Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

“Əliyev-Obama görüşündə siyasi məhbus məsələsi şərt kimi qoyulmalıdır"


Xədicə İsmayıl
Xədicə İsmayıl

►"Məşədi Natiqin İran kəşfiyyatı, yaxud dini strukturlar ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir"

“İlham Əliyevin Barack Obama ilə görüşündə mütləq insan haqları və siyasi məhbus məsələsinin həlli şərt kimi qoyulmalıdır. İlham Əliyev kimi elementar insan haqları məsələlərində yarıtmaz siyasət yürüdən, heç bir sağlam məntiqə sığmayan daxili siyasət sərgiləyən, beynəlxalq təşkilatlara qarşı öhdəliklərində etibarsız olan prezidentlərin nüvə təhlükəsizliyi kimi ciddi müzakirələrə qatılması beynəlxalq ictimaiyyətdə kinayə ilə qarşılanmırmı? Dəvət, başa düşürəm ki, Helsinki Komisiyyasında dinləmələrdən əvvəl göndərilib. Amma ABŞ-ın icra strukturlarının insan haqları məsələsində qanunverici orqandan bu qədər geridə qalması gülməlidir”.

Həbsdə olan jurnalist Xədicə İsmayılova ABŞ prezidenti Barack Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Nyu-Yorkda keçiriləcək nüvə sammitinə dəvət etməsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.

Jurnalistin vəkilləri Yalçın İmanovla Fariz Namazlı yanvarın 8-də ona baş çəkiblər.

Vəkillərin dediklərinə görə, X.İsmayılova bildirir ki, İlham Əliyevin Barak Obama ilə görüşü mütləq insan haqları və siyasi məhbus məsələsinin həlliylə şərtlənməlidir:

“Ümumiyyətlə, İlham Əliyev kimi elementar insan haqları məsələlərində yarıtmaz siyasət yürüdən, heç bir sağlam məntiqə sığmayan daxili siyasət sərgiləyən, beynəlxalq təşkilatlara qarşı öhdəliklərində etibarsız olan prezidentlərin nüvə təhlükəsizliyi kimi ciddi müzakirələrə qatqısı beynəlxalq ictimaiyyətdə kinayə ilə qarşılanmırmı?”.

Buna da bax: Vergilər Nazirliyi müğənniləri “ciddi nəzarət”ə götürüb

Jurnalist Natiq Kərimovun həbsinə də toxunur.

Məşədi Natiq
Məşədi Natiq

Xədicə İsmayıl Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi məsələsinə də münasibət bildirib:

“Məşədi Natiq Kərimova qarşı irəli sürülən ittiham çox gülünc görünür. Mən şantajla üzləşəndə Nardaran Ağsaqqallar Şurası və Natiq Kərimov ateist jurnalistə dəstək göstərmişdilər. Məşədi Natiq dünyəvi yanaşmasıyla fərqlənən dindarlardan biridir. Onun İran kəşfiyyatı, yaxud dini strukturlar ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir. Zatən hər bir müxalifə, tənqidçiyə heç olmasa bir dəfə xarici casus damğası vurulmayıbmı? Nə mən, nə də ağlı başında olan başqa adamlar yalançı casus nağıllarına inanmırıq. Görünən budur ki, MTN-in sadəcə adı dəyişib, mahiyyətcə DTX Mahmudov-Çovdarov bandasının üslubunu davam etdirir. Mən, ateist, dünyəvilyin təəssübkarı İranın təsirindən ehtiyatlanan bir adam kimi bu ittihamı təbəssümlə qarşıladım”.

Vəkillər görüşmək üün xeyli gözləməli olublar

Vəkillər həmçinin jurnalistin saxlandığı cəza çəkmə müəssisəsində onunla görüşərkən süni əngəllərlə üzləşdiklərini deyirlər. Onların sözlərinə görə, təxminən iki saata yaxın müəssisənin qarşısında gözlədikdən sonra sonra görüşə icazə verilib:

“Cəza çəkmə müəssisəsinin rəhbərliyi hesab edir ki, bizim görüşlə bağlı 2015-ci il dekabrın ortalarında Penitensiar Xidmətdən aldığımız icazə məktubunun müddəti keçib və 2016-cı il üçün yeni icazə məktubu alınmalıdır. Biz qanunvericilikdə belə bir absurd norma və ya göstərişin olmadığını bildirdikdən sonra, onlar dedi ki, Penitensiar Xidmət bütün cəza çəkmə müəssisələrinə görüşə icazə ilə bağlı məktubların hər il təzələnməli olması barədə məktub göndərib. Nəhayət, xeyli vaxt keçdikdən və güman ki Penitensiar Xidmətlə əlaqə saxladıqdan sonra görüşə icazə verdilər”.

Amma görüşə icaz verilsə də, Avropa Məhkəməsinin X. İsmayılovanın qanunsuz həbsilə bağlı kommunikasiya sənədlərinin içəri keçirilib, onunla müzakirə aparılmasına icazə verilməyib.

Belə ki, həmin sənədlər ingilis dilində olduğundan müəssisə rəhbərliyi bu sənədlərin tərcümə olunub onlara verilməsi və senzuradan keçirildikdən sonra Xədicə İsmayılovaya təqdim edə biləcəklərini bildirdi.

Vəkillər bunu kobud qanun pozuntusu və müdafiənin səmərəliliyinə mane olmaq kimi qiymətləndiriblər. Onlar cəza çəkmə müəssisəsinin həm görüşə yaratdığı süni müdaxilələr, həm də müdafiənin effektivliyinə mane olmaq cəhdləriylə bağlı hüquqi addımlara əl atacaqlarını bildiriblər.

«Ana, möhkəm ol, məni buraxmayacaqlar»
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00

XS
SM
MD
LG