Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

S.Freud'in son günləri və sonuncu əsəri


Freud The Man and the Cause A Biography, by Ronald W.Clark, a book cover
Freud The Man and the Cause A Biography, by Ronald W.Clark, a book cover

-

“Musa və təktanrıçılıq” kitabı işıq üzü görən kimi inanclı yəhudilərdən başqa, çox geniş bir çevrədə də bu əsəri Freydin ən uğursuz elmi işlərindən biri kimi dəyərləndirməyə başladılar.

Ronald W.Clark

“Freyd bir insan və yaradıcı şəxsiyyət kimi” kitabından bir parça

Ronald W.Clark. S.Freud haqqında kitabın üz qabığı
Ronald W.Clark. S.Freud haqqında kitabın üz qabığı

...1938-ci ilin payızında Freydin (Sigmund Freud) həyat enerjisi tükənmək üzrə idi. Enerjisinin son qalıqlarının hamısını o, məzmunu ilə bir partlayış effekti doğura biləcək sonuncu kitabına sərf eləməkdə idi.

Bu, Freyddən öncə də, dönə-dönə irəli sürülmüş, Musanın misirli olması ilə bağlı hipotezdən danışan üç essedən və onlardan öncə yazılmış iki sözönündən ibarət olan “Musa və təktanrıçılıq” adında bir kitab idi.

Belə bir mübahisəli ideyanı araşdırmaq və doğrultmağa çalışmaq, bu işi görmək istəyənin kimliyindən asılı olmayaraq, ictimai mühitdə coşqun etirazlarla qarşılanmaya bilməzdi; Freyd kimi, özünün yəhudi olduğunu açıq-aydın vurğulayan birisinin belə bir əsər yazması isə intellektual dönüklük kimi də dəyərləndirilə bilərdi.

Freyd öz yəhudi kökünə ürəkdən bağlı olduğunu gizlətmirdi və onun bu duyğularına heç kim şübhə də eləmirdi, elə buna görə də “Musa və təktanrıçılıq” kitabı inanclı yəhudilər arasında da ona qarşı çox güclü narazılıq yaratmaya bilməzdi.

Çox-çox illər qabaq, yəhudi olan tanışı Maks Qrafın öz oğlunu xaç suyuna saldırıb xristian inancına gətirmək istədiyini eşidəndə Freyd ona çox kəskin bir məktub yazmışdı:

“Siz öz oğlunuza yəhudi kimi böyümək imkanı verməsəniz, onu başqa heç bir qaynaqdan ala bilməyəcəyi bir gücdən məhrum eləmiş olacaqsınız. Qoy o, həyatla bir yəhudi kimi döyüşsün, siz ona, bunu bacara bilmək üçün ala biləcəyi gücün qaynağını tapmaqda kömək eləyin. Onun bu üstünlüyünü əlindən almayın”.

Carl Gustav Jung
Carl Gustav Jung

1909-cu ildə Freyd yəhudi kökənli Karl Yunqa demişdi:

“Karl Yunq özünün İoşua bin-Nun adı ilə psixoanalizin yaşayacağı münbit torpaqlarda öz yerini həmişəlik bərkidə biləcək, Freyd isə öz əcdadı Musa kimi bu torpaqlara ayaq basa bilməyəcəkdir”.

Freyd, onu 70 illik yubileyinə görə təbrik eləyən Artur Şnitslerə yazırdı:

“Mənim yəhudi olmağımla bağlı daşıdığım duyğular hələ də korşalmadan qalmaqdadır”, yenə də onu yubileyinə görə təbrik eləyən isveçrə yəhudilərinin həftəlik “Yudişe pressen-sentrale” dərgisinə isə yazmışdı:

“Mən həmişə mənsub olduğum xalqla qırılmaz tellərlə bağlı olduğumu yetərincə duymuşam və öz uşaqlarımı da bu ruhda böyütmüşəm...”

Mənim bütün dinlərə, o sıradan yəhudi dininə də, münasibətim olduqca pisdir.

Ömrünün sonuna yaxın, onu İngiltərəyə köçməsi münasibəti ilə təbrik eləyən “Yəhudi elmi institutunun” təbrikinə isə belə bir açıq cavab vermişdi:

“Siz, sözsüz, mənim öz yəhudiliyimdən sevinc və qürur duyduğumu, habelə, bunu gözə çarpdırmaqdan çəkinmədiyimi bilməmiş deyilsiniz, ancaq buna baxmayaraq, mənim bütün dinlərə, o sıradan yəhudi dininə də, münasibətim olduqca pisdir”.

Hitlerin hakimiyyətə gəlməsi, onun: yəhudilərin insanlığın ziyanlı və yamanlığa qulluq eləyən bir soyu olması ilə bağlı olan bəlli nəzəriyyəsinin ortaya çıxması, Freydi yəhudiçiliklə bağlı baxışlarını yenidən dəyərləndirməyə, öz xalqının tarixi inkişaf yoluna dərindən yanaşmağa və yəhudilərin nədən ardıcıl olaraq izlənib sıxışdırılmasının səbəblərini araşdırmağa yönəltmiş oldu.

S.Freud öz kabinetində
S.Freud öz kabinetində

Bu sorğulara Freydin cavabı, Musanın fironların rəsmi dini ilə müxaliflik eləyən misirli olması və öz yan-yörəsinə ardıcıllar toplayaraq onları Misirdən uzaqlaşdırması ilə bağlı hipotezi yenidən gündəmə gətirmək oldu.

Bu kitabla bağlı o bir dəfə Arnold Sveyqə demişdi: yeni əsərim “Musa adlı bu adam” adlanan “tarixi roman” olacaqdır, ancaq Freyd ona bu kitabın, görünür, heç vaxt çap oluna bilməyəcəyini də çatdırmışdı.

Kitabın çap oluna bilməməsini isə Freyd yaşadığı Avstriyanın katolisizm inancında olması və belə bir kitabı katoliklərin özlərinin təhqir olunması sayacaqları ilə əsaslandırmışdı. İkincisi də, psixoanalizin yaradıcısının belə bir kitab yazması bu nəzəriyyənin Avstriyada bütünlüklə yasaqlanmasına gətirib çıxara bilərdi.

Bu danışıqdan bir neçə həftə sonra Freyd Sveyqə və Eytinqtona yazdığı məktublarında kitabı çap elətdirmək istəməməsinin başqa bir ciddi səbəbini göstərmişdi.

Stefan Zweig
Stefan Zweig

Burada o, öz araşdırmalarının tarixi baxımdan yetərincə doğruldula bilmədiyini göstərirdi.

Freyd yazırdı: tarix üzrə mütəxəssislər çox asanlıqla məni bir cızmaqaraçı kimi sıxışdıra və yazdıqlarımı gözdən sala bilərlər.

Sveyqə məktubunda isə bu işi dayandıracağı ilə bağlı yazırdı: “Beləliklə də, ən yaxşısı elə bu riskli işi bir qırağa qoymaqdır”.

Ancaq Freyd bu işdən çox uzun müddət üçün ayrıla bilmədi və dediyinə görə, bu mövzu “gorda rahatlıq tapa bilməyən gəzərgi bir ruh kimi” gecə-gündüz onu izləyib əzab verirdi.

1937-ci ildə Freyd bu mövzuya yenidən qayıdır və kitabın əsasını təşkil eləyən üç məqalədən ikisini yazıb özünün nəşr elədiyi “İmaqo” jurnalında çap elətdirir.

Birinci məqalədə o yenidən Musanın misirli olması ilə bağlı olduqca sadə bir tezis irəli sürürdü, ikinci məqalədə isə(“Əgər Musa misirli olmuşsa”), irəli sürdüyü birinci tezisə arxalanaraq Bibliya mətnlərini özünəməxsus bir metodla araşdırırdı.

İşıq üzü görən ilk iki esse necə aranı qarışdıra biləcək bir gücdə olsa da, ancaq Freyd bunlarda başlıca məqsədindən yan keçilmişdi və özünün əsas ideyalarını və onlarla bağlı incələmələrini çox geniş olan üçüncü essedə vermişdi.

Freyd özünün bu üçüncü essesi ilə bağlı yazırdı: “bu essedə yazdıqlarıma qarşı çıxış etməyə tənqid üçün geniş meydan vardır və mənim monoteist(təktanrıçı) dinlərin və ümumiyyətlə dinlərin mənşəyi ilə bağlı gəldiyim sonucları bütün aydınlığı ilə üzə çıxardığı üçün bu esse olduqca qorxuludur”.

Bütün bunlara görə də Freyd bu esseni gizlin saxlayaraq üzə çıxarmamış və görünür, onu haçansa çap elətdirəcəyini düşünməmişdir.

Kitabın ilk iki başlığını “İmaqo” jurnalı üçün redaktə eləyəndə Freyd bu, üçüncü essenin də üzərində işləyib, 1938-ci ilin başlanğıcında onu tamamlamışdı.

S.Freud oğlanları ilə
S.Freud oğlanları ilə

Bu əsərdə Freydin çoxdan vurğunu olduğu bir ideya gizlənmişdi, onun hələ çox öncələr, “Totem və tabu” əsərində gəldiyi:

“din kollektiv nevrozdur və onun insanların üzərindəki ağlagəlməz ağalığı da nevrozun ona yoluxan insanlar üzərindəki ağalığı kimidir” ideyasının biraz da tutarlı və geniş ifadəsi bu essedə bütün dolğunluğu ilə göstərilmişdi.

Freydin kitaba yazdığı ön sözdə: sanasan, bu üçüncü başlıqda hansısa bir yeniliyin olmamasını deməsinin əksinə olaraq, əslində burada onun dinlə bağlı baxışları “Totem və tabu” əsərindəki baxışlarından qat-qat kəskin olması ilə seçilir.

“Totem və tabu” əsərində o, çox uzaq tarixi keçmişlərdə dinin necə yaranmasından danışırdı, burada isə o, bir zərbə ilə yəhudi dininin və xristian kilsəsinin özülünü sarsıdacaq bir iş görmüşdü.

Freyd bu əsərinin hələ o çağlar Avstriyanı tutmamış Hitlerin işinə yarayacağından da çəkinərək yazırdı: “artıq az-çox razılığa gəlib barış içində yaşaya bildiyimiz köhnə düşmənə(katolisizmə) baxanda bu yeni düşmən(Hitler) qat-qat qorxuludur və mən bu əsərimlə ona yardımçı olmaq istəməzdim”.

Ona görə də, bu əsərin içindəki ən kəskin yerin gizli saxlanılması yalnız köhnə düşməni–katolik kilsəsini qıcıqlandırmamaq üçün idi.

Bütün bunlara görə də, Freyd “Musa və təktanrıçılıq” əsərinin bu sonuncu hissəsinin heç bir təhlükə duymadan işıq üzü görə biləcəyi zamanlara kimi gizlində qalmasını, ya da gələcəkdə kiminsə, eyni ilə bu ideyalara gəlib çıxmasından sonra: “sən demə, o uzaq və qarmaqarışıq günlərdə də mənim bu eləyə bildiklərimi bacara bilmiş bir insan yaşamışdır” deməsi ilə üzə çıxmasını istəyirdi.

Ancaq Avstriyanın Almaniyaya birləşdirilməsi və Freydin İngiltərəyə köçməsindən sonra, durum kökündən dəyişdi və Freyd bununla bağlı yazırdı:

“İngiltərəyə gəldiyim ilk günlərdən başlayaraq yeni əsərimdə gəldiyim nəticələrlə bütün dünyanı tanış eləyə bilmək düşüncəsi məni yenidən çulğadı və mən üçüncü esseni yenidən işləyib onu çap olunan o biri iki esse ilə uzlaşdırmaq üzərində düşünməyə başladım”.

Freydin kitaba yazdığı ikinci ön sözdə bildirdiyi kimi, üçüncü essenin üzərində işləsə də, ancaq bu hissəyə özündən qabaqkı iki esse kimi bədiilik donu geyindirə bilməmişdi.

Buna baxmayaraq, bu essenin yəhudiliyin mahiyyətini aydınlaşdırmaqda çox böyük dəyəri olduğu danılmaz idi və Freydin belə bir əsəri ortaya çıxarmaqla bağlı planı bəlli olan kimi çoxlu yəhudi alimləri (o sıradan, həmin çağlarda Bibliyanın ən güclü bilicisi sayılan professor Yəhuda da bunların arasında olmuşdu) Freydin görüşünə gəlmiş, onu bu əsəri çap elətdirməkdən daşındırmağa çalışmışdılar.

Freud'in məşhur əsərlərindən biri Azərbaycan dilində
Freud'in məşhur əsərlərindən biri Azərbaycan dilində

Bu əsəri çap elətdirməklə üzərinə necə bir məsuliyyət götürdüyünü anlayan Freyd Çarlz Zingerə (Charles Zİnger) göndərdiyi məktubunda yazırdı:

“Mən bu əsərimlə öz xalqımı azacıq da olsa belə aşağılamağa çalışmamışam. Ancaq nə edə bilərəm? Mən bütün ömrümü elmi gerçəkliklərin araşdırılmasına və üzə çıxarılmasına həsr eləmişəm, həm də, bu iş mənim özümə və ardıcıllarıma qarşı qorxu törədəndə belə bundan çəkinməmişəm. Mən öz ömrümü gördüyüm işləri inkar eləməklə bitirə bilmərəm”.

O, bərk tələsirdi. Artıq Amsterdamda kitabın almanca nəşri üçün razılaşsa da, ancaq o arası kəsilmədən, arvadı bu kitabı ingiliscəyə çevirən Ernst Consa (Ernest Jones) məktublar yazır və tərcümə işini tez qurtarmaqda təkid eləyirdi.

Bu kitabı çap elətdirməkdən onu çəkindirən Avstriyada psixoanalizin taleyi ilə bağlı qorxunun olduğunu, bu işdə yəhudiləri özünə qarşı qaldıracağından azacıq da olsa qorxmadığını xatırlamaqla yanaşı, onun “Yəhudi elmi institunun” prezidenti Yakob Meytlislə görüşdə dediyi sözlər Freydin bu baxımdan gəldiyi sonuncu qənaətlərini bütün aydınlığı ilə gözə çarpdırmaqdadır.

Bütün yəhudi icmasının Freydin düşüncələrini öyrənmək yanğısını dilə gətirmiş qonağını çox da gözlətmədən Freyd özünün təktanrıçılıqla bağlı nəzəriyyəsini açıq şəkildə ona danışmışdı.

Bununla bağlı Yakob Meytlis (Jacob Maitlis) yazırdı:

“O, dinlərin heç birinə sayğı ilə yanaşmır. Onun düşüncəsinə görə, bütün dinlər insanlar tərəfindən yaradılmışdır və o, bu inanclarda heç bir müqəddəslik görmür. O, elmin vəzifəsinin bu gerçəkliyi insanlar üçün açıqlaya bilməsində və mənəvi təkamülü keçmişdən qalma bütün bu yad elementlərdən təmizləyib onu doğru yola yönəltməkdə görür. O, bu elədiyi işə görə çoxluğun nifrətini qazanacağını yaxşı anlayır. Ancaq buna baxmayaraq, kitabının tezliklə işıq üzü görəcəyindən çox razıdır. O özü də “bu kitabının yəhudiləri incidəcəyini bildiyini” deyir”.

“Musa və təktanrıçılıq” 1939-cu ilin martında Amsterdamda alman dilində çapdan çıxdı və Freyd bu kitabın ona göndərilən müəllif üçün olan nüsxələri ilə bağlı Hans Zaxsuya yazırdı:

Zigmund Freud
Zigmund Freud

“Bugün buraya iki nüsxə “Musa” gəlib çıxdı. Düşünürəm, artıq bundan sonra ləyaqətlə dünyadan köçəcəyimi deyə bilərəm”.

Ancaq Sveyqə(o sıradan, daha bir neçə ürək qızdırdığı adamlara) yazdığı məktublarda bu kitabı yəhudilərin çox ağır çətinliklərlə üzləşdiyi bir çağda çap elətdirdiyinə görə dərindən təəsüfləndiyini də yazıb, bunları da qeyd eləyirdi:

“Onların əlindən hər şeyin alındığı bir çağda mən də onlaın əlindən ən böyük saydıqları bir adamı aldım”.

“Musa və təktanrıçılıq” kitabı işıq üzü görən kimi inanclı yəhudilərdən başqa, çox geniş bir çevrədə də bu əsəri Freydin ən uğursuz elmi işlərindən biri kimi dəyərləndirməyə başladılar.

Bunun başlıca səbəbi Freydin bu əsəri, bəlli səbəblərdən, çox qarmaqarışıq bir quruluşda tərtib etməsi olmuşdu: kitabın bölmələrinin ayrı-ayrı vaxtlarda yazılması, dönə-dönə redaktə edilməsi, sonradan aparılan artırmalar əsəri xaotik bir quruluşa gətirib çıxarmışdı.

Vyanada Freydin ev muzeyindən
Vyanada Freydin ev muzeyindən

Freydin çox yaşlı olmasının da bütün bunlara təsiri vardı...

Ancaq necə qəribə olsa da, kitabın başlıca hissələri, bioloqların tənqidi qarşısında yetərincə dözümlü olmasına baxmayaraq, Bibliya tərəfdarlarının qınaq və tənqidləri qarşısında çox möhkəm duruş gətirməyi bacarmışdı.

Bioloqların tənqidi isə Freydin burada irsiyyətlə bağlı Lamarkın (Jean-Baptiste Lamarck) nəzəriyyəsindən yararlanması və yəhudilərin yüzilliklər boyunca nəsildən nəsilə ötürülən özünü günahkar sayma duyğusunun səbəbini bu nəzəriyyə ilə yozmağa çalışması olmuşdu.

Kitab çap olunanda Freydin ölümünə vur-tut altı ay qalmışdı... 1939-cu ilin bütün sentyabr ayı boyunca onun vəziyyəti dayanmadan ağırlaşırdı. O artıq, demək olar, nə yemək yeyə, nə su içə, nə də yata bilirdi*.

21 sentyabrda artıq 11 il ərzində onun şəxsi həkimi olan Maks Şur (Max Schur) Freydin çarpayısının yanında oturanda Freyd ona dedi:

“Dəyərli Şur, siz yəqin mənimlə olan ən birici danışığınızı unutmamısınız. Siz onda ömrümün sonu gəlib çatanda məni yalqız və köməksiz qoymayacağınıza söz vermişdiniz. İndi mənim həyatımda əzab çəkməkdən başqa bir şey qalmamışdır və mən artıq yaşamağımda bir məna görmürəm”.

Şur Freydin yanında həkimliyə başlayanda olmuş bu danışıqları unutmamışdı... Sonradan o, yazırdı:

“O, yenidən huşunu itirəndə mən onun bədəninə iki kubik morfi vurdum. O yüngülləşdi və dərin bir yuxuya getdi. On iki saat sonra, o hələ yuxudaykən mən ona bir də bu dozada morfi vurdum. Onun həyat enerjisi tükəndiyindən, bu dozadan sonra o, komaya düşdü və bir daha ayılmadı. O, 1939-cu ilin 23 sentyabrında səhər saat üçdə keçindi...”

*1923-cü ildə Freydin ağız boşluğunda xərçəng xəstəliyi tapılmışdı və bununla bağlı onun üzərində 33 çox ağır cərrahi əməliyyat keçirilmişdi. Sonuncu belə əməliyyat Ferydin 83 yaşı olanda, Londonda, 1939-cu ilin avqust ayında olmuşdu.

Rus dilindən Araz Gündüz çevirib

XS
SM
MD
LG