Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:15

"Böyük fars mədəniyyəti haqda gözəl yazı yazın"


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- "Şovinist İran İslam Respublikasına cavab vermək istəyirsinizsə, farsların böyük tarixə malik mədəniyyətini araşdırıb, ədəbiyyatını oxuyub, musiqisinə qulaq asıb, filmlərinə baxıb bir gözəl yazı yazın."

"Tənqid (təhqir yox) hədəfimiz “viran olası” dövlət olmalıdır, təhqir hədəfimiz bizim sayaq özləri də “uğursuz bir taleyə düçar” olan farslar olmalı deyil."

Hikmət Carçılı Orhun

İranı tənqid etmək istəyirsinizsə...

Söz yox, elə düşünmürəm, Qarabağa gedən yol Təbrizdən keçir. Ağlımın ucundan keçirmirəm də ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı birdəfəlik yadımızdan çıxaraq.

Hərçənd, tez-tez yadımızdan çıxarırıq; ya da farslar millətimizi biabrçı şəkildə təhqir edəndən edənə xatırlayırıq.

Beş-altı qaraguruh millətçimizi də qoltuğumuza vurub söyüş söyürük, nə söyürük. Kim tutar bizi, kim tutar. Soydaşlarımızı yalnız təhqir olunduğuna görə, xatırlamaq arzulanan hal deyil.

Bu, eynən dolmamızı, kababımızı yalnız ermənilər hansısa kitablarında öz adlarına çıxandan sonra müdafiəyə qalxmağımızı andırır. Adama sual verərlər, sən qabaqdan gəlmişlik edib sənin olana niyə “mənimdir” demirsən ki, yolla keçən götürüb “mənimdir” deyir?

İranda Azərbaycan türklərinin protesti
İranda Azərbaycan türklərinin protesti

Təhqir demiş, doğru-dürüst xəbərdar olmasam da, bu günlərdə ən çox müzakirə olunan mövzulardan biri də İran telekanallarından birində Azərbaycan türklərinin çox pis şəkildə alçaldılmasıdır.

Yayılan xəbərlərə görə, qardaşlarımız bu təhqirdən sonra aksiyalar keçirib etirazlarını bildiriblər.

Telekanal rəhbərliyi məlum hadisəyə görə üzr istəsə də, soydaşlarımızın qəzəbi dinmək bilmir; hətta, hakimiyyət kran qurub aksiya iştirakçılarının bəzilərini asıb.

Asmaq işi təzə deyil, fotolar köhnə də ola bilər, ancaq... babalı yazanların boynuna. Yenə deyirəm, doğru-dürüst məlumatım yoxdur, ordan-burdan eşitdiklərimdir.

İddia edirəm ki, sosial şəbəkələrdə yazanların əksəriyyəti də məlumatsızdır, çoxu ağlına gələni yazır. Yazımızın əsas mövzusu da elə bu ağlına gələni yazanlardır ki, bir işə yaramağından daha çox beyni kimlərisə qızışdırmağa və hardasa siyasi güclərdə qıcıq doğurmağa xidmət edir.

Əslində, Feysbuk yazarlarının çoxunun cəmi-cümlətanı min, uzağı iki min dostu var. Bu iki min dostun əksəriyyətinin də yazılanlardan xəbər var. Fikrimcə, onlara təkrar-təkrar deməyin bir anlamı yoxdur.

Həm də problemi anlatmırlar, yazılanlar informasiya xarakterli olsaydı, hardasa başa düşmək olardı ki, vətənpərvərlik prizmasından-zaddan çıxış edib, ürəklərini boşaldırlar.

İş orasındadır, bu adamlar daha çox problem yaradan fars rejimini onların etdiyi təhqirlərlə “alçatmağa” çalışırlar. Təbii məsələdir, bu da alınan iş deyil.

Yuxarıda da qeyd etdiyim kimi, bu hər şeydən “başı çıxan” sosial şəbəkə qəhrəmanlarının aşağı-yuxarı iki min dostu var, onun da doxsan doqquz faizi məhəllə uşağı, iş yoldaşı, qohum-qardaş, beş-altı da yazı-pozu adamı. Vəssalam, şüt tamam...

Dediyim odur, özləri deyib özləri də eşidirilər. Qohum-qardaş, iş yoldaşı, məhəllə uşağı arasında fars rejimini söymək nə işə yarar ki?! Bir işə yaramaz, dostum, heç bir işə yaramaz. Bu işin bir tərəfi. Digər tərəfi isə....

Təbrizdə protest
Təbrizdə protest

Deməli, hamı bir ağızdan deyir, İran İslam Respublikası faşizm siyasəti yürüdür.

Birinin üstünə də beşini qoyurlar ki, rasizm, şovinzm qoxuludur. Qorxuludur.

Faşizm, rasizm, şovinizm bəşəriyyətin üzləşdiyi ən təhlükəli “izm”lərdəndir, kimsə etiraz etmir. İnsan ölümünü, birinin digərinə nisbətdə alçaldılmasını kimsə arzulamaz, kimsə... Hətta, qarasınca söydüyümüz farslar da.

Bu yerdə “Azadlıq” qəzetinin köşə yazarı Şahvələd Çobanoğlunun “Güney üçün edə bilmədiyimiz” sərlövhəli yazısından aşağıdakı fikirləri xatırlamaq imandandır:

“...20 milyondan çox təmsilçisi ilə öz tarixi vətənində yaşayan bir xalqa ana dilində oxumaq haqqı verməyən şovinist bir dövlətə “viran olsun” demərikmi? O dövlət ki, fars xalqının özünü də uğursuz bir taleyə düçar edib. Azadlıq farsın da, azərbaycanlının da haqqıdır”.

Bu baxımdan, tənqid (təhqir yox) hədəfimiz “viran olası” dövlət olmalıdır, təhqir hədəfimiz bizim sayaq özləri də “uğursuz bir taleyə düçar” olan farslar deyil.

Nə yazıq ki, yuxarıda da dediyimiz kimi bir qrup insanın, daha çox da ölkədə baş verən problemlərə zərrə qədər münasibəti olmayanların hədəfi farslardır, özləri ilə eyni taleyi yaşayan farslar.

Bu da onu göstərir ki, faşizmi, rasizmi, şovinizmi pisləyənlər nə qədər qeyri-səmimidirlər, ya da sadalanan “izm”lərdən xəbərsiz. Şəxsən, mən heç zaman razı olmaram, yıxıb sürüdüyüm ideologiyaların aləti olam.

***

Yazını yazdım, deyəm ki, özünüzü hər hansı bir ideologiyanın aləti, oyunun qurbanı olmaqdan qoruyun. Bir şeyi anlayın, söyüş yazmaqla heç bir problemi həll etmək mümkün deyil.

Sizin yazdıqlarınız ocağın üstünə su səpmək əvəzinə onun daha da alovlandıra bilər. Hərçənd, elə başa düşürəm, bu da baş tutan iş deyil, özünüz yazıb özünüz oxuyursunuz. Ona görə də, əllərinizi yorub, əsəblərinizi korlamayın.

İllah da şovinist İran İslam Respublikasına cavab vermək istəyirsinizsə, farsların böyük tarixə malik mədəniyyətini araşdırıb, ədəbiyyatını oxuyub, musiqisinə qulaq asıb, filmlərinə baxıb bir gözəl yazı yazın.

Bir tədbirdə olanda yüksək səslə oxuduğunuz, qulaq asdığınız, izlədiyiniz şeylərdən danışıb qarşınızdakıları utandırın.

Yazın ki, Sədi Şirazi, Əbülqasım Firdovsi kimi böyük şairləriniz, Ququş kimi müğənniləriniz olub. Abbas Kiarostami, Mohsen Mahmalbaf kimi rejissorlarınız var.

Yeri gəlsə lap elə deyin, şeir yazmağa yarayan o qədər gözəl diliniz var ki, şair Əfzələddin Xəqanimiz, Nizami Gəncəvimiz, Məhəmmədhüseyn Şəhriyarımız o dildə həm sizə, həm bizə başucalığı gətirən əsərlər yaradıb. Qoy, utanıb yerə girsinlər. Amma...

Ağlınıza, ağzınıza gələni yazmayın, nolar yazmayın!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG