Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Şah İsmayıl sərgisindən daha bir xəbər...


«I Şah İsmayıl – sərkərdə və hökmdar»
«I Şah İsmayıl – sərkərdə və hökmdar»

-

AMEA Milli Azərbaycan Tarixi Muzeyində «I Şah İsmayıl – sərkərdə və hökmdar» sərgisinin hazırlıqları sona yetir.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.

Sərgidə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən olan, böyük sərkərdə və dövlət xadimi I Şah İsmayılın keçdiyi həyat yolu və fəaliyyəti göstərilir.

«Çaldıran döyüşü» bölməsində XVI-XVII əsr Osmanlı qoşunlarına aid unikal materiallar yerləşdirilib.

Taleyin hökmü ilə iki qardaş türk xalqının üz-üzə gəldiyi Çaldıran döyüşündə (1514-cü il) Osmanlı qoşunlarının say çoxluğu və texniki üstünlüyü onları qalib etmişdi.

Sərgidə Çaldıran döyüşünün sxemi (Türkiyə tədqiqatçısı İ.Uzunçarşılı-nın materialları əsasında), Sultan I Səlimin portreti (XVI əsr Avropa rəssamının işi), Səfəvi-Osmanlı müharibələri haqqında ətraflı məlumat, həmin dövrə aid Osmanlı hərbi miniatürləri, Çaldıran düzünün görünüşü (müasir foto), eləcə də unikal osmanlı silahları nümayiş olunur.

Osmanlı silahları sırasında dəməşq poladından düzəldilmiş və qızıl ornamentlərlə bəzədilmiş Osmanlı qılıncı, yeniçərilərin fərqləndirici silahı olan yatağan qılıncları, çaxmaqlı osmanlı tüfəngi böyük maraq doğuracaq.

Bölmədə yer almış materiallar ilk dəfədir nümayiş olunacaq.

Sərgi aprelin əvvəllərində açılacaq.

XS
SM
MD
LG