Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Tolstoyun çara məktubu


Lev Tolstoy
Lev Tolstoy

- Tolstoy: "Çox ola bilsin, Moskvada və ya başqa şəhərlərdə olanda küçələrə tökülüşən, “ura” qışqıraraq arxanızca qaçan kütlənin davranışları sizi çaşdırır və yanlış olaraq bunu xalqın mütləqiyyət rejiminə və onun təmsilçisi olan çara sevgisi kimi dəyərləndirirsiniz.

Bütün bunların xalqın sizə olan sədaqətinin təzahürü olduğuna inanmayın, bu, hər şeylə maraqlanan bir kütlədir və onlar gündəlik həyatlarında görmədikləri istənilən qeyri-adi tamaşaya belə uşaqcasına maraq göstərirlər."

Rus dilindən Araz Gündüz çeviribdir

Lev TOLSTOY

İMPERATOR II NİKOLAYA MƏKTUB

İstəkli qardaşım,

Bu məktubumda çardan çox, bir insana çağırış elədiyimdən və bütün insanları özümə qardaş bildiyimdən, sizə qardaşım deməyi daha uyğun saydım.

Bundan başqa da, mən indi ölüm ayağında olduğum və bu məktubu o dünyanın kandarından yazdığım üçün sizi belə çağırıram1.

Çox istəyirəm, ölməmişdən qabaq, indiki fəaliyyətinizlə bağlı nə düşündüyümü sizə çatdırım, bu fəaliyyətinizin, necəliyindən asılı olaraq, milyonlarla insanlara və sizin özünüzə də, hansı böyük xeyirlər gətirə biləcəyindən, habelə, fəaliyyətinizin indiki yöndə davam eləyəcəyi təqdirdə, insanlar və sizin özünüz üçün, hansı böyük bəlalar törədə biləcəyindən söz açmağı gərəkli sayıram.

Çar II Nikolay
Çar II Nikolay

Bugün Rusiya ərazisinin üçdə biri güclü mühafizə altındadır, yəni bu ərazilərdə qanun işləmir. Ordunun da, gizli və adi polisin də sayı durmadan artırılır.

Qazamatlar, sürgün yerləri və katorqalar, cinayət işlədiyinə və siyasi fəaliyyətinə görə dustaq olunmuş yüzminlərlə insanlarla dolub daşır, indi bu tutuqlananların sırasına əməkçi insanları da qatmağa başlamışlar.

Senzuranın yasaqları artıq gülünc səviyyəyə çatıb, hətta ötən yüzilliyin 40-cı illərində də o, belə sərt olmamışdı.

İnsanların dini ayrı-seçkiliyə görə təqib olunması heç vaxt indiki qədər böyük və amansız miqyas almamışdı və getdikcə daha da geniş və amansız olmaqda davam eləyir.

Hər yerdə, şəhərlərdə və fabrik-zavodların yerləşdiyi məskənlərdə ordu bölmələri keşik çəkir və onlar döyüş patronları ilə əliyalın xalqın üzərinə göndərilir.

Artıq bir çox yerlərdə qanlı qardaş qırğınları baş vermiş və belə görünür, qabaqda yeni, daha amansız qırğınların olacağı da qaçılmazdır.

Beləliklə də, hökümətin belə qaba və amansız siyasəti ucbatından əkinçiliklə bağlı əməkçi insanlar, daha doğrusu, Rusiyanın qüdrətini yaradan yüz milyonluq xalq, dövlət büdcəsinin durmadan artmasına baxmayaraq, çox ola bilsin elə büdcənin artmasına görə də, il-ildən daha da yoxsullaşır və bugün artıq aclıq çəkmək xalq üçün normal bir hadisəyə çevrilmişdir.

Bütün bunlar isə, toplumun bütün təbəqəsindən olan insanların hakimiyyətə qarşı narazılığını və düşmənçiliyini yaratmışdır.

Bugünkü rus toplumunda özünü göstərən bu fəlakətli durumun isə açıq-aydın görünən bir niyəsi vardır: görünür, xalqın irəliyə doğru inkişafını dayandıran köməkçiləriniz bunun xalqın yararı üçün edildiyinə və sizin rahatlıq və təhlükəsizliyiniz üçün zəruri olduğuna sizi inandıra bilmişlər.

Bəlli olduğu kimi, ola bilsin, hansısa çayın axınını durdurmaq olar, ancaq insanlığın tanrı tərəfindən müəyyən olunmuş irəliyə doğru inkişafını saxlamaq heç cür mümkün deyildir.

“Adi və bacarıqsız birisi ol, ancaq kölə təbiətin olsun, istədiyin mərtəbəyə qalxa bilərsən”

İşlərin belə, yamanlığa doğru gedişindən yararlanan və ürəklərində: “apres nous le deluge” (fransızcadır: “Bizdən sonra qoy dünyanı sel aparsın”, deməkdir) düşünən adamların sizi buna inandırmağa çalışması və bunu bacarması aydındır; ancaq, çox təəcüblüdür, sizin kimi azad, heç nəyə ehtiyacı olmayan, ağıllı və xeyirxah bir adam onlara necə inanır, habelə, onların məsləhətlərinə qulaq asaraq qarşısıalınmaz bir hərəkəti dayandırmaq üçün bu qədər yamanlıqların törədilməsinə qol qoyur, axı insanlığın daimi olaraq yamanlıqdan yaxşılığa, qaranlıqdan işığa doğru inkişafını dayandıracaq bir gücün olmadığı bütün ağıllı adamlar üçün gün kimi aydındır.

Siz axı bunu bilməyə bilməzsiniz: insanlığın bizə bəlli olan bütün tarixi boyunca onun yaşadığı həyat, habelə bu həyatla bağlı olan iqtisadi, ictimai, dini və siyasi formalar ara vermədən dəyişilmiş, qaba, amansız və anlaqsız formalardan daha yumşaq, insani və anlaqlı formalara keçmişdir.

Müşavirləriniz sizə bunun belə olmadığını deyirlər. Haçansa rus xalqının xarakterinə uyğun olan pravoslavlığın və mütləqiyyətçi hakimiyyətin bu gün də onun xarakteri ilə uyuşduğunu və bunun sabah da belə olacağını deyən bu adamlar rus xalqının rifahı üçün biri-biri ilə qırılmaz tellərlə bağlı olan bu iki formanın: dini inancın və siyasi quruluşun necə varsa eləcə də saxlanmalı olduğunun doğruluğunu sübut eləməyə çalışırlar.

Ancaq onların bu sözündə ikiqat yalan vardır.

Birincisi, haçansa rus xalqı üçün xarakterik olan pravoslavlığın bugün də onun xarakteri ilə uyuşduğunu demək olmaz.

Sinodun ober-prokurorunun hesabatına baxsanız, xalqın içindəki mənəvi baxımdan ən çox yüksəkdə dayanan insanların böyük çoxluğunun, onları gözləyən ziyanlara və qorxulara baxmayaraq, getdikcə daha çox pravoslavlıqdan üz döndərdiyini və ildən-ilə daha çox xistianlığın başqa-başqa sektalarına iman gətirməyə başladığını öyrənə bilərsiniz.

İkincisi, doğrudan da onların dediyi kimi, pravoslavlıq xalq üçün xarakterik bir inancdırsa, onda bu formanı belə, var gücü ilə qorumağa çalışmaq və ondan üz döndərənləri belə amansızlıqla təqib eləmək nə üçündür?

Mütləqiyyətçi hakimiyyətə gəlincə, o da elə dini inanc kimidir, yəni haçansa rus xalqı çarı heç bir yanlışı olmayan yer tanrısı sayırdısa və onun dövləti təkbaşına idarə elədiyinə inanırdısa, onda bu onun üçün xarakterik olan bir hakimiyyət idi, ancaq bugün belə düşüncələr rus xalqı üçün heç də bütünlüklə xarakterik deyildir.

İndi az-çox oxuyan adamlar artıq bu həqiqətləri bilirlər: birincisi, yaxşı çar yalnız “un heureux hasard” (fransızca: “xoşbəxt bir təsadüfdür” deməkdir), onlar artıq tarixi təcrübədən IV İoann və Pavel kimi qaniçən və dəli çarların olduğunu da bilirlər, ikincisi, çar necə yaxşı olsa da onun 130 milyonluq bir xalqı təkbaşına idarə eləməsi mümkün olan bir iş deyildir.

Ona görə də dövləti çar yox, xalqın rifahını deyil, yalnız öz qazancını və yararlarını güdən çarın yaxın adamlarının idarə elədiyi də indi xalqın böyük çoxluğu üçün gizlin d eyildir.

Siz deyə bilərsiniz: çar yaxşı və acgöz olmayan adamlardan özünə köməkçilər toplaya bilər.

Bədbəxtçilikdən çar bunu bacara bilməz, bunun niyəsi isə onun öz yan-yörəsində olan onlarla adamdan başqa heç kimi tanımamasıdır, bu adamlar isə, hansısa təsadüflərdən və çirkin yollardan yararlanmaqla çarın yaxın çevrəsinə düşmüşlər və özlərinin yerini tuta biləcək daha ağıllı adamların çara yaxınlaşa bilmək yollarını var gücləri ilə bağlayırlar.

Ona görə də çar öz köməkçilərini: ictimai işlərə can atan, minlərlə: təpərli, bacarıqlı, gerçək intellektli, vicdanlı adamların arasından deyil, ancaq Bomarşenin dediyi belə adamların arasından seçməli olur:

“Mediocre et rampant et on parvient a tout” (Fransızca: “Adi və bacarıqsız birisi ol, ancaq kölə təbiətin olsun, istədiyin mərtəbəyə qalxa bilərsən” deməkdir).

Ona görə də çoxlu rus insanları çara tabeçilik göstərmək istəsələr də, onun çevrəsindəki, çox vaxt çarın adından xalqı idarə eləyən, bu aşağı səviyyəli adamlardan iyrənir, onların buyuruqlarına əməl etməyi özləri üçün əskiklik sayırlar.

Çox ola bilsin, Moskvada və ya başqa şəhərlərdə olanda küçələrə tökülüşən, “ura” qışqıraraq arxanızca qaçan kütlənin davranışları sizi çaşdırır və yanlış olaraq bunu xalqın mütləqiyyət rejiminə və onun təmsilçisi olan çara sevgisi kimi dəyərləndirirsiniz.

Bütün bunların xalqın sizə olan sədaqətinin təzahürü olduğuna inanmayın, bu, hər şeylə maraqlanan bir kütlədir və onlar gündəlik həyatlarında görmədikləri istənilən qeyri-adi tamaşaya belə uşaqcasına maraq göstərirlər.

Xalqın sizə olan sevgisinin göstəricisi saydığınız bu çoxsaylı kütləni, çox vaxt polis zorla toparlayıb sizi qarşılamaq üçün sıraya düzür, bununla da sizə olan xalq sevgisinin yalançı görüntüsünü yaradırlar, örnək üçün, vaxtilə babanız Xarkovdakı kilsəyə baş çəkəndə onun ağzınadək adamla dolu olduğunu görüb, bunu özünə olan xalq sevgisi kimi dəyərləndirmişdi, əslində isə kilsəni dolduran adamların çoxusu mülki paltar geyinmiş polis patrulları (qorodovoylar) idi.

Birdən siz də mənim kimi, çarın yolu üstə dayanan kəndlilərin arasında ola bilsəydiniz, bütün dəmir yolu boyunca sıralanmış və arxasında qoşunun dayandığı bu kəndlilərin nə danışdığını eşitsəydiniz, burada dayanan kəndxudalardan, yüzbaşılardan, onbaşılardan tutmuş, sıravi kəndlilərədək, qışın soyuğunda və yağışlı-palçıqlı günlərdə, yaxın kəndlərdən qovularaq bura gətirilən, ac-susuz, günlərlə yol qırağında dayanıb çarın haçan gəlib keçəcəyini gözləyən bu adamların, yəni xalqın gerçək nümayəndələrinin, nə dediklərini eşitsəydiniz, bu deyilənlərdə nə mütləqiyyət rejiminə, nə də onun başında dayanan kimsəyə sevgidən əsər-əlamət də tapa bilməzdiniz.

Düzdür, 50 il bundan öncə, hələ I Nikolay çar olanda, çar hakimiyyətinin xalq arasında yüksək nüfuzu qalırdı, ancaq son 30 ildə bu nüfuz dayanmadan düşməkdədir və son çağlar əhalinin bütün təbəqəsindən olan adamlar yalnız hakimiyyətin fəaliyyətini çəkinmədən mühakimə eləyib pisləməklə yetinmirlər, elə çarın özünü də qınayır, hələ desən, onu söyüb ələ salmaqdan da çəkinmirlər.

Mütləqiyyətçilik artıq bir hakimiyyət forması kimi köhnəlmiş və vaxtı keçmiş bir hadisədir, o indi ola bilsin dünyanın hansısa bir ucqarında, tutalım, mərkəzi Afrikada yaşayan xalqların tələblərinə uyğun gələ bilər, ancaq o bugünkü, maarifçiliyin geniş yayıldığı dünya ilə sıx ilişkiləri olan və özü də ara vermədən maariflənən rus xalqının tələblərinə cavab verə bilməz.

Ona görə də, belə bir hakimiyyət formasını, indi olduğu kimi, ancaq zorakı vasitələrlə qoruyub saxlamaq mümkündür: dövlət adamlarını güclü mühafizə eləməklə, məcburi sürgünlər, edamlar, dini ayrı-seçkiliyə görə təqiblər, kitab və qəzetlərə qadağa qoymaq, xalq arasında tərbiyəsizliyi, pozğunluğu və amansızlığı yaymaq yolu ilə, belə bir rejimin ömrünü uzatmağa çalışmaq olar.

Elə sizin çarlığınız dövründə də, bu işlər davam etməkdədir. Sizin Tverdən olan xalq nümayəndələrinin qanuni tələblərini alçaldıcı bir tərzdə “anlamsız xəyallar” adlandırmağınızdan tutmuş, Finlandiya ilə bağlı verdiyiniz əmrlər, Çinin işğalı ilə bağlı mövqeyiniz, ordunun təzyiqini gücləndirməklə Haaqa konqresi ilə bağlı irəli sürdüyünüz layihə, özünüidarə formalarını zəiflədərək, məcburi idarəçilik formalarına üstünlük verməklə, idarəçilikdə hərc-mərclik yaratmağınız, adamların dini baxışlarına görə təqib olunmasını dəstəkləməyiniz, çaxır-araq monopoliyası yaradılması ilə bağlı qanunu təsdiq eləməyiniz, daha doğrusu, hakimiyyətin xalqı zəhərləyən mallarla alver eləməyini buyurmağınız, ən sonunda, insanlara bədən cəzası verilməsi ilə bağlı qanunun saxlanmasında göstərdiyiniz inadkarlıq, rus xalqının üzünü dünyada qara eləyən bu biabırçılığı aradan qaldırmağın qarşısını almağınız və bu sıradan olan çoxlu fəaliyyətləriniz, bunu deməyə əsas verir.

Siz özünüzün yüngülağıllı köməkçilərinizin sözlərinə uyub mümkün olmayan bir məqsədə can atmasaydınız, xalqın gələcəyə doğru inkişafını dayandırmaq bir yana qalsın, onu artıq vaxtı keçmiş yaşayış formalarına qaytarmaq üçün çalışmasaydınız, indi özünü göstərməyə başlayan fəlakətlər də baş verməyəcəkdi.

Bu işi bacara bilmək üçün, hər şeydən öncə, xalqa öz istəklərini və ehtiyaclarını demək üçün imkan yaratmaq, bu istəklərin və ehtiyacların nə demək olduğunu eşitmək, sonra isə bunları, yalnız bir təbəqənin deyil, xalqın bütün təbəqələrinin, ən çox da onun əməkçi hissəsinin xeyrinə olaraq həll etməyə çalışmaq lazımdır.

Zorakılıqla xalqı ancaq əzmək olar, onu idarə eləmək olmaz.

Bizim çağımızda xalqı idarə eləməyin tək bir yolu, xalqın yamanlıqdan yaxşılığa, qaranlıqdan işıqlığa gedən qarşısıalınmaz inkişafında ona başçılıq eləmək ola bilər, indi xalqı yalnız onun yönəldiyi bu məqsədlərə yaxınlışdırmağa çalışmaqla idarə eləmək mümkündür.

Bu işi bacara bilmək üçün, hər şeydən öncə, xalqa öz istəklərini və ehtiyaclarını demək üçün imkan yaratmaq, bu istəklərin və ehtiyacların nə demək olduğunu eşitmək, sonra isə bunları, yalnız bir təbəqənin deyil, xalqın bütün təbəqələrinin, ən çox da onun əməkçi hissəsinin xeyrinə olaraq həll etməyə çalışmaq lazımdır.

Mənə elə gəlir, rus xalqına öz istəklərini dilə gətirmək üçün imkan verilsəydi, o, bunları deyərdi:

Əməkçi xalq ilk öncə, onu aşağılayan və hüquqlarını pozan qanunlardan yaxa qurtarmaq istədiyini deyərdi;

sonra isə xalq öz mənəvi təlabatına uyğun olan: sərbəst hərəkət, sərbəst oxumaq, sərbəst inanc azadlığı istədiyini deyərdi; ən başlıcası isə, bu 100 milyonluq xalq, bir səslə, torpaqdan azad yararlana bilmək hüququnun olmasını, başqa sözlə, torpaq üzərində olan xüsusi mülkiyyət hüququnun aradan qaldırılmasını istədiyini deyərdi.

Beləliklə də, mənim düşüncəmə görə, torpaq üzərində xüsusi mülkiyyətin ləğv edilməsi, bugünümüzdə rus hakimiyyətinin əldə eləməli olduğu ən yaxın məqsəd olmalıdır.

İnsanlığın yaşadığı bütün dönəmlərdə, həyatın yaxın çağlarda gerçəklişdirilə bilən daha yaxşı pilləsinə keçmək istəyi yaranır.

Əlli il bundan qabaq Rusiya toplumu üçün belə yaxın pillə təhkimçilik adlanan köləliyin ləğvi idi.

Bizim günlərdə isə, belə yaxın pillə əməkçi kütləni onun üzərində ağalıq eləyən azlığın zülmündən qurtarmaqdır, indi bunu əməkçilərlə bağlı problem adlandırırlar.

Qərbi Avropada bu məqsədə çatmağın yolunu, fabrik və zavodların əməkçilərin ümumi istifadəsinə verməkdə görürlər.

Əməkçilərlə bağlı problemin həlli üçün bu vasitə özünü doğrulda bilərmi, qərb xalqları üçün bu məqsəd əlçatandırmı? Bu problemin həllinin olub-olmamasından asılı olmayaraq, Qərbdə düşünülən bu üsulun, Rusiyanın indiki durumunda, bizim toplumda tətbiqinin mümkün olmadığı aydındır.

Əhalisinin böyük çoxluğu torpağa bağlı olduğundan, əkinçiliklə yaşadıqlarından və bütünlüklə iri torpaq mülkiyyətçilərindən asılı olduqlarından, buradakı fabrik və zavodların fəhlələrin ümumi istifadəsinə verilməsi əməkçiləri azadlığa çıxara bilməz.

Rus xalqı, indiki durumda, öz azadlığını yalnız torpaq üzərində xüsusi mülkiyyətin ləğvi və torpaqların hamının mülkiyyətinə çevrilməsi ilə qazana bilər, belə bir istək, artıq uzaq keçmişlərdən başlayaraq, rus xalqının ürəyində yaşamaqdadır və xalq bu istəyinin gerçəkləşdirilməsini, çoxdandır, rus hakimiyyətindən gözləməkdədir.

Bilirəm, mənim bu düşüncələrimi sizin köməkçiləriniz aşırı yüngülağıllıq və həyatı anlamamaq kimi dəyərləndirəcəklər, ən çox da, mənim torpağın xalqın ümumi mülkiyyətinə verilməsi ilə bağlı dediklərimi, dövlət idarəçiliyinin çətinliklərini anlamamağımla yozacaqlar; ancaq mən bunu çox yaxşı bilirəm, xalqın üzərində getdikcə daha da çox zorakılıq eləməkdən çəkinməyin yalnız bir yolu vardır: bunun üçün gərək qarşıya qoyduğun məqsəd, xalqın istəklərinin gerçəkləşməsi üzərində qurulsun.

Durub yükün diyirlənib üstünə gələcəyini və ayaqlarını yerdən üzəcəyini gözləmək olmaz, doğru üsul bu yükü öz arxanca dartıb aparmaqdır, daha doğrusunu desək, bugünkü idarəçilik, yaxşı həyat formalarının yaradılması üçün hərəkətə keçən insanların ön sırasında olmağı tələb eləyir.

Bu məqsədin Rusiyada gerçəkləşdirilməsi isə, yalnız torpaq üzərində xüsusi mülkiyyətin aradan qaldırılması ilə mümkündür.

Ancaq onda, hakimiyyət, indi olduğu kimi, fabrik-zavod fəhlələrinin qarşısında geri çəkilərək yersiz güzəştlər eləməkdənsə, özünün varlığına qorxu yaratmadan, öz xaqlına başçılıq eləyə və onun idarə olunmasını öz əlində toplaya bilər.

Müşavirləriniz sizə deyəcəklər: torpaq üzərində xüsusi mülkiyyətin ləğv edilməsi boş bir fantaziyadır və bunu heç cür gerçəkləşdirmək mümkün deyildir.

Onların düşüncəsinə görə, 130 milyonluq bir xalqı insan kimi yaşamağa qoymamaq, onların istənilən tərpənişini dayandırmağa, səsini boğmağa çalışmaq, xalqı haçansa içində yetişidiyi və ona sığışmayaraq çıxdığı qabığın içinə qaytarmağa sürükləmək fantaziya deyidir, bunu yerinə yetirmək mümkündür, habelə, bu ən müdrik və gerçəkləşə bilən bir işdir.

Axı nəyin gerçəkləşdirilə bilinib-bilinməyəcəyini anlamaq üçün öncə bunun üzərində ciddi şəkildə düşünmək gərəkdir, belə bir düşüncə isə, bütün bunların nəinki yerinə yetirilə bilən işlər olduğunu, həm də vaxtının yetişdiyini və zəruriliyini göstərir, ona görə də, vaxt itirmədən, bu işləri yoluna qoymağa başlamaqdan başqa bir çıxış yolu yoxdur.

Mənim düşüncəmə görə, 50 il bundan öncə, təhkimçilik hüququnun yamanlıq və ədalətsizlik olduğu necə açıq-aydın görünürdüsə, bizim çağımızdakı torpaq üzərindəki xüsusi mülkiyyət hüququnun belə bir yamanlıq və ədalətsizlik olması da göz qabağınadaır.

Mən, bu mülkiyyət hüququnun ləğv edilməsinin, rus xalqını yüksək səviyyədə azadlığa, rifaha və xoşbəxtliyə çatdıracağını düşünürəm.

Belə bir işin görülməsinin, həm də indi fəhlələrin arasında qızışmaqda olan, xalqa və hakimiyyətə qarşı böyük təhlükələr yaradan sosialist və inqilabi mahiyyətli kükrəmələri də aradan qaldıracağına inanıram.

Ona görə də, indi hakimiyyətin qarşısında duran birinci vəzifə, xalqın öz istəklərini və ehtiyaclarını deməyə mane olan bu zülmü aradan qaldırmaqdır.

Kiminsə özü üçün xeyirli saydığı nəyisə deməyinin qarşısını almaq üçün onun ağzını bağlamaqla biz bu adama yaxşılıq eləyə bilmərik.

Yalnız xalqın böyük çoxluğunun istək və ehtiyaclarını öyrənməklə onu idarə eləmək və ona yaxşılıq eləmək olar.

İstəkli qardaşım, bizim bu dünyada yalnız bir ömrümüz vardır, siz bu ömrünüzü əzablar içində keçirməklə, tanrının insanlar üçün qoyduğu, onları yamanlqıdan yaxşılığa, qaranlıqdan işıqlığa gedən yoldan saxlamağa həsr edə bilərsiniz, ancaq istəsəniz, bu ömrünüzü xalqın istək və ehtiyaclarını öyrənib onları ödəməyə də sərf eləyə və beləliklə də, öz ömrünüzü tanrıya və insanlara qulluq eləməklə, sevinclər içində də keçirə bilərsiniz.

Sizin, öz istəyinizdən asılı olaraq, yamanlqlar da, yaxşılıqlar da eləyə biləcəyiniz çarlığınız dönəmində daşıdığınız məsuliyyət nə qədər böyük olsa da, ancaq sizin bu dünyadakı ömrünüz üçün tanrı qarşısında daşıdığınız məsuliyyət bütün bunlardan qat-qat böyükdür, sizin əbədi həyatınız bu məsuliyyəti anlamağınızdan asılıdır, tanrı sizə bu ömrü hansısa yamanlıqlar törətmək, ya da onlarda iştirak etmək, yaxud da ona qarşı dayanmaqdan boyun qaçırmaq üçün deyil, yalnız onun iradəsini yerinə yetirməyiniz üçün vermişdir.

Tanrının iradəsi isə, insanlara qarşı yalnız yaxşlıq eləməyi buyurur, onlara qarşı yamanlqı eləməyi yasaqlayır.

Ona görə də, adamların qarşısında deyil, tanrının qarşısında dayanıb bununla bağlı düşünün və tanrının, daha doğrusu, öz vicdanınızın dediyi kimi də hərəkət eləyin.

Belə bir yeni ömür başlayarsınızsa, qarşınıza hansısa maneələrin çıxacağı sizi qorxutmasın.

Siz adi adamlardan ayrıla bilsəniz, quru ad-san üçün deyil, öz ruhunuz üçün, daha doğrusu tanrı adı üçün çalışsanız, bu maneələr də hiss olunmadan özü-özünə aradan qalxıb yox olacaqdır.

Bu məktubumda qızğınlıqdan, yoxsa bilməyərəkdən, sizi aşağılayan və ya incidən hansısa söz yazmışamsa, buna görə məni bağışlayın.

Mənə bu məktubu yazdıran yalnız rus xalqının və sizin yaxşılığınızı istəməyim olmuşdur.

Bununla mən nəyisə dəyişə bildimmi?–bunu gələcək göstərəcək və çox ola bilsin, mən onu görməyəcəyəm. Mən özümə borc bildiyim bir işi gördüm.

Doğrudan da sizin gerçək yaxşılığınızı istəyən qardaşınız.

16 yanvar 1902-ci il. Qaspra.

1Tolstoy bu məktubu yazanda çox ağır xəstələnmişdi və bu xəstəlikdən sağ çıxmayacağını düşünürdü.

XS
SM
MD
LG