Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Cəbhədəki vəziyyətin manata təsiri necə ola bilər?


Qarabağda döyüş
Qarabağda döyüş

-

Qarabağ savaşı, regional münasibətlər və sosial problemlər bu gün medianın aparıcı mövzusudur.

PƏRDƏNİN ARXASINDAKI KİMDİR?

«Azərbaycan» qəzeti son günlər cəbhə xəttində gərginliyin artması ilə bağlı yazıları ön səhifələrində verib.

Yazıda Qarabağ cəbhəsindəki durumdan bəhs edilir və qeyd olunur ki, Ermənistan tərəfi təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Müəllif baş verənlərin arxasında duran maraqlara da işarə vurur: «Məlum təxribatı Ermənistanın kimlərin tövsiyəsi, hansı havadarlarına arxalanaraq etməsini müzakirəyə çıxarmağa dəyməz. Əsas məsələ bunu yaradan səbəbdir. Azərbaycanın müstəqil siyasətinin dünya ölkələrinin mütləq əksəriyyəti tərəfindən qəbul edilməsi, ona hörmətlə yanaşılması və müttəfiqlərin sayının artması. Ermənistanın növbəti avantürasına rəvac verib. Onu və pərdə arxasındakıları əsəbiləşdirən, özündən çıxaran məhz budur».

BELƏ HƏSSAS MƏQAMDA XALQIN İÇİNDƏ OLUN

«Azadlıq» qəzeti isə cəbhədə həlak olanların dəfnlərinə yüksəkçinli məmurların gəlməməsindən bəhs edir. Buna görə məmurları tənqid edən müəllif Türkiyəni onlara nümunə göstərir: «Amma 5 gündür ki, ölkə yarım müharibə durumundadır. Rəsmi etiraf edilən 15 şəhid var və heç bir hökumət adamı gözə dəymir».

Daha sonra məqalədə bu məsələdə deputatların, nazirlərin, administrasiya təmsilçilərinin «yox»a çıxdıqları qeyd olunur. Müəllif bunu böyük qəbahət sayır. «Heç olmasa, belə həssas məqamlarda baş nazir, müavinləri xalqın içinə getsinlər. Təyinatla parlament kürsüsünü zəbt edənlər görüntü xatirinə də olsa, həlak olanların ailələrinin yanında olsunlar».

Müəllif sonda da yazır: «Bir sözlə, «Qarabağ boyda dərdimiz var» deyənləri dərdli ailələrinin yanında görmədik. Heç olmasa, ətrafda baş verənlərdən dərs çıxarmaq lazımdır. Bu da islahat aparmaq deyil ki, hökumətin maraqlarına toxunsun».

Manat
Manat

MÜHARİBƏ, MANAT, MƏZƏNNƏ…

«Yeni Müsavat» qəzeti isə ekspertlərlə müharibə şəraitinin manatın məzənnəsinə mümkün təsirlərini dəyərləndirib.

Ekspert Əkrəm Həsənov manatın dəyər itirməsinə səbəb kimi ölkədə sərbəst maliyyə bazarının olmamasını göstərir.

Ekspert Natiq Cəfərli də deyir ki, manata birbaşa təsiri ölkəyə gələn valyuta göstərə bilər: «Təbii ki, ölkəyə gələn valyuta azaldıqca, manatın dəyərdən düşməsi də sürətlənir. Mərkəzi Bank dolların məzənnəsini heç bir əsas olmadan aşağı salır. Yəni, bunun ciddi iqtisadi əsasları yoxdur. Müharibə şəraiti olarsa, milli valyuta dəyərdən düşə bilər. Bütün müharibə şəraitində olan ölkələrdə həmişə milli valyuta dəyərdən düşür».

İqtisadçı Qubad İbadoğlu isə manatın məzənnəsi ilə bu münaqişə arasında birbaşa ciddi əlaqə görmədiyini deyir: «Azərbaycan manatı valyuta bazarındakı tələb və təklif tarazlığından asılıdır. Bu tələbləri formalaşdıran ehtiyaclarımız var. Təklifimiz də neftin dünya bazarında qiymətindən asılıdır».

HƏMMƏRUZƏÇİ DƏYİŞİR, AMMA…

«Novoye Vremya» qəzetində dərc edilən «Həmməruzəçinin tanışlıq səfəri» adlı məqalədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin fəaliyyətləri ciddi tənqid edilir. Həmməruzəçi Stefan Schennach-ın Azərbaycana səfəri ərəfəsində müəllif yazır ki, həmməruzəçilər dəyişir, ancaq başqa heç nə dəyişmir:

Avropa Şurası
Avropa Şurası

«Vətəndaş cəmiyyəti və xüsusilə jurnalistlərə münasibətdə «qalan vaxt» prinsipi ilə hərəkət edirlər. Dəfələrlə olub ki, həmməruzəçilər media ilə əvvəlcədən planlaşdırılan görüşləri ləğv ediblər. Eyni hərəkət vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı da edilib».

Müəllif Azərbaycana münasibətdə ərazi bütövlüyünün təmin olunması məsələsində də AŞPA-nı ardıcıl olmamaqda qınayır: «Bizim ölkə ilə münasibətdə bu təşkilatı daha çox geosiyasət və enerji məsələləri maraqlandırır».

Məqalədə Azərbaycanda insan haqları məsələsinin bu qurumun diqqətindən kənarda qaldığı yazılır: «Çox zaman insan haqları məsələsindən merkantil məqsədlərə nail ola bilmək üçün, vasitə kimi istifadə olunur. Rəsmi Bakıdan geosiyasi və enerji məsələlərində güzəştlər tələb edildikdə, insan haqlarının pozulmasına görə tənqid səslənir».

Yazıda qeyd edilir ki, demokratiya xalqın özünə daha çox lazımdır: «Demokratiya, insan haqlarına hörmət və vətəndaş cəmiyyətinin inkişafı bizim özümüz üçün zəruridir. Deməli, ortaya çıxan bütün problemləri də öz gücümüzlə həll edə bilərik».

XS
SM
MD
LG