Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

«Vəhhabilərin arxasında dayanan oliqarxlar var»


Tale Bağırzadə.
Tale Bağırzadə.

-

«Yeni Müsavat» qəzeti «Müsəlman Birliyi» hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadə ilə müsahibə yayımlayıb. Tale Bağırzadə müsahibəsində Azərbaycanda İŞİD təhlükəsindən danışıb:

«Azərbaycanda bu təhlükənin artmasını bilmək üçün MTN-in açıqlamalarına diqqət etmək lazımdır. Yaxınlarda nazir Eldar Mahmudov İŞİD-lə mübarizədən danışdı. Demək, bu təhlükə var ki, bu cür narahat bəyanatlar verilir. Bunun da səbəbkarı mövcud hakimiyyətdir. Ona görə ki, qapıları vəhhabilərin üzünə açdı. Onlara genişlənmək üçün imkanlar yaradıldı. Nəticədə qarşılarının alınması müşkülə çevrildi. Virus kimi yayılmaqdadır. Dövlətimiz üçün təhlükədir. Ciddi siqnaldır. Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin hazırda geniş imkanları var. Bunların qarşısını niyə almırlar? Hansısa bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin böyük biznes şəbəkəsi var. Deyirlər ki, vəhhabiliyə qarşı mübarizə aparırıq, amma altdan dəstək verilir. Xarici qüvvələrin onlar üçün hakimiyyətə təzyiq etmələri variantı da realdır. Dövlət gəmisini idarə edən bu hakimiyyətdir. Olacaq hər bir təhlükəyə cavabdeh də hakimiyyətdir».

Siyavuş Novruzov
Siyavuş Novruzov

SİYAVUŞ NOVRUZOV: «ÖLKƏMİZDƏ SABİTLİK HÖKM SÜRÜR»

«Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunan iclası keçirildi. Bu iclasda dövlət başçısının geniş və əhatəli şəkildə çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına əsas verir». Yap.org.az yazır ki, bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb. Onun fikrincə, təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. «Bu sahəyə diqqət bir az da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi cəhdlə çalışır və ölkəmizdə Prezidentimizin rəhbərliyi altında ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə daha çox vəsait ayrılmasına ehtiyac var»- deyə, S.Novruzov vurğulayıb.

Manat
Manat

MANATLA BAĞLI HANSI QƏRAR VERİLƏCƏYİ MƏLUM OLDU

«Bizim yol» yazır ki, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun ölkənin maliyyə vəziyyəti ilə bağlı çıxışı manatın taleyinə aydınlıq gətirib.

İqtisadçı-ekspert Qubad İbadoğlu «Facebook»dakı açıqlamasında Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini yazıb: «Elman Rüstəmovun bu çıxışını çevik məzənnə siyasətinə keçid mesajı kimi də dəyərləndirmək olar».

İqtisadçı-ekspert Natiq Cəfərli isə «Bizim Yol»a bildirib ki, üzən məzənnə siyasətinə keçmək üçün Azərbaycanda alətlər yoxdur: «Bunun üçün Azərbaycanda qiymətli kağızlar bazarı, valyuta birjası yoxdur. Ölkəyə valyuta gətirən şirkətlərin sayı barmaqla sayılacaq qədər azdır. Bu alətlər olmalıdır ki, üzən məzənnə siyasətinin prinsipinə keçmək mümkün olsun».

Həsən Kərimov
Həsən Kərimov

NAMİZƏDLİKDƏN NİYƏ KÜTLƏVİ SURƏTDƏ İMTİNA OLUNUR?

«Azadlıq» qəzeti yazır ki, oktyabrın 13-nə olan məlumatda deputatlığa namizədlərin sayının 1000 ətrafında olduğu bildirilib. 230 nəfər namizədliyini geri götürüb. AXCP Ali Məclisinin sədri Həsən Kərimov söyləyir ki, mətbuat və sosial şəbəkələrdə artıq kimlərin deputat seçiləcəyi məsələsi həll olunub və parlament də təyinatla seçildiyindən, seçki sadəcə kampaniya xarakteri daşıyacaq: «Bu, sadəcə olaraq gözdən pərdə asmağa xidmət edən bir kampaniya olacaq. Ona görə də namizədliyini irəli sürmüş şəxslər seçilmədiklərini bəri başdan bilirlər və namizədliklərini geri götürürlər».

Azərbaycanda parlament seçkiləri noyabrın 1-nə təyin olunub.

XS
SM
MD
LG