Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Daş karxanalarına ikinci zərbə…


Daş karxanası
Daş karxanası

-

Yanvarın 1-dən Azərbaycanda mədən vergisi dərəcələri artıb. Artım ən çox mişar daşındadır. Ötən il 1 kubmetr mişar daşı üçün 50 qəpik vergi ödənilirdisə, indi bu, 2 manat olub. Ən az artım isə yarımqiymətli bəzək daşları və duzda olub. Təqribən 1.5 dəfə.

Karxana sahibləri vergi dərəcələrinin artırılmasını onların fəaliyyətlərinə ikinci zərbə sayırlar.

Qaradağ rayonunda şərti olaraq Fazil Məmmədov adlandırdığımız bir karxana sahibi deyir ki, ölkədə tikinti sektorunun çökməsi onsuz da onların fəaliyyətini bir xeyli zəiflətmişdi. Karxanaların təqribən yarısı ya qismən, ya da tamamilə fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalmışdı.

Fazil Məmmədov deyir ki, indi onlar ya daşın qiymətini artırmalı, ya da fəaliyyətlərini dayandırmalıdırlar:

« Əvvəl ay ərzində 60 min daş kəssəydik, onun vergisi 420 manat civarında olardı. İndi belə çıxır ki, biz həmin istehsala görə 1800 manatdan çox vergi ödəməliyik. Bu, daşın indiki qiyməti ilə ziyanla işləməyimiz deməkdir. Hal-hazırda daşın birini yerində 20 qəpiyə sata bilmirik. Yaxşı, biz daşın qiymətini qaldırdıq, onu kim alacaq? Ölkədə tikinti işləri xeyli azalıb. Əvvəllər daşın birini yerində lap 35 qəpiyə satmışıq. Ölkədə indi elə tikinti yoxdur axı».

«BUNUN NƏYİ SAHİBKARLIĞA DƏSTƏKDİR?»

Fazil Məmmədov deyir ki, manatın son devalvasiyası da bir yandan xərclərini artırıb:

«Daşkəsən maşınların hissələri əsasən xaricdən gəlir. Həmin hissələr bahalaşıb. Karxanalarda da texnikalar tez-tez xarab olur. Bu da daşın maya dəyərində əlavə xərc artımıdır. İndi özünüz təsəvvür edin, həm manatın düşməsi, həm də verginin artması bizim işimizə necə təsir etməlidir? Bunun nəyi sahibkarlığa dəstəkdir?».

Karxana.
Karxana.

«KÖHNƏ HAMAM, KÖHNƏ TAS»

Ancaq adının çəkilməsini istəməyən başqa bir sahibkar deyir ki, əslində, vergilərin real məbləğində elə bir dəyişiklik yoxdur:

«Biz bir neçə il əvvəl 1 daşkəsən maşına görə il ərzində 18-20 min manat vergi ödəyirdik. Onsuz da daşın yarısının sınıq çıxmasını və daşın kəsilməsinə qədər yatağının üstünün açılması işlərini nəzərə almırdılar. Texnika işləyibsə, işıqdan istifadə edilibsə, vergini hesablayırdılar. Prezidentin əsassız yoxlamaların dayandırılması ilə bağlı göstərişindən sonra vəziyyət bir xeyli yaxşılaşmışdı. Xərclərimiz azalmışdı. Bu son vergi artımından sonra xərclərimiz yenə əvvəlki qaydaya çatacaq. Yəni, necə deyərlər, köhnə hamam, köhnə tas. Əsl problem ondadır ki, daşın qiyməti düşüb. Daşın qiymətini biz də artırsaq, onda alıcı tapmayacağıq».

Karxanada çalışanlar.
Karxanada çalışanlar.

«TİKİNTİDƏ MƏŞĞULLUQ AZALACAQ»

İqtisadçı Məhəmməd Talıblı isə deyir ki, devalvasiya onsuz da ölkəyə idxal olunan tikinti materiallarının qiymətinə təsir etmişdi. İndi vergi dərəcələrinin dəyişdirilməsi yerli məhsulların da qiymətinə təsir edəcək:

«Nəzərə alın ki, 2016-ci il büdcəsində əvvəlki illərə nisbətən xeyli azalma var. Bütün bunlar o deməkdir ki, həm tikinti sahəsində məşğulluq, həm də bu sahədə çalışanların gəlirləri azalacaq».

XS
SM
MD
LG