Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Laləli düzən (pyes)


Rəhman Əlizadə
Rəhman Əlizadə

RƏHMAN ƏLİZADƏ

L A L Ə L İ D Ü Z Ə N

Mahnı, rəqs, dialoq, monoloq, ariya, duet

və sair və ilaxirdən ibarət iki hissəli

mənsur – mənzum məhəbbət və qəhrəmanlıq

m ə z h ə k ə s i

B İ R İ N C İ H İ S S Ə

P ə r d ə q a b a ğ ı

C a r ç ı davul çalaraq gəlir.

CARÇI

Gün aydın, ey hörmətli, mərifətli publika!

Bizim cənnətə dönən suveren respublika

Böyük qardaşımızla dayanaraq yan – yana,

Xarüqələr yaradır, səs salır bu cahana!

Hörmət görmək istəyən – bizim diyara gəlir!

Mərifət, mədəniyyət, himmət görmək istəyən –

Bizim diyara gəlir!

Küçələrimiz daim ayna kimi parlayır,

Adamlar bir – birini sevərək tumarlayır.

Ağzımızdan çıxmayır bir söz güldən savayı,

Ehtiyacı olana əl tuturuq havayı.

Qocalarımız müdrik, gənclərimiz mehriban,

Şən nəğmələr oxuyub yaşayırıq firavan...

I ş t i r a k ç ı l a r narazı halda başlarını çıxarırlar.

İŞTİRAKÇILAR

- Əşi, bir dayan, baş alıb getmə!

- Onsuz da camaatın öz dərdi özünə bəsdir, sən də buyandan başlamısan zarafata.

- Səni bura tamaşanı başlamağa göndərmişik, yoxsa mənzum cəfəngiyyat söyləməyə?

- Uzunçuluq eləmə, yaxşısı budur tamaşanı başla!

CARÇI

Nə deyirəm, başla deyirsiz, başlayım da.

Öyləsə, bir də salam, ey hörmətli camahat!

Göstərəcəyik sizə məzəli bir əhvalat.

“LALƏLİ DÜZƏN” – mahnı, rəqs, dialoq, monoloq, ariya, duet və sair və ilaxirdən ibarət iki hissəli mənsur – mənzum məhəbbət və qəhrəmanlıq məzhəkəsi!

Müəllif güman edir ki, əhvalat bizim eradan bir iki il əvvəl və yaxud sonra vaxtıyla Laləli Düzən adlanan, indi isə haqqında demək olar ki, heç - bir şey bilmədiyimiz ölkədə baş verir. Son arxioloji qazıntılar, qiymətli tapıntılar, etnoqrafik tədqiqatlar...

İŞTİRAKÇILAR

- Əşi, sən çox çərənçilik eləyib vaxtımızı alacaqsan?

- Ə, adam oğlusan, elə etmə ki...

CARÇI

Aydındır! Musiqi! (Musiqi səslənir)

Məzhəkədə iştirak edənlər və onlar haqqında qısa xasiyyətnamə! Qəşəm şah!

QƏŞƏM ŞAH

(gəlib özünü təqdim edir)

Imperator Yadış tərəfindən səlahiyyəti məhdudlaşdırılmış, şer və musiqini qiymətləndirməyi bacaran Laləli Düzən ölkəsinin ortayaşlı hökmdarı. “Siçan – pişik” oyununun icadçısı. Dulam. (gedir).

CARÇI

Bilqeyis!

BİLQEYİS

(özünü təqdim edir)

Qəşəm şahın qızı. Ətli – canlı olmağıma baxmayaraq ürəyim çox incədir. Belə ki, heçnədən kövrəlir, kövrələndə əsəbiləşir, əsəbiləşəndə isə göz vururam! Bu məni daha da cilvəli, cazibədar və gözəl göstərir. 18 yaşında!!! Hələlik ərə getməmişəm, amma istəyirəm, çox istəyirəm! (gedir)

CARÇI

Abon!

ABON

(özünü təqdim edir)

Bilqeyisin uşaqlıq və gənclik dostu, həmçinin sevgilisi. Sənətim məlum deyil. Cavan və qəşəng olmağıma baxmayaraq sol əlimin çeçələ barmağı çatışmır. 18, 3 yaşında. Subayam. (gedir).

CARÇI

Xeyransa!

XEYRANSA

(özünü təqdim edir)

Gözəl və işvəkar olmağıma baxmayaraq kənizəm. 20 yaşlı, ürəyi təmiz, alagözlü keçmiş qız. (gedir)

CARÇI

Adıgözəl!

ADIGÖZƏL

(özünü təqdim edir)

Vəzifəsinə vicdanla, namusla, həddindən ziyada məsuliyyətlə yanaşan, daima öz xalqının rahatlığının, rifahının qeydinə qalan 35 yaşlı ayaqyolular müdiri. Coxdandır Xeyransanı gözaltı eləmişəm. (gedir)

CARÇI

Imperator Yadış! Romanın sonuncu imperatorlarından biri!

YADIŞ

(özünü təqdim edir)

Əsil adım çox qəliz və uzundur, dilə yatmadığından Laləli Düzən əhli məni sadəcə olaraq Yadış çağırır. Ortayaşlı qəsbkar! Çox zalım və qaniçənəm, amma ət xörəklərini və şərabı sevmirəm, mədəm xəstədir. Veni, vidi, vissi! Gəldim, gördüm, zəfər çaldım! Neron mükafatı laureatı! (gedir)

CARÇI

Əlimənsur!

ƏLİMƏNSUR

(özünü təqdim edir)

Yadışın yavəri. Sağ ayağım dizdən yuxarı yoxdur. Necə adam olduğumu heç müəllif də bilmir. (gedir).

CARÇI

Filosof!

FİLOSOF

(özünü təqdim edir)

Nəinki oxumağı, hətta yazmağı da bacaran 70 yaşlı yeniyetmə. (gedir).

CARÇI

Kahin!

KAHİN

(özünü təqdim edir)

Insanları hər hansı düz yola dəvət edən, özü köndələn gedən ortayaşlı sağlam bir kişi. Şirniyyatı çox sevirəm. (gedir).

CARÇI

Şair! (kimsə gəlmir) Şair! (pərdə arxasına) Bəs şair hanı?

SƏHNƏ ARXASINDAN

Əşi, nə çaşbaş olmusan? Şair elə özünsən də!

CARÇI

Ox batsın yaddaşıma! (özünü təqdim edir) Şair!!! Sözləri qafiyələndirməyi, gecələr yatmamağı bacaran, öz şerləriylə gah alçalan, gah ucalan, döyülən, söyülən, lazım gələndə soyulan, lazım gələndə heykəli qoyulan, əksər hallarda təvəllüdü məlum olmayan başıbəlalı çox müəmmalı canlı. Gördüyünüz kimi bekar vaxtlarımda carçılıq edirəm. Bahalıqdır, dolanmaq çətindir. Allah baisin tifağını xaraba qoysun...

XANƏNDƏ QIZ

(gəlir)

Əşi, bəsdü ucundan tutub ucuzluğa getdün də! Vallah, bu şairlərin hamısını hərzəkar gördüm. Camaatın ürəyini çəkdün ki! (özünü təqdim edir) Xanəndə qız! Xalqın sevimlisi! Oxuyanda mahnının ruhuna uyğun tərzdə bədənimin demək olar ki, bütün əzalarını məharətlə tərpədən, haqqında cürbəcür şayələr gəzən, Qəşəm şahın fikrincə həmişə cavan cüvənəzən! (Carçıya) Ih, qadam ağzına! (gedir)

CARÇI

Rəqqasələr!

RƏQQASƏLƏR

(özlərini təqdim edirlər)

Cürbəcür zəngin libaslar geyən, əslində isə çox kasıb olan yaşları naməlum gözəl – göyçək qızlar. (gedirlər)

CARÇI

Xalq! (kimsə gəlmir) Xalq! Ay xalq, hardasan?!

(səhnə arxasından qulaqbatırıcı hay – küy, çığırbağır və alqış qopur, Carçı diksinib yıxılır)

XALQIN SƏSİ

Xarici və daxili görünüşləri barədə müxtəsər bir şey məlum deyil. Əvvəldən axıradək ancaq səslərini eşidirsiz və eşidəcəksiz! Urra! Urra! Başla! Başla!.. Tamaşanı başla! Başla!..

CARÇI

Yaxşı, yaxşı, sakit olun! Başlayırıq! Diqqət! Diqqət! Birinci səhnə! Musiqi! (musiqi səslənir) Pərdə qalxsın! (pərdə qalxır).

Qəşəm şahın sarayının bağçası. Bağçanın ortasında fəvvarəli hovuz. Sarayda təmir işləri getdiyindən fəvvarə müvəqqəti işləmir. Hovuzda rəngarəng balıqlar üzür. Bilqeyis qara, uzun saçlarını üzünə dağıtmış halda hovuzun kənarında oturub, onun üzündən aydın hiss olunur ki, hovuzdakı balıqlardan biri xəstədir. Xeyransa onun saçlarını darayır. Uzaqdan lalələr görünür. Günortadır. (gedir)

BİLQEYİS

(oxuyur)

Ey qaragöz lalələr,

Ləçəyi köz lalələr,

Ürəyimdə gizlənib

Min sirli söz, lalələr!

XEYRANSA

Aman, aman, ay aman!

Həmdərd yox, dərdim kalan!

Belə əndamın yansın

Bizi bu hala salan.

BİLQEYİS və XEYRANSA

Ey qaragöz lalələr,

Ləçəyi köz lalələr.

Qəlbimizdə gizlənib

Min sirli söz, lalələr!

XEYRANSA

(Hovuzun kənarına çıxıb qollarını geniş açır)

Doğrudan da gözəldir bizim Laləli Düzən!

Göylərin ağuşunda qanad çalaraq süzən,

Ağ, məsum göyərçinlər, hovuzdakı balıqlar,

Bu güllər, bu çiçəklər, ilıq nəfəsli bahar,

Ah, nə qədər əzizdir, nə qədər sevimlidir.

BİLQEYİS

(yarımçıq göz vurur)

Xeyransa, səhv edirsən, mən deyərdim – qəmlidir!

XEYRANSA

Dediniz ki, qəmlidir?

BİLQEYİS

Hə, qəmlidir, qəmlidir!

Görüm ki, yerə girsin bu qaniçən Yadışı! (heykəli göstərir)

Görüm ki, tutsun onu xalqımızın qarğışı!

Artıq xeyli zamandır çəkərək böyük ordu,

Bu cəllad işğal edib bizim səfalı yurdu.

Hər dəfə görəndə bu heykəli mən,

Xeyransa, oluram vallah, dəli mən!

Igid oğlan istərəm intiqam alsın ondan,

Aləmə qan udduran bu zülümkar tirandan!

Ah, Xeyransa, o günü görsəydim ölməzdim heç...

(Ümid dolu nəzərlərlə uzaqlara baxır.)

XEYRANSA

Bilqeyis, bu arzudan gəl birdəfəlik vaz keç.

Igidlərimiz barədə məlumatımız azdır,

Üzdə olanlarınsa hamısı boşboğazdır.

Acığına gəlməsin, sənin dədən şah Qəşəm,

Deyir; gərək hər gecə bir arvadla əlləşəm.

Bir sürü arvad ilə hər gün oynayan kişi,

Söylə, necə bacarsın çətin, mürəkkəb işi.

Sovxa siyasət ki, var ayıq kəllə istəyir.

BİLQEYİS

Bilirsən Abon da məni sevir istəyir.

Canından da keçər o mənim yolumda inan.

XEYRANSA

Doğrusu, ay Bilqeyis, gözüm su içmir ondan.

Bir də inamım yoxdur erkəklərin eşqinə,

Elə ki, başladılar, eşq, məhəbbət məşqinə

Qızmış bədöy at kimi qaçacaqlar dalınca,

Sənə qul olacaqlar paylarını alınca.

BİLQEYİS

(göz vurur)

Bax, yenə göz vururam!

XEYRANSA

Yaxşı, hirslənmə, bəsdir.

BİLQEYİS

Çünki sənin yozumun məntiqsizdir, əbəsdir!

Qəşəm şah, Xanəndə qız və Rəqqasələr səhnəyə gəlirlər. Xanəndə qız oxuyur, rəqqasələrlə Qəşəm şah rəqs edirlər. Aşkar hiss olunur ki, rəqslərin quruluşu Qəşəm şahındır.

XANƏNDƏ QIZ

Sevgi nədir, sevmək nədir, eşq nədir?

Sevgisiz, eşqsiz həyat heçnədir.

QƏŞƏM ŞAH və RƏQQASƏLƏR

Sevgisiz, eşqsiz həyat heçnədir.

XANƏNDƏ QIZ

Kim öpməyib al dodaqdan,

Dişləməyib tər buxaqdan,

Məst qalxmayıbsa yataqdan

Xacə deyil, o bəs nədir?

RƏQQASƏLƏR

Sevgisiz, eşqsiz həyat heçnədir.

QƏŞƏM ŞAH

Oxşasa da bizi bir sürü canan,

Sevgiyə möhtacıq yenə hər zaman.

RƏQQASƏLƏR

Sevgiyə möhtacıq yenə hər zaman,

Sevgisiz, eşqsiz həyat heçnədir.

XANƏNDƏ QIZ

Maç eləyək şahımızı,

Yerdəki allahımızı,

O öpməsə hamımızı,

Xacə deyil, o bəs nədir?

RƏQQASƏLƏR

Xacə deyil, o bəs nədir?

(Qəşəm şah qızları bir – bir öpür, qızlar da onu öpürlər. Musiqi bitir).

QƏŞƏM ŞAH

Of, yordunuz siz məni, vay təngiyir nəfəsim.

(Bilqeyisi görür)

Söylə keyfin necədir, nazənin Bilqeyisim?

BİLQEYİS

Əvvəlcə qovla burdan çılpaq həyasızları!

Daim atılıb düşən şüursuz arsızları.

XANƏNDƏ QIZ

Abırlıyıq, arsızıq – öz işimizdir bizim.

Peşəmlə əlaqədar üzlər görsə də üzüm

Götürməmişəm hələ mən bir kimsədən minnət,

Tanrı verıbdir mənə istedad, qabiliyyət.

RƏQQASƏLƏR

(burcudurlar)

Tanrı veribdir bizə istedad, qabiliyyət!

BİLQEYİS

Belə mürdəşir yusun sizin istedadınızı!

XANƏNDƏ QIZ

Incəsənət əhlini – olsanız da şah qızı,

Söyüb təhqir etməyə ixtiyarınız yoxdur!

RƏQQASƏLƏR

Ixtiyarınız yoxdur!!!

XANƏNDƏ QIZ

Yetər, yetər, həqarət!

Yoxsa bu məmləkətdən edərik mühacirət!

RƏQQASƏLƏR

Mühacirət! Mühacirət!

QƏŞƏM ŞAH

Bəsdirin!

Bizi rahat buraxın!

(Xanəndə qız və Rəqqasələr ərknazla gedirlər)

(Bilqeyisə)

Bəsdir, daha göz vurma!

Xeyransa, sən də çıx get, burda dayanıb durma!

(Xeyransa gedir)

Indi açıq de mənə, sənin hirslənməyinə

Səbəb nədir, Bilqeyis?

BİLQEYİS

Acıyıram vətənə!

Bəsdiriniz satdınız onu yoldan ötənə!

Diksinib hər sədadan qaçırıq ceyran kimi,

Şəstimiz ishal olub fışqırır ayran kimi.

Axı özünüz deyin, nə zibildir bu Yadış?

QƏŞƏM ŞAH

Zibildir, ya ki güldür, bilmirəm, asta danış!

O ayıqdır, yatmamış!

BİLQEYİS

Cəhənnəmə yatmamış, belə gora ki, yatmamış!

Bir dəli şeytan deyir, get saçlarından yapış,

Vur başını divara, partlasın ağzı – burnu,

Görüm necə çəkəcək o sonra hurno – murno!

QƏŞƏM ŞAH

Mürdəşir yusun səni, nə zalımsan, Bilqeyis!

Demə yox ürəyində bir tikə humanlı hiss.

Bir də axı ürəkdən vurulub sənə Yadış.

BİLQEYİS

Sevindirdin lap məni, qiyamət bəxtim varmış.

Bir il ərsiz qalsam da, inan sözümə, ata,

Yenə ərə getmərəm onun kimi bədzata.

QƏŞƏM ŞAH

Ah, məhv olacağıq biz!

BİLQEYİS

Işlər olsa da çətin,

Qanımızı qatmayaq gəl qanına hər itin!

RƏQQASƏLƏR və XANƏNDƏ QIZ

(səhnə arxasından)

Gəl ey bizim şahımız,

Yerdəki allahımız.

Gəl səni dönə - dönə

Maç eləyək hamımız

QƏŞƏM ŞAH

Gəlirəm! Bu cahanda gərək sevəsən hər an.

Qızım, sevgidən başqa hər şey yalandır, yalan!

XANƏNDƏ QIZ

(özünü göstəririr)

Ürəyimizi çəkmə gəl!

RƏQQASƏLƏR

(özlərini göstərirlər)

Gəl, gəl, gəl!

QƏŞƏM ŞAH

Gəlirəm, ay gözəllər! (gedir)

BİLQEYİS

Əriyib şama döndüm dərd qübarın əlindən,

Ah, xəcalət çəkirəm dədəmin əməlindən.

(Abon gəlir, Bilqeyisi tək görüb nədənsə kolluqda gizlənir.)

BİLQEYİS

Ah, harda qaldı Abon, mənim sevimli yarım,

Eşq odu nə yamandır, yox bir yerdə qərarım.

(Abon kolluqdan çıxıb qəflətən Bilqeyisi qıdığlayır)

Vay, əndamın açılsın, oxlanasan bir səni,

Ürək – göbəyim düşdü, səksəndirdin lap məni.

ABON

Salam mənim ruhumun, ey əndamlı cananı,

Lalələr ölkəsinin, ey zənən qəhrəmanı!

Qoy bir dəfə maç alım qönçə dodaqlarından,

Yağlı cımcıq qoparım alma yanaqlarından.

Baş qoyaraq dizinə körpə bəbətək yatım,

Yupyumşaq ağuşunda arzu – kamıma çatım.

BİLQEYİS

Bilirsən ki, sevirəm mən də səni, ay Abon,

Sənə qurban demişəm bu bədəni, ay Abon!

Ancaq indi intiqam hökm eləyir qəlbimə.

Söylə hazırsanmı sən mənim hər bir əmrimə?

ABON

Hazıram, ey mənim gözəlim, ey mənim Veneram!

BİLQEYİS

Necə dedin?

ABON

Veneram! Bilirsənmi dünən mənim əlimə

Kitablarından biri keçmişdi Yadışın.

Yaman maraqlı idi. Venera sözünü də

Ordan əzbərləmişəm. Mənası – eşq, gözəllik

Ilahəsi deməkdir. Sən də mənim zadımsan,

Gözəllik ilahəmsən, müxtəsər – Veneramsan!

BİLQEYİS

Bura bax, sənə onun kitab – mitablarını

Mütailə etməyi mən qadağan edirəm!

O kitablarda məncə, ağıllı sözdən başqa

Hər nə zibil desən var. Yenera, aç gözünü

Mənə yaxşı – yaxşı bax! Mən Yenera deyiləm,

Bilqeyisəm, Bilqeyis!

Indi mətləbə keçək:

Gərək biz elə edək,

Rədd olsun burdan Yadış,

O qamış oğlu, qamış!

Qəhrəmanlıq göstərib onu məhv etməlisən!

ABON

Bilqeyis, gəl rəhm et sən!

Mən qorxuram Yadışdan,

Necə ki, cücə qorxur şır – şır yağan yağışdan!

BİLQEYİS

Utanıram yerinə - bu boy, bu bədənlə sən

Inana bilmirəm ki, qorxacağın birisən.

Sənin bircə silləndən mayallaq aşar Yadış,

Xalqımız da söyləyər sənə min kərə alqış!

XALQIN SƏSİ

Alqış! Min alqış!

BİLQEYİS

Eşitdin?

ABON

Döyməyə mən onu hazıram, Vene... bağışla,

Nazənin Bilqeyisim. Fəqət çatışmır, əfsus...

BİLQEYİS

Nə çatışmır, ağlınmı?

ABON

Bir barmağım çatışmır!

BİLQEYİS

Necə? Necə? Nə barmaq? Hansı barmaq? Tez söylə!

ABON

Çatışmır sol əlimdə, ah. Çeçələ barmağım. (ağlayır)

BİLQEYİS

Bəs hardadır barmağın?

ABON

Nə tez çıxdı yadından;

Xatırla, on il qabaq, biz uşaq olan zaman

Sizin Canavar adlı ov tulanız var idi.

Hə, yadına düşdümü? Qulağı da kar idi.

BİLQEYİS

(sentimental vəziyyət alır)

Ah, gəlir xəyalıma uşaqlıq illərimiz,

Nə qədər məsum idik, təmiz idi qəlbimiz.

Səhərdən axşamadək hey atılıb düşərdik,

Qaçardıq ora – bura, necə də güləşərdik.

Onda eləməmişdi Yadış buranı işğal,

Qarışmırdı daxili işmizə bir qırışmal.

Yox idi qolumuzda Yadışın zəncirləri.

Yaxşı, nə olsun bizim ov tulamız var idi?

ABON

(ağlayaraq)

O olsun ki, bir dəfə çeçələ barmağımı

Soxdum onun burnuna. O məlunsa alaraq

Barmağımı ağzına çeynədi, hey çeynədi...

BİLQEYİS

Hə, bəs sonra neylədi?

ABON

Qopardı lap dibindən!

Şikəst olub qalmışam mən də o vaxtdan bəri! (hönkürür)

BİLQEYİS

Yaxşı, bəsdir ağladın, zırıldama, gəl bəri!

Gəl oxşayım mən səni, ey əlil qəhrəmanım!

ABON

Bilqeyis, inan sənsən dar günümdə həyanım.

ADIGÖZƏL

(gəlir)

Ah, cavanlıq, cavanlıq...

(Bilqeyis və Abon onu görüb özlərini itirirlər.)

Heç olmayın narahat.

Daim sevib – sevilin, vəfasızdır bu həyat.

BİLQEYİS

(çaşqın)

Boynundakılar nədir?

ADIGÖZƏL

Qapılardır, qapılar!

ABON

Əcəba, nədən ötrü qapılar deyirsiniz açarlara siz?

ADIGÖZƏL

Hər qapının açarı var, hər açarın öz qapısı,

Açarlarsız qapıların, qapılarsız açarların,

Deyin, varmı bir mənası?

Çoxdur bu dünyada qapılar...

Elcarı qapılar da var, məxsusi, fərdi qapılar da.

Qapılar gah açılar, gah qapılar...

Bütün qapıları bağlamağa, açmağa açarlar

tapılar, tapılar!...

XEYRANSANIN SƏSİ

And verirəm sizi mən müqəddəs lalələrə!..

Vaxsey, istəmirəm, şaxsey istəmirəm!..

ADIGÖZƏL

(həyacanlı)

Xeyransanın səsidir!

(ətrafı qoxulayır)

Cananın nəfəsidir!

Ilahi, görən niyə sevgilim dad eləyir?

Bəlkə tora düşübdür, məndən imdad eləyir?!

Ah, yaxşısı budur ki, gəlin əvvəl gizlənək,

Bu şübhəli səhnəni biz müfəssəl izləyək!

Abon, Bilqeyis və Adıgözəl gizlənirlər, Qəşəm şah Xeyransanı girləyərək gəlirlər.

XEYRANSA

Istəmirəm! Heç bir vaxt!

QƏŞƏM ŞAH

Yox, əl çəkən deyiləm!

Xeyransa, rəhm eləyin, divanəyəm, dəliyəm!

XEYRANSA

Sizə bəs eləmirmi saraydakı arvadlar?

Indi də məni yoldan çıxarmaq qəsdiniz var?!

QƏŞƏM ŞAH

Ay qız, onlar mənimlə bacara bilməyirlər,

Çoxlu fənd bilsələr də öhdəmdən gəlməyirləır.

And verirəm mən səni müqəddəs lalələrə,

Etiraz eləməyin, bir dəfə, bircə kərə!

XEYRANSA

Sizə yaxşı bələdəm, sonra səhərə kimi

Əl çəkən deyilsiniz!

QƏŞƏM ŞAH

Ah, çəkmə ürəyimi!

XEYRANSA

Barmağınızdakı qızıl üzüyü versəniz də

Yenə razı olmaram!

QƏŞƏM ŞAH

Xeyransa, vəziyyətim, böhranlıdır, rəhm elə!

Ah, dayana bilmirəm! (üzüyü çıxarıb verir)

Götür qurbandır sənə!

XEYRANSA

Görürəm ki, bu sizdə bir xəstəlik olubdur.

QƏŞƏM ŞAH

Bəli, naxoşlamışam, dərdim iltihab edib,

Sənintək təcrübəli, ustad qadın görəndə

Bacarmıram özümlə! Xeyransa bircə kərə! (ağlayır)

XEYRANSA

Yaxşı, qalxın, dünyada üzüyumşaq olmaqdan

Yaman xasiyyət yoxdur.

Qəşəm şah qalxır, Xeyransanın əllərindən öpür, Xeyransa nazlanır. Qəşəm şah qırmızı, yaşıl, sarı boyalarla rənglənmiş doqquz xanalı taxtanı qoynundan çıxarıb hovuzun kənarına qoyur, sonra cibindən ağ rəngli pişik, qara rəngli siçan fiqurlarını çıxarır.

QƏŞƏM ŞAH

Mən siçanam, sən pişik!

XEYRANSA

Elə isə girməyə birazdan axtar deşik!

Miyo – miyo edərək yaşıl damaya girdim.

(Bilqeyis, Abon və Adıgözəl gizləncdən çıxıb oyunu izləyirlər)

BİLQEYİS

Ah, hirsimdən çatladım, tükənibdir lap səbrim!

QƏŞƏM ŞAH

(Bilqeyisi görür)

Mənim sevgili qızım, gəl baxginən dədənə,

Gör necə dərs verəcək özünü tərif edənə.

Sarı damaya girdim sivişib asta – asta.

ABON

Əhsən, belə gedişə!

ADIGÖZƏL

Burda xata var, xata!

XEYRANSA

(pişiyi sarı damaya qoyur)

Işin bitdi ay siçan, yeyəcəyəm səni mən!

QƏŞƏM ŞAH

(gözlərini döyür)

Vay, ürəyim dayandı... Mən qorxuram pişikdən!

(Hovuzun kənarına yıxılır. Adıgözəl ətri çıxarıb onun burnuna tutur.)

QƏŞƏM ŞAH

(asqırır)

Bu nədir?!

ADIGÖZƏL

Ətir!

Vəzifəm tələb edir,

Hər bir zaman gəzdirəm, şahim cibimdə bunu,

Çünki ətir öldürür ətirsiz hər qoxunu!

(cibindən kağız çıxarıb Qəşəm şahın burnunu silir.)

QƏŞƏM ŞAH

Püf, ürəyim bulandı, ay əclaf, bəs bu nədir?!

ADIGÖZƏL

Şer!

QƏŞƏM ŞAH

Necə, şerdir?

ADIGÖZƏL

Bəli, şahim, şerdir!

Bu gün səhər tapmışam ayaq yolundan bunu,

Bu həcvdən tez duydum görkəmli şairimizin

əvəzsiz üslubunu!

QƏŞƏM ŞAH

Necə, həcv?! Tez oxu!

ADIGÖZƏL

(oxuyur)

Satıb dəyyus Yadışa bizim diyarı Qəşəm şah,

Veribdir kafərlərə hər ixtiyarı Qəşəm şah.

Talan edir yurdumun sərvətini yadellilər,

Yedirdir öz xalqına duzlu xiyarı Qəşəm şah.

Düşmən əsgərləri ölkəmdə ədəbsizlik edir,

Itiribdir namusu, qeyrəti, arı Qəşəm şah!

QƏŞƏM ŞAH

Necə?! Mənəmmi dəyyus, mənəm arsız, biqeyrət?!

Gözündən gəlsin şair, məndən gördüyün hörmət!

(bağırır)

Şair, şair! Bura gəl, cüvəllağı, dələduz!

(Şair gəlib ədəblə baş endirir)

ŞAİR

Bəli, şahim, fərmayiş?

QƏŞƏM ŞAH

Donuzun biri donuz!

(kağızı verir)

Bu həcvi sən yazmısan?

ŞAİR

(kağızı alıb qoxulayır)

Mən yazmışam əhv edin!

QƏŞƏM ŞAH

Tfu, sənin özünə! Xainin biri xain!

Ah, haram olsun sənə verdiyim mükafatlar,

Aldığın qonorarlar, bir də ki, fəxri adlar!

Yox, belə görürəm ki, sən yolundan azmısan,

Gör necə qudurubsan, mənə həcv yazmısan!

Mən cəhənnəmə, xalqı, bizim gözəl xalqı sən

Ürəyin uf demədən, alçaq, təhqir etmisən!

Söylə, kim verib sənə belə bir ixtiyarı,

Həmqafiyə edəsən diyar ilə xiyarı?!

XALQIN SƏSİ

Necə, xiyar və diyar?!

Ah, qırışmal, xətəkar!

Xainin biri, xain!

Kaş sınaydı qələmin,

Özyolundan azanda!

Bizə həcv yazanda!

Tfu, sənin sözünə!

Tfu, sənin özünə!

Tfu, sənin üzünə!

ŞAİR

(dəsmal çıxarıb üzünü silir)

Mən üç nöqtə yemişəm atabatamla şahim!

XALQIN SƏSİ

Yemisən?

ŞAİR

Yemişəm, gözəl xalqım!

Keçiniz təqsirimdən, kişnəyəndə ilhamım,

Yüyənini çəkməyə gücüm çatmayır çox vaxt.

Ilhamımın məhsulu qənimim olur, heyhat!

(kağız çıxarır)

Yazdığım həcvə qarşı budur yeni mədhiyyə,

Şahıma və xalqıma eləyirəm hədiyyə!

(kağızdan oxuyur)

Ey qəhrəman xalqımın igid oğlu Qəşəm şah,

Sənə, gözəl xalqıma alovlu bərəkallah!

Aparırsan sən bizi hey zəfərdən – zəfərə!

Səninlə çatacağıq biz işıqlı səhərə!

Atamızsan sən bizim, övladınıq biz sənin,

Ümidisən, Qəşəm şah, bu Laləli Düzənin!

QƏŞƏM ŞAH

Yaşa şair, min yaşa! Gəl bir öpüm üzündən!

(Ağlamsınaraq şairin üzündən öpür.)

Şair, yanını qaşı, muğayət ol özündən!

Ilhamının sehriylə ovsunladın lap məni,

Bax, taxıram sinənə “Qızıl Lalə” ordeni!

(Şairin sinəsinə orden sancır)

Al, bu da cib xərcliyi! (pul verir)

Ye, iç, keyfin saz olsun!

Bu vəfasız dünyada dərdin, qəmin az olsun!

ŞAİR

(Adıgözəli kənara çəkir)

Beş dəqiqə ərzində alçaldım, həm ucaldım...

Belədir şair ömrü... (Adıgözələ pul verir.)

Al, səndən razı qaldım.

ADIGÖZƏL

Haçan əlin aşağı olsa, him eylə mənə,

Bağlı qapı açmağa açar taparam yenə.

(pulları cibinə qoyur)

Şeypurlar gurlayır, təbillər çalınır, Əlimənsur əlində qılınc axsıyaraq gəlir.

ƏLİMƏNSUR

Yaşasın imperator Yadış!!!

HAMI

Yaşasın!!!

ƏLİMƏNSUR

Imperator Yadışa alqış, min alqış!!!

HAMI

Alqış, min alqış!

(Yadış gəlir, cəld bir hərəkətlə hovuzun divarına çıxır, ayağı büdrəyib hovuza düşür, bir andan sonra əlində quru balıq sudan çıxıb yenidən hovuzun divarına qalxır.)

YADIŞ

(balığı başıüstə qaldırır)

Yaşasın balıq!

HAMI

Yaşasın balıq!

YADIŞ

Yaşasın mən!

HAMI

Yaşasın sən!

YADIŞ

Sən yox, siz!

HAMI

Yaşasın sən yox, siz!

BİLQEYİS

Belə başına daş düşsün, dincəlsin ürəyimiz!

YADIŞ

(balığı Əlimənsura verir)

Götür, xalis qəşəmdir! Pivənin malıdır.

QƏŞƏM

Alihəzrət, xəşəmdir.

YADIŞ

Xəşəmdir, Qəşəmdir, nə fərqi var? Unim et idem!

HAMI

Unim et idem?

ƏLİMƏNSUR

Yəni eyni zibildir!

YADIŞ

Əsas məsələyə keçməmişdən əvvəl bu qartal gözlərimlə etdiyim çılpaq bir həqiqəti sizin nəzərlərinizə çatdırmaq istəyirəm! O nədir? O da sizin ədəbsizliyinizdir! Hər kəs vəzifəycən özündən böyüklərə “sən” yox, “siz” deməlidir. Mənim işğal edib xoşbəxtlik bəxş etdiyim hər ölkədə yüksək mədəniyyət, kultura olmalıdır! Nə olmalıdır, Əlimənsur?

ƏLİMƏNSUR

Yüksək mədəniyyət olmalıdır! (geyirir)

YADIŞ

Doğrudur! Dinləyin fərmanımı! Fərman nömrə min doqquz yüz doxsan bir! Bu gündən etibarən Laləli Düzən ölkəsində hamı – məmə deyəndən pəpəyeyənəcən bir – biriylə şerlə danışıb qonuşmalıdır!

HAMI

Necə?

YADIŞ

Bax, beləcə!

Dura leks, sed leks!

ƏLİMƏNSUR

Qan elə qanun ilə!

YADIŞ

Şerlə danışmalı bu gündən belə hər kəs,

Qafiyələr axmalı dodaqlardan, əlqərəs,

Hər kim çıxsa əmrimdən vurulacaqdır boynu,

Mədəniyyət naminə!

ŞAİR

Çatıb dünyanın sonu!

YADIŞ

Nə dedin? Təkrar elə!

ŞAİR

Dedim: əla əmrdir,

Mənim yarım xəmirdir,

Dodaqları dəmirdir...

YADIŞ

Bir dayan, baş aparma, sözündə məntiq yoxdur!

ŞAİR

Fəqət qafiyə çoxdur!

Yarımın qarnı toxdur,

Dırnağı isə oxdur,

Dünyada soxasoxdur...

YADIŞ

Mırtıldama, dayan, dur!

Şerlə danışmaqçın təkcə qafiyə azdır.

Məntiq, fikir lazımdır. Kim ki, qafiyəbazdır

Demək, əqli dayazdır!

Apollona and olsun,

Kim pozsa şeriyyəti gərək boynu vurulsun!

Indi mətləbə keçək. Xatırlayın, şah Xəşəm...

QƏŞƏM ŞAH

Qəşəm!

YADIŞ

Nə fərqi var. Yaxşı, şah Qəşəm,

Buranı fəth edəndə sizə nə söyləmişəm?

(Qəşəm şah fikirləşir, amma yadına sala bilmir. Əlimənsur qaiməni çıxarır)

YADIŞ

Icazənizlə bir – neçə dəqiqəliyə şeriyyəti unudaq, çünki söhbət siyasətdən gedəcək. Siyasətlə şeriyyət bir növ qulaq qafiyəsi olsalar da, ancaq bir qazanda qaynaya bilməzlər! Niyə qaynaya bilməzlər, Əlimənsur?

ƏLİMƏNSUR

Ona görə qaynaya bilməzləır ki, Yadış həzrətləri, ya siyasət şeriyyətləşər, ya da şeriyyət siyasətləşər.

YADIŞ

Doğrudur. Oxu, Əlimənsur! Verba volyant, skripta manent.

ƏLİMƏNSUR

Sözlər uçub gedir, yazılanlar qalır!

(oxuyur) Bu gündən etibarən bütün Laləli Düzən öz camaatı ilə birlikdə imperator Yadışın hakimiyyətinə keçir. Bu ölkədəki hər şey, yeraltı və yerüstü sərvətlər, madii və mədəni nemətlər, hətta xalqın düşüncə tərzi belə imperator Yadışın ixtiyarındadır. Onun icazəsi olmadan hər – hansı bir sahədə daş daş üstündən tərpənməməlidir!

YADIŞ

Əlimənsur, bax gör bağlaşmada Qəşəm şahın imzası və möhürü var?

ƏLİMƏNSUR (baxır)

Vardır, Yadış Həzrətləri!

YADIŞ

Elə isə, bilin, Qəşəm şah, - littera skripta manet!

ƏLİMƏNSUR

Qələm yazanı qılınc da poza bilməz!

YADIŞ

Qəşəm şah, mənim müzəffər ordum buranı fəth edəndə qayanın düz başında bir erkək dağ keçisi qürurla durmuşdu! Düzdürmü, Əlimənsur?

ƏLİMƏNSUR

Düzdür, təsdiq edirəm!

YADIŞ

Bax, belə! Bu bağçada sapsarı qəşəng bir bülbül məlahətli səsiylə cəhcəh vururdu. Düzdürmü, Əlimənsur?

ƏLİMƏNSUR

Bəli, cəhcəh vururdu!

YADIŞ

Nəhayət, qızınızın gül yanağında balaca xal vardı. Qaraydı, zil qaraydı! Düzdürmü, Əlimənsur?

ƏLİMƏNSUR

Bəli, lap qaraydı!

YADIŞ

Indi cavab ver Xəşəm, niyə gözümə dəymir keçi, bülbül, bir də xal? Onları neyləmisən? Cavab ver!

QƏŞƏM

Şerlə?

YADIŞ

Yox, nəsrlə!!!

QƏŞƏM

Keçi qaçıb gedib.

YADIŞ

Belə... Hara, ayıb olmasın?..

QƏŞƏM

Hara ona xoş gəlibsə, ora.

YADIŞ

Niyə, ayıb olmasın?

QƏŞƏM

Çünki ayaqları var.

YADIŞ

Bülbül də qaçıb?

QƏŞƏM

Xeyr, uçub.

YADIŞ

Belə de! Niyə?

QƏŞƏM

Çünki qanadları var.

YADIŞ

Bəs qızınızın yanağındakı xal hanı?! Mənə elə gəlir ki, xalın nə ayaqları var, nə də qanadları! Xal hanı? Hanı xal? Yoxsa siz də bəzi əyalətlərimtək müstəqillik xəyalına düşmüsüz? Status in statu?! Hın?!

ƏLİMƏNSUR

Dövlət içərisində dövlət?! Hın?!

QƏŞƏM ŞAH

Allah eləməsin, biz hara, status hara? Sadəcə olaraq ölkəmizin qızları istədikləri zaman yanaqlarına, çənələrinə, ümumiyyətlə ürəkləri istəyən hər bir yerə süni xallar qoymağı xoşlayırlar. Qızımın da xalı süni idi, yəqin indi pozub.

ƏLİMƏNSUR

Kvod lüsset Yovi, non lüsset bovi!

YADIŞ

Elədir, Əlimənsur, ad notanda – petüssio prinssipii! Indi isə Bilqeyis xanımdan savayı hamı çıxıb getsin!

(Bilqeyis və Əlimənsurdan başqa hamı gedir.)

Sən isə, Əlimənsur,

Get, əmrimə hazır dur!

(Əlimənsur gedir.)

YADIŞ

Mən sizə öz qəlbimi açmalıyam nəhayət,

Fəqət burda acizdir həm nəsr, həm şeriyyət!

Dinləyin fəryadımı,

Həzin serenadamı.

(oxuyur)

And olsun Amurun qanadlarına,

Mən sizi sevirəm qəlbən, Bilqeyis!

Inanın könlümün fəryadlarına,

Bir gün öləcəyəm qəmdən, Bilqeyis!

BİLQEYİS

(oxuyur)

Eşit son sözümü, ey zalım Yadış,

Sevmirəm mən səni, gəl qoyma qamış.

Abonu sevirəm, ona min alqış,

Tək Abonçun gedir əldən Bilqeyis.

(Yadış Bilqeyisi qucaqlamaq istəyir, Bilqeyis yerdən daş yığıb ona atır.)

YADIŞ

Bilqeyis, atma daş,

Sevirəm səni.

Partlayar yoxsa baş,

Sevirəm səni!

BİLQEYİS

Abondur sevgilim, onu sevirəm!

Abondur öz gülüm, onu sevirəm!

YADIŞ

Gəl rəhm elə, Bilqeyis, sən mənə!

Yoxsa vurar başıma hirs, dönə - dönə!

BİLQEYİS

Rədd ol, sevmirəm səni, ay Yadış!

Mən sevirəm özgəni, ay Yadış!

YADIŞ

Sev məni!

BİLQEYİS

Sevmirəm!

YADIŞ

Başına dönüm sev məni! (Mahnı bitir)

BİLQEYİS

Adam oğlusan, dedim ki, sevmirəm!

YADIŞ

Deməli, sevmirsən?!

BİLQEYİS

Yox, yox, yox!

YADIŞ

Belə, qara ox, ox, ox!

BİLQEYİS

Dəysin ürəyinin başına!

Sonra qohum qardaşına! (Acıq edib gedir)

YADIŞ

Imperator Yadışı söyərək təhqir etmək?!

Ah, ürəyim sıxılır... Əlimənsur, et kömək!

(Ürəyini tutub hovuzun səkisində oturur, Əlimənsur gəlir.)

ƏLİMƏNSUR

Vay sizə nə olmuşdur?

Cəmalınız solmuşdur!

YADIŞ

Sevmir məni Bilqeyis!

Yoxdur onun qəlbində mənə qarşı nəcib hiss!

ƏLİMƏNSUR

Eh, cəhənnəmə sevsin!

Bu ölkənin qızları hamı sizin deyilmi?

Göylərin ulduzları hamı sizin deyilmi?

Dənizlər, göllər, çaylar, qaranquşlar, bülbüllər,

Bərəkətli çöllərdə dalğalanan sünbüllər,

Hamı sizin deylimi?

YADIŞ

Bəli, bəli mənimdir!

Romadan bura qədər büsbütün məmləkətlər,

Dünyada ən qiymətli cəvahirlər, zinətlər,

Bəli, bəli mənimdir!

Qorxumdan bütün şahlar çəkməyərkən nəfəsin,

On səkkiz yaşlı bir qız məni təhqir eləsin?!

And olsun Yupiterə, mənim olmalı o qız!

Əlimənsur, tez axtar, tapginən qələm – kağız!

(Əlimənsur qələm – kağız tapır.)

Alea yakta est! Aut Sezar, aut nixill!

ƏLİMƏNSUR

Əla! Püşk atılıb, ya Sezar olaram, ya da heç nə!

YADIŞ

Yaz!!!

(təbillər döyülür, şeypurlar gurlayır, Yadış acıqlı nə isə deyir, Əlimənsur gülə - gülə yazır. Səhnə qaranlıqlaşır.)

PƏRDƏQABAĞI

Ş A İ R davul çalaraq gəlir.

ŞAİR

Diqqət, diqqət!

Mərkəzi hökumət

Veribdir təzə əmr:

Şer və mədəniyyət

Inkişaf etsin deyə

Bu gündən belə

Hamı danışmalı

Ancaq şerlə!

Imperator Yadışın

Kim pozsa əmrini

Indidən öz qəbrini

Gedib qoy özü qazsın!

Sonra özünü assın!

Diqqət, diqqət,

Eşit ey millət!

Soyunubdur nazlı yar,

Başqa bir xəbər də var:

Imperator Yadış,

Hansı ki, ona alqış!

XALQIN SƏSİ

Alqış, min alqış!

ŞAİR

Xəbərdarlıq eləyir,

Biliniz Qəşəm şaha!

XALQIN SƏSİ

Qəşəm şaha da alqış?

ŞAİR

Yarım alqış.

XALQIN SƏSİ

Qəşəm şaha alqış, iki min yarım alqış!

ŞAİR

Harda qaldım?

Hə, xəbərdarlıq eləyir

Biliniz Qəşəm şaha:

Əgər Bilqeyis xanım

Arvad olmasa ona,

Bizim ölkənin işi

Qalacaqdır allaha!

(Kahinlə Filosof gəlirlər.)

FİLOSOF

Salam, şair, eşitmişik son mədhiyyənə görə kalan müəllif haqqı almısan!..

ŞAİR

Sıs...

Dilini qıs!

Filosof qardaş,

Başına düşsün daş,

Şerlə danış,

Yoxsa ölçərlər

Boyuna qamış!

FİLOSOF

Müftəülün failat, məfaülün faülün!

Eşitmişik almısan müəllif haqqı bu gün.

KAHİN

Əlimizə keçdin axır, nahar vaxtıdır şair,

Gedək xərclə bizimçün və ilaxır və sair.

(Xanəndə qızla rəqqasələr təngnəfəs gəlirlər.)

XANƏNDƏ QIZ

Aman şair, ay aman, müftəülün, ay aman!

Doğrudurmu Yadışın verdiyi təzə fərman?

RƏQQASƏLƏR

Bəs indi biz neyləyək? Biz nəsrlə güc – bəla danışırıq, şerlə necə danışaq? Kaş elə bir fərman verəydi ki, adamlar rəqslə sındıra – sındıra, burcuda – burcuda danışaydılar.

KAHİN

Gəlin gedək tindəki yeraltı meyxanaya,

Biz şerlə danışaq, siz də düşün araya!

FİLOSOF

Biz sizə ustad olaq, siz də bizə mürəbbi,

Şer, sənət yolunda birgə edək tərəqqi.

KAHİN

And olsun lalələrə və müqəddəs odlara,

Unutmaqçın dərd – qəmi yoxdur alayı çara.

XANƏNDƏ QIZ

Mən razıyam! Ay qızlar, razısınızmı?

RƏQQASƏLƏR

Bəli!!!

KAHİN və FİLOSOF

( şairi qoltuqlayırlar)

Incəsənət uğrunda, sənətkarlar, irəli!

QƏŞƏM ŞAH

(gəlir)

Dayanın, ay nankorlar!..

ŞAİR

Şer ilə danışın, amandır, ey hökmdar!

QƏŞƏM ŞAH

Müftəülün failat, məfaülün failat!

Boy sırasıyla burda tez düzlənin, fərağat!

Failatın failatın failatın faülün!

Indi isə sənət əhli, mənim ardımca gəlin!

Şair, Filosof, Kahin, Xanəndə qız və Rəqqasələr Qəşəm şahın ardınca səhnədən çıxırlar. Musiqi. Pərdə qalxır. Aylı – ulduzlu gecə. Bilqeyis hovuzun kənarında oturub həzin – həzin oxuyur.

BİLQEYİS

Rəhmsizdir tale neçin?

Ağlayıram için – için.

Niyə əlimdən iş gəlmir

Sevimli millətim üçün.

Yox, ölərəm, verərəm can!

Olmaram düşmənə canan!

Abon görünür, Bilqeyisin iztirablarına dözməyərək o da oxuyur.

ABON

Ay Bilqeyis, gəl ağlama,

Ürəyimi sən dağlama.

Abon səni qəlbən sevir,

Düşmənlərə bel bağlama.

Mən səninəm, sən də mənim,

Qucağındır öz vətənim!

BİLQEYİS

(Abona sarılır)

Mənim mehribanım, həmdəmim, Abon!

Inan başdan aşır dərd – qəmim, Abon!

Ümidsiz çağlarını yaşayır qədim ölkəm,

Istəyirəm hikkədən paltarlarımı sökəm,

Göstərəm düşmənlərə kinimi, nifrətimi,

Bilsinlər ki, sevirəm sevimli millətimi.

ABON

Burax, boğuldum, aman!

Canan, oldum yarımcan!

BİLQEYİS

Bilirsən əmrini yəqin Yadışın,

O köpəyoğlunun, başıbatmışın.

Artıq çıxış yolu, əzizim, yoxdur,

Onun bizdən qat – qat ordusu çoxdur. (ağlayır)

Mən ona ərə getməyəcəyəm, o isə hirslənib Laləli Düzəni bayquş yuvasına döndərəcək!

ABON

Qafiyə ilə danış,

Bəlkə Yadış yatmamış!

BİLQEYİS

Onu görüm ömrüboyu yuxuya həsrət qalsın. Əzizim, Laləli Düzənin nicatı, gələcəyi bizim ikimizin ölümündədir! Biz ölməliyik!

ABON

(təlaşla)

Necə yəni ölməliyik?!

BİLQEYİS

Laləli Düzən uğrunda, saf və təmiz məhəbbət naminə biz həyatımızı qurban verməliyik! Bizim ölümümüz qəsbkarlara, sevən ürəkləri duymayanlara, mövcud qayda – qanuna qarşı bir qiyam kimi səslənəcək! Fəqət biz ölsək də adımız sevən könüllərdə, vətənpərvərliklə döyünən ürəklərdə yaşayacağıq! Bizim haqqımızda dastanlar qoşacaq, əfsanələr uyduracaqlar!

ABON

Bəlkə yazmadılar, uydurmadılar, bəs onda nə olsun?

BİLQEYİS

Mütləq yazacaqlar! Mən şairlərimizə yaxşı bələdəm, hamısı himə bənddir. Bir gecənin içində onlarla dram əsərləri, poemalar, romanlar... Hələ bəstəkarlarımızı demirəm; kantatalar, simfoniyalar, baletlər... “Bilqeyis və Abon” əvvəli nikbin axırı bədbin iki hissəli lirik – psixoloji fəlsəfi – etik, romantik – sentimental – surrealist qəhrəmanlıq və məhəbbət operası! Necə də gözəl və təmtəraqlı səslənir!

ABON

Bəli, gözəl və təmtəraqlı səslənir...

BİLQEYİS

Bilirsənmi, əzizim, ataq özümüzü çaya!

ABON

Üzməkçünmü o taya?!

BİLQEYİS

Yox, boğulub ölməkçün!

ABON

Çayda boğulub ölsək tapılmaz meyidimiz,

Qəbirsiz, abidəsiz yaddan tez çıxarıq biz!

BİLQEYİS

Onda asaq özümüzü qızılgül budağından!

Qurtaraq bu dünyanın saxta təmtərağından!

ABON

Yox, birdən sınar budaq, əzilər baş – gözümüz.

Dost – tanışın yanında qara olar üzümüz.

BİLQEYİS

(xəncər çıxarır)

Onda bax, budur xəncər!!! Əvvəl öldür özünü,

sonra məni əzizim!

ABON

Deyim sənə düzünü,

Uşaqlıqdan qorxuram, əzizim qan – qadadan.

Bıçaq, xəncər görəndə tez çıxıram aradan.

(getmək istəyir)

BİLQEYİS

(onu yaxalayır)

Onda gəl zəhər içək, uyaraq asta – asta,

Biz “əlvida” söyləyək bu vəfasız həyata.

ABON

Yox, zəhər mədəmizi yandırar alov kimi,

Haraylaya bilmərik köməyə də heç kimi.

BİLQEYİS

Onda, dostum, sən söylə, ölək hansı üsulla?

ABON

Əzizim, gəl yaşayaq... (ağlayır)

BİLQEYİS

Kəs səsini, kəs, mumla!

Ah, qorxağın biri qorxaq! Deməli sən məni bir damcı da sevmirsən? Kül başına Bilqeyis, gör bir kimə bənd olmusan!

ABON

Ah, əzizim, göz vurma!

Başına dönüm, göz vurma!

Qadanı alım, göz vurma!

Neynim sevgilim, biqeyrətəm də!..

BİLQEYİS

Rədd ol burdan, mənim el içində rüsvay olmuş üzüqara, uğursuz ilk məhəbbətim!

ABON

(asta – asta hovuzun divarına qalxır)

Ah, sakit gecə!.. gecənin qoynunu işıqlandıran ay və ulduzlar... Uzaqdan görünən qırmızı lalələr... Nə bilim nələr, nələr... Nə üçündür bu əzablar, bu iztirablar? Mənim qəlbim bu əndamlı məxluqun eşqiylə çırpınırkən nə üçün mənfur bir ölümdən qorxursan, beynim?! Ey mənim tanrım, nə üçün mənə elə bir cürət, elə bir qüvvət, elə bir qeyrət bəxş etməmisən ki, bu çeçələ barmağı çatışmayan sol əlimlə oyunbaz Yadışın boğazından yapışıb onu cəhənnəmə vasil edim! Nə üçün?! Nə üçün məni biqeyrət yaratmısan, tanrım? Mən səni hər halda sevirəm, Bilqeyis! (hönkürür)

BİLQEYİS

(eşq oduna davam gətirmir)

Gəl, gəl, öpüm mən səni biqeyrət qəhrəmanım!

Musiqi. Bilqeyislə Abon ağlaya – ağlaya qucaqlaşıb öpüşürlər. Xeyransa heykəlin arxasından başını çıxarır.

XEYRANSA

Çıxın aradan, gələn var! (Bilqeyislə Abon qaçırlar.)

Adıgözəl gəlib onların ardınca baxır.

ADIGÖZƏL

Aydındır! (Başqa səmtə gedir)

Şair, Kahin, Filosof, Xanəndə qız və Rəqqasələr gözlərinə qırmızı əski bağlamış Qəşəm şahı araya alaraq səndəlləyə - səndəlləyə gəlirlər. Hamı sərxoşdur.

XANƏNDƏ QIZ və RƏQQASƏLƏR

Gəl tut bizi şahımız,

Yerdəki allahımız.

Tutsan səni doyunca

Öpəcəyik hamımız.

(Qəşəm şah tutmaq istəyir amma bacarmır.)

I RƏQQASƏ

(filosofu qucaqlayır)

Axı niyə Aristotel Platonu sevməyib? (ağlayır)

II RƏQQASƏ

(kahini qucaqlayır)

Müqəddəs ata, axı nə vaxt Hörmüz vicdansız Əhrmana qalib gələcək, nə vaxt?!

KAHİN

(sındıra – sındıra)

Tələsmə, hər şeyin öz məqamı var!

XANƏNDƏ QIZ

Şair, istəyirəm bir xeyriyyə cəmiyyəti düzəldəm, necə fikirdir?

ŞAİR

Əla qəpik – quruşla yoxsa dolanmaq olmur.

QƏŞƏM ŞAH

(heykəli qucaqlayır)

Aha, tutmuşam! Tutmuşam! Öpün görüm!

Yadışla Əlimənsur yüksək bir yerdə görünürlər. Yadış Əlimənsurun əlindəki xəritəyə hərbi işarələr qeyd edir.

YADIŞ

Bu ölkənin taleyi həll olunacaq!

Mən Yadışam, deyiləm sizin üçün oyuncaq.

Ya mənim olacaqdır canlar alan Bilqeyis,

Ya da bütün ölkəni bürüyəcək duman, his!

ƏLİMƏNSUR

Imperator Yadışa alqış, min alqış!

XALQIN SƏSİ

Əşi, gecə yarıdan keçmiş nə alqış?

ƏLİMƏNSUR

Alqış, min alqış!

HAMI

Yaxşı, alqış, min alqış!

YADIŞ

Si vis passem para bellyum!

ƏLİMƏNSUR

Əgər sülhdürsə arzun, hərbə hazırlaş, gülüm!

YADIŞ

Divide et impera! Operatio opium!

ƏLİMƏNSUR

Parçala, hökm et! Xoruzgülü əməliyyatı!

ŞAİR

Belə çıxır ki, birinci hissənin sonu!

Təbillər döyülür, şeypurlar gurlayır.

İ K İ N C İ H İ S S Ə

P Ə R D Ə Q A B A Ğ I. Musiqi. Şair davul çalaraq gəlir.

ŞAİR

Diqqət! Diqqət!

Şit yağ, təzə ət

Xəbərdar oluz,

Olacaq pulsuz!

Eşidin son xəbəri:

Qəşəm şahın səbri

Artıq çatıbdır sona,

Yol göstərmək üçün ona

Ağıllı adamları

O saraya çağırır!..

(öz – özünə)

Saraya nə qafiyə tapım?..

XALQIN SƏSİ

(pıçıltı ilə)

Haraya çağırır?

ŞAİR

O saraya çağırır,

Və haraya çağırır!

Şair davul çalaraq gedir. Musiqi. Pərdə qalxır. Sarayda gizli yığıncaqlar keçirmək üçün bir otaq. Xeyransa otağı səliqəyə sala – sala oxuyur.

XEYRANSA

Adın düşmür dilimdən, Adıgözəl!

Gəl öpginən dilimdən, dadıgözəl.

Mənim kimi qız hanı,

Axtar bütün dünyanı,

Tapmazsan, Adıgözəl!

Tapmazsan, dadıgözəl!

Adıgözəl gəlir, Xeyransanı görəntək qucaqlayır. Xeyransa nazlanır.

ADIGÖZƏL

Əlimə düşdü fürsət,

Öpəcəyəm nəhayət,

Alma yanaqlarından,

Qönçə dodaqlarından.

Sənin kimi qız hanı,

Gəzsəm bütün dünyanı,

Tapmaram, Xeyransa!

Tapmaram, Xeyransa!

(Xeyransanın dodaqlarından öpür)

Sanki dodaqlarıma bal dəydi, şəkər dəydi.

Deyirəm, nola bir gün Qəşəm rəhmə gələydi,

Verəydi səni mənə, olaydın mənə yoldaş!

Razısanmı?

XEYRANSA

Nə deyim, sən deyən olaydı kaş.

Ancaq bilirsən nə var, xoşuma gəlmir sənətin.

Axı bu nə peşədir? Ətin tökülsün ətin.

Biri soruşsa məndən: - söylə nəçidir ərin?

Nə cavab verim ona?

Ağzını kim yumacaq şəbədə edənlərin?

ADIGÖZƏL

(iftixarla)

Xeyransa, sənətimdən mən çəkmirəm xəcalət!

Əksinə fəxr edirəm, var peşəmə məhəbbət.

Əgər insan işiylə xidmət edirsə elə,

Əzizim, onun adı düşəcək dildən – dilə!

Açıram, bağlayıram istədiyim qapını,

Mən rahat eləyirəm zəhmətimlə hamını.

Əzizim, mən adicə bir xidmətçi deyiləm,

Cəmi ayaqyolunun yeganə müdiriyəm.

Bütün saray ərkanı bil ki, tabedir mənə,

Mən də ki, varlığımla köləyəm gözlərinə.

(Xeyransanın gözlərindən öpür, bununla kifayətlənməyib dodaqlarından və boynundan da öpür. Bu vaxt Xanəndə qız Rəqqasələrlə gəlir.)

XANƏNDƏ QIZ

Işiniz olsun avand.

Dad verib alınız dad.

Fəqət qalxmayın zilə,

Bir an verib fasilə,

Əgər mümkünsə deyin,

Iclas olacaq bu gün?

XEYRANSA

(acıqlı)

Olacaq! Mərdüməzar bürüyübdür hər yanı.

Iclasda olmaq üçün dəvətnaməniz hanı?

XANƏNDƏ QIZ və RƏQQASƏLƏR

(dəvətnamələrini göstərirlər)

Budur gizli iclasçın xüsusi mandatımız,

Bizi elçi göndərib gözəl camahatımız!

XALQIN SƏSİ

Biz a?!

A.. a.. a!

RƏQQASƏLƏR

Nə a – a salmısız!

Seçmüsüz də! Seçməsəydiz gəlməzdik ki!

Şair, Filosof və Kahin gəlirlər.

ŞAİR

(Xeyransaya)

Qeyd eləyin, gözəl qız, kahin, filosof, şair!

Çoxlu şer yazmışam gözəlliklərə dair.

XEYRANSA

Nə qədər şah gəlməyib birini deyin nolar.

Yaman sevirəm şeri, şerdən gözəl nə var?

FİLOSOF

(Xeyransanı kənara çəkir)

Ey nazənin, siz əgər

Düşünsəniz bir qədər,

Bilərsiniz fəlsəfə

Min kərə, milyon dəfə

Çox gözəldir şerdən, maraqlıdır, çətindir.

KAHİN

(Xeyransanın qolundan tutub başqa tərəfə çəkir)

Hər şeydən vacib dindir!

Zərdüştün hər bir sözü,

Yanar odların közü

Bizimçün müqəddəsdir!

XEYRANSA

Məncə sevgidən başqa hər nə varsa əbəsdir.

ŞAİR

Doğru dediz, gözəl qız.

O kəs ki, gəzir yalqız,

Nə sevilir, nə sevir,

Nə musiqi, nə şer

Etmir qəlbinə təsir

Bu cürə adamlardan yaxşıdır cındır həsir.

XANƏNDƏ QIZ

Şair!

Eşqə dair

Axıcı,

Ürəkyaxıcı,

Həm acı,

Həm şirin,

Mənalı, dərin,

Həm isti, həm sərin

Bir neçə sətir

Söyləyin şer!

ŞAİR

(qadınlara baxıb birdən vəcdə gəlir)

Soyun, ey sərvnaz!

Gəl yuyun bir az,

Xəfif hislərimin qafiyəsində.

Misralarım köpüklənsin sürçək sinəndə!

Qətvlənib təşbehlərimdə yanıma gəl!

Ey nazlı çəpəl!

(daha da coşaraq)

Gəl bəri!

Ey dilbərlər dilbəri!

Ləblərindən,

Tellərindən,

Əllərindən qoy öpüm!

Ayağından,

Barmağından,

Dırnağından qoy öpüm!

(Qadınları öpmək istərkən Qəşəm şah gəlir.)

QƏŞƏM ŞAH

Yekə kişisən, keç qaxıl otur, meymunluq eləmə!

ŞAİR

Belədir şair ömrü...

XALQIN SƏSİ

Yaşasın Qəşəm şah!

QƏŞƏM ŞAH

Nə deyirəm, qoy yaşasın.

Hərə tutsun yerini!

(hamı öz yerində oturur.)

Açıq elan edirəm gizli müşavirəni.

(hamı astadan əl çalır)

Xeyransa, gizli müşavirədə iştirak edənlərin siyahısını oxu!

XEYRANSA

“Laləli Düzən uğrunda” müşavirəmizdə aşağıdakılar iştirak edirlər: Laləli Düzən ölkəsinin hökmdarı Qəşəm şah!

ŞAİR

(pıçıltı ilə)

Eşq olsun ona!

HAMI

(pıçıltı ilə)

Eşq olsun ona!

XEYRANSA

(siyahını oxuyur)

Adıgözəl, Xeyransa, filosof, Şair, Kahin bir də...

XANƏNDƏ QIZ

(qalxır)

Xalqın sevimlisi, öz dəstəsiylə!

QƏŞƏM ŞAH

Bəs qızım Bilqeyislə Abon hanı?

(qapı döyülür)

ADIGÖZƏL

Deyəsən onlardırlar!

(Gedib qapını yavaşdan üç dəfə tıqqıldadır, cavab olaraq qapını arxadan üç dəfə döyürlər.)

XEYRANSA

Onlardır, Adıgözəl, qapını aç!

(Adıgözəl qapını açır, Abonla Bilqeyis gəlirlər.)

QƏŞƏM ŞAH

Tez keçib əyləşin. Deməli müşavirəyə dəvət olunanların hamısı burdadır. Xeyransa, oxu müşavirənin gündəliyini.

XEYRANSA

“Laləli Düzən uğrunda” müşavirəmizin gündəliyində əsasən bir məsələ işıqlandırılıb həll edilməlidir: Vətəni necə xilas etmək qan içən Yadışdan!

QƏŞƏM ŞAH

Müşavirənin bədii hissəsində sevimli xanəndəmizin təzə mahnılarını dinləyib rəqqasələrimizin rəqslərinə tamaşa edə bilərsiz. Mahnıların sözləri görkəmli şairimizin, rəqslərin quruluşu Əli Əşarının... tfu, Qəşəm şahındır!

HAMI

(pıçıltı ilə)

Yaşasın Qəşəm şah!

XEYRANSA

Söz verilir Qəşəm şaha! Hazırlaşsın şair.

QƏŞƏM ŞAH

Ey qəlbi təmiz, ürəyi təmiz, kinsiz, qəzəbsiz

Əziz nümayəndələr!

Vətənimiz dar gündədir!

Dərdimiz kündə - kündədir!

Yadışın – başıbatmışın

Əmrini eşitmisiz;

Əgər qızım Bilqeyis

Olmasa ona arvad

Bizim Laləli Düzən, bilin olacaq bərbad!

Çağırdım sizi bura edəsiniz məsləhət,

Bəlkə də sayəsinizdə xilas oldu məmləkət.

Yaxşıca qurdalayın beyninizi ağalar,

Bəlkə xilas olmaqçın azca işıq yolu var.

Cəld olun, çox azdır vaxt,

Məhv olub gedir vətən,

Heç olmasa bir dəfə

Bir az olub narahat

Fikirləşin ürəkdən!

Söz verilir şairə!

Hazırlaşsın kahin!

ŞAİR

Şəhriyalar qızışıb yollarını azanda,

Şeriyyətlə siyasət qaynamaz bir qazanda.

Mən ürək şairiyəm, gül – çiçək şairiyəm.

Sularda boyun buran qaz – ördək şairiyəm!

(kağız çıxarıb oxuyur)

Bir mənəm, bir gecə,

Bir də mənə işgəncə

verən

incədən incə

nazlı bir cücə...

QƏŞƏM ŞAH

Sən heyvanın birisən,

Öküzdən də irisən!

Belə getsə, inanın, gözləyir bizi xata!

Sən nə deyə bilərsən aqil, müqəddəs ata?

KAHİN

Yer üzündə əzəldən vuruşur xeyirlə şər.

Ulu Zərdüşt söyləyib: Xoşbəxt olacaq bəşər

Hörmüz qılınc çəkərək məhv etsə Əhrimanı.

Tək Hörmüz xilas edər bizim bədbəxt vətəni.

Bununçun çoxlu qurban gətiriniz məbədə,

Bəlkə rəhmə gələrək o bizə kömək edə.

QƏŞƏM ŞAH

Iş – işdən keçəcəkdir o qeyrətə gəlincə!

Söz sənindir, Filosof!

FİLOSOF

Mən deyərdim ki, məncə

Biz izləsək tarixi görərik açıq – aşkar

Yer üzündə olmayıb daimi bir hökmdar.

Hər küpün məxsusi çaxırı vardır,

Hər bir imperiyanın axırı vardır.

Bu gün belə olmasa, bir neçə vaxtdan sonra

Yadış ölüb – gedəcək, gec – tez girəcək gora.

Böyük yunan alimi Platon edib sübut:

Əsas birinci ruhdur, qalan şeyisə unut.

Çünki başqa hər nə var ruhun törəməsidir,

Hiss olunan əşyalar ruhların kölgəsidir.

Əgər bu fikir düzsə, deməli kölgəyik biz,

Həm də ki, köləyik biz...

BİLQEYİS

(göz vurur)

Nə demək istəyirsən, partladı ürəyimiz!

QƏŞƏM ŞAH

Bəsdir qızım, göz vurma...

FİLOSOF

Sokratsa deyib, millət...

QƏŞƏM ŞAH

Onun da atasına, babasına min lənət!

Lap sənin də atana, həm də babana min lənət!

Əldən gedir məmləkət!

Sənsə vermisən əngə!

Sən filosof deyilsən, ələngəsən, ələngə!

FİLOSOF

Hələ neçə il qabaq söyləyib romalı Kar...

QƏŞƏM ŞAH

Yığdın bizi boğaza, kəs səsini, xətakar!

FİLOSOF

Sokratın ardıcılı Platon söyləyibdir:

Fəzilətli olmaqçın elm, bilik vacibdir...

QƏŞƏM ŞAH

Kəs səsini ə, ə döyərəm səni!

Baxmaram filosofsan... Düdüyün biri düdük!

(Qafiyə axtarır tapa bilmir.)

Şair, düdüyə qafiyə!

ŞAİR

Sidik!

QƏŞƏM ŞAH

Abırlısını tapa bilmədin?!

ŞAİR

Didik – didik! Dimdik!

QƏŞƏM ŞAH

Bu olar!

Düdüyün biri düdük,

Vuraram sənə dimdik,

Olarsan didik – didik!

(Hamı əl çalır)

BİLQEYİS

Yaxşı, indi nə edək? Gələr birazdan Yadış!

ABON

Yaxşısı budur onu gəlin biz edək qarğış!

Bəlkə sınsın qol – qıçı, zədələnsin göz – başı!

BİLQEYİS

Kəs səsini sevgilim, yaman naşısan, naşı!

Mumla otur yerində iş gəlmirsə əlindən.

QƏŞƏM ŞAH

Bəsdirin deyindiniz, fikirləşin dərindən!

Bəlkə tapdınız əlac.

(hamı dərindən fikirləşir)

XANƏNDƏ QIZ

Şahim, yaxşısı budur, gəl oxuyaq, oynayaq,

Dünyanın işlərini vecimizə almayaq.

RƏQQASƏLƏR

Maç eləyək şahımızı,

Yerdəki allahımızı!

XANƏNDƏ QIZ

Günlərimiz keçsin şən,

Yanıb – yaxılsın düşmən!

Qoy bütün xalq burcutsun,

Dərdi – qəmi unutsun!

XALQIN SƏSİ

Burcudaq, hey burcudaq!

Dərdi – qəmi unudaq!

BİLQEYİS

(ayağa qalxıb fəryadla)

Bəsdiriniz, bəsdirin! Qurtarın məzhəkəni!

Cəfəngiyyat deməklə boğaza yığdız məni!

Məncə yersiz çal – çağır salıb bizi bu hala,

Məhz burcuda – burcuda qalmışıq daldan – dala!

Istəmirəm axtarım aramızda günahkar.

Ümumi müsibətdə hərənin öz payı var!

Sözü bir yerə qoyub birgə vuraq zindana!

(qoynundan xəncər çıxarır)

Bu xəncəri tapşıraq ürəkli bir oğlana!

Qoy qaniçən Yadışın saplasın ürəyinə,

Mənim zavallı xalqım yetişsin diləyinə!..

QƏŞƏM ŞAH

Necə, necə, sui – qəsd?! Vaxsey, biz olduq rüsvay!

Səndən heç gözləməzdim, Bilqeyis, utan, vay – vay...

Yadış cəllad olsa da ölkəmizdə qonaqdır,

Qonağa qəsd eləmək adətimizə yasaqdır.

XALQIN SƏSİ

Bəli, bəli, yasaqdır!

Qonaqsız ev uğursuz olar!

Qonağa hörmət elə, əgərçi kafər ola!

QƏŞƏM ŞAH

Eşitdin! Sağ ol, qonaqpərvər xalqım!

Fikirləşin, tez olun, başqa bir çarə tapın!

(Hamı canfəşanlıqla fikirləşir.)

ADIGÖZƏL

Tapmışam!

QƏŞƏM ŞAH

Ola bilməz!!!

ADIGÖZƏL

And olsun müqəddəs lalələrə ki, tapmışam!

HAMI

Onda tez söylə!

ADIGÖZƏL

Fəqət bircə şərtim var!

QƏŞƏM ŞAH

Şərtin nədir, tez söylə!

ADIGÖZƏL

Söz verin ki, ölkəni etsəm Yadışdan xilas,

(Xeyransanı göstərir)

Mənim zövcəm olacaq bu qaragöz sərvnaz!

QƏŞƏM ŞAH

Söz verirəm!

HAMI

Söz veririk!

ADIGÖZƏL

And için!

QƏŞƏM ŞAH

And içirik!!!

HAMI

And içirik!!!

Səksəkəli musiqi. Adıgözəl Qəşəm şaha və iclasda iştirak edənlərə nə isə danışır, hamı diqqətlə qulaq asır. Musiqi dəyişir, şeypurlar gurlayır, təbillər döyülür. Əlimənsur gəlir.

ƏLİMƏNSUR

Yaşasın imperator Yadış!

HAMI

Böyük Yadışa alqış, min alqış!

YADIŞ

(gəlir)

Hə, nə fikirləşdiniz, nə qərara gəldiniz?

Mənə qadın olmağa razısanmı, Bilqeyis?

BİLQEYİS

(göz vurur)

Bəli, böyük hökmdar.

Artıq qətidir qərar.

Sizinkidir Bilqeyis,

Dincəlsin ürəyiniz!

YADIŞ

Tempora mutantur, et nos mutamur!

ƏLİMƏNSUR

Zaman dəyişir, biz də onunla birgə!

Sizin dilinizcə; adın nədir Daşdəmir, yumşalısan, yumşalı!

Ha – ha – ha!

YADIŞ

Ah, nə qədər xoşbəxtəm! Ah, uçmaq istəyirəm!

Bu sonsuz fəzaları, ah, qucmaq istəyirəm!

(Bilqeyisin əlini köksünə qoyur)

Bir baxınız ürəyim necə də bərk – bərk vurur!

Qanadlarını ver mənə sən ey qırışmal Amur!

Əlimənsur!

ƏLİMƏNSUR

Eşidirəm mən sizi!

Söyləyin əmrinizi!

YADIŞ

Xəbər tutsun deyə aləm,

Al əlinə kağız – qələm,

Yaz yapışdır divarlara,

Oxusun hər bir avara,

Hər bir işgüzar,

Evlənirəm mən bu bazar!

HAMI

Yaşasın təzəbəylə təzəgəlin!

QƏŞƏM ŞAH

Indi isə iclasın bədii hissəsinə

Keçib sözü veririk xalqın sevimlisinə.

XANƏNDƏ QIZ

(oxuyur)

Gələcək toyunuz mübarək olsun,

Işiniz peşəniz sevişmək olsun.

Sevgi bostanınız görməsin zaval

Məhəbbət talası gül – çiçək olsun.

YADIŞ

Mələmək istəyirəm

Qoyuntək şadlığımdan.

Ah, öpmək istəyirəm

Yarımın dodağından!

(Mələyə - mələyə Bilqeyisə tərəf qaçır.)

RƏQQASƏLƏR

Toyun mübarək, ay qız!

Toyun mübarək, oğlan!

PƏRDƏQABAĞI

ŞAİR

Diqqət! Diqqət!

Məhəbbət, hörmət, səxavət

Göstərərək İmperator Yadış –

Hansı ki, ona alqış!

XALQIN SƏSİ

(bayramsayağı)

Alqış, min alqış!

ŞAİR

Hörmətli, nəcabətli, ləyaqətli, mərifətli, dəyanətli, məxləs – gözəl məziyyətli şəxsləri toyuna dəvət edir!

Bizim gözəl məmləkət

Yadışın şərəfinə

Ürəkdən şadlanaraq

Toy – bayram etməlidir!

Hamı verib əl - ələ

Yallı da getməlidir.

XALQIN SƏSİ

Adə vurreyy!!!

SƏHNƏ ARXASINDAN YADIŞIN BAĞIRTISI

Ay pater!

Xomo sum, xumani nixil a me alienum puto!!!

ƏLİMƏNSUR

(başını çıxarıb gülümsəyir)

Vay dədə!

Mən insanam, insani şeylərinsə heç biri mənə yad deyil!

(başını çəkir)

ŞAİR

Tərəqqipərvər xalqım eşitsin həm də bunu:

Böyük toyuyla bahəm həm də kiçik toyunu...

YADIŞIN BAĞIRTISI

Ay pater! Post faktum! Ve viktis!

ŞAİR

Çaldırırıq bu gün biz imperator Yadışın!

XALQIN SƏSİ

Vurrey! Sayı – hesabı olmayacaq şabaşın!

(Kahin, Filosof və Adıgözəl Əlimənsuru qovaraq səhnəyə gəlirlər.)

ƏLİMƏNSUR

Yox, yox, qoymaram! Yaxın gəlməyin!

ADIGÖZƏL

Halaya alın onu!

Bağlayın əl – qolunu!

(Əlimənsuru araya alıb tuturlar.)

ƏLİMƏNSUR

Buraxın, məni niyə? Mən ki, evlənməyirəm!

KAHİN

Hər ehtimala qarşı!

FİLOSOF

Xonoris kauza! Hörmət – ehtiram xətrinə!

ƏLİMƏNSUR

Buraxın, mənə belə hörmət – ehtiram lazım deyil!

(Əlimənsuru çiyinlərinə alıb çığırda – çığırda aparırlar.)

SƏHNƏ ARXASINDAN ƏLİMƏNSURUN FƏRYADI

Arra! Arra! Dukles! Hayeri hamar! Hoğortuno!!!

(astadan) ara, ara, ara... Bu da bu...

ŞAİR

Hər yeri hamar oldu. Təki canı sağ olsun!

(Təbillər döyülür, şeypurlar gurlayır)

Hə, toy başlandı!

Məni məzur tutun, tələsməliyəm!

Bu toyda mən özüm masabəyiyəm! (gedir)

Musiqi. Pərdə qalxır. Toy məclisi.

XANƏNDƏ QIZ

Səhər yəhərləyib hey çapır bizi,

Bilmirəm haraya aparır bizi.

Gizlənpaç oynayır bizimlə hər gün,

Harada gizlənsək tez tapır bizi.

RƏQQASƏLƏR

Maç eləyək bir – birmizi,

Unudaq hər dərdimizi.

Nalayır bizi, ay aman,

Tez tapır bizi, ay aman!

(mahnı bitir)

QƏŞƏM ŞAH

Bu toy axşamında, bu əziz gündə,

Üfiqdə qızaran o girdə gün də,

Sevincdən körpətək gülümsəyərək,

Söyləyir ki, Yadış, toyun mübarək!

XALQIN SƏSİ

Mübarək, ay mübarək!

QƏŞƏM ŞAH

Qəlbimizdə ehtiyac olduğundan şerə,

Söz verilir şairə!

ŞAİR

Qafiyəsiz, vəzinsiz və adsız şer.

Bu cavan yaşımda, dostlar, mən ölsəm,

ölsəm, ölsəm...

Qismətim qoynunda ayaq açıb gəzdiyim

Boya – başa çatdığım qara torpaqlar olsa

olsa, olsa...

Hər güldən, çiçəkdən ətrimi alın,

Tutun tabutumu qanqala, gəzənəyə

Dəvə tikanına, qarpız qabıqlarına

Şeypur çala – çala aparın məni!

Qəbirə qoyarkən siz məni dostlar,

Çalınsın diringi, rəqs etsin hamı!

Qoy kimsə deməsin, gəbərdi şair!

Bu sözü deyənə lənət, min lənət!

Heç ölə bilərmi misralarında

Xalqının arzusu, kini, qəzəbi,

Heyrəti, nifrəti yaşayan şair?!

Xayır! Ölə bilməz! O əbədidir!

O yüksələcək göylərə hökmən,

Mələklər, pərilər hüzurunda o

Düşbərə bükərək bozbaş yeyəcək!

(ucadan hönkürüb ağlayır)

QƏŞƏM ŞAH

Əhsən belə kamala!

YADIŞ

Ölü bitlər bağlayım belə iyrənc xəyala!

Belə sarsaq şerdən qarnıma düşdü sancı.

Dəstəyəcən soxardım ürəyinə qılıncı,

Bu gün bəy olmasaydım.

Mənim qohumlarım və yeni dostlarım, özünüzü sərbəst hiss edəsiniz deyə bu günlük qafiyəsiz danışmağa icazə verirəm. Bu günlük a!

HAMI

Yaşasın Yadış!

YADIŞ

Sən isə səfeh şair, qulaq as...

BİLQEYİS

Bu qoyun budundan da yeyin, mənim gələcək ərim.

YADIŞ

Ət xörəklərini sevməsəm də, mədəmdə ətə qarşı etiraz sədaları ucalsa da sənin xətrin üçün yeyəcəyəm! (yeyir) Pis deyil. Sən isə səfeh şair, qulaq as.

Şer gözəl qadın kimidir. Qadını füsünkar edən, kişilərdə ona qarşı ürkək maraq yaradan onun zərif, zəngin paltarlarıdırsa, şeri maraqlı edən qafiyə və vəzndir! Qafiyəsiz...

QƏŞƏM ŞAH

(buynuza şərab süzür)

Bu qırmızı şərabdan da nübar edin, əziz kürəkən.

YADIŞ

Şərab məni qətiyyən tutmur. (içir) Qafiyəsiz...

BİLQEYİS

Onda bu ağ şərabın da dadına baxın.

YADIŞ

Həqiqətən şərab məni tutmur! Özümün cismən belə sağlam olduğumu heç ağlıma da gətirməzdim. Bəlkə siz elə güman edirsiz mən sərxoşam? (bir müddət Bilqeyisə baxır) Ay axmaq, axı mən səni sevirəm! Hə, qafiyəsiz, vəznsiz...

XEYRANSA

Bu əncirdən nübar edin, varəncirdir. Şərabdan sonra misli yoxdur!

YADIŞ

Varəncir! (yeyir) Hə, qafiyəsiz, vəznsiz şer başlı – başına buraxılmış paltarsız, yiyəsiz, pozğun qadın kimidir. (Səndəlləyə - səndəlləyə Əlimənsura yanaşıb qulağına nəsə deyir.)

ƏLİMƏNSUR

Bu saat, Yadış həzrətləri! (gedir)

ŞAİR

Izn verin sizinlə razılaşmayım, əsla! Zinətsiz, çılpaq qadın... Ah, məgər bunun özü bir obraz deyildirmi?

XANƏNDƏ QIZ

Sevimli imperator, and verirəm sizi Yupiterin goruna, bu şaftalıdan da nübar ediniz!

YADIŞ

Şaftalı! (yeyir) Dadlıdır! Belə şaftalıların kilosu Roma bazarında pullar dəyişəndən sonra iyirmi beş manatdır! Şaftalı...

ŞAİR

Mən çılpağam,

Sən çılpaqsan,

O çılpaqdır,

Biz çılpağıq,

Siz çılpaqsınız,

Onlar çılpaqdırlar!

Həyat çılpaqdır!

Təbiət çılpaqdır!

Qadan alım, bu bədii obraz deyil, ə bəs nədir?

FİLOSOF

Həm bədii obrazdır, həm də fəlsəfi traktatdır, fəqət şer deyildir!

KAHİN

Həm də dini ayindir, amma şerə bənzəmir.

(Əlimənsur qayıdır.)

ƏLİMƏNSUR

Möhtərəm imperator, bütün qapılar qıfıllıdır.

YADIŞ

Necə, bəs açarlar kimdədir?

ƏLİMƏNSUR

Ayaqyolular üzrə məsul şəxs Adıgözəldir.

ŞAİR

Varlığımız, məqsədimiz çılpaqdır.

YADIŞ

Artıq dayana bilmirəm!..

FİLOSOF

Əzizim, bu şeri yazmaqdansa birdəfəlik söylə ki, kainat soyunub çimir hamamda. Möhtərəm imperator, həm də təzə bəy, mən böyük Aristotelin “Poetika”sından – hansı ki, özüm tərcümə etmişəm, dəlillər gətirib isbat edərəm ki, bu şəxs şair deyil, qrafomandır!

YADIŞ

Kəss səsini, lap sənin...

FİLOSOF

Necə, məni təhqir etmək?! Onu bilin ki, bir sıra mətləblərdə - indi ki, belə oldu – roma filosofları yunanları sadəcə olaraq təkrar edirlər! Bəli, təkrarlayırlar!

YADIŞ

Cəhənnəm olun, siz də yunanlar da! Ah, artıq dayana bilmirəm! Adıgözəl!

ADIGÖZƏL

Bəli, eşidirəm sizi.

YADIŞ

Açarları verin mənə.

FİLOSOF

Dünyada mövcud olan materiyadan başqa heç nə yoxdur! Ilahi qüvvənin istəyi ilə heç nədən heç bir zad yaranmaz! Bəli, bəli yarana bilməz!

YADIŞ

(bağırır)

Kəsin səsinizi! (astadan) Susun... Açarları verin, açarları...

FİLOSOF

Nə açar, hansı açar? (ciblərini axtarır) Deyəsən mən də açarlarımı itirmişəm.

ŞAİR

Açar... Xəyallarım ənginliyə uçar!

Açar... Sevgilim buludların üstüylə qaçar.

YADIŞ

Kəss səsini heyvan! (Adıgözələ) Sizinləyəm, açarları verin!

ADIGÖZƏL

Hansı açarları?

YADIŞ

Oranın açarlarını.

ADIGÖZƏL

Haranın?

YADIŞ

Ilahi, bunlar necə anlamazdırlarlar! Ey nəcib Yunona, son ümidim sənədir!

QƏŞƏM ŞAH

Əziz kürəkən, zəhmət olmasa əvvəlcə izah edin görək Yunona kimdir?

YADIŞ

Əlimənsur, mənim danışmağa halım yoxdur, izah et!

ƏLİMƏNSUR

Baş üstə! Yunona Yupiterin arvadıdır, bizlərdə hərdən ona Gera da deyirlər.

YADIŞ

Uzatma, gicbəsər! Müxtəsər söylə! Ilahi mənə güc və dözüm ver!

ƏLİMƏNSUR

Gera, yaxud Yunona – hamilə qadınların himayədarıdır!

YADIŞ

Ah, Yupiter, bacarmıram!

XEYRANSA

Bəs Yupiter kimdir? Siz deyəsən onun adını çəkdiniz? Məncə belə gözəl gündə dünyagörüşümüzü, mədəni səviyyəmizi artırsaq pis olmaz.

YADIŞ

Sonra, sonra artırarsız...

BİLQEYİS

Mənim hökmdarım və sevimli ərim, sən mənim canım, de görüm Yupiter kimdir?

YADIŞ

Allahların allahı! Uf... İldırım və göy gurultusu allahı! Uf, bütün varlığımı dəhşətli fırtına bürüyüb! Adıgözəl, açarları verin!

QƏŞƏM ŞAH

Əziz kürəkən sizə axı haranın açarları lazımdır?

Bizdə açar çoxdur.

ABON

Bəlkə şərab anbarının açarlarını istəyirsiz?

YADIŞ

Yox!

ABON

Bəlkə xəzinənin? Hın?

YADIŞ

Yox! Oranın! Uf...

HAMI

Haranın Yadış həzrətləri?

YADIŞ

Ah, çıxış yolu yoxdur. Əlimənsur, de!

ƏLİMƏNSUR

(ucadan)

Ayaqyolunun!

YADIŞ

Anqırma! Biabır olduq...

QƏŞƏM ŞAH

Açarlar məndədir! (açarları göstərir)

YADIŞ

Əziz qaynata, xahiş edirəm, verin!

QƏŞƏM ŞAH

Verərəm, amma bir şərtlə: siz bu bağlaşmaya qol çəkib möhür basmalısınız!

(Qaiməni Yadışa verir. Yadış cəld oxuyur.)

YADIŞ

Necə?! Heç vaxt! Nixill! Nixill!

QƏŞƏM ŞAH

Özünüz bilən məsləhətdir. Rəqqasələr rəqs etsinlər!

Bu gün gözümün ağı – qarası bircə qızımın şad günüdür! Hamı şənlənməlidir!

YADIŞ

Artıq davam gətirmirəm, Əlimənsur!

ƏLİMƏNSUR

Qol çəkin, imperator, yoxsa bütün dünyada biabır olar qüdrətli, sarsılmaz imperiyamız!

YADIŞ

Doğru deyirsən! Yalnız və yalnız şanlı imperiyamızın şərəfi naminə qol çəkirəm! (Qəşəm şaha) Tez olun, verin bura bağlaşmanı! Verin!

QƏŞƏM ŞAH

Əmr edin ordunuz ölkəmizi tərk etsin!

YADIŞ

(cəld qol çəkib möhür basır)

Əlimənsur, əmrimi tez çatdır şanlı ordumuza, fövqəladə vəziyyət bizi vadar edir ki, bu ölkəni tərk edib qayıdaq yurdumuza! Çevik ol, Əlimənsur! (Əlimənsur qaçır.) Veriniz açarları!

(Qəşəm şah açarları Yadışa verir. Yadış cəld səhnədən qaçır.)

ADIGÖZƏL

Xeyransa, indi gördün ki, adi vəzifə deyil mənim peşəm! Indi isə ədalətli Qəşəm şah, vədə əməl etmənizi rica edirəm.

QƏŞƏM ŞAH

Afərin, bərəkallah! Sən əsil qəhrəmansan!

Ayırmaram Xeyransadan mən səni bircə gün də!

Arzuların gül açsın məhəbbət gərdəyində.

Eşq olsun Xeyransaya!

XALQIN SƏSİ

Eşq olsun!

QƏŞƏM ŞAH

Yaşasın Adıgözəl!

HAMI

Yaşasın!

QƏŞƏM ŞAH

Bu gündən belə Adıgözəli xarici işlər naziri təyin edirəm, Xeyransanı isə daxılı işlər naziri!

XALQIN SƏSİ

Urra! Urra!

(Yadış gəlir)

YADIŞ

Əlvida ey Qəşəm şah... (Bilqeyisə) Əlvida nazlı canan. And olsun Yupiterə, imperator olmaqdan yaxşıdır bir qul olmaq. Heç olmasa hər zaman sərbəst gedə bilirsən bayaq getdiyin yerə! Əlvida Bilqeyis!

BİLQEYİS

Yeri ala, yeri...

YADIŞ

Amikus Plyato, sed maqis amika est veritas!

ƏLİMƏNSUR

(başını çıxarır)

Finis... finis... finis...

YADIŞ

Finis koronat opus, Ali – mensur!

ƏLİMƏNSUR

Qalın nigaran, tərcümə etməyəcəyəm! Getdik imperator həzrətləri!

(Yadışla Əlimənsur gedirlər.)

BİLQEYİS

Belə cəhənnəmə tərcümə et, gora tərcümə et, təki elə nigarançılığımız bu olsun!

QƏŞƏM ŞAH

Eşitsin bütün ölkə, təp – təzə əmrim var,

Öz sevimli qızımı mən verirəm Abona.

Başladığımız toyu gəlin çatdıraq sona!

Bir də qocaldığımdan başımdakı bu tacı

Abona tapşırıram. Dövlətlini və acı

Bir gözdə gör Abon şah!

Hamı səni sevərək söyləsin bərəkallah!

Y A Ş A S I N Abon şah!

XALQIN SƏSİ

Yaşasın Abon şah!!!

QƏŞƏM ŞAH

Rəqqasələr rəqs etrsinlər, xalqın sevimlisi oxusun təzə mahnısını!

XANƏNDƏ QIZ

(oxuyur)

Bu Laləli Düzəndə,

Bizim xoşbəxt vətəndə,

Ah, nə qədər gözəldir,

Sevimlidir lalələr.

HAMI

Sevimlidir lalələr!

XANƏNDƏ QIZ

Bəxtimiz açıb çiçək,

Həm sevək, sevilək,

Yurdumuzu seyr edək,

Burda nələr var nələr...

HAMI

Ah, nə qədər gözəldir,

Sevimlidir lalələr!

XANƏNDƏ QIZ

Maç eləyək şahımızı,

Bu yeni allahımızı,

O öpməsə hamımızı,

Inciyər ondan lalələr.

RƏQQASƏLƏR

(öpə - öpə)

Inciyər ondan lalələr!

ABON

Ah, nə qədər gözəldir,

Sevimlidir lalələr.

Bilqeyis qəflətən Abona yanaşır, qollarını geniş açıb onu bərk – bərk qucaqlayır. Abon qarnınıtutub güc – bəla özünü Bilqeyisin ağuşundan xilas edir.

ABON

Adıgözəl, açarlar... Açarlar...

ADIGÖZƏL

Hanı açarlar, kimdədir açarlar?!

QƏŞƏM ŞAH

Deyəsən apardı özüylə açarlarımızı Yadış!..

XALQIN SƏSİ

Eh, açarlarımız!..

HAMI

Bəs indi neyləyək?!

ABON

Gedin xahiş edin qaytarsınlar açarlarımızı! Dayana bilmirəm!.. Adıgözəl...

HAMI

Gedək?..

(Yadışla Əlimənsur başlarını çıxarırlar.)

YADIŞ

Manus manum lyavat!

ƏLİMƏNSUR

Əl əli yuyar!

YADIŞ

Finis koronat opus!

(Başlarını çəkirlər.)

QƏŞƏM ŞAH

Ardımca!

Musiqi. Hamı Qəşəm şahın ardınca səhnədən çıxır.

XALQ

Bu da məzhəkənin axırı!

XS
SM
MD
LG