Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

Almaniya "Şengen"dən çıxa bilər


2015-ci il avqustun 21-i Yunanıstan-Makedoniya sərhəddində miqrantlar
2015-ci il avqustun 21-i Yunanıstan-Makedoniya sərhəddində miqrantlar

Almaniya Şengen sazişinin ləğvi ilə hədələyir

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bəyan edib ki, onun ölkəsi Avropa İttifaqı ölkələri arasında hərəkət sərbəstliyi verən Şengen sazişindən çıxa bilər.

Thomas de Maiziere BBC-yə bildirib ki, o, Şengen sazişini dəstəkləməkdə davam edir, lakin vəziyyət belə davam edərsə, bu sistem “təhlükə altında” qala bilər.

Təhlilçilər Almaniya nazirinin narahatlığını son bir ildə ölkədən sığınacaq almaq istəyənlərin 2 dəfə artması ilə izah edirlər. Berlin bildirib ki, bu il Almaniyadan sığınacaq almaq istəyənlərin sayı 800 minə çata bilər.

ALMANİYA BRİTANİYADAN DA NARAZIDIR

Thomas de Maiziere habelə rəsmən Şengen vizası zonasına daxil olmayan Britaniyadan narazılıq bildirib.

O, Londonu Britaniyaya daha çox miqrant qəbul etməyə çağırıb.

O deyib ki, Britaniya Avropa İttifaqının genişləndirilməsində aparıcı rol oynayıb və məhz buna görə də üzvlük üçün zəmanət verdiyi ölkələrin öz öhdəliklərinə əməl etmələrinə də, o nəzarət etməlidir.

Şengen zonasına hazırda Avropanın 26 ölkəsi daxildir.

Şengen sazişi sərhədlərin açıq olmasından başqa, həm də miqrantların mütənasib paylanmasını nəzərdə tutur, halbuki Avropada bir sıra ölkələr miqrantları o qədər də həvəslə qəbul etmirlər.

ŞENGEN SAZİŞİ DARALA BİLƏR

“The Telegraph” qəzeti yazır ki, sərhədlər üzərindən yoxlanışsız keçid Soyuq müharibıə illərində cazibədar görünürdü, lakin dünyada yoxsulluq və münaqişələrin artdığı bir vaxtda Avropa ölkələri üçün böyük problemlər yaradır.

Vəziyyəti mürəkkəbləşdirən Şengen sazişindən sonra Dublin Konvensiyasının qəbulu olub.

Bu konvensiyaya görə miqrantlar gəldikləri ölkədə sığınacaq almalıdırlar. Son illərdə bu ölkələr yəni, İtaliya, Macarıstan və Yunanıstan qaçqın qəbul etmək imkanında olmadıqlarını bildirirlər. Belə olduğu halda bu ölkələrə gələn miqrantlar asanlıqla daha firavan Qərbi Avropaya keçirlər.

Qəzet yazır ki, yaranmış vəziyyətdə Şengen vizası ləğv olunmasa da, o yalnız Avropa İttifaqı üzvlərinin vətəndaşları üçün saxlana bilər.

XS
SM
MD
LG