Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

İran seçkilərində türklərin haqlarından danışan varmı?


Sədrəddin Soltan
Sədrəddin Soltan

►Mühafizəkarlar qalib görünür

Fevralın 26-da İranda parlamentə və Ali Dini liderə məsləhət verən Ekspertlər Şurasına seçkilər keçirilir.

Xarici media seçkilərin prezident Hassan Rohani-nin islahatçı tərəfdarları ilə mühafizəkarlar arasında mübarizə şəraitində keçəcəyini yazır.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İrandakı seçki şəraiti, kimin qalib çıxacağı haqqında AzadlıqRadiosuna fikirlərini bölüşüb:

– Əslində İranda hamı – istər özünə “islahatçı”, istərsə də “mühafizəkar” deyən qüvvələr islam adı altında fəaliyyət göstərirlər. Hamısının siyasi-ideoloji xəttinin əsasında islam dayanır. İslahatçılarla mühafizəkarların mübarizəsi isə yeni yaranmayıb. Az qala, 1979-cu il fevral inqilabından sonra meydana çıxıb. Çünki o vaxt Xomeyni ilə Şəriətmədari arasında müəyyən ziddiyyətlər yaranmışdı. O zaman da Xomeyniyə qarşı olanlara “liberallar”, ya da indiki dillə, “islahatçılar” deyirdilər. Bu gün də həmin qüvvələr arasında müəyyən mübarizə gedir. İndi islahatçılar qrupunun başında Hassan Rohani dayanır. Bu seçkiqabağı kampaniyanı Məhəmməd Rza Arif aparmışdı. Onlar İslahatçılar və Hökuməti Dəstəkləyənlər Birliyi altında çıxış edirlər. Blokun şüarı da ümid və sabitlik, iqtisadiyyatda irəliləyişdir. Xamneyini müdafiə edən mühafizəkarlar, ya da sərtxətçilərin kampaniyasını parlamentin keçmiş sədri Qulaməli Həddad Adil aparıb. Onların da şüarı güzəran, təhlükəsizlik və irəliləyişdir. Mübarizə bu iki qüvvə arasında gedir. Amma İran kimi ölkələrdə seçkinin demokratikliyindən, azad və ədalətliliyindən danışmaq absurd və gülüncdür.

Həsən Rohani səs verir. 25 fevral
Həsən Rohani səs verir. 25 fevral

– Seçkidə islahatçıların qalib gəlmək şansı yüksəkdir, yoxsa, mühafizəkarların?

– Düşünmürəm ki, İranda parlamentdə Hassan Rohani tərəfdarları qalib gələcək. Çünki bir dəfə seçkidə islahatçı adı altında fəaliyyət göstərən xəttin təmsilçiləri qalib gəlmişdi. Bu, özünü islahatçı adlandıran Məhəmməd Xatəminin prezidentliyi dövründə olmuşdu. Onda istər Ayətullah Xamneyi, istərsə də sərt xətt təmsilçiləri çox əziyyət çəkdilər. Hətta ölkənin qanunlarına görə, Ayətullah Xamneyi bu məsələdə tərəfsiz olmalıdır. Ancaq hadisələr elə göstərdi ki, Xamneyi islahatçıları yerində oturtmaq üçün ara-sıra məsələyə qoşulurdu. Ona görə də Tehran hakimiyyətinin indiki vəziyyətində mühafizəkarlar daha qalib görünürlər. Çünki onların apardığı siyasət nəticəsində sanksiyalar yumşaldılıb. Suriya, İraq və Yəməndə müəyyən üstünlük var. Bu üstünlüyü heç də islahatçı, ya da Qərbyönlü sayılanqüvvələrə vermək istəməzlər. Hesab edirəm ki, belə də olacaq. Bütün məsələlərin hamısının başında Ayətullah Seyidəli Xamneyinin durduğu təsdiqlənəcək. Yəni, Hassan Rohani, bütövlükdə islahatçılar isə mühafizəkarların istək və düşüncələrinin icraçıları kimi təsdiqlənəcək. Parlamentdə mühafizəkar yönlü, Xamneyiyə, islam inqilabına etibarlı qüvvələrin seçiləcəyi şübhəsizdir. Çünki bundan əvvəl, onların hamısı namizəd olmamışdan qabaq, namizəd olmaq üçün süzgəcdən keçirilirlər. Bu süzgəcdən İranın Konstitusiyasına, ölkənin ideoloji siyasi təməl prinsiplərinə sadiq olmayanlar keçmir. Necə ki, Ayətulla Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni Dini Ekspertlər Şurasına namizədliyini irəli sürəndə, o süzgəcdən keçə bilmədi.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

– Konstitusiya Mühafizləri Şurası parlament seçkilərində iştirak etmək istəyən 12 minə yaxın adama “yox” deyilib. Onların islahat tərəfdarları olduqları bildirilir.

– Konstitusiya Şurası, yəni, Nəzarət Şurası, – bunun bir başqa adı da Şuray-Nigahbardır, – 12 nəfərlik qurumdur. Bu qurum Khamenei-nin nəzarəti altında fəaliyyət göstərir. Bu qurumun səlahiyyətləri prezidentin, parlamentin səlahiyyətlərindən daha artıqdır. Namizədlərin qeydiyyata alınma mərhələsini Nəzarət Şurası həyata keçirir.Bunların imzası, icazəsi olmadan kiminsə namizədliyi qeydə alına bilməz.

– Ancaq İrana beynəlxalq sanksiyaların qaldırılmasından sonra siyasi həyatda da yumşaqlıq gözləyənlər vardı...

– İranda istənilən halda islahatlar getmədən, özəlliklə, Konstitusiya, kadr islahatları getmədən, fundamental kadr dəyişiklikləri aparılmadan, bu qüvvələr və bu düşüncələrlə islahatın gedəcəyini, dünyaya açılacaqlarını düşünmək sadəlövhlükdür. “İsrailə ölüm”, “Amerikaya ölüm” deyən adamlar necə birdən –birə “Amerika, səni sevirəm”, “İsrail səni sevirəm” deyə bilər? Amma İranda sərt xəttin nümayəndələri Qərblə növbəti mərhələdə danışıqlara getməkdən ötrü hazırlıq görürlər. Ehtimal etmək olar ki, parlament seçkisindən sonra formalaşacaq kabinet və s. bu hazırlıq mərhələsinin başlanğıcı olacaq.

– Bu seçki İranda yaşayan azərbaycanlılara nə verəcək? Yəqin ki, seçkidə iştirak edənlər olacaq.

– Azərbaycan türkləri İran əhalisinin böyük çoxluğunu təşkil edir. Şübhəsiz, onların da bu tip siyasi kampaniyalarda iştirakı istisna deyil, iştirak edirlər. Khamenei-nin özünün və tərəfdarlarının iştirakı bunu təsdiqləyir. Ancaq nəticə etibarilə, bu siyasi kampaniyanın da Azərbaycan türklərinin milli haqlarının təminatına bir töhfə verəcəyini düşünmək ağılsızlıq olardı. Bu tip seçki kampaniyaları İranın ərazi bütövlüyünün qorunması, İrandakı mövcud ideoloji-siyasi hakimiyyətin qorunmasına xidmət edir və bundan sonra da xidmət edəcək. Çünki İranda istər Azərbaycan türklərinin, ərəblərin, türkmənlərin, bəlucların, istərsə də başqa xalqların milli haqlarının təmin olunması üçün ölkədə ictimai-siyasi mühit olmalıdır. İranda bu mühit yoxdur. Azərbaycan türklərindən də bu seçkidə iştirak edən hansısa namizəd yekun nəticədə heç nə əldə edə bilməyəcək. Uzağı nə vaxtsa deyə bilər ki, “bizim də dilimiz var, ya da Urmu gölü əldən gedir”. Vəssalam. Ondan o yana gedə bilməz.

Buna da bax...

"Deyir 5 min ver, hasarını tik"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

XS
SM
MD
LG