Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

"Yesələr də, iş də görürlər" deyənlərə


Rəşad Babalı
Rəşad Babalı

- "Hökumətin saga-sola dağıtdığı pullar cibimizdən çıxmasa da, bizə çatacaq vəsaitlərdi."

Rəşad Babalı

Yeyirlər, sonra da...

Uşağın belə, düşünə biləcəyi şeyləri böyüklərin qavramaması mənə inandırıcı gəlmir. Ona görə ki, həyatın hər sahəsində düz üsulu qoyub fırıldağa yönələn, şeytana papış tikənlər birinci dərəcəli səbəb-nəticə əlaqəsini bilməsinlər?!

Hələ mən ikinci, üçüncünü demirəm. Hər gün rast gəldiyim məntiqsizlikdən iki nümunə verəcəm. Əslində elə bu ikisi çoxusunu əhatə edir.

Hamıya aydındır ki, büdcəyə qədər və büdcədən sonra dövlət vəsaitləri vəhşicəsinə dağıdılır. Azərbaycandakı korrupsiyaya bulaşmamış rəsmi bir qurum yox dərəcəsindədir.

Nəinki qurum, hətta orta səviyyəli təmiz, rüşvət almayan, korrupsiyaya bulaşmamış məmur tapmaq mümkün deyil. İcra edilən böyük layihələrdə yeyinti izlərinı çılpaq gözlə də görmək olar.

Ancaq orta statistik azərbaycanlı üçün bu, problem deyil. Ona görə, əsas odur ki, yesələr də, ortada iş də var.

Getdiyi yolların pis vəziyyətdə olması, buna görə maşınının ziyan görməsi, tez-tez qazılması, yağış və qar yağanda keçilməz olması azərbaycanlını yol çəkilən zaman baş verən yeyintiyə istiqamətləndirmir.

Uzaqbaşı ümumi, gözəgörünməz ünvana söyüb işlərinə davam edəcəklər. Yola məsul olanların basıb yedikləri milyonlara həsəd aparırlar. Əllərinə imkan düşsə, bəlkə də o yolları daha keyfiyyətsiz çəkərlər.

“Yesə də, iş görür” fəlsəfəsi addımbaşı gözə soxanlar təhsil, səhiyyə, ordu, kənd təsərüffatı, sosial müdafiə və digər sahələrdə “yeyib amma iş də görən”lərin hansı problemlərə səbəb olduqlarını heç cür bir araya gətirə bilmirlər.

Uşağın məktəbə gedir, ona çatası vəsaitləri basıb yeyirlər, əvəzində səndən müxtəlif adlarla pul yığırlar, ona adam balası kimi dərs deməli olan müəllimlər maaşlarının azlığını bəhanə gətirib yolaverdi dərs keçirlər, uşağı repetitor yanına istiqamətləndirirlər və sən də bütün bunlara səbəb olan korrupsiya sisteminə “yesələr də amma iş də görürlər də” deyib haqq qazandırırsan?

Yaxınının tutması var və təcili xəstəxanaya aparmaq lazımdı. Sənin isə imkanın yoxdu. “yesinlər ee, amma iş də görsünlər” deyə dolayısıyla haqq qazandırdıqlarının “sayəsində” təcili yardımın gec gəlmə ehtimalı artır.

Gələn həkimlərin lazım olan dərmanları və həvəsləri sənin cibinə bağlıdı. Əgər xalatının cibinə 5-3 manat basmadınsa xəstənin həyatıyla “klas-klas” oynayırsan. Xəstəxanada isə başqa sürprizlər gözləyir.

Pasientin yiyəsi yoxdursa, xəstə sağ çıxmaya bilər. İlkin tibbi yardım göstərilib palataya yerləşdirilən xəstə sahibsizlik ucbatından əlavə azarlar da tapıb oranı tərk edəcək.

Çünki “haqqı” ödənilməyən tibb bacişkaları, doxturlar, sanitarlar sadəcə iqnor edəcəklər pasienti. Pul çıxmadığı üçün hələ bir aşağılayacaqlar da. Bax, bütün bunlar “yesə də iş görürlər” dediyin Təhsilə cavabdeh şəxslərin korrupsiya əməllərinin fəaliyyətidi.

Eləcə də, orduya göndərdiyin əsgər sabah tabutda və ya xəstəliyə görə tərxis olunursa, “yeyirlər, amma iş də görsünlər” dediyin generalların əməyinin nəticəsidir.

Övladının payını yeyirlər, paltarını keyfiyyətsiz tikirlər, qaldığın şəraiti itlərinə belə, rəva görməzlər. Sən isə buna da şükür de.

Sosial müavinətin necə verildiyindən az çox xəbərimiz var. Müddətin yarısını məmurlar alır, yarısını da kimə ünvanlanıbsa. Məsul şəxslərin belə maxinasiyaları ucbatından ehtiyacı olanlar ala bilmirlər sosial yardımları. Bax bunlar da “yeyirlər, həm də iş görürlər”.

Büdcə pullarıyla həyata keçirilən layihələrdəki korrupsiyaya əhəmiyyət verməyən, bunun həyatına təsir edəcəyini qanmayanlar üçün kiçik bir misal. Müqayisələrdən qaçsam da, zərurətdən nümunə verməyə məcbur oldum.

Bir ev tikirsiniz. Tutalım, 100 min dəyərində. İş icraçısına hansı materiallardan istifadə ediləcəyi və hansı keyfiyyətdə olacağı barədə istəyinizi deyirsiniz. İş tamam olanda isə görürsünüz ki, inşaatçı nəinki arzuladığınız evi tikib, əksinə, ortaya çıxartdığı şey evə də bənzəmir. istifadə etdiyi materiallar zay.

Bu da işə yansıyıb. Otaqların sayı az, divarın qalınlığı deyiləndən nazik, çardağdəlmə deşik, döşəmə məsaməli, pəncərələrin şüşələri çərçivəyə uyğun deyil, qapılar tam örtülmür, hamam və tualet tam biabırçılıq.

Bir sözlə, rəzalət. Bundan sonra “yesə də adam iş görüb də” demək üçün ciddi psixoloji problemlərə və ya babat yumor hissinə malik olmaq lazımdır.

Hökumətin saga-sola dağıtdığı pullar cibimizdən çıxmasa da, bizə çatacaq vəsaitlərdi.

"Əşşi, bizə verərlər ki" deməyə də tələsməyin. Dünyanın ən demokratik rejimləri belə, azərbaycanlıları bircə il idarə etsinlər, ikinci il xalqın tələbsizliyindən diktaturalaşacaqlar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG