Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Kredit borclarına görə məhkəmələr artıb


►Cehizə 3-5 min, bina tikməyə 1 milyon kredit götürən də “pul yoxdur” deyir.

Son aylarda məhkəmə prosesləri 10 dəfə artıb

Manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi və şirkətlərin gəlirlərinin azalması məhkəmə mübahisələrin sayını kəskin çoxalıdb. Vəkillər fins.az-a bildirib ki, belə məhkəmə çəkişmələri 10 dəfədən çox artıb.

Vəkil Siracəddin Kərimov bildirib ki, banklarla bağlı əvvəllər il ərzində cəmi 10-15 müraciət edilirdisə, hazırda bu bir ayda baş verir.

Cehiz, televizor, telefon alıb krediti qaytara bilməyənlər var...

Vəkilin sözlərinə görə, kreditlərlə bağlı mübahisələrin 65-70 faizi istehlak kreditlərinin payına düşür: “Kredit götürüb cehiz, televizor, hətta telefon alıb qaytara bilməyənlər var.Evin bir küncündə qalan bu əşyalar isə sahibinə gəlir deyil, problem gətirib. Gəlirləri azalan əhali götürdükləri kreditləri qaytara bilmir”.

Devalvasiya tikinti şirkətlərini “vurub”

Vəkillər deyir ki, belə məhkəmə müraciətlərinin 30 faizini banklarla sahibkarlar arasındakı mübahisələr təşkil edir. Manatın ucuzlaşmasından sonra şirkətlər dollarla olan kreditlərini qaytara bilmirlər. Xüsusilə də bu mübahisələr tikinti şirkətləri ilə bağlıdır.

“Məsələn, tikinti şirkətlərindən biri 2014-cü ildə məşhur bankların birindən 5 il müddətinə 2 milyon dollar kredit götürüb. Əvvəlki məzənnə ilə bu 1,6 milyon manat demək idi. Pulu asanlıqla qaytaracağını düşünən şirkətin borc məbləği indi 3,1 milyona qalxıb. Üstəlik, manatın devalvasiyasından sonra tikinti sektorunda da böhran yaranıb, evlər ucuzlaşıb. Evin bir kvadratmetrini 850 manatdan yüksək satmaq olmur. Bu isə cəmi 550 dollar edir. Belə olan halda şirkət kreditini qaytara bilmir”.

Banklar isə vəziyyətdən çıxmaq üçün şirkətlərə cəmi 1 faiz endirim edir və ya kredit müddətini 6 aya kimi uzadır. Amma bu problemi qətiyyən həll eləmir.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

İdxal şirkətləri də kreditlərini ödəyə bilmir

S.Kərimov bildirir ki, xaricdən müxtəlif məhsullar gətirən şirkətlər də ziyana uğrayıb:

“Bu şirkətlər də kreditlərini bağlaya bilmirlər. Məsələn, Azərbaycana istilik sistemləri gətirən şirkətlərdən biri 1 milyon dollar kredit götürmüşdü. Malları xaricdən dollarla alan şirkət manatın devalvasiyasından sonra krediti ödəmək qabiliyyətini itirdi”.

Şirkətlər bir-birinə borclarını da qaytara bilmir

Kollektor fəaliyyəti ilə məşğul olan Pərviz Məmmədov isə deyir ki, tikinti şirkətləri devalvasiyadan əvvəl aldıqları malların pulunu vermək istəmirlər:

“Məsələn, sement istehsalçısı var, şirkətlərə material verib, indi pulu ala bilmir. Bundan başqa, armatur, boya, lak kimi mallar var ki, onların da pulu ödənilməyib. Belə borclar bəzən bir bankın kredit portfelini üstələyir. Biz də həmin inşaat şirkətləri ilə hüquqi iş aparırıq, məhkəməyə veririk. Əllərindəki avadanlıqlara həbs qoyulması yolu ilə borcları ödətdiririk” - deyə P.Məmmədov bildirir.

Xarici şirkətlər də borclarını ala bilmir

Tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təkcə Azərbaycandakı tərəfdaşlarına problem yaratmayıb. Pərviz Məmmədovun deməsinə görə, hazırda Ukrayna və Belorusdan olan şirkətlər Azərbaycandakı tərəfdaşlarına satdıqları texnikanın pulunu ala bilmirlər:

“Devalvasiyadan sonra vəziyyət çətinləşib. Həmin texnikanın pulu da dollarla ödənilməlidir. Bu baxımdam çətinlik var. Biz də həmin şirkətlərdən məhkəmə yolu ilə borcu alırıq. Onların əmlakı, ofisləri var. Satıb ödəmək olur və belələri ilə işləmək daha asandır”...

XS
SM
MD
LG