Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

Günel Mövlud. Gələnlərin planları pozulur


Günel Movlud
Günel Movlud

- "Sonra da özümə və qonağa izah edirəm ki, bu teatr nəyə lazımdı, sual verirəm, istəyirsən, denən istəyirəm, istəmirsənsə də, boş yerə əziyyət çəkməyim."

"Uşağı nə vaxt kəsdirirsiniz, sünnət toyu nə vaxtdır – filan. Deyirik ki, kəsdirmirik, niyə kəsdirək ki?"

"Bir az gülməli gəlir, amma əslində dəhşət adamı bürüyür, bizim hələ qızımız yoxdur, qohumlar indidən onun vaginasının qeyrətini çəkirlər."

Günel Mövlud

Qəlibdən kənar

Axır vaxtlar Azərbaycandan gələn, zəng edən, yazan qohumlar, tanışlarla ünsiyyətim heç alınmır. Təbii ki, illərlə dost olduğum bir neçə insanı çıxmaq şərtilə.

Gündəlik ritualları, qəbul olunmuş davranış, söhbət qaydaları yavaş-yavaş yadımdan çıxır. Məsələn, kimsə əvvəlcədən gələcəyini xəbər verəndə 88 cür yemək bişirmirəm, evi xüsusi olaraq yığışdırmıram, dəbdəbə düzəltmirəm.

Olandan qoyuram süfrəyə. Çayı-qəhvəni sorğu-sualsız dayamıram qonağa, istəyib-istəmədiklərini soruşuram.

Gələnlər duruxur – yadıma düşür ki, qəbul olunmuş qaydalara görə, belə yerdə sual vermək lazım deyil, süfrəyə qoymalısan.

Sonra da özümə və qonağa izah edirəm ki, bu teatr nəyə lazımdı, sual verirəm, istəyirsən, denən istəyirəm, istəmirsənsə də, boş yerə əziyyət çəkməyim.

Sonra söhbəti qürbətdən, yad eldən salırlar. Qəbul olunmuş qəlib budur ki, indi mən qürbətdə həyatın çətinliklərindən, el-obanın, qohum-qardaşa yaxın olmağın üstünlüklərindən, adamın öz eli-obası kimi heç bir yerin doğma ola bilməyəcəyindən danışmalıyam, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” şablonunu təkrarlamalıyam, onlar da öz növbələrində mənə təsəlli verməlidirlər.

Bunun üçün nə qədər söz hazırlayıblar. Hansı sözü deyəndə hansı ifadəni alacaqlarını planlaşdırıblar. Söhbətin əvvəlcədən planlaşdırılmış bir qəlibi, ardıcıllığı var.

Mənsə qəfildən deyirəm ki, burda özümü çox rahat hiss edirəm, gürcülər əla millətdir, şəndirlər, yeyib-içəndirlər, hər şeyi razılaşdırma olur onlarla, dil tapmaq asandır, qonşular adamın zəhləsin tökmür, kim gəldi, kim getdi, gecə səs saldınız deyə adamın həyatını cəhənnəmə döndərmirlər.

"Problem olmayan yerdə problemin həllini niyə göstərirsiniz ki?"

Gələnlərin planları pozulur. Hazırladıqları təsəllilər, yad el-oba barədəki hazır monoloq sıradan çıxır, qalırlar belə.

Qadınlar adətən sualı ər-arvad münasibətlərindən salırlar. Deyirəm ki, heç bir problem yoxdur, bir-birimizi anlayırıq, birlikdə bizə maraqlıdır.

Müəyyən məqamları dəqiqləşdirirlər, məsləhətlər bu tipdə olur ki, kişi evə gec də gələr, qıraqda adamı da olar, adama acıqlanar da, sən fikir vermə, evin kişisidir, o nə desə, odur, nə bilim, bir aləm belə gic-gic şeylər.

Sözlərini kəsirəm ki, axı bunların heç biri baş vermir, bu məsləhətlər nəyə lazımdır? Problem olmayan yerdə, problemin həllini niyə göstərirsiniz ki?

Yenə pis olurlar. Plan, ritm yenə pozulur.

Söhbəti gətirirlər uşağın üstünə. Uşağı nə vaxt kəsdirirsiniz, sünnət toyu nə vaxtdır – filan. Deyirik ki, kəsdirmirik, niyə kəsdirək ki? Dəhşətə gəlirlər.

Niyə, bəs müsəlman eləməyəcəksiz? Deyirik ki, özümüz müsəman deyilik, uşağı niyə müsəlman edək?

Böyüyər, özü seçimini edər. İstəyər müsəlman olar, istəyər, xristian olar, istəyər ateist, istəyər də, makarona inanar. Dəhşətlə deyirlər ki, axı kəsdirməsəniz, ona bizlərdən qız verən olmayacaq?

Gülüb deyirik ki, sizin qızlardan almağa məcburdu bəyəm, bəlkə başqa dindən qız sevdi, bəlkə dinsiz qız sevdi, bəlkə ümumiyyətlə, orientasiyası elə oldu ki, qız yox, oğlan sevdi...

Bu yerdə söhbətlər sərt və geriyə dönüşü olmadan kəsilir. Qohumlar bərk əsəbiləşir, kişilər siqaret yandırır, qadınlar durub, başlarını başqa işlərlə qatır, fürsət tapan kimi də çıxıb gedirlər.

Vəziyyət o yerə çatıb ki, yaxın qohumlar, xətrimizi lap bərk istəyənlər əllərini göyə açıb yalvarırlar ki, allah sizə qız verməsin. O qız nəslin adın batıracaq.

Bir az gülməli gəlir, amma əslində dəhşət adamı bürüyür, bizim hələ qızımız yoxdur, qohumlar indidən onun vaginasın qeyrətini çəkirlər.

Biz özümüz bu barədə düşünmürük ki, o öz seksual həyatını necə quracaq, bunlar indidən narahatdırlar.

Vəziyyət ağlamalıdır. Sadəcə, dəhşətə gəlirəm. Emin Millinin qohumları kimi, bizdən imtina eləsəydilər, canımız qurtarardı.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG