Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Orxan Adıgözəl. Niyə bayraqla qıcıq yaradıb bölücülük edirsiniz?


Orxan Adıgözəl
Orxan Adıgözəl

-

"...məsləhət verirlər. Ölkəmizin ABŞ və Avropadan nə qədər konservativ olduğunu, həm dünyəvilik, həm də inkişaf baxımdan geri olduğunu bilmirlərmi?"

Orxan Adıgözəl

Bayraq dəyərdir

Bir neçə il öncə müalicə aldığım reabilitasiya mərkəzinin binası önündə asılmış dövlət bayrağımızın və divara həkk olunmuş gerbimizin köhnəldiyini görüb, bir qrup əlilliyi olan tanışlarla birlikdə, rəhbərlikdən onların dəyişdirilib yenilənməsini xahiş etdik.

Bayrağın rəngi solmuş, gerbin üstündə yağış və tozun hesabına sarı ləkələr əmələ gəlmişdi. Tez-tez həmin mərkəzin həyətindəki Heydər Əliyevin plakatı yenilənsə də, bayraq və gerb öz köhnə vəziyyətində qalırdı.

Əsasən, Qarabağ döyüşlərində əlillik qazanmış yoldaşlar bayraq və gerbə qarşı bunu böyük sayğısızlıq hesab etdiyindən bizimlə birgə rəhbərliyə öz iradını bildirib, onların yenilənməsini tələb etmişdilər. Bayraq və vətən uğrunda döyüşmüş insanlara bu hal ağır gəlmişdi. Rəhbərlik xahişimizi dərhal yerinə yetirdi.

Hər zaman oxşar vəziyyətlə qarşılaşanda öz iradımı bildirirəm. Çünki bayraq mənim üçün və məmləkətimin bir çox insanı üçün müqəddəs məna daşıyır.

Son vaxtlar sosial şəbəkələrdə bir qrup adam bayrağın önəmsiz bir şey olduğundan yazır. Hətta bununla kifayətlənmir, üçrəngli bayrağımızı təhqir edirlər. Həmin insanlar üçün bayraq parçadan başqa məna kəsb etmir.

Ümumiyyətlə, bütün dünyada bayraq mənsub olduğu xalqın tarixini, coğrafiyasını, siyasətini və mənəvi simgələrini özündə birləşdirən simvoldur. O, özündə birlik və müstəqilliyin işarələrini daşıyır. Onu aşağılamaq, xalqı və dövləti aşağılamaq sayılır. Bayrağa hörmət, millətə hörmətdir.

Bayraqlar uzun sürən mübarizəylə əldə olunur. Bizim bayraq da uzun mücadilələr nəticəsində bu günlərə gəlib, çıxıb və ölkəmizdə, eləcə də dünyada dalğalanaraq ölkəmizin varlığından və müstəqilliyindən xəbər verir. Biz bu müstəqilliyi asan əldə etməmişik. Ortada minlərlə şəhidimiz var.

Yaxşı başa düşürəm, həmin insanların evindəki valideynlər onlara belə şeyləri başa salmayıblar. Amma bu, heç kimə imkan vermir ki, bayrağı təhqir etsin.

Atam o vaxt taxtadan sifariş edib, məxsusi hazırlatdığı uşaqlıq çarpayıma bayrağımızın atributlarından olan ay və səkkizguşəli ulduzu həkk etmiş, həmin vaxtlardan bizə dəyərlərimizi aşılamışdı.

ADR poçt markası, 1919
ADR poçt markası, 1919

Mən psevdopatriot deyiləm. Xalqımızın əksər nümayəndələrinin önəm verdiyi və bizi xalq kimi inkişafdan saxlayan ünsürləri: mentaliteti, bir çox adət-ənənələri və ənənəvi dini-xurafatı qəbul etmirəm.

Amma 1918-ci ildə Cumhuriyyətimizi yaradanların yaratdığı dəyərləri önəmli hesab edir və bunun əksini onlara və ölkəmə hörmətsizlik sayıram.

Bayrağa sahib çıxanları, onu aşağılayarkən və hörmətsiz davranarkən buna etiraz edənləri “irqçi” və ya “vətənşüvən” adlandıranların yəni heç dəyər verdikləri şeylər yoxdur?

Utanmadan Azərbaycan bayrağını açıq qadın sinəsinin fonunda birləşdirib, şəkil kimi Facebookda paylaşır və şəklə gələn reaksiyalara görə, bizi “gerifikirli” və “antihumanist” adlandırırlar.

Ay bəy, ay xanım, siz yaxşı bilirsiniz ki, onsuz da birliyimiz qüvvətli deyil, cəmiyyətdə qütbləşmə dərinləşib. Niyə axı indi xalqın həssas yanaşdığı şeyləri təhqir edərək qıcıq yaradıb, bölücülük edirsiniz?

Ən absurd və paradoksalı da budur ki, bu əməllərə əl atanlar Fransada yaşanan terror hadisəsindən sonra onlara dəstək naminə Facebook profillərinin avatarına Fransa bayrağını yapışdıranlardır.

Hələ bəziləri ABŞ-da və bəzi Avropa ölkələrində qadınların üzərində öz ölkələrinə məxsus bayraqlar olan çimərlik geyimlərilə ölkələrində rahat dolaşdığını göstərir və bunu nümunə kimi istifadə etməyimizi məsləhət verirlər.

Ölkəmizin ABŞ və Avropadan nə qədər konservativ olduğunu, həm dünyəvilik, həm də inkişaf baxımdan geri olduğunu bilmirlərmi?

Çimərlik geyimində bayraqlarını gəzdirənlər valideynlərinləri ilə intim mövzular haqda da açıq söhbət edə bilirlər. Bu, onların bəziləri üçün çox təbii haldır. Axı siz evlənəndə “yengə” çağıran şəxslərsiniz. Yəni hələ tələsməyin! Bir özünüzə və ətrafınıza diqqətlə baxın.

Azərbaycan bayrağı. Foto Ehtiram Cəbi
Azərbaycan bayrağı. Foto Ehtiram Cəbi

İlham Əlivev Brüsseldə Barozzo ilə bir neçə il qabaq görüşəndə bayrağımız tərsinə asılmışdı. O zaman buna nə prezident, nə də protokol xidməti reaksiya vermiş, nə də düzəltmişdilər.

Bax, buna heç bir irad bildirməyib, bayrağa sayğısızlıq edən sıravi Facebook istifadəçilərini təhqir edən və onları təhdid edən şəxsləri də qınayıram!

Ayıbdır vallah, bayraq dəyər olsa da, ona görə təhqir və şiddət göstərmək cahillikdir.

İnsana dil verilib, ağıl verilib. İzah edərək, sayğılı davranmasını tələb etmək ən yaxşı variantdır. Hələ-hələ qeyri döyüş vəziyyətində bir başqa millətin nümayəndəsinə hücum etmək, xəsarət yetirmək bizlərə yaraşmaz.

Sonda isə Azərbaycan bayrağına hörmətsizliyin məsuliyyəti barəsində qanunvericilikdə yazılanları xatırlatmağı özümə borc bilirəm:

“Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər — iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG