Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:21

İmişlidə məmurlar gəlib etirazçıları dilə tutur


►Rəsmilər əhali ilə görüşə gəlib, məktəbin həyətinə tikinti materialı boşaldılıb

İmişlinin Qızılkənd kəndində məktəb etirazı davam edir.

Senytabrın 16-da 439 nəfər şagirddən təxminən 20 nəfəri dərslərdə iştirak edib. Bu barədə AzadlıqRadiosuna sözügedən yaşayış məntəqəsinin sakinləri məlumat veriblər.

Qızılkənd kəndinin sakini Vəkil Şükürovun sözlərinə görə, yenə də məktəb binası qarşısında qələbəlik yaşanıb. Əhalinin şikayətini dinləməyə gələn yerli icra və hüquq-mühafizə orqanları əməkdaşları vəd veriblər ki, məktəbdə yaxın günlərdə cari, bir neçə ay ərzində isə əsaslı təmir işlərinə başlanılacaq.

Görüşdən dərhal sonra məktəb həyətinə az miqdarda qum, çınqıl, taxta olmaqla tikinti materialı boşaldılıb.

“İndiyədək şəraitsiz, qəzalı vəziyyətdə olan məktəb binaları yenilənib”

Qızılkənd kənd məktəbində baş verənlərə İmişli Rayon Təhsil Şöbəsindən münasibət bildirilib.

AzadlıqRadiosuna müsahibəsində şöbə müdirinin müavini Vahid Tağıyev sakinlərin etirazına həssaslıqla yanaşdıqlarını bildirib. Lakin o qeyd edib ki, oradakı şəraitsizliyə görə tədris prosesinin pozulmasını və uşaqların icbari təhsildən yayındırılmasının çıxış yolu saymır:

“Son 10 ildə rayonun 39 məktəbinin binası yenidən inşa edilib, yaxud əsaslı təmir olunub. Həmin məktəblərdə 9969 nəfər şagird təhsil alır ki, bu da rayon üzrə şagirdlərin 66 faizini təşkil edir. İlk növbədə çiy kərpicdən tikilən və qəzalı vəziyyətdə olan məktəblərdə şərait yaxşılaşdırılıb."

Dərslərin baykotuna rəsmi cavab
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

O deyir ki, hazırda rayon üzrə şəhər 7 saylı, Qızılkənd, Aranlı kəndindəki 1 və 2 saylı, Məzrəli, Məmmədli, Muradxanlı və Yalavac kənd tam orta məktəblərinin binalarının əsaslı şəkildə təmirinə ehtiyac var. 2014- cü ildə Nazirlər Kabineti və Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərdə olub, müvafiq sənədləşmə işləri aparılıb:

"Ümid edirik ki, qısa müddət ərzində qalan məktəblərdə də tədris şəraiti müasir tələblər səviyyəsində olacaq.”

XS
SM
MD
LG