Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Əli Həsənov Mingəçevir hadisələri haqda


Əli Həsənov
Əli Həsənov

-

«İstəyirik, beynəlxalq aləm seçkiyə qiymət versin».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə müsahibəsində belə deyib. O, Mingəçevirdə baş verənlərdən danışarkən «könül açan hadisə deyildi» söyləyib:

«Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab prezidentin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq».

Prezidentin köməkçisi etiraz aksiyasına da toxunub: «Mingəçevirin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Cənab prezidenti nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin».

Seçkilər haqqında danışan Əli Həsənov deyib ki, Azərbaycanda budəfəki seçkiqabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. Onun fikrincə, cəmiyyətdə «barış mühiti» var.
Prezident köməkçisi manatla bağlı təhlükəli proqnozlara da münasibət bildirib: «Ajiotaja əsas yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!».

Anar Niftəliyev
Anar Niftəliyev

HƏKİM JURNALİSTİ MAŞINLA VURDU

BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümündə təqsirli bilinərək 2 il şərti cəza alan anestezioloq Firuz İbrahimov axar.az saytının baş redaktoru Anar Niftəliyevi maşınıyla vuraraq qaçıb. axar.az xəbər verir ki, Firuz İbrahimov Apellyasiya Məhkəməsinə teleqram vurub və mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində yatdığını bildirib.

Zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov vəziyyəti öyrənmək üçün xəstəxanaya yollanıb. Amma onun dediyinə görə, onları Firuz İbrahimovun yanına buraxmayıblar: «Təbii ki, o, xəstəxanada olmadığı üçün bizə onun yanına getməyə imkan vermədilər. Ancaq böyük ehtimalla xəstəxanada yatması ilə bağlı saxta arayış hazırlatdırıb və bununla da zaman qazanmaq istəyir. O, bu şəkildə prosesi sentyabr ayının 20-nə, Elnarə xanımın ölümünün iki ili tamam olacaq günə qədər uzadacaq ki, cinayət məsuliyyətindən azad olunsun. Məhkəmə hüququnda belə bir presedent var ki, 2 ilə qədər həbs cəzası olan maddə ilə ittiham edilən şəxs 2 il müddətində həbs olunmursa, həmin maddənin tətbiqi ləğv edilir».

axar.az yazır ki, Anar Niftəliyev Firuz İbrahimovun yaşadığı ünvana baş çəkib: «Bir qədər sonra Firuz İbrahimov evdən çıxıb, maşınına əyləşib. Anar Niftəliyev həkimin maşını Hənifə Ələsgərov küçəsində işıqforun qırmızı işığında dayandığı vaxt ona yaxınlaşıb və məhkəməyə nədən kələk gəldiyini soruşub. Kələyinin faş olduğunu görən anestezioloq Anar Niftəliyevi maşınla vuraraq qaçıb. Baş redaktor ayaqlarından ağır zədə alıb. Nərimanov rayon Polis İdarəsində araşdırma başladılıb».

Bakıda valyutadəyişmə məntəqəsinin qarşısı - 24 avqust 2015
Bakıda valyutadəyişmə məntəqəsinin qarşısı - 24 avqust 2015

AZƏRBAYCAN BATIRMI?

Sabiq maliyyə naziri Saleh Məmmədov «Yeni Müsavat»a Azərbaycanın iqtisadı durumu və böhrandan çıxış yolları haqda yazıb. Onun qənaətincə, maliyyə panikası aradan qaldırılmalı, ölkənin real iqtisadi potensialı və imkanları haqda məlumatlar əhaliyə çatdırılmalıdır.

Saleh Məmmədov təkliflər də verir: «İlk növbədə, daxili ehtiyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma salınmalı, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı; bunun üçün isə ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır. Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq, bazara təklifini artırmalısan. Kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. Kreditin təklif həcmini isə həm daxili və həm də xarici mənbələr hesabına etmək olar».

Saleh Məmmədov hesab edir ki, ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qarşısında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursun. «Son devalvasiyaya qədər yavaş-yavaş belə bir sistem formalaşırdı, amma 34%-lik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız - itkilərin 10%-i də eləmir. Siz təsəvvür edə bilərsinizmi ki, ABŞ, İsveçrə və ya Sinqapur bir gecədə valyutasını öz əli ilə bu qədər ucuzlaşdıra idi; yaxud, tarixlərində belə şeyə yol verəydilər? Qətiyyən yox! Əgər yol versəydilər, bu gün ən uzağı Rusiya və Qazaxıstan səviyyəsində olardılar».

XS
SM
MD
LG