Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

«Buranı xarabaya çevirdilər ki, evlərimizi qoyub qaçaq»


Söküntü
Söküntü

-

«Bizi blokada şəraitində saxlayırlar. Hər an evimizin söküləcəyi qorxusu ilə yaşayırıq. Hökumət bizi qorxu altında saxlayır».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Yasamal rayonunda «Qanlı göl» adı ilə tanınan ərazidə yaşayan sakinlər deyir. Bir müddətdir ki, Yasamal rayon İcra Hakimiyyəti burada söküntü işləri aparır. Ərazidə yaşayanların çoxu məcburi köçkünlərdir.

«BİZƏ XARABALIQDA YAŞAMAQ QALDI»

Məcburi köçkün Səfər Səfərov deyir, 2 ildən çoxdur ki, ərazi xarabalığa çevrilib. Ancaq adamları köçürmürlər:

«Düzü, heç özləri də nə etdiklərini bilmirlər. Bir də görürsən, iş dayanır, bir də görürsən, qarışqa kimi tökülüşdülər yenə... Şəhərə gedən yolu dağıdıblar. Kanalizasiya, qaz xətləri kəsilib. İşıqsız, qazsız, susuz qalmışıq. Elə evlər var ki, divarını dağıdıblar, ev sahibi dağılmış hissəni xalçayla, sellofanla örtüb ki, soyuqdan donmasın. Bax, vəziyyətimiz budur».

Söküntü işləri ötən il başlayıb və yarımçıq qalıb. Hazırda ərazidə iş getmir. Əvəzində isə burada yaşayanlar əziyyət çəkir. Sakin davam edir:

«Nə burdan yol keçmədi, nə abadlıq aparılmadı, nə biz köçürülmədik… Büdcədən pul da qurtardı… Bizə isə xarabalıqda yaşamaq qaldı. Siçovullar, kərtənkələlər ayağımızın altındadır».

KÖÇKÜNLƏR KÖÇÜRÜLÜB

Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi məcburi köçkün ailələrini yeni mənzillərə köçürüb. Hazırda ərazidə qalanlar yerli sakinlərdir.

Ümumilikdə, ərazidə azı 40 ailə yaşayır. Ailələr başqa yerə köçmək istəyirlər. Ancaq bir söhbətdə sözləri üst-üstə düşmür: sakinlər kompensasiya tələb edirlər. Hökumətsə onları kompensasiya ödəmədən evlərindən çıxarmaq istəyir. Sakin belə deyir:

«Hökumət gözləyir ki, biz yaratdıqları xarabalıqdan bezək, evimizi atıb gedək. Bizimsə getməyə başqa yerimiz olmadığı üçün hökumətə deyirik ki, vaxt itirməyə dəymir, bizə mənzil ala biləcəyimiz qədərində kompensasiya ödəsin, çıxaq gedək».

Yasamal rayon İcra Hakimiyyəti ərazidəki ailələrə evlərindən çıxmaları üçün xəbərdarlıq edib.

«QANUNSUZ TİKİLİLƏRDİR»

İcra hakimiyyətindən onu da bildiriblər ki, ərazidəki evlərin çoxu qanunsuz tikililərdir. Bununla belə həmin tikililərdə yaşayanlara kompensasiya təklif olunub. Lakin sakinlər daha böyük məbləğlərdən söz açdıqları üçün söhbət beləcə də qalıb.

Qurumdan deyilənə görə, 3 ay əvvəl başçı sakinlərlə görüşsə də, yenə ortaq razılığa gələ bilməyiblər. Çünki sakinlər 20 ildən çoxdur ki, ərazidə yaşadıqlarını iddia edirlər. Məsələn, elə Səfər Səfərov kimi:

«Mən 22 ildir burada ev tikib yaşayıram. Əgər hansısa sərəncama, mənzilə «kupça»ya görə məndən rüşvət istənilibsə və mən bu günə qədər də o sərəncamı rüşvət vermədiyim üçün əldə edə bilməmişəmsə, təqsir kimdədir? 22 ildə niyə bir adam qapımı döyüb demədi ki, evinin sənədi yoxdur?.. Hər halda, hamı bilir ki, Azərbaycanda evə sənəd almaq adama ev tikməkdən baha oturur».

İndi icra hakimiyyəti sakinlərin razılığa gələcəyi günü gözləyir. Sakinlərsə istədikləri kompensasiyanı almamış evlərindən çıxmaq fikrində deyillər.

XS
SM
MD
LG