Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

7 il öncə BVF-dən üz çevirən Azərbaycan yenidən ona üz tutur


Dollar
Dollar

-

Rəsmi Bakı Beynəlxalq Valyuta Fonduna (BVF) münasibətini dəyişir. Bu qurumun Azərbaycan paytaxtındakı ofisi 2009-cu ildə bağlansa və həmin addım «Tərəflər arasında maliyyə proqramlarının olmaması və xərcləri azaltmaq zərurəti» ilə əsaslandırılsa da indi durum dəyişir. Vaxtilə neft pulları hesabına gəlirləri artan Azərbaycan hökuməti «qara qızıl» və milli manat dəyərsizləşəndən sonra BVF kreditlərinə ehtiyac duyduğunun siqnalını verir.

4 MİLYARD DOLLARLIQ TƏCİLİ YARDIM PAKETİ?

Bunu «The Financial Times»ın xəbəri təsdiqləyir. Qəzet yazır ki, yenidən BVF-yə üz tutan Azərbaycan həmin qurum və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinə dair danışıqlar aparır.

BVF və DB nümayəndələri sözügedən məsələnin müzakirəsi üçün artıq Bakıya gəliblər. OnlarınAzərbaycan hökumət rəsmiləri ilə görüşü fevralın 4-dək davam edəcək.

BVF AZƏRBAYCANA SONUNCU KREDİTİNİ 2005-Cİ İLDƏ AYIRIB

Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də daxil olub. Əməkdaşlıq dönəmində həmin fonddan 363 milyon dollar, o sıradan 248 milyon dollar güzəştli kredit alınıb. Bu kreditlər iqtisadi islahatlar aparılması öhdəliyi və müxtəlif proqramlar çərçivəsində ayrılıb. Sonuncu kredit 2005-ci ildə verilib. BVF israr etsə də, Azərbaycan o vaxtdan bərimaliyyə durumunun möhkəmliyini əsas gətirərək kredit götürməyib, olsa-olsa, fondun texniki yardımıyla razılaşıb.

Əməkdaşlıq dönəmində BVF Azərbaycanda bu proqramları gerçəkləşdirib:

- Yoxsulluğun azaldılması və iqtisadi inkişaf;

- Struktur quruculuğunun artırılması;

- Sistem dəyişikliyi;

- Əlavə maliyyələşmə proqramları.

Elxan Mikayılov
Elxan Mikayılov

«BÖYÜK HƏCMDƏ BORCLAR VERƏRKƏN...»

İqtisadçı ekspert Elxan Mikayılov hökumətin bu addımını zəruri islahatlara dəstək sayır: «Beynəlxalq maliyyə qurumları böyük həcmdə borclar verərkən, zəruri islahatlara dair hökumətin razılığını alır və sonra bu islahatların aparılmasında hökumətə yardım edir. Bu, ən vacib məqamdır».

Onun qənaətinə görə, böhran şəraitində islahatların beynəlxalq təcrübəyə uyğun aparılması çox önəmlidir: «Hökumət götürdüyü islahat öhdəliklərini yerinə yetirməsə, növbəti ödənişlər aparılmır. Beləcə, islahata məcbur edilir».

«NEFT FONDU VƏSAİTLƏRİNDƏN İSTİFADƏDƏNSƏ...»

Elxan Mikayılov düşünür ki, indiki şəraitdə Neft Fondu vəsaitlərindən istifadədənsə beynəlxalq maliyyə qurumlarından borc götürmək daha faydalıdır: «Bu, vəsaitlərin beynəlxalq təcrübəyə uyğun və effektiv istifadəsinə zəmin yaradacaq. Çünki beynəlxalq təcrübə və tələblər olmadan Neft Fondunun resurslarından istifadə istənilən nəticənin əldə olunmasına zəmanət vermir».

Natiq Cəfərli
Natiq Cəfərli

Başqa bir ekspert - Natiq Cəfərli isə borclanmanı bəsit və təhlükəli yol sayır: «Məncə, hökumət vəziyyətdən çıxmaq üçün ən primitiv və təhlükəli yolu – borclanmanı seçdi. Ölkənin ümumi borcu 22 milyarda yaxındır. Bunun 7.5 milyardı dövlət borcu, 8.5 milyardı dövlət zəmanəti ilə şirkətlərin borcu, 5.7 milyardı isə bank sektorunun borcudur.Deməli, borc ÜDM-in 60 faizini aşır».

«BORCLAR DA BÖYÜK NEFT PULLARI KİMİ...»

Ekspert belə borclanmanın artmasını Azərbaycanın gələcəyi üçün təhdid kimi qiymətləndirir: «İndiki qeyri-effektiv sistemdə borclar da böyük neft pulları kimi qeyri-şəffaf xərclənəcək. İqtisadiyyata ciddi dəstək olmayacaq».

Ekspert Vüqar Bayramov fərqli düşünür və ötən ilin dekabrında Azərbaycana daha 7 milyard dollar xarici borc cəlb etmək barədə öz təklifini xatırladır: «O zaman hökumət buna isti yanaşmadı -borcun asılılığımızı artırmayacağını əsaslandırsam da».

Vüqar Bayramov
Vüqar Bayramov

Onun sözlərinə görə, xarici borc cəlbi indiki halda qaçılmaz idi: «Xarici borc, cari hədəf olaraq, valyutaya tələbin ödənməsinə imkan verməlidir. Bundan ötrü borc yerli banklar vasitəsi ilə konvertasiya edilməlidir. İkincisi, xarici borc qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı rolunu oynamalıdır. Bunun üçün də borcun güzəştli kreditlər şəklində kiçik və orta sahibkarlara verilməsinin tərəfdarıyıq. Böhran dövründə bizdə də çevik iqtisadi siyasət aparılmalıdır. Siyasəti dəyişdirməyə və real sektorda yeni dəyər yaradacaq genişlənmə fəaliyyətlərinin başlanmasına ehtiyac var».

«BORC ŞƏFFAF VƏ SƏMƏRƏLİ XƏRCLƏNƏRSƏ…»

Vüqar Bayramov xarici borcdan şəffaf istifadəni başlıca amillərdən sayır: «Səmərəlilik də birbaşa bu amildən asılı olacaq. Ona görə də, təklif edirəm ki, xarici və yerli ekspertlərin iştirakı ilə xüsusi komissiya formalaşdırılsın. Bu komissiya sahibkarların investisiya təkliflərini müstəqil, şəffaf və obyektiv şəkildə qiymətləndirsin və kreditlərin verilməsinə dair rəy hazırlasın. Borc şəffaf və səmərəli xərclənərsə, mövcud iqtisadi vəziyyətdən mümkün qədər qısa müddətdə çıxmaq olar».

XS
SM
MD
LG