Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:18

Gör nə günlərə qaldın, Voleybol...


►Çempionat baş tutsun deyə hətta Gürcüstandan "Tbilisi" klubu da dəvət olunub...

Oktyabrda başlanmalı olan voleybolçu qadınlar arasında Azərbaycan Superliqası noyabrın 6-da altı komandanın iştirakıyla start götürüb. Klubların bir-birinin ardınca dağılmasından sonra Azərbaycan Voleybol Federasiyası yarışmanın formatında dəyişiklik edib.

Hətta Gürcüstandan "Tbilisi" klubu da yarışa dəvət olunub. Bundan başqa, Azərbaycan gənclər yığmasına da Superliqada oynamaq hüququ verilib.

Hər iki komanda çempionatda müsabiqədənkənar iştirak edir.

Buna da bax: MTN-nin daha 4 əməkdaşı həbs edilib

““TBİLİSİ” ÖLKƏMİZDƏ ÇOX QALA BİLMİR”

İlk turda "Azərreyl" "Azəryol"u, "Telekom" "Lokomotiv"i 3:1, gənclər yığması isə "Tbilisi"ni 3:0 hesabıyla məğlub edib. "Tbilisi" üç gün ərzində 3 oyuna çıxmaq məcburiyyətində qalıb. Gürcüstan klubu gənclər yığmasının ardınca "Azərreyl"ə və "Telekom"a da 0:3 hesabıyla məğlub olub. Bu məğlubiyyətlərdən sonra "Tbilisi"Azərbaycanı tərk edib.

Qonşu ölkənin komandası yarışda mübarizəni bir də gələn il davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından məsələyə anlayışla yanaşmağı məsləhət görürlər.

Gürcüstan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andro Lejava APA-sport-a açıqlamasında deyib ki, qarşılıqlı razılığa əsasən, çempionatın 1 turu Tbilisidə təşkil ediləcək:

“Artıq bu məsələ həllini tapıb. Lakin bunun mövsümün hansı hissəsində olacağı yarışın gedişində bəlli olacaq”.

Buna da bax: “Əl-qolumuzu bağlayıb evimizi sökdülər”

YUBANMANIN PƏRDƏARXASI

Qeyd edək ki, son bir ildə voleybol klubları bir-birinin ardınca dağılır. Superliqanın startının yubanması nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verənlər, həmçinin son vaxtlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaşananlarla əlaqələndirilir.

Ziya Məmmədova yaxın sayılan iş adamı Hafiz Məmmədovun müflis olmasına görə onun maliyyələşdirdiyi"Bakı" və "Lokomotiv Biləcəri" də fəaliyyətini dayandırdı. Oktyabrın 13-də isə "İqtisadçı"nın meneceri Araz İsmayılov ictimaiyyətə klubun dağılması haqda məlumat verdi. Ardınca MTN olayları ilə əlaqədar "Rabitə" klubunun prezidenti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov həbs olundu.

Bütün bunlardan sonra cəmi dörd klub qaldı - "Telekom", "Azərreyl", "Azəryol" və "Lokomotiv". Dörd klubla çempionat keçirmək mümkün olmadığından, görünür, “süni artım yolu ilə” məsələni həll etmək qərara alınıb.

Azərbaycan Voleybol Federasiyası isə "Tbilisi"ni çempionata qoşmasını "yeni nəslin təcrübəsini artırmaq və ölkəmizin Gürcüstanla birgə ev sahibliyi edəcəyi Avro-2017 öncəsi millidə rəqabəti gücləndirmək" niyyətilə izah edir.

XS
SM
MD
LG