Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Gəlsəniz, hər şeyi öz adı ilə çağırmağı öyrənək (Polemika)


Araz Gunduz
Araz Gunduz

- "Yad düşüncəyə sayğı öz yerində, ancaq mən də nə eləmişəmsə hamısını düşünüb-daşınıb eləmişəm."

"Görəsən, yer kürəsinə nə üçün “yer yumrusu” demək olmaz? Yoxsa yumurtaya da “toyuq ellipsoidi”, yumruğa da “əl kürəsi” deyilməlidir?"

Araz Gündüz

Gəlsəniz, hər şeyi öz adı ilə çağırmağı öyrənək!

Araz Gündüz
Araz Gündüz

Öncə onu da deyim, Ziya F.M. bəyin bu yazısının birbaşa mənə qarşı deyil, onun üçün doğma, mənim üçünsə yabançı olan “azərbaycan dilinin” korlanmasına qarşı olduğunu deməsi səmimilikdən uzaqdır, mən “azərbaycan dilini” korlayırımsa, habelə, bu Ziya bəyi rahatsız eləyirsə, deməli, burada suçlu olan mənəm.

Bundan sonra yazacaqlarımın doğru anlaşılması üçün bir söz də deyim: mən nə irqçi, nə də şovinistəm, Azərbaycanımızda yaşayan bütün etnik azlıqlardan olan insanların hamısını özümə qardaş sayıram.

Əskiçağ yunan filosofu Pifaqorun sözüdür: “Hamısından öncə, bütün nəsnələri öz adı ilə deməyi öyrən, bu insana gərək olan elmlərdən ən birincisidir”.

Çevirmələrimin dili ilə bağlı yazılan bu qınaq nə birincidir, nə də sonuncu olacaq. Nə üçün belə olduğunu da deyim, biləsiniz.

Mənim düşüncəmə görə, yaşadığımız bu yer üzündə nə “azərbaycanlı” adında bir xalq, nə də “azərbaycan dili” adında bir dil vardır.

Otaylı-butaylı geniş bir torpaqda yüzillər boyunca “türk” adlanan və “türk dilində” danışan bir xalq yaşayır və bu xalqın yüzdən yetmişbeşi bugün də öz kimliyini və danışdığı dili türk olaraq tanıyır.

Qaldı yerdə qalan yüzdə iyirmibeşin böyük çoxluğunun özünü “azərbaycanlı” sayıb, “azərbaycan dilində” danışdığını deməsinə, bu, hamının bildiyi kimi, vur-tut səksən il bundan öncə rus-kommunist imperiya qurğusunun xalqı öz kimliyindən yadırğatmaq siyasətinin sonucu olaraq ortaya atılmış bir fırıldaqdır.

Biraz da dərinə getsək, bu, bizim milli kimliyimizə vurulan bir kölə damğasıdır və indi bizlərdən kimsə alnında daşımaqda olduğu bu damğanı bəyənirsə, üstəlik, onunla öyünürsə, bu da onun öz işidir.

Bundan başqa da, xalqımızın islamı qəbul eləməsindən sonra yüzillər boyunca dilimiz ərəb, sonradan isə fars dillərinin aşılayıcı təsirləri ucbatından yetərincə korlanmışdır.

Elə buna görə də, görürsən, bugün bir azərbaycan-türk aydını belə bir damdandüşmə söz deməyə gəlib çıxır: “öz gözəlliyini itirməyə başlamış azərbaycan dilinin(oxu: türk dilinin) hədsiz dərəcədə türkləşməsinə etiraz...” Sözsüz, belə bir düşüncə ilə Rasseli anlamaq çox çətindir!

Keçirəm, başqa qınaqlara.

Ziya F. M. bəy mənim çevirməmdən belə bir çıxarış gətirir: “Etika. Biz elektriklə bağlı olayların təbiət qanunları üzrə baş verdiyini bilsək də, ancaq hamılıqla ildırımötürən quraşdırmağı da gərəkli sayırıq. Sonra isə yazır: “İldırımötürənin niyə cərəyanla bağlı quraşdırılmasını başa düşə bilmirəm.”

Burada artıq türk dilini deyil, elementar fizikanı bilməmək özünü göstərir. Göstərilən çıxarışın harasında elektrik cərəyanından danışılır? İldırım təbiətdə özünü göstərən elektrik hadisələrindən biri deyilmi?

İstəyirsinizsə, buyurun, bu mətnin ruscasına baxın: “Мы все знаем, что электричество польности управляется естественными законами, но все мы считаем рациональным ставит громоотводы”.

Məncə, bu çıxarışın ardını oxuyanlar burada nə deyildiyini anlaya bilirlər,

Bertrand Russell
Bertrand Russell

Rassel bunu demək istəyir: İldırım təbii baş verən bir elektrik hadisəsi olsa da, biz özümüzü ondan qorumağa çalışırıq; eləcə də, insan ehtirasları təbii olaraq baş verməsinə baxmayaraq, onlardan qorunmaq üçün etika deyilən bir dəyər yaranmışdır.

Ziya bəy, “...davranışlarını ən az qorxu ilə yürütməyə çalışırlar” deyiminin anlaşılmaz olduğunu deyir, düzdür, burada deyilən söz biraz dərindir, niyəsini deyim: dilimizdə işlənən “fikir yürütmək” deyimi var; insan təklikdə düşüncəyə dalır, yaxud düşünür, ancaq kiminləsə gənəşəndə, ya da mübahisə eləyəndə öz fikirlərini yürütməyə başlayır, yəni onları ortaya çıxarıb qarşıdakı kimsəyə çatdırır; danmıram, ola bilsin “davranışını yürütmək” çox da yerinə düşmür, ancaq məncə, birazca düşünməklə bu sözün nə demək olduğunu başa düşmək olar.

Zya bəy üçün anlaşılmaz qalan “aşılanan üzüyolalıq” deyimindəki “aşılamaq” sözünün nə demək olduğunu açıqlamağa gərək varmı? Varsa, onda gəlin baxaq.

Bu sözün bir sinonimi da var, “başını bişirmək” və ya eləcə “bişirmək”; dərini aşılamaq nəyə deyirlər?–onu qaynadıb-bişirib gərəkən duruma salmağa demirlərmi?

Yüzillər bundan qabaq ulu babalarımız “aşbaza” aşçı demirdilərmi? İndi də yeməyə(ən çox da plova) aş deyilmirmi? Bildiyimə görə, “aşılamaq” sözü indiki danışıq dilimizdə yetərincə işlənən və çoxluğun anladığı bir sözdür. Yoxsa mən yanılıram?

Ziya bəy üçün anlaşılmaz qalan “çoxlu güclü iqtidarlar” deyimində doğrudan da biraz dolaşıqlıq vardır, bu deyim “çoxsaylı güclü iqtidarlar” kimi yazılsaydı, daha düzgün olardı, habelə, “iqtidar” sözü bizdə artıq güclü-zəif olmasından asılı olmayaraq, hakimiyyətin sinonimi kimi işləndiyindən burada başqa bir dolaşıqlıq axtarmağı yersiz sayıram.

Yazarın doğru saymadığı “sıx-sıx yanlışlar” deyiminin yerində olduğunu düşünürəm.

“Onların ən başlıca yanlışlarından biri bəlli yaxşılıqların ortalıqda olan hansısa yamanlıqların olmasına görə yarandığını bilməmələridir”... ; “ona görə də hansısa yaxşılığın yerinə qoymaq istədiyimiz başqa bir yaxşılığın yararlarını dəyərləndirəndə gərək bu yeni yaxşılığın ona uyğun yamanlıqlarla birlikdə götürüləndə, onacan olan yaxşılıqla yanaşı olan yamanlıqları üstələyə bilməsi başlıca ölçü olsun.” kimi deyimlərin də çox aydın olduğunu düşünürəm, məncə, burada Ziya bəy özünün subyektiv mülahizələrinə qapılmışdır.

Görəsən, yer kürəsinə nə üçün “yer yumrusu” demək olmaz? Yoxsa yumurtaya da “toyuq ellipsoidi”, yumruğa da “əl kürəsi” deyilməlidir?

Mənim çevirdiyim: “əmtəə istehsalının insanın mənəvi özgürlüyə çatması üçün gərək olduğunu anlamamaq, əksinə, insana əmtəə istehsalı üçün vasitə kimi baxmaqla, onlar da iqtisadi yarışa girişdikləri kommunistlərin uymuş olduğu yanlışa qapılırlar.” deyimini Ziya bəyin: “Əmtəə istehsalının insanların mənəvi azadlığına xidmət etməsini anlamamaqla, İnsana əmtəə istehsalı üçün bir vasitə kimi baxmaqla onlar da elə iqtisadi yarışa girdikləri kommunistlərin etdiyi səhvləri təkrarlayırlar.” kimi çevirməsini dəyərləndirməyi isə sayğılı oxucuların öhdəsinə buraxıram.

Elə bilirəm, mənim gördüyüm işi dəyərləndirməyə çalışan və bütünlüklə bəyənməyən Ziya F. M. bəyə demək istədiklərim aydındır.

Yad düşüncəyə sayğı öz yerində, ancaq mən də nə eləmişəmsə hamısını düşünüb-daşınıb eləmişəm, habelə bundan sonra da kimliyindən asılı olmayaraq, bu polemikaya qoşulanlarla düşüncələrimi bölüşməyə, onların dediklərinə cavab verməyə hazıram.

XS
SM
MD
LG