdim etdiyi sənədin, bu xüsusda yenilənmiş Madrid Prinsiplərinin qüvvədən düşdüyünü iddia etmək hər hansı məntiqə sığmır. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir:

«BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Bu prinsiplər əsasında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamaq üçün Azərbaycan hazırlığını dəfələrlə ifadə edib».

E.Məmmədyarov qeyd edib ki , Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir:

«Çox güman, Ermənistanda bəzi şəxslər regionun hələ də keçən əsrin 90-cı illərində olduğunu düşünür. Region əsaslı dərəcədə dəyişib. Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın timsalında region ölkələri daha yetkin siyasi və iqtisadi siyasət yürüdürlər».

XS
SM
MD
LG