Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Jurnalistin valideynləri prezidentdən kömək istəyir


Rasim Əliyevin anası Teyfurə Əliyeva.
Rasim Əliyevin anası Teyfurə Əliyeva.

-

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin valideynləri - Məmmədəli Əliyev və Teyfurə Əliyeva dekabrın 24-də İlham Əliyevə müraciət edib. Buna səbəb isə zərərçəkmişlərin jurnalistin ölümü ilə bağlı istintaqın nəticəsindən narazı qalmasıdır. Xüsusən, Rasim Əliyevin ölümü ilə nəticələnən insidentin səbəbkarı - futbolçu Cavid Əliyevin işinin ayrılması və həkimlərin məsuliyyətə cəlb olunmaması etiraz doğurub.

«İstintaqın nəticələri valideyn kimi bizi narahat edir. Bizim və şahidlər tərəfindən istintaqa təqdim olunmuş çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə dekabrın 21-də rədd cavabı verilib. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyyətlər var və onlar istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz. Cavid Hüseynov barədə icraatın ayrılması da bizi narahat edir. Bu fakt Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizlərə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq», - deyə mərhum jurnalistin valideynləri müraciətdə yazır.

«BİR QARANT KİMİ SİZDƏN XAHİŞ EDİRİK…»

Zərərçəkmişlər müraciətin sonunda dövlət başçısından övladlarının ölümünün qərəzsiz, hərtərəfli araşdırılması üçün kömək istəyir: «Cənab prezident, yuxarıda qeyd etdiyimiz narahatlıqlar sizə müraciət etməyimizə səbəb oldu. Siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq, qərəzsiz araşdırılmasını təmin edəsiniz».

Xatırladaq ki, Rasim Əliyev Facebook səhifəsində «Qəbələ» futbol klubunun kapitanı Cavid Hüseynovu tənqid edən status yazdığına görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Bu iş üzrə ümumilikdə 6 nəfər - Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev məsuliyyətə cəlb olunub. Futbolçu istisna olmaqla, digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevə həm də 177.1-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb və onların işi məhkəməyə göndərilib. Cavid Hüseynov isə yalnız Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə və ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham olunur.

Həmçinin bax - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG