Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Müəllim qul bazarından kababçı gedir


Yaşar Bünyad
Yaşar Bünyad

-

"Mənim gözüm öyrəşib saa, bə sənin ağlun hardadı? Bu viddə qul bazarına gələllər? Kəstum-şalvar cəhənnəmə, bə bu qalstux nədi keçiribsən boynuva?"

Yaşar Bünyad

QUL BAZARI

(hekayə)

Yaşar Bünyad
Yaşar Bünyad

Çin səddinin kosmosdan görünməsinə çinlilər əmin olsalar da, buna uşaqlıqdan inanmırdı.

İndi uşaq deyil, amma nədənsə ona elə gəlir, bir-birinin belinə minmiş, ağrı-acısını içində gəzdirən qaçqınların “ev” deyibən sığındığı rəngi qaçmış çadırlar nəinki kosmosdan, hətta başqa qalaktikalardan da görünür...

Əgər Tanrı da orda, yuxarıdadırsa, bunu görməmiş olmaz. İnsanı vahiməyə salan, ucu-bucağı bilinməyən qaçqın düşərgəsinin hər bozarmış çadırından Ona göndərilən tükürpədən ismarılaclar niyə hələ də cavabsız qalır?!...

...Qaçqın həyatında altıncı Novruzunun üçüncü çərşənbəsi gəlir - yel çərşənbəsi. Çox ölkələrdə çərşənbələrsiz bahar da gəlir, sonra yay olur, payız, qış olur...

Novruz tonqalı
Novruz tonqalı

Burda hər şeyin başlanğıcıdı Novruz. Azar-bezarların oda atar, arzunu suya pıçıldar, dərdi-səri yel babanın yarağına qoşar, ruzun torpaqdan umarlar.

Başqa heç nə! Allah da bilir ki, heç nə.

Müəllimdi. Arvadı Vüsalə, yeddi yaşlı qızı və iki yaşlı oğluyla bu şəhərcikdə yaşayır. Özünü insan sayan buna yaşamaq deməsə də, - neyləsinlər.

Bir az acınacaqlı, bir az utandırıcı olsa da... xarici jurnalistlər gələndə özlərin heç sındırmır, deyirlər ki, hər şey tezliklə düzələr, dünya bu müsibətə haqq qazandırmaz, eşidər səslərin, qayıdarlar, tezliklə qayıdarlar evlərinə. Onları sındırmayan bu ümiddi. Ümüd isə günü-gündən nazilir, napnazik olurdu - tük kimi...

Qaçqın düşən gündən bu şəhərciyə yerləşdilər: qışda qarın şaxtası, yazda palçığın lıqqası, yayda ilan mələyən çöllüyün cəhənnəm istisi, payızda ardı-arası kəsilməyən yağışlar döyə-döyə günləri illərə qatdılar.

Əvvəllər elə bilirdi bütün qaçqınlar bu şəhərcikdədi. Amma uzun, çox uzun çəkən qaçqın həyatına isnişib öyrəşdikcə gördü yox, sən demə, bu lənətə gəlmiş çadır şəhərciyində ancaq fağır-fuqarələr cəm olub.

"Daş daşlığa yağar” axı. Orda yağ içində üzənlər, pulu-parası, arxası olanlar Bakıda da süd gölündə üzür, bahalı maşınlarda gəzir, gözəl-gözəl evlərdə, mənzillərdə şad-xürrəm yaşasalar da, utanmadan, üst-başından səfalət yağan, alınlarında “qaçqın” damğası apaydın görünən düşərgə sakinləri kimi yardım da alırdılar.

Bəzən ona elə gəlirdi ki, çoxları qaçqın düşmələrinə çox sevinirlər. Tfuu!...Onun uşaqlarıysa, elə bilir evin damı brizentdən, döşəməsi “Pioneer”, “SHARP” yazılan kartondan olur.

Dedim axı, Novruza iki həftə qalır. Evində bayramı andıran heç nə yoxdu. Vüsalə gəlin köçəndə duvağlandığı yaşıl rəngli ipək şalını sandığından çıxarıb ütüləyib humanitar yardım gətirilən yeşikdən düzəltdiyi “masa”nın üstünə sərib ki, guya ev bayramsayağı görüksün.

İnsafən, pis görünmürdü; şalın yaşıllığı iri səmənini xatırladırdı. Bircə paxlavası, şəkərburası, xuruşları əskikdi. Bu əskikliyi düzəltməyçin də pul lazım idi, o da müəllim tayfasından qaçaq düşmüşdü.

Vüsaləyə dedi ki, gedəcək əməlli bir iş axtarmağa. Keçən həftə Ələmdardan eşitmişdi, Bakıda iş - itətök, əməlli-başlı pul qazanmaq olur, əgər canını əziyyətə versən, lap bir-iki günə məllimin biraylığın qazanarsan.

Hələ utana-utana soruşmuşdu: “Mənnik də iş-zad olar?” - Ələmdar əvvəlcə “məllim, sənnik döyül, sora əlün qələm tutammaz” demək istədi, amma yadına salanda ki, qaçqınnığdan qabağ - dədəsi dünyasın dəyişəndən sonra - o boyda təsərrüfatı təkbaşına idarə edərdi, day qabartmadı.

Üstəlik soruşdu ki, zarafatsız, pula ehtiyacun varsa, gedəndə deyim saa... (Sözə bax e, “pula ehtiyacun varsa...” Aya, bu millət niyə başa düşmür ki, müəllim də olar kimi adamdı; toya-vaya gedir, qarnına azar da dolur, canı da ağrıyır, dərdi başından tökülür - hamı kimi. Nolsun, üst-başı təmiz olur, kostyum geyir?”

Vüsaləyə bax e, bir kəlmə də soruşmadı nə işdi.Yaxşı da elədi, onsuz da soruşsaydı ,bilməzdi nə cavab verə.

***

Ələmdarla razılaşıb cümə günü sübh tezdən Bakıya çıxdı. Bişmiş adamdı Ələmdar; əvvəllər “sovxoz”un “zapravşik”i olub - üst-başı salyarkalı, cibi pullu.

Dünyanın gərdişinə bax ki, indi sovxoz-mavxoz yoxdu deyən, Ələmdar da halal pula öyrəşib. Yol boyu bir neçə dəfə “məllimlikdən savayı nə bacardığını, daş, torpaq işi olsa görərsənmi” kimi suallar verdi.

Yəqin bilmək istəyirdi, görən, belə işi özünə sığışdırar, ya yox. “Evdən çıxmışamsa, nə olsa tablaşaram, təki yaxşı pul versinlər” dedi...

Nəhayət, Bakıya, Bakı da deyəndə, Sumqayıt yolunun qırağındakı bazara çatdılar. Ələmdar dedi ki, "qul bazarı”dı bura. Əti ürpəndi. Elə bildi zarafat eləyir.

Yox, nə zarafat, balam, bura əməlli-başlı orta əsr qul bazarıdı; şossenin kənarı, şam ağaclarının arası işsiz adamla dolu. Cavan, yaşlı kişilərin hansının bənna, xarrat, dülgər, slesar, elektrik, bağban, fəhlə - olduğu əllərindəki torbanın içində görünən alətdən bilinirdi...

Onun kimi əliboş olanlar - fəhlələr lap çox idi. Hərə öz zəhmətini, əməyini, bacarığını satırdı burda: üzlərində kədər, gözlərində sinmiş ümid, ürəklərində soyuq təmkin.

Solğun qaçqın çadırlarına bənzər simalar bir-birinə necə bənzəyərmiş!.. Yəqin qucağında körpəsini nimdaş, kirli əsgiyə bələmiş qadınlar, üst-başından cin hürkən, burnunun fırtığı qurumuş ayaqyalın-başıaçıq balaca dilənçilər də bazara gələcək pullu müştəriləri gözləyirdilər.

Hər günü öz axarıyla gedən bu qarmaqarışıqda, ağız deyəni qulaq eşitməyən qarğa bazarında o, peyda oldu və elə bil qurbağa gölünə daş atdılar. Hamı gözünü ona - müəllimə zilləmişdi. Ələmdar da əvvəl döyükdü, bir şey annamadı.

Birdən, üzünü birinci kərə görürmüş kimi süzdü, əlini əlinə çırpıb elə şaqqanağ çəkdi, qəhqəhəsi nəinki onu, elə bazardakıları da diksindirdi. Danışanda köpüklənən ağzını silə-silə qulağına pıçıldadı ki, aya, bu nəmənədi, kansertə-zada gəlmisən?... Acığlandı Ələmdara ki, gijdəmə, konsert nədi?

- Zalım oğlu,-dedi, - mənim gözüm öyrəşib saa, bə sənin ağlun hardadı? Bu viddə qul bazarına gələllər? Kəstum-şalvar cəhənnəmə, bə bu qalstux nədi keçiribsən boynuva? Köhnə-külə paltarın yoxmudu?.. Ay saa da nə deyim, məllim?! Ha-ha-haa!..

Pərt oldu. Doğrudan da bazarda bu fasonda “qul” yox idi. Amma bazara yan alan bahalı maşınlarda gələn müştərilər çoxaldıqca pərtliyi də, əyin-başı da yaddan çıxdı.

Beşcə dəqiqə keçmədi ki, səs-küy bazarı başına aldı, alver başladı: maşından düşən yekəqarın kişilər, kişifason qadınlar, cavan oğlanlar ustalara, fəhlələrə yanaşıb sövdələşir, qiyməti öldürə-öldürə ucuz və keyfiyyətli işçi qüvvəsi tapmağa çalışırdılar. Bazar da ki, aldadanlar və aldananlar məskəni...

Çox keçmədi Ələmdarı suvaqçıya palçıq tutan apardılar. Aralaşanda razılaşdılar ki, axşam birdaca görüşək... Elə düşünürdü ki, Ələmdar iş tapsa, onu da özüylə götürəcək. Elə olmadı.

O gedəni bir saatdan çox keçdi; işverənlər sağından, solundan ötüşür, ona gözucu da baxmırdılar.

Nəhayət, bir əndamlı-kirşanlı qadın yaxınlaşdı, şəstlə üst-başını süzüb ”şüşə sala bilirsən?”-soruşdu.”Yox” deyəndə ağzını büzüb uzaqlaşdı... Lap bezdi.

İllüstrasiya
İllüstrasiya

Yolun qırağına çəkilib üzü sürtülmüş daşın üstündə oturdu. Fikirləşdi ki, neynəsin, qayıtsın, qayıtmasın?

Elə bu vaxt bir ağ “Mersedes” düz qabağında yerə mıxlandı.

Cavan oğlan yumru qara eynəyini alnına qaldırıb onu süzdü, gülümsündü, salam verib soruşdu:

- Məəllim, xeyir ola, iş axtarırsuz? - Elə soruşdu, fəxr etdiyi “müəllim” sözündən iyrəndi.

- Hə.- Könülsüz cavab verdi.

- Maarif nazirliyinə nöş getmirsən? Hi-hi-hiii...Zarafat elədim... Kabab bişirə bilirsən?

Çaşıb gözlərini döydü. "Nə kabab? Kababçıya oxşuyuram bəyəm?”-demək istədi, amma susdu. Ürəyində: “noolar kabab bişirəndə, təki iş olsun,”-dedi.

- Bacararsan, ya yox?- Bir də soruşdu. Dünyanın düz vaxtlarında manqal qoyub kabab bişirməyini yadına salıb başını tərpətdi ki, “hə”.

Elə bil cavan oğlanın çiçəyi “çırt” elədi, çiynindən ağır yük götürüldü; “huuu” edib nəfəsini buraxdı. "Otur” - yanındakı yeri göstərdi, o da oturdu və oturmağıyla da maşının yerindən götürülməyi bir oldu. Müəllimin narahat olduğunu ilk baxışdan başa düşmüşdü. Asfalt yola çıxanda dedi:

- Məəllim, qalstuku... çıxarsan pis olmaz.

- Bunun... nəyi xoşuna gəlmir? - Soruşdu. Cavan oğlan başını yırğaladı.

- Xoşuma gəlir e.., amma dannı mament mənə müəllim yox, kababçı lazımdı.-İkisini də gülmək tutdu. O, sakitləşəndən sonra bir də soruşdu ki, doğrudan kabab bişirə bilirsən, yoxsa?...

- Yoxsa, nə? - dedi.Cavan oğlan maşını yolun kənarında əylədi, sol qolunu sükana söykəyib ona sarı çevrildi.

- Bax,-dedi,- müəllim, məni padvadit eləməyəsən ha... Şef bəyənməsə, obiriləri kimi səni də, elə məni də ...özün başa düşürsən də...

Elə bil boğazında tikə qalmışdı - udqundu:

- Heç nə başa düşmürəm. “O birilər “ kimdi ?..Dedim axı, kababçı deyiləm, amma ...bişirə bilirəm...Yaxşısı budu mən dü...

Qapını açmaq istədiyini görən oğlan cəld qolundan yapışdi, sözünü ağzında qoyub səbirlə başa saldı ki, məllim, qorxma sən allah... Bilirsən... necə başa salım... Hə, bizim şef kababbazdı. Çalış əti çox qurutma, yandırma, soçni elə də... Vsyo!..

Kabab
Kabab

Vallah, professional kababçılar gətirmişəm “İnturist”dən, “Nobahar”dan, hərəsinə bir mız qoyub... Kababçıya yox ee, bişirdiyi kababa...

İnsafən, o qədər də insafsız adam döyül, qoosa da, pulların verir artığlamasıynan...

"Qız”ı da... yaman dəymədüşərdi... Sən heç ürəyüvi üzmə, görrəm köhnə kişilərdənsən, kənd adamısan, bir quzunun kababını bişirməy su içimliydi səninçün. Düz demirəm, məllim?... - danışıb rahatlananan kimi ağzını qulağıma dayayıb pıçıldadı: “Şef təzə nazirlərdəndi.”

Cibindən şax bir Amerika əlliliyi çıxardıb dürtdü döş cibinə ki, halal xoşun olsun! Öz aləmində əlliliyi novruz biş-düşüyçin xərcləyə-xərcləyə haqq-hesab edirdi ki, maşın, iri bir villanın qarşısında toxdadı.

Düşdülər. Qoluna girib, ağır darvazadan içəri keçəndə pıçıldadı:

- Mən ölüm, məllim, məni padvadit eləmə.

Yaşıllığa bürünmüş həyətin o başındakı “besedka”da naz-nemətlə bəzədilmiş masanın yanında əmrə müntəzir əsgər kimi üç qız, bir oğlan ofisiant qonaqların gəlişini gözləyirdi.

Müəllimlə gələn cavan onlara yaxınlaşıb masanı nəzərdən keçirdi, nəsə dedi, uşaqlar başlarını tərpətdilər, sonra ona tərəf qaçaraq yay mətbəxinə apardı.

Aqibətxeyir manqala od vurulmuş, şişlər, ağzı bağlı iki qazan də yanındakı balaca masanın üstündə.

- Bax, məllim, - deyib, qazanların qapağını açdı, - ət doğranıb, hazır... bu da pomidor... göy-göyərti də yuyulub, soyuducudadı... Qalıb, şişə çəkib, abırrı bişirmək.Ha-ha-ha...

Bu möhtəşəm villanı, besedkada “smirna” dayanan cavanları, baməzə oğlanın əldən-ayaqdan getməsini görəndə elə karıxmışdı ki, istədi “hələ ki gec deyil”- deyib aradan çıxa, amma pencəyinin döş cibində, az qala gözünə girən əllilik yadına düşəndə ayaqlarını darta bilmədi. Özünü ələ alıb pencəyini çıxardı, asılqandan asdı, köynəyinin qollarını yığıb əllərini yudu və tikələri şişə çəkməyə başladı...

Dörd yekəqarın kişi, iki cavan qız, bir də orta yaşlarında qadın həyətə girəndə şişlər manqalın üstündəydi; kababın ətri həyətə yayıldı.

Mətbəx besedkadan aralı olduğundan çalışırdı ki, onların gözünə “girməyə”. Çox keçmədi yeyib-içən qonaqların səs-küyü bütün həyəti başına götürdü.

Kababları şişdə, iri nimçələrə qoyub aparırdılar. Özü də məəttəl qalmışdı; ət yaxşıydımı, yoxsa, doğrudan yaxşı kabab bişirirdimi, deyə bilmərəm, amma qonaqlar elə “gətir-gətir” dediyində cavan oğlan da arada on barmağını sinəsinin qənşərində çarpazlayıb gülümsədiyində ən azı bir yüzlük də alacağına əmin oldu.

“Yetimə qoğal haramdı?”- deyib iki yağlı tikəni də ötürdü içəri. Əla kababmış!..

İri maqnitafon bar-bar bağırır. Ağız deyəni qulaq eşitmir... Kişilərin ən canlısı (yəqin nazir oymuş) sarışın qızla qol-boyun olub masadan uzaqlaşır...

Hələ bu qədər də əti bişirəcək köz qalmışdı. Qalan kababları qazançaya çəkdi, üstünə doğranmış soğan, göyərti səpib manqalın qırağına qoydu. Əl-üzünü yaxşıca yuyub quruladı, pencəyini geyib aralıda gözlədi ki, zəhməthaqqını alıb getsin.

Ürəyindən qara qanlar axır: "Bəlkə yadında deyiləm heç?.. Qucağında belə gözəlçə olan hansı kopoyoğlunun yadına kababçı düşər?!..”

Elə bu dəm, “iş”in bitirib həyətdə görünən yekəqarın nazir cavan oğlanı yanına çağırıb, irişə-irişə qulağına nəsə pıçıldadı. O da “baş üstə!” deyib müəllimə sarı qaçaraq əllərini ovuşdura-ovuşdura dedi:

- Məllim, şef səni çağırır... Kişinin sözünü yerə salma haa...

Kababçı müəllimin dalağı sancdı ki, daa neyləməliyəm ki, bişirdim, bitdi, pulumu verin gedim da?...

Cavan oğlan da, dərsdə şuluq salan uşağı məktəb direktorunun otağına aparan müəllim kimi onun qolundan yapışıb düz masanın qənşərinə gətirdi.

Nazir dediyi yekəqarın kişi, yanındakılar, indicə yuyunub gələn sarışın da dodağını rəngləyə-rəngləyə qalstuklu, kostyumlu kababçını aşağıdan yuxarı süzdülər.

- Ə, otur görüm, - dedi nazir. - Sonra da ofisiant oğlana çöndü. - Süz əə, süz, vurağ... Orda kabab qalıbsa, gətir... Yaman ləzzət elədi...

Ofisiant qədəhləri doldurub manqala tərəf getdi. Hamıdan çox içdiyi danışığından bilinən nazirin yanındakı kişi qədəhini müəllimə uzatdı.

- Vur!-dedi. - Öz sağğluğıva...

- İçmirəm...içə bilmirəm,-dedi.

- Oooo... Bu olmadı, inciyərəm, sən öl! Biz sənin sa-sağlığıva içirik, sən y-yooxx? Qaldır ...

- Vallah içə bilmirəm.Heç içməmişəm bu...

“Bu zəhirmarı” demək istədi. Güclə özünü saxlayıb üzrxaxlıq eləməyə başladı. Nazir də, insafən üz vurmadı, dostuna acığlandı da.

- Ə, zorrama içirdəssən?! Əl çək, qoy kişi çörəy yesin, meyvə tamsın. Manqalın istisi bişirib kişini...

Başladı çəkinə-çəkinə yeməyə. Xidmətçi qız ona şirə süzdü, salat çəkdi. Ürəyindən keçdi ki, kaş uşaqları da burda olaydı...

Sevindi ki, əl çəkdilər. Başladı çəkinə-çəkinə yeməyə. Xidmətçi qız ona şirə süzdü, salat çəkdi. Ürəyindən keçdi ki, kaş uşaqları da burda olaydı...

Yenə nimçələr, badələr dolub –boşalırdı.

Müəllim hiss etmişdi ki, hamı oğrun–oğrun onun qalstukuna baxır, yəqin fikirləşir ki, kababçı hara, Ələmdar demiş, bu vid-fason hara... "Desinlər də.Təki pulumu alım, canım qutarsın. Dədəmə lənət, daa bu qələti eləmərəm”.

Amma sevinci çox çəkmədi; nazirin sağındakı sarışın qız onun enli qalstukunu barmaqlarının arasında oynadıb, əzilə-əzilə dedi:

- Ştrafnoy!.. İçmirsə... içmirsə, onda... qoy oynasın. - Bunu elə dedi ki, sanki elmi kəşf etmişdi! - Hə, oynasın?...

Müəllim əvvəlcə karıxdı. Udqunmaq istədi. “Nə oynamaq?.. Bircə bu çatmırdı... Tüpürüm sizin pulunuza da, zatı...”- Dilinə gətirə bilmədi, gətirə də bilməzdi, çünki son tikəsi boğazındaca ilişib qalmışdı.

- Hə, içməyənlər oynasınlar! - deyib bir də bağırdı. Yekəqarın kişilər də uşaq kimi onun səsinə səs verdilər və bir anlığa müəllimə baxıb durdular; ondan başqa içməyən yoxuydu axı?

- Musiqi! - kimsə qışqırdı.

- Əə, yaxşı aşıq havası var o drınqaletündə?! - Bunu nazir dedi.

- “Yanıq Kərəmi” olar... məllim?

Müəllimin elə bil atasına söydülər, namusuna toxundular gün günorta çağı. İstədi masanı çevirsin, dişinin dibindən çıxanı selbələsin harınnamış əhlikeflərə, lap tüpürsün nazirdi nədi, onun çopur sifətinə... Amma yox. Bacarmadı özünnən. Bayram sovqatı gözləyən uşaqları, arvadı Vüsalə durdu gözünün qabağında. “Döz” dedi özünə!

Heç “döz” kəlməsi beyin hüceyrələrinə çatmamış “yanıq Kərəmi”nin cingiltili notları qulaqlarını yandırdı. Besedkanın düz ortasında quruyub qaldığını indi hiss etdi. Onu dövrəyə salıb əl çalırdılar. Əl qaldırıb süzəcəyini gözləyirdilər.

Qızmış gözlər, suyu tökülən ağızlar, marçıldayan dodaqlar, şappıldayan ovuclar... onu əsarətdə saxlamaqdaydı... İçi göynəyir, gözünə isə bir damcı da yaş gəlmirdi.

Kişilərdən hansısa pencəyinin döş cibinə dollar basdı. Sonra da başqası, başqası... Qolları nə vaxt havaya qalxdı, bilmədi.

Əslində, erməni gülləsindən həlak olan, körpəsini görmək qismət olmayan yeganə qardaşının toyunda da oynamamışdı - bacarmırdı oynamağı... İndi də pullar başına yağırdı. Özü də məəttəl qalmışdı, yəni o, əl qaldırıb oynayır, yoxsa yuxu görür?!

- Hə, hə!..

- Bravo!..Əla... Maaşallah!

- Sağ ol ee...Kefsən valla!..

Təsəvvür elədi ki, məktəbin həyətində, dərs dediyi uşaqların qabağında oyunbazlıq edir, onlar da qəhqəhə çəkib gülüşür, ələ salıb çırtıq çalırlar... Yer də aralanmır, yerə girsin...

...Nə vaxt darvazadan çıxdı, çıxdı yox, götürüldü, küçənin başınacan təngənəfəs qaçdı, tini burulan kimi gilli divara söykənib çömbəldi. Üzünü görməsinlər deyə başını ikiəlli qamarlayıb dizinin arasında gizlətdi. Kərəm hələ də yanırdı qulaqlarında...

Batmaqda olan günəşin bir daha doğacağına şübhə edən bu insan axını onun varlığını belə, hiss etmirdi. Hər kəs öz dərdində boğulub bozarmışdı.

Hönkür-hönkür ağlamaq istədi. İstədi, amma cınqırı da çıxmadı. Bu halına acıdı. Handan-hana durdu. Cibləri pulla dolu olsa da, nə avtobusa mindi, nə taksi saxlatdı.

Payi-piyadə şəhərin gur yerinə vurdu özünü. İrəlilədikcə qarşısına çıxan insanlar ona səhər gördüyü solğun bənizləri xatırlatdı; batmaqda olan günəşin bir daha doğacağına şübhə edən bu insan axını onun varlığını belə, hiss etmirdi. Hər kəs öz dərdində boğulub bozarmışdı.

Ona elə gəldi ki, bu nəhəng, boz şəhər dünya boyda, ucsuz-bucaqsız bir bazardı – ağzında anbar qıfılı, gözlərində qurumuş nəm, qismətinə əzilmək, tapdanmaq, alçalmaq düşən, təkcə Allahından qorxan qullar bazarı...

Zəmanəyə, öz qismətinə lənət oxuyaraq, nəhəng bazarın izdihamına qarışdı, heç bir dəqiqə keçmədi ki, bu boz sonsuzluqda əriyib yox oldu...

2015 noyabr

XS
SM
MD
LG