Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Əli Kərimli: «Aksiyanı xəlvət keçirmirik»


Əli Kərimli
Əli Kərimli

-

«AXCP mitinqlərini xəlvət keçirmir». Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hüquq-mühafizə orqanlarının bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda dediklərinə münasibət bildirərkən belə söylədi. O, AzadlıqRadiosuna deyir ki, rəsmi açıqlamadakı fikirlərin əsası yoxdur:

«Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özü tərəfindən həyata keçirilən etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir».

Əli Kərimlinin fikrincə, Azərbaycan hökuməti məlumatsız insanlara təlqin etmək istəyir ki, guya bu mitinqləri də müxalifət keçirir və bu, siyasi hakimiyyət uğrunda mübarizənin elementidir. «Yalandır. Tək bizə yox, xalqımıza böhtandır. Xalqımız bu gün yüksək siyasi mədəniyyətlə keçirdiyi etirazları ilə nümayiş etdirir ki, bu qədər haqsızlığa rəğmən yenə təmkinlidir», - AXCP sədri bildirir.

«İLLƏRDİR HAKİMİYYƏT MÜXALİFƏTİN OLMADIĞINI DEYİRDİ, ANCAQ İNDİ...»

Müsavat Partiyası başqanı Arif Hacılı bu aksiyaları onların təşkil etmədiyini bildirir. Və əlavə edir ki, yaxın zamanda siyasi aksiya keçirmək haqqında qərar qəbul etməyiblər. Belə bir qərar verəcəkləri halda isə ilk növbədə qanunvericilik çərçivəsində müvafiq orqanlara müraciət edəcəklər.

Arif Hacılı
Arif Hacılı

Partiya başqanı hakimiyyəti məntiqsiz davranmaqda suçlayır:

«İllərdir ki, siyasi hakimiyyət ölkədə müxalifətin olmadığını, partiyaların strukturlarının dağıldığını və cəmiyyətdə nüfuzunu itirdiyini iddia edir. Ancaq indi respublika miqyasında ciddi etiraz dalğası gedir, insanlar nöqsanlara, iqtisadi böhrana, həyat səviyyələrinin birdən-birə iki dəfə aşağı düşməsinə etiraz edərək meydanlara çıxır, haqqını tələb edir. Hakimiyyət bu halda proseslərin müxalifət tərəfindən təşkil olunduğunu iddia edir. Burda məntiq yoxdur».

Arif Hacılı bölgələrdəki aksiyalar haqqındasa bunları deyir: «Hakimiyyətin yarıtmaz iqtisadi siyasəti nəticəsində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar etirazlar təbiidir. Hakimiyyət bunu normal qarşılamalıdır. Hakimiyyət nümayəndələri zorakılıqla aksiyaların qarşısını almaq əvəzinə problemləri həll etmək barədə düşünməlidir».

Yanvarın 12 və 13-də Azərbaycan bölgələrində bahalaşmaya, işsizliyə etiraz olaraq etiraz aksiyaları keçirilib.

Yanvarın 13-də hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada deyilir ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsuda törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.

Rəsmi məlumatda 55 nəfərin saxlanıldığı deyilir. Bəzi rayonlara hərbi texnika və əsgər yeridilib.

XS
SM
MD
LG