Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:27

Azərbaycanda qoyun yunu su qiymətinə satılır


Qoyunlar
Qoyunlar

-

Tarix boyu Azərbaycanda qoyun bərəkətli heyvan sayılıb. Azərbaycan kəndlisi qoyunun istər ətindən, istər südündən, istərsə də yunundan öz dolanışığını təmin edib. İndi qoyunçuluqla məşğul olan fermerlərin əsas gileylərindən biri də yunun çox ucuz qiymətə satılmasıdır. Şamaxı rayonunda adının çəkilməsini istəmədiyindən şərti olaraq Sərvət Məmmədov adlandırdığımız bir fermer deyir ki, təsərrüfatında 300-dən çox qoyun var. Ancaq bu qoyunların yunundan elə bir gəlir götürə bilmir:

«Sovet dövründə yunun 1 kiloqramını 10 manata satırdıq. İndi uzun-uzadı alverçi axtarışından sonra yunun 1 kiloqramını 1 manat 50 qəpiyə satanda sevinirik. Yun demək olar ki, su qiymətinədir. Siz nəzərə alın ki, çoban qoyunun birini elə 1 manata qırxır. Bir qoyundan da ortalama 1 kiloqram yun götürmək olur. İri qoyun maksimum 1.5 kiloqram yun verir. Bu da ki, elə aldım qoz, satdım qoz oldu...».

«İNDİ KƏNDLƏRDƏ XALÇA, PALAZ TOXUYAN YOXDUR»

Sərvət Məmmədov deyir ki, onsuzda son illər Gürcüstandan, Dağıstandan xəstə, ucuz qoyunların idxalı onların təsərrüfatlarına böyük zərbə olub. Bir yandan da qoyun yunundan xeyir götürə bilmirlər:

«Sovet dövründə kəndlərdə qadınlar xalça, palaz toxuyardı. Bu yuna tələbat yaradardı. İndi kəndlərdə xalça, palaz toxuyan yoxdur. Üstəlik yun zavodları var idi. Elə biri Yevlaxda idi. Sonradan Sürət Hüseynovun rəhbərlik etdiyi zavod. İndi belə zavodlar da yoxdur. Yun zavodları açılsa, bu, qoyunçuluğun inkişafına böyük təkan olar».

YUN NİYƏ İNDİ UCUZDUR?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, təkcə yun zavodlarının açılışı fermerlərin üzünü güldürməyəcək:

«Fermerlər özləri üçün bir məsələyə aydınlıq gətirməlidirlər. Düşünməlidirlər ki, onlar qoyunun ətindən daha çox gəlir götürmək istəyirlər, yoxsa yunundan? Bu, vacib məsələdir. Çünki sovet dövründə əsas pula gedən «Merinos» qoyun cinsinin yunu idi. İndi Azərbaycanda saxlanan qoyunların yunu elə də keyfiyyətli deyil. Bəli, indi dünya bazarında qoyun yunu xeyli bahadır. Ancaq Avstraliya kimi ölkələrdə bundan ötrü xüsusi qoyun cinsləri yetişdirilir».

Vahid Məhərrəmov qeyd edir ki, bu vəziyyətin dəyişməsi kompleks tədbirlər tələb edir:

«Açılacaq yun zavodu müasir tələblərə cavab verməlidir, çünki onun məhsulu bazara çıxmalıdır. Üstəlik yun keyfiyyətli olmalıdır. Bundan ötrü Azərbaycan fermeri bu istiqamətdə yeni qoyun cinsləri yetişdirməlidir. Bu, asan məsələ deyil. Lap yeni cins qoyunlar əldə olundu, onları keyfiyyətli yemlə təmin etmək kimi vacib məsələ də öz həllini tapmalıdır. Çünki heyvanların yem təminatı çox ciddi və vacib məsələdir».

XS
SM
MD
LG